Əlifba (ərəb. أبجدي‎) — İnsan danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi. Hərflərin müəyyən qayda ilə düzülüşü əlifba adlanır.

Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana gəlmişdir.

Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbadan istifadə olunur. Dünya əlifbalarının, eləcə də keçmişdə istifadə olunmuş və hazırda elmə məlum olan əlifbaların hamısının protosemit vahid yazı sistemindən nəşət tapması elmdə təsdiqini tapmışdır. Protosemit yazı sistemi eramızdan əvvəl II minilliyin birinci yarısında Suriya-Fələstin regionunda yaranmış və müxtəlif variantları olmuşdur. Bu yazı variantlarını düzəldənlər ilk əlifbaların yaradıcıları hesab olunurlar. Protosemit yazısı iki qola – cənubi semit və şimali semit yazıları qollarına bölünür. Cənubi semit yazısının müasir dövrə qədər gəlib çıxmış yeganə varisi Həbəşistanda qəbul edilmiş amxar şriftləridir. Bütün digər məlum əlifbalar öz əsasını şimali semit yazılarından götürmüşdür. Şimali semit yazıları da iki– xananey və aramey qollarına ayrılır: Finikiya və qədim yəhudi əlifbaları (müasir yəhudi kvadratik yazısının əsasında aramey yazıları durur) mənşəcə Xananey yazılarından törəmişdir. Protosemit yazısının Aramey qolu əsasında Asiya, Yaxın Şərq, Şimali Afrikadakı əlifbalar, ərəb, yəhudi əlifbaları və Hindistandakı devanaqari əlifbası meydana gəlmişdir. Şimali semit əlifbasının 22 işarəsi və bu işarələrin hər birinin öz adı olmuşdur.

Türk xalqlarının qədim əlifbası run əlifbasıdır. Run və oqamik yazılarından bir sıra alman xalqları, o cümlədən anqlosakslar və vikinqlər istifadə etmişlər. Türk run əlifbasının kökünün həmin əlifbalardan gəlməsi qeyd olunur. Qədim run yazılı abidələri bizim eranın III əsrinə aid edilir. Run yazıları bucaqlı yazı formasına malikdir, onun işarələri daha çox düz xətt parçalarından istifadə əsasında düzəlmişdir. Dairəvi və oval şəkilli elementlər bu yazılarda məhdud miqdardadır. Türk run əlifbasının eramızın 7–11-ci əsrlərində istifadə olunması qeyd olunur. Bu yazının alman run yazıları ilə oxşarlığı şübhə doğurmur. Qədim türk run yazıları, işarə və mətnləri Monqolustan, Çin, Sibir və Orta Asiya ərazilərində yayılmışdır. Həmin yazılar əsasən daş, sümük, metal üzərində yazılmışdır. Kağız üzərində yazılmış mətnlər də mövcuddur. Qədim run yazıları yarımkonsonantlığı ilə seçilir. Daha doğrusu, bu yazılarda saitlərin hamısının istifadə olunması ifadəsini tapmır. Bu əlifbada 4 sait, 34 samit və samit birləşmələri olmuşdur. Run yazısı işarələrinin əsasında türk qəbilə və tayfalarına məxsus damğaların durması fikri də həqiqətə uyğundur.[1]

Türk run yazıları ilə daş üzərində yerinə yetirilmiş Orxon-Yenisey abidələrindən ən qədimi Ongin abidəsi sayılır. Tədqiqatçılar bu abidənin ya 692-ci, ya da 689-cu ildə qoyulması fikrinə üstünlük verirlər.

Azərbaycan ərazisində daha qədim tarixə malik əlifbanın mövcudluğu elmdə təsdiq olunmuş faktdır. Q. Voroşil erkən orta əsr mənbələrində bizim eranın 6-cı əsrinin əvvəllərində aran (Azərbaycan) yepiskopu Kardastın Şimali Azərbaycan və Cənubi-qərbi Dağıstan hunları üçün türk yazısını yaratmasının qeyd olunmasını göstərir.[2] Bu fakt A. M. Şerbakın və A. N. Kononovun əsərlərində də səslənmişdir.[3]

1970-ci ildə Dağıstan ərazisində üstü yazılı yastı daş tapılmışdır. Daşın hər iki tərəfində yazılar vardır. Bu yazılar əlifba hərflərinin işarələri şəklindədir. Eramızın III–VII əsrlərinə aid edilən bu yazılı abidə üzərində Azərbaycanda istifadə olunmuş əlifbanın 44 işarəsi həkk olunmuşdur. Qeyd etmək lazımdır ki, bu işarələr 1948–1952-ci illərdə Mingəçevir su-elektrik stansiyasının tikintisidə torpaq işlərinin görülməsi zamanı tapılmış, eramızın V–VII əsrlərinə aid edilən səkkiz epiqrafik abidədəki işarələrlə oxşardır. Bu da Azərbaycan və indiki Dağıstan ərazilərində hələ eramızın V əsrində istifadə olunmuş qədim əlifba haqqındakı faktların doğruluğunu bir daha təsdiq edir.

Qədim run türk əlifbasını latın, Azərbaycan ərazisindəki alban əlifbasını ərəb əlifbası sıxışdırıb istifadədən çıxarmışdır. Hazırda dünyada latın, slavyan və ərəb əsaslı əlifbalar geniş yayılmışdır.

Yeri gəlmişkən onu da qeyd edək ki, qədim əlifbalar yazının istiqamətinə görə də bir-birindən fərqlənmişdir. Yazının hansı istiqamətdə yazılmasından asılı olaraq yazılar əsas iki yerə bölünür: şaquli avə üfuqi yazılar. Şaquli yazıların iki növü vardır: a) sağdan sola şaquli yazılar; bu yazıda heroqliflər yuxarıdan aşağıya doğru alt-alta, sətirlər isə sağdan sola sıralanır. Bu yazı formasından çinlilər, yaponlar və koreyalılar istifadə etmişlər. Hazırda Çində üfuqi yazı formasından istifadə olunur; b) soldan sağa şaquli yazılar; bu yazıda hərflər yuxarıdan aşağıya yazılır. Sətirlər isə soldan sağa sıralanır. Monqol və mancurlar bu yazı formasından istifadə etmişlər.

Üfuqi yazı formaları daha geniş yayılmışdır. Üfuqi yazıların üç forması vardır: sağdan sola; b) sağdan sola, soldan sağa; c) soldan sağa.

İkinci növ yazı üsulu bustrofedon yazı adlanır. Onun qüsurlu cəhəti ondadır ki, istiqamət dəyişdikdə hərflərin yazılışı güzgüvari şəkildə dəyişir.

İstinadlar

redaktə
  1. Истрин В. А. Возникновение и развитие письма. Москва, 1965; Кононов А. Н. Грамматика языка тюркских рунических памятников VII–XI вв. Л., 1980; Васильев Д. Д. Корпус енисейских письменных памятников. Л., 1982;
  2. Ворошил Г. Об одной древнетюркской письменности//Советская тюркология. 1981, № 5, с.76.
  3. Щербак А. М. О рунической письменности в юго-восточной Европе//Советская тюркология. 1971, № 4, с.81; Кононов А. Н. Грамматика языка тюркских рунических памятников VII–XI вв. Л., 1980, с. 7

Xarici keçidlər

redaktə