İnternet

qlobal bağlanmış kompüter şəbəkələri sistemi

İnternet (internus — daxili və inter — arasında; Internet — şəbəkə) — TCP/IP protokolu istifadə edərək müxtəlif qurğuları birləşdirən qarşılıqlı bağlanmış kompüter şəbəkələrinin qlobal sistemi, şəbəkəsidir. Bu qlobal şəbəkəyə bir birilə optik, elektron, wifi və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. "İnternet" sözü ilk dəfə olaraq 1990-cı ildə kəşf olunub. 1994-cü ildə ilk dəfə olaraq İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb.

Müasir dövrdə İnterneti aşağıdakı kimi xarakterizə etmək olar:

  1. hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi;
  2. kompüter rabitə kanalı;
  3. tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompüter şəbəkəsi;
  4. bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompüter şəbəkəsi. Məsələn, internet səhifələrində yer alan materiallar, internetə qoşulmaq, internet vasitəsilə məktublaşmaq.

1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ni müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı. Bunun üçün ilk növbədə ABŞ-də yerləşən bütün radarların vahid şəbəkədə birləşdirilməsi işinə başlanıldı. Bunun üçün müxtəlif məntəqələrdə, Pentaqonda, Hərbi Hava Qüvvələri, Hava Hücümundan Müdafiə bazalarında və digər məntəqələrdə yerləşən kompüterləri vahid şəbəkədə birləşdirmək lazım idi. Bu işi görmək üçün ABŞ-nin ən yaxşı kompüter mütəxəssisləri bir araya gətirildi. Uzun illər davam edən gərgin əmək və çoxlu tədqiqatlardan sonra 29 oktyabr 1969-cu ildə Kaliforniya Universitetindəki laboratoriyaların birində alimlər iki kompüteri vahid sistemdə birləşdirə bildilər.

Bu tarix İnternetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. Artıq 1971-ci ildə 15 müxtəlif obyektlərdə olan kompüterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuşdu. Bu sistemin adı ilk illər ARPANET olmuşdu. 1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən program yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə Beynalxalq standart kimi təsdiqləndi. 1973–1974-cü illərdə protokolu meydana çıxdı. TCP/İP protokolları ARPANET-in əsas qurucularından olan Robert Ken və Vindon Serf tərəfindən təklif olunub. TCP/İP protokolu 2 rabitə protokolundan ibarətdir: ötürməyə nəzarət protokolu – verilənlərin ötürülməsinə nəzarət edən protokol və internet protokolu . 1980-ci ildə DNS yaradıldı. 1985-ci ildə ABŞ milli elm fonduna məxsus NSFNET – Milli elm fondu şəbəkəsi yaradıldı. Həmin ildə ilk dəfə olaraq 56 kb/saniyə sürətilə informasiya ötürülməsinin üsulu tapıldı. Növbəti ildə isə informasiya ötürülməsi üçün 1,5 Mb sürət əldə edildi. Lakin ilk illərdə bu sürəti qlobal olaraq hər yerdə deyil, yalnız laboratoriya daxilində tətbiq etmək olurdu.

Şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə edə bilməsi üçün 1989–1990-cı illərdə www sistemi yaradıldı. Tim Berners-Li hiper mətnli sənədlər texnologiyasını yaratdı. "Ser" titulu qazanan Tim Berners-Li 2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynalxalq Fond tərəfindən milyon avro məbləğində pul mükafatı qazanıb. İnternetin qloballaşması 1988–1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular. Azərbaycanda isə İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır.

İnternet xidmətləri

redaktə

Verilənlərin (informasiyanın) İnternetdən çağırılmasının bir çox üsulları vardır. İnternet xidmətləri adlanan bu üsullar aşağıdakılardır: WWW (World Wide Web) – ümumdünya hörümçək toru adlanıb, Internet vasitəsilə ötürülən sənədlərdən ibarətdir. E-mail və ya Elektron poçt (Electronic Mail) – elektron poçt ünvanı İnternet şəbəkəsinə daxil olmuş insanların bir-biri ilə əlaqə saxlamaqlarına şərait yaradır. FTP (File Transfer Protocol) – faylları ötürmə protokoludur. Burada faylların bir kompyüterdən digərinə otürülməsi reqlamentləşdirilir. Telekonferensiyalar (NetMeeting) – Microsoft NetMeeting proqramı vasitəsilə həyata keçirilir. Bu proqram uzaq məsafədə səs və video əlaqələrin təşkili, eləcə də İnternet vasitəsilə görüş və konferensiyaların keçirilməsi üçün nəzərdə tutulmuşdur. Abonentlər arasındakı əlaqə xidmətinə aşağıdakılar daxildir: Telnet (uzaq məsafəyə müraciət) – ciddi mətn sistemidir. Onun köməyi ilə şəbəkəyə birləşdirilmiş istənilən kompyüterə daxil olmaq olar. WAİS (Wide Area Information Server) – qlobal informasiya serveridir. Bu proqram mətn sənədləri kolleksiyasını indeksləşdirir. Bu zaman mətni təşkil edən sözlərin indeks siyahısı yaradılır. WAİS axtarış serverində axtarış zamanı proqram təminatı axtardığınız açar sözünə uyğun bütün sənədləri seçir. WAİS Internetin digər əlavələrinə nisbətən daha populyardır. Usenet – kompüterlə diskussiya sistemidir. Usenetdə qeyddən keçmiş hər kəs Internetdə yerləşən hər hansı mövzu ətrafında minlərlə diskussiya qruplarına qoşula bilər. Hər bir qrupun içərisində müəyyən vaxt intervalında yüzlərlə xəbər (məqalə) yerləşir. Usenet xidmətini telekonfrans və ya elektron elanlar lövhəsi də adlandırırlar. Bu xidmət elektron poçta çox bənzəyir. IRC xidmət növü IRC server şəbəkəsi vasitəsilə insanlar arasında ünsiyyəti təmin edir. Ünsiyyət mətn formasında həyata keçirilir. ICQ xidməti 1996-cı ildə 4 İsrail mütəxəssisinin yaratdığı ICQ proqramı ilə fəaliyyətə başlamışdır və o bu gün ən geniş istifadə olunan elektron ünsiyyət vasitələrindən biridir. ICQ proqramı istifadəçilərə real vaxtda başqa istifadəçilərlə ünsiyyət aparmağa imkan verir. İnternet Phone və ya İP telefoniya xidmət növü səs vasitəsilə rabitəni təmin edir. Bu xidmət növü beynəlxalq telefon rabitəsinə görə rahat olduğundan beynəlxalq danışıq vasitəsi kimi son illər geniş istifadə olunmaqdadır.

İnternet protokolu – ünvan – dörd hissədən ibarət rəqəmlər kombinasiyası, məsələn 213.172.90.59 İnternetdə kompyüteri tanıdır (identifikasiya edir).

İnternet-marketinq – məqsədə çatmaq aləti kimi İnternetdən istifadə olunan marketinq fəaliyyətinin əsas istiqaməti. İnternet reklamı, şəbəkə vasitəsilə birbaşa satış, direct e-mail. PR tədbirləri (İnternetdəki İnternet-konfranslarda iştirak, relizelərin göndərilməsi və i. a.) və s.

İstifadəsi

redaktə

İnternet istifadəçilərin "məlumatın saxlanması, paylaşması və rahat əldə olunması" istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik.

İnternetin əsas xidmətləri Elektron poçt (e-mail), Telekonfranslar və nəhayət WWW — informasiya-sorğu verilənlər bazaları, hökumət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.

— İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədilə bir birinə qoşulduqda kompüter şəbəkəsi yaranır.

— Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local Area Network) deyilir.

— Lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.

— Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirən kompüter və bu kompüterdəki proqram təminatı şlyuz (Gateway) adlanır.

Qlobal şəbəkələri birləşdirən daha yüksəksəviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.

Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol — TCP/IP (Transmission Control Protocol / Internet Protocol) — verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.

İnternetə qoşulma ayrılmış kanal vasitəsilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.

Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.

Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur. Məsələn, www.elm.az Burada www(world wide web) elm domen .az isə birinci səviyyəli domendir. İnternetdə altdomenlər (subdomain) də mövcuddur. Məsələn en.wikipedia.org ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS — domain name service) tərəfindən yerinə yetirilir.

Göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:

  • .com kommersiya ilə məşğul olan təşkilatlar
  • .edu — təhsillə məşğul olan təşkilatlar
  • .org — kommersiya ilə məşğul olmayan təşkilatlar
  • .gov — hökumət təşkilatları
  • .int — beynəlxalq təşkilatlar
  • .net — şəbəkə xidmətləri göstərən təşkilatlar

Məsələn: www.azercell.com ; www.wikipedia.org. Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var.

Birinci səviyyəli coğrafi domenlərə nümunələr:

Məsələn: www.google.com

İnformasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsi zamanı, o, ikilik kod da, yəni sıfırlar və birlərin ardıcıllığı kimi təsvir edilir. İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. 1 bit — bir ikilik movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta bərabərdir.

1 bit = 1 dərəcə (0 və ya 1);

1 bayt = 8 bit;

1 Kbayt = 1024 bayt;

1 Mbayt = 1024 Kbayt; 1000 000 bayt = 106 bayt

1 Gbayt = 1024 Mbayt; 1000 000 000 bayt = 109 bayt

1 Tbayt = 1024 Gbayt. 1000 000 000 000 bayt = 1012 bayt

İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud)) ölçülür. yrryr

Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 million kitaba bərabərdir. Brauzer və ya Veb səyyah — Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter — müştəri kimi, uzaqda yerləşən kompüter isə server kimi çıxış edir.

Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (brauzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line).

Çoxfunksiyalı bir proqram kimi brauzer avtonom rejimdə — İnternetə qoşulmadan — HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu rejim Off-line iş rejimi adlanır.

Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brauzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Mozilla şirkətinin Firefox proqramların seçir.

Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. URL(universal ünvangöstəricisi) sənədin adı ilə birgə ona çatma protokolunu da göstərir.

İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür:

  1. Connection (Qoşulma)
  2. Request (Sorğu)
  3. Response (Cavab)
  4. Close (Əlaqənin kəsilməsi)

Birinci mərhələdə Web-müştəri serverlə əlaqə yaradmağa çalışır. Qoşulduqdan sonra, müştəri verilmiş protokola əsasən serverə axtarılan obyekt barəsində sorğu göndərir. Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə ötürür. Bundan sonra əlaqə kəsilir və brauzer alınmış sənədləri əks etdirir. Bu proses HTTP-nin — hipermətnin köçürülməsi protokolunun əsasını təşkil edir.

Klaviaturada Enter düyməsini basın. Göstərilmiş ünvana əsasən Web-səhifə axtarılan zaman pəncərənin aşağısında yerləşən məlumat sətrində yüklənən səhifənin IP-ünvanı, sənədin adı və sair göstərilir. İstəsəniz, F11 düyməsini basmaqla səhifəni bütün ekran boyu aça bilərsiniz.

URL -ünvanlarala yanaşı əlaqə və ya hiperəlaqələrdən də istifadə olunur. Bu istinadlar adətən rəngli mətn, işarə, rəsm şəklində olur, çərçivəyə də alına bilər.

Səhifənin sol tərəfindəki mətnə diqqət yetirin. Şəkil və ya mətnin hiperistinad olub olmadığını yoxlamaq üçün mausun göstəricisini onun üzərinə gətirin. hiperistinadın üzərinə gətirildikdə göstərici görünüşünü dəyişərək, məsələn, əl şəklini ala bilər. Məlumat sətrində bu zaman istinadın URL-ünvanı göstərilir.

İstinaddan istifadə etmək üçün onun üzərində mausun düyməsini bir dəfə basmaq kifayətdir. Bu zaman istinadın işarə etdiyi Web-səhifənin axtarışı başlanır.

Web-səhifə demək olar ki bütün hallarda bir neçə əlaqəli HTML-sənəddən ibarət olur. Hiperəlaqələrlə və eləcə də vahid mövzu, müəllif və sairlə biri birinə bağlı olan bir qrup Web-səhifəyə Sayt (Site) deyilir.

İnternetdə Dil

redaktə

İnformasiya resurslarına İnternetin istifadəçilərinin girişinin azadlığı dövlət sərhədləriylə və ya milli domenlərlə məhdudlaşdırılmır, amma dil sərhədləri mövcuddur. İngilis dili internetdə əsas üstünlüyə malik olan dildir. İkinci ən populyar dil çin dili, üçüncü isə ispan dilidir. Dil internetin dövlətlər, regionlar və birinci səviyyəli domenlərə görə bölünmə yanaşı tez-tez istifadə edilən bölünmə əlamətlərindən biridir.

Xidmətləri

redaktə

Xüsusi qeydlər

redaktə
  • "Kommunikasiyalar üzrə dialoq, müzakirələr və konsensusun əldə olunmasını təşviq etdiyinə" görə İnternetin namizədliyi Nobel Sülh Mükafatı nominasiyası üzrə irəli sürülüb. "Nobel" sülh mükafatının alınması üçün Qlobal Şəbəkənin namizədliyini tanınmış "Wired" jurnalının İtaliyadakı nəşriyyatı irəli sürüb. Jurnal hesab edir ki, dünyada inqilab yaradan internet demokratiyanın yayılması istiqamətində mühüm rol oynaya bilib. Şəbəkənin namizədliyini 2003-cü ilin "Nobel" mükafatı laureatı Şirin Ebadi və onkologiya sahəsində tədqiqatları ilə tanınan italiyalı cərrah Umberto Veronezi dəstəkləyiblər. "Wired" Qlobal Şəbəkənin 2010-cu ilin sentyabr ayında keçiriləcək "Nobel" sülh mükafatına laureat kimi dəstəklənməsi üçün kampaniyaya da başlayıb[1].
  • Finlandiya hər bir insanın internetə çıxış hüququnu qanuniləşdirən ilk ölkədir. Belə ki, Finlandiyada istənilən insan üçün bu, qanunda nəzərdə tutulmuş hüquq sayılır. Qanun 2010-cu il iyulun 1-dən etibarən internet-provayderlərin üzərinə bütün vətəndaşlara genişzolaqlı internetə çıxışı təmin etmək öhdəliyi qoyub[2].

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. ""Nobel" mükafatına virtual namizəd!". 2010-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-04.
  2. "Finlandiyada internetə çıxış qanuniləşdirildi". 2010-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-02.

[1]

[2]

Ədəbiyyat

redaktə
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
  • Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Xarici keçidlər

redaktə
  1. https://azertag.az/xeber/internetin_yaranmasi_tarixinden-1771699 (#bare_url_missing_title). 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.05.2024.
  2. "Ana səhifə - IKT". ict.az. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-25.