Abbas Mirzə

(Abbas mirzə səhifəsindən yönləndirilmişdir)

Abbas Mirzə (tam adı: Abbas mirzə Qovanlı-Qacar), (20 avqust 1789[1], Amul, Mazandaran ostanı25 oktyabr 1833[1], Məşhəd, Xorasan[2]) — Qacar taxt-tacının vəliəhdi, Naib-əs-səltənət, Azərbaycan canişini, Azərbaycan Ordusunun Sərdarı (ordu generalı).

Abbas Mirzə
fars. اباس میرزا
Şəxsi məlumatlar
Doğum tarixi 20 avqust 1789(1789-08-20)[1]
Doğum yeri
Vəfat tarixi 25 oktyabr 1833(1833-10-25)[1] (44 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Atası Fətəli şah Qacar[3][2][…]
Uşaqları 48 (Məhəmməd şah Qacar, Bəhram mirzə Qovanlı-Qacar, Xosrov mirzə Qovanlı-Qacar, Bəhmən mirzə Qovanlı-Qacar, Qəhrəman mirzə Qacar, Ərdəşir mirzə Qovanlı-Qacar, Firuz Mirzə Qacar, İskəndər mirzə Qovanlı-Qacar, Sultan Murad mirzə Qovanlı-Qacar, Cahangir mirzə Qovanlı-Qacar, Fərhad mirzə Qovanlı-Qacar, Xanlar mirzə Qovanlı-Qacar, Mеhdiqulu mirzə Qovanlı-Qacar, Mahruxsar xanım Fəxrəddövlə daxil olmaqla)
Ailəsi Qacarlar
Dini on iki imam şiəliyi
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Abbas mirzə Fətəli şah oğlu (anası Asiyabəyim xanım Fətəli xan qızı Dəvəli) 1788-ci ildə Larican mahalının Nəva qəsəbəsində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi və təhsili almışdı. Ağaməhəmməd şahın göstərişi ilə vələhd seçilmişdi. Naibəssəltənə ləqəbi daşıyırdı.

Abbas mirzə dörd yaşında ikən bilinməz xəstəliyə tutulmuşdu. Onun müalicəsi üçün atasının əmisi Ağaməhəmməd şah ölkənin dörd bir tərəfindən məşhur həkimləri saraya dəvət etmişdi. Həkimlər onun xəstəliyinin çarəsini tapa bilmədilər. Şahzadə idman və bədən tərbiyəsinin köməyi ilə yeniyetmə yaşında xəstəliyini dəf etdi. Ancaq 30 yaşından sonra əsəbi gərginlik, psixoloji durğunluq onu yenidən əski xəstəliyinə qaytardı.

Abbas mirzə 1799-cu ildən Cənubi Azərbaycanın, 1833-cü ildən Kirmanın və Xorasanın valisi olmuşdu.

Abbas mirzə 1834-cü ildə vəfat edib. Onu Məşhəddə Əli ibn Museyi-Rzanın məqbərəsinin yaxınlığında dəfn ediblər.

Abbas Mirzə Bakıda

redaktə

Abbas mirzə hələ uşaq yaşında ikən, Quba xanı Fətəli xan (Quba xanı) onu Bakıya gətirmiş və təlim-tərbiyyəsi ilə məşğul olmuşdu. Uşaqlıq dövrünü Bakıda – Fətəli xanın himayəsi altında keçirən Abbas Mirzə İran taxtına Fətəli xanın hazırladığı namizədi idi. Hətta Fətəli xan onu İrana aparıb şah elan etmək fikrinə də düşmüşdü.

Abbas Mirzə və Rus-İran savaşları

redaktə

Gürcüstanın birləşdirilməsi, Gəncənin tutulması və Rusiyanın getdikcə Azərbaycanın içərilərinə doğru irəliləməsi İranı qəti tədbir görməyə məcbur etdi. 1804-cü ilin mayında İran, rus qoşunlarının Transqafqazdan çəxarılmasını tələb etdi. Rusiya bu tələbi rədd etdi və 1804-cü il iyunun 16-da savaş başlandı.

Cənubi Azərbaycanın hakimi şahzadə Abbas Mirzənin 50 minlik ordu ilə İrəvana yaxınlaşması Sisianov üçün gözlənilməz olmadı. O, bütün qışı qoşun hazırlamaq və səfər tədarükü görməklə keçirmişdi. İrəvan hakimi Məhəmməd xanın onu "vaxt itirmədən" İrəvana çağırması nəzərə alındı, 1804-cü il iyunun sonunda 3600 piyada, 3 eskadron atlı və 300 kazakdan ibarət olan rus qoşunu 12 top ilə artıq İrəvan yaxınlığında idi. Üçkilsə (Eçmiədzin) və Qəmərlidə olan ilk döyüşlərdə Sisianov üstünlük qazandı. İrəvan şəhərini mühasirəyə aldı. Gənc oğlunun (Mirzə Adıgözəl bəy Abbas Mirzəni bu zaman "kiçik bir uşaq" adlandırır) uğursuzluğunu eşidən Fətəli şah özü də buraya gəldi və rus əsgərləri geri çəkildilər.

1805-ci ilin 14 mayında (Kürəkçay müqaviləsi) İbrahimxəlil xan Cavanşir mövcud şəraitlə əlaqədar olaraq Rusiyanın hakimiyyətini qəbul etdi. Bu xəbər tezliklə Fətəli şahın qulağına çatdı.

Bir tarixi mənbədə yazılır ki, Abbas Mirzənin göstərişi ilə Ismayıl bəy öz qoşunu ilə daha tez Araz çayına tərəf irəlilədi. Ismayıl bəy qabaqdan döyüşə girdi və az qalmışdı ki, məğlub olsun. Lakin Abbas Mirzənin gəlişi ilə Iran qoşunları onları qovdu. Bu döyüş Cəbrayıllı bağlarında baş verdi və axşamçağı Məhəmmədhəsən ağa Şuşaya qayıtdı.

Tarixçi Mirzə Rəşid Ədibəşşüara bu yürüş haqqında yazır: "Urmiya hakimi Hüseynqulu xan Qasımlı Avşar qoşununun başında, Ismayıl xan Qacarla Gəncə və Tiflis yürüşlərinə qatılmışdı. Abbas Mirzə onlara əmr vermişdi ki, Gəncəni alandan sonra Tiflisə yollanıb oranı qaydasına salsınlar. Rus komandanı Şaft Tiflis şəhərində əyləşib Iran qoşunlarına qarşı təxribat yaradırdı. Hüseynqulu xangil Tiflis şəhərinin iki mənziliyinə çatırlar. Bu qoşunun hərbi taktikası və strategiyası Əskər xan və qardaşı Əbdüssəməd xan tərəfindən olurdu. Onlar qoşunu yoxlayıb sahman yaratdılar. Avşar qoşunu irəli hücum edib rus qoşunlarını darmadağın etdilər. Rus toplarını ələ keçirib, öncə Gəncəyə, Gəncədən Irəvana, ordan da Irana apardılar". Onun verdiyi bilgilər qarışıq olsa da yazımız üçün əhmiyyətini duyub qeyd etməyi gərəkli bildik.

Əbülfət xan Tuti qonşu Çulundur, Qapanat, Bərgüşad mahallarını ələ keçirib Dizaq mahalına girdi. Dizaq mahalının Qızılqışlaq kəndində düşərgə qurdu. Bütün ətraf mahallarının adlı-sanlı adamları, el-oymaq camaatı Əbülfət xanın başına yığıldı. Hacılı camaatının bəyləri və əhalisi də onun yanına toplandı. Tarixçi Mir Mehdi Xəzani yazır: "Həmin vaxt idi ki, Əbülfət xan gəlib, Tuğ kəndinin iki ağaclığında Qızılqışlaq mənzilinə varid olmuşdu. Yanında külli və çox olan cəmiyyət və qoşun ki, o vaxtda məcmu, Qapan və Bərgüşad və Dizaq mahallarının kəndlərinin əhli və Dizaq-Cavanşir və Hacılı xalqı və hətta Cəbrayıllı bəyləri və əhliləri tamam ehtiyat və xofdan ki, məbada Əbülfət xan çapıb və qarət edə məcmusu onun yanında idilər". (Bax: Qarabağnamələr, 2-ci kitab, Bakı, 1991, səh.).

Ibrahimxəlil xanın oğulları Məhəmmədhəsən ağa və Mehdiqulu ağanın başçılığı ilə Qarabağ qoşunları Əbülfət xanın üzərinə hücuma keçirlər. Xanın yan-yörəsinə yığılan qarabağlılar dağılırlar.Mir Mehdi Xəzani yazır: "Pəs Əbülfət xanın qoşunu şikəst tapıb, yerbəyer yüklərini töküb, qaçmağa başladılar. Bir tərəf dəxi öz yanlarında olan Cəbrayıllı və Hacılı və Cavanşir xalqı həm dönüklük edib, ümdə şikəstliyi onlar saldılar. (2)

Fətəli şah bu məğlubiyyətdən sonra Ibrahimxəlil xanla aranı düzəltmək üçün məiyyətindən Kərim xanı və Abdulla xanı Ibrahimxəlil xanın yanına göndərdi. Onlara verdiyi məktubda yazırdı ki, rusları Şuşa qalasına buraxmasın. Xudafərin körpüsünün mühafizəsini onlara tapşırmasın. Tərnüküt və Əsgəran qalalarını Iran qoşunlarına öz xərci ilə versin. Bundan əlavə oğlu Abbas Mirzəni böyük qoşunla ona köməyə göndərər ki, bütün qonşu xanlıqları alıb, öz torpağına qatar və Qarabağdan qaçan oba və kənd camaatlarını yerlərinə qaytarıb, ölkəsini abadlaşdırar. Daha bu kimi vədlərlə Ibrahimxəlil xanı öz tərəfinə çəkmək istəyirdi. Ibrahimxəlil xan elçilərə bildirdi ki, mən Rusiyanın himayəsini qəbul etməmişəm. Yalnız böyük dövlətin nümayəndəsinə hörmət və ehtiramımı bildirmişəm.

Fətəli şah yenidən Ibrahimxəlil xanın yanına elçilər göndərdi. Elçilər Kərim xan, Abdulla xan və Rəhim xan idilər. Onların gətirdiyi məktubun məzmunu keçən dəfəkinin eyni idi. Şah vədini bir az artırıb, quran və qəsəmlə möhkəmləndirmişdi. Ibrahimxəlil xan elçiləri buraxmayıb qalada gözdustağı saxladı. Az sonra həmin adamları Sisianova təslim etdi. Fətəli şah Ibrahimxəlil xandan incidi. Fətəli şah Qarabağın rusların əlinə keçməsinə tablamayıb, oğlu Abbas Mirzəyə savaş əmrini verdi. Abbas Mirzə xeyli qoşunla 1806-cı ildə Qarabağa girib, savaşa başladı. Mehdiqulu xan rus generalı P. F. Nebolsinlə görüşüb, savunmanı təşkil elədi. Abbas Mirzə ilk çarpışmada uğur qazansa da, getdikcə qızışan döyüşdə basılıb geri çəkildi.

Tarixçi Əminə Pakrəvan yazır: "Şah, baharın sonlarında təkrar Sultaniyəyə, Abbas Mirzə isə yeni görəvləri ilə Qarabağa gəldi. Bu dəfəki səfərində Azərbaycanın digər yerlərini də görsün deyə yolunu Qaradağdan saldı. Xudafərin körpüsündən keçərək Qarabağa vardı. Abbas Mirzə hər şeydən öncə əski İrəvan xanı kimi onu rahatsız edən bir xanla hesablaşmaq fikrində idi. Ruslarla iş birliyi içində olan İbrahim Xəlil Cavanşirin rəftarı onu rahatsız etməkdə idi. İbrahim xan Qarabağda əsgəri birlik toplayaraq kiçik bir ordu düzəltmiş və ruslardan da yardım istəmişdi. Amma ruslar ona tam dəstək verməmiş, sadəcə neçə yüz eyitilmiş, ancaq qazaq olmayan süvarilərlə onun istəyinə cavab vermişdi. Rusların eyitilmiş əsgəri birliklərinə qazaq deyirdilər. Ancaq rusların qazaqlardan başqa qazaqlar qədər tam eyitilməmiş birlikləri də var idi. İbrahimxəlil xan Cavanşirin oğlu bu birliklərin başını çəkirdi. O, Abbas Mirzənin yolunu Xudafərindən keçərkən kəsib və onunla savaşmaq istəyirdi. Abbas Mirzə Xudafərin körpüsündən keçər-keçməz savaş başladı. Ancaq Abbas Mirzə bu zəif ordunu dərhal məğlub edib, dağıtdı. Bu zəif birlik dağıldıqdan sonra Abbas Mirzə öz ordusunu iki sütun şəklində Şuşaya doğru yönləndirdi. Bu on il sürən savaş sürəsincə və sonralar da bütün savaş yolları Şuşadan keçir və bəzən də Gəncəyə yönəlirdi. Bu savaş da bir irəliləyiş olmadan davam edirdi. Yəni ormanlığın içində pusuya durub və uyğun zamanlarda qarşı tərəfə zərbə endirilirdi".

İran tarixçiləri yazırlar ki, Ibrahimxəlil xanın oğlu Əbülfətdən və qızı Ağabəyim Cavanşirdən ona xəbər çatdı ki, o, Iranla dostluğa cəlb olunsun. Nəhayət, Ibrahimxəlil xan Abbas Mirzəyə məktub yazıb, öz bəxşişini tələb edib, Şuşanı işğal etmiş bir qrup rus əsgər və zabitini çıxaraq üçün Iran dövlətindən kömək istədi.

1806-cı ildə Fətəli şah Ibrahimxəlil xanın oğlu, Irana tabe olan Muğru mahalının başçısı Əbülfət xanı 5 min nəfərlik qoşunla Qarabağa göndərdi. Əbülfət xanın yeznəsi Fərəculla xan Sarıxanbəyli-Şahsevəni də ona yardımçı təyin etdi. Iranın adlı-sanlı sərkərdələri, o cümlədən Qəzvinli sərdar Hüseynəli xan Qacar, Damğanlı Ismayıl xan, Xəmsəli (Zəncanlı) Əmənulla xan Avşar və başqaları Əbülfət xanın başçılığı altında idi. Onlar Qarabağa çatanda artıq ruslar Ibrahimxəlil xanı öldürmüşdülər. Əbülfət xan Cavanşir məsələdən xəbərdar olub, öldürülmüş insanların parçalarını kəfən-dəfn etdikdən sonra buranın rəhbərliyini Mehdiqulu xanın (İbrahimxəlil xanın böyük oğlu) öhdəsinə qoyub, özü qalan başçılarla Naibüssəltənənin yanına tələsdi. O, şahzadəni ruslar tərəfindən törədilmiş bu faciəli əməldən xəbərdar etdi.1

Abbas mirzə Şuşa qalasına tərəf irəlilədi. Sisianov əvvəlcədən Tiflisdən kömək istəmişdi. General qraf Ivan Vasilyeviç Qudoviç Qafqaz rus qoşunlarının komandanı general Nebolsini Sisanova köməyə göndərdi.

İran tarixçiləri yazırlar ki, Abbas Mirzə Şuşaya tərəf gedərkən, Ibrahimxəlil xan öləndən sonra pis vəziyyətdə güzəran keçirən Qarabağın əksər elatı ondan xahiş etdilər ki, onların arzusunu nəzərə alıb Qarabağa köçürsünlər.

Rzaqulu xan Hidayət "Rövzətül-səfa"da bu barədə yazır: "Gizli qalmasın ki, Şahzadə Naibüssəltənə Həsən və Hüseyn bulağı üstündə dayanarkən təsadüfən baş vermiş hadisələrdən biri Qarabağın xoşbəxt şəhidi mərhum Ibrahimxəlil xanın oğlu Əbülfət xan tərəfindən elatın köçürülməsi üstündə Rusiya ilə Qarabağ arasında baş verən müharibə idi. Hadisənin icmalı budur ki, Qarabağ elatını köçürmək üçün getmiş Ətaulla xan Şahsevən elat hərəkət etdikdən sonra Əbülfət xanla onları Irana gətirirdilər. Cəbrayıllı tayfasından birisini gizli yanlarına çağırdılar, çətin keçilən Qapan mahalına çatdılar. Gündüz saat ikidən gün batana kimi şiddətli döyüşlər getdi, tüfəngçilərin barıt-qırması qurtardı və onlar məğlub oldular. Elə ki, Naibüssəltənə Nəvvab bundan xəbər tutdu, Ismayıl xan və Həsən xan Sərdarı oraya göndərib özü də Qapandan Aslandüz yolu ilə aslanları yandıran şir kimi yola düşdü. Bu dəhşətli xəbər rus generalının ürəyini sıxdı və kiçik bir dəstəni Pənahabad qalasına göndərib özü isə Gəncəyə tərəf yollandı."

1809-cu ilin baharında Şahzadə Abbas Mirzə Gülənbər çəmənində dayanarkən Mərhum Ibrahimxəlil xan Qarabağinin oğlu Əbülfət xanı öz başının adamları ilə Qarabağ elatına, Qapan və Meqriyə göndərdi ki, onları itaətə gətirsin. Bir qrup Şahsevən atlılarını ayırdılar ki, Bakı ətrafına gedib ruslardan bir xəbər gətirsinlər. Onlar bu gecə qəflətən ruslarla qarşılaşdılar, igidliklə vuruşub bütün rus qoşunlarını qıraraq onların başlarını kəsib şah sarayına göndərdilər. Onlar (bu işə görə – Ə. Ç.) şaha layiq ənam aldılar.

1811-ci ildə Abbas Mirzə yenidən Qarabağa dava açdı. Qırçı qışlağında rusların bir taqımını dağıdıb Qarabağa girdi. Mehdiqulu xan savunmaya qalxdısa da rus qoşun başçıları xanın savaşa qatılmasına icazə vermədilər. Fürsətdən istifadə edən Abbas Mirzə Qarabağ ellərinin çoxunu Irana, Qaradağ vilayətinə köçürdü.

Rzaqulu xan Hidayət "Rövzətül-səfa"da bu barədə yazır: "Gizli qalmasın ki, Şahzadə Naibüssəltənə Həsən və Hüseyn bulağı üstündə dayanarkən təsadüfən baş vermiş hadisələrdən biri Qarabağın xoşbəxt şəhidi mərhum Ibrahimxəlil xanın oğlu Əbülfət xan tərəfindən elatın köçürülməsi üstündə Rusiya ilə Qarabağ arasında baş verən müharibə idi. Hadisənin icmalı budur ki, Qarabağ elatını köçürmək üçün getmiş Ətaulla xan Şahsevən elat hərəkət etdikdən sonra Əbülfət xanla onları gətirirdilər. Cəbrayıllı tayfasından birisini gizli yanlarına çağırdılar, çətin keçilən Qapan mahalına çatdılar. Gündüz saat ikidən gün batana kimi şiddətli döyüşlər getdi, tüfəngçilərin barıt-qırması qurtardı və onlar məğlub oldular. Elə ki, Naibüssəltənə Nəvvab bundan xəbər tutdu, Ismayıl xan və Həsən xan Sərdarı oraya göndərib özü də Qəpandan Aslandüz yolu ilə aslanları yandıran şir kimi yola düşdü. Bu dəhşətli xəbər rus generalının ürəyini sıxdı və kiçik bir dəstəni Pənahabad qalasına göndərib özü isə Gəncəyə tərəf yollandı."

General P. F. Nebolsin Şuşaya gəlib Mehdiqulu xanı taqımın dağıdılmasıyla bağlı suçladı. Mehdiqulu xan müəyyən sənədlər təqdim edib özünü duruya çıxardı.

22 sentyabr 1811-ci ildə rus qoşunlarının komandanı general Pauluççi Qafqaza daxil oldu. Bu zaman Qarabağ yaxşı vəziyyətdə deyildi. Elat narahat idi və Qarabağ xanlığının hakimi Mehdiqulu xan Cavanşiri qardaşı oğlu Cəfərqulu xanla ixtilafı var idi. Çünki o, (Cəfərqulu xan – Ə. Ç.) özünü Qarabağın həqiqi xanı hesab edirdi. Digər tərəfdən Iran sərdarları Qarabağı çapıb talayırdılar. Qaradağ hakimi Hacı Məhəmməd xan Mustoufi öz məmurlarını Gəncə və Qarabağa göndərib rus komandirlərinin bir-birinə yazdıqları məktubları ələ keçirdi. O, təzəliklə Qaradağa mühacirət etmiş Qarabağın Imirli tayfasından olan bir neçə nəfərə tapşırdı ki, Şuşa qalasında olan sursat anbarlarını yandırsınlar. Onlar gecə vaxtı xəlvətcə qalaya daxil olub Şuşanın Xəlfəli darvazasına çatdılar və sursat anbarı, ələf anbarı və bir neçə evi yandırdılar. Ruslar belə güman etdilər ki, bu iş Mehdiqulu xan vasitəsilə həyata keçirilibdir. Şuşa şəhəri əhalisi üsyana qalxdı və bu səbəbdən qalanı topa tutdular.

1813-cü ildə ruslarla iranlılar arasında barış imzalandı. Mehdiqulu xan asudə nəfəs alıb arxayınlıqla idarə işlərinə başlamaq istədikdə ruslar yenidən ona imkan vermədilər. Hər cür siyasətlə onun idarəsini məhdudlaşdırdılar.

Tarixçi Əminə Pakrəvan yazır: "Rusların ən önəmli gücləri Arazın üç ağaclığında yerləşən Kərsi (Qırcı) adında bir yerdə idi. Rusların iki alayı Temmuz ayında kəşfiyyat karakterli əməliyata başladı. Onlar bütün Qarabağda partizan savaşları edən birimlərlə qarşılaşacaqlarını sanırdılar, lakin qarşılarında Azərbaycan ordusunu gördülər. Azərbaycan ordusu olduğunu da topların səsindən anladılar. Bu şəkildə səliqəli top savaşı və intizamlı ordu bütün Qacariyədə Azərbaycan ordusuna məxsus idi. Bunlar Abbas Mirzənin ordudakı reformlarının və modernizasiyonunun ürünü idi.

Azərbaycan ordusunun topxanası düşmənin irtibat sistemini pozmuş və arxadan gələn yardımı əngəlləmişdi. Azərbaycan topxanası düşmənin arxa cəbhəsindəki hədəfləri tam isabətlə atəş altına almışdı. Bu da rus piyadələri ilə savaşda üstünlüyün Azərbaycan ordusunda olmasını sağlamaqda idi. Digər şahzadələr də Fətəli şahın dirək komandanlığı altında müxtəlif yerlərdə savaşa başlamışdılar.

O günkü savaşda Azərbaycan ordusu irəliləməyə başladı. Abbas Mirzə əmr etmişdi ki, əsirlərlə pis davranılmasın. Lakin bir neçə Azərbaycan ordusu mənsubları həyəcana qapılıb rusların başını kəsmişdilər. Abbas Mirzə qəti şəkildə bildirdi ki, bundan sonra kim əsir başı kəsəcək olsa güllələnəcəkdir. Eyni gün min rus əsgəri əsir alındı. Bu savaş uzun sürmədi. Çünkü rus birlikləri də bu tərəflərdə az idi. Bu ərazilər rahat ələ keçirildi. Abbas Mirzə ilk kəz olaraq oğullarını da bu savaşa qatmışdı. Buna görə də sevinirdi. Çünkü onları hər zaman savaşçı olaraq görmək istəmişdi. Eyni gün bir çapar sürətlə ərdəbilə varıb və Azərbaycan ordusunun irəliləməsi haqda şaha bilgi verdi. Abbas Mirzə əsirlərlə nə qədər xoş rəftar etsə də, onların Ərdəbilə göndərilməsini əngəlləyə bilmədi. Şah əsirlərin ərdəbilə göndərilməsini istəmişdi və yenə də onların başları kəsilə bilərdi.

Abbas mirzə rusların buraxıb, qaçdıqları iki qəbzə topu gördüyündə çox sevinmişdı. Mükəmməl imkanı olan bu topların ağzını düşmənə tərəf çevirdilər". Tarixçi Əminə Pakrəvan yazır: "Şahzadə bir tərəfdən Şahın iradəsi üzərə, digər tərəfdən, çevrəsinin təlqini nədəni ilə öncə Şuşaya hücum etməklə razılaşdı. Ordu Şuşaya doğru hərəkət etdi. Şuşanın mühasirəsinin uzun sürəcəyi düşünüldüyü üçün böyük sursat və ərzaq daşınmaqda idi. Heç şübhəsiz ki, bu hərəkətlilik Şuşada bulunan rus ordusunun gözündən qaçmırdı. Günlər keçdi, ancaq möhkəm qalalarla qorunan bu şəhərdəki ruslardan Azərbaycan ordusuna qarşı heç bir hərəkət və top atəşı görünmədi. Şahzadə Şuşaya hücum etmək üçün tələsmirdi. Düşünürdü ki, Şuşa əhalisinin də daxildə uyğun zamanda ayaqlanması şəhərin fəthini asanlaşdıracaqdır. Bu səbəbdən də dayısı Əmir xan Sərdarı gözləməkdə idi. Şuşanın fəthindən sonra ona qatılacaq olan dayısının başçılığındakı Xoydan gələn ordu ilə bərabər Gəncəyə hücum etməyi planlamışdı. Böyük oğlunu səkkiz min nəfərlik piyadənin sərkərdəsi olan Əmir xanın yardımçılığına təyin etdi. İki min ordu ilə Şahzadəyə qatılan Mərəndin hakimi Nəzərəli xana Gəncəyə hücum etmək üçün hazır bəkləməsinə əmr etdi. Ruslardan qalmış doqquz qəbzə topun dərhal təmir edilib işlərliyinin sağlanmasını istədi.

Bu üç kişini önəmli postlara təyin etməsi müxtəlif səbəblər üzündən yaxşı nəticə verməyəcəkdi. Lakin bu sonuçlar haqda Şahzadə öncədən təsbitdə bulunamazdı. Digər tərəfdən, tərcih ediləcək başqa güvəniləcək şəxslər yox idi.

Hacı Bəylərin (Ağaların) yaratdığı Şuşa əhalisinin üsyan umudu yavaş-yavaş suya düşürdü. əhalinin ayaqlanma məsələsindən heç əsər əlamət yox idi. Bu üzdən Şahzadə Şuşanın tam mühasirəsinin gerçəkləşməsi amacıyla şəhərin çevrəsində xəndək qazılmasına əmr etdi".

Tarixçi Mirzə Yusif Qarabaği yazir: "Xülasə, birinci sərdar Əmir xan Mehdiqulu xanla Xoy şəhərindən hərəkət edərək Naxçıvana varid oldu və Araz çayının kənarında dayandı, bir-birilə məsləhətləşdilər ki, onlar hərgah qoyulan şərt və işarələri gözləmədən bu qoşun və atlılar ilə Şuşa qalasının üzərinə hücum etsələr, ehtimal ki, qala əhli darvazanı açmasın, Mehdiqulu xana tabe olan adamlar da onların yanına getməsin; belə olduqda onların işi çətinləşəcəkdir və ixtiyarlarında olan qoşun və ordunun vəziyyəti pərişan olub dağılacaqdır. Nəticədə belə qərara gəldilər ki, Abbas Mirzəyə ərizə yazsınlar və ondan qoşun göndərilməsini və əlavə olaraq iki alay sərbaz və iki top verməsini xahiş etsinlər. Bu niyyətlə ki, əgər çətinlik baş verərsə, heç olmasa özlərini saxlaya bilsinlər.

Abbas mirzə cavabında yazmışdı: "Sərbaz və top sizə lazım deyil, Qarabağın bəyləri mənə yazıblar ki, bizim qoşunumuz Xəlifəli darvazasına yetişən kimi, onlar darvazanı açacaqlar və bizim dövlətimizə itaət edəcəklər. Bu barədə də göstəriş verilmişdir. Siz birbaşa Naxçıvandan Sisyan dağı yolu ilə heç yerdə dayanmadan Şuşa qalasına gedərsiz, onlar sizə kömək etməyə hazırdılar və bizim qoşunumuzun köməyini gözləyirlər. əgər siz əsgər və top götürsəniz, tez hərəkət edə bilərsiz. Rusların əsgərləri ilə bizim böyük və çətin müharibəmiz olacaqdır. əgər sizə sərbaz, top verilərsə, sizin üçün dava çətin olar. Bir də yazmışdı: "Sərdar, qarşıda böyük işlər nəzərdə tutulmuşdur. Döyüşlər qabaqdadır, vuruşmalıyıq, irəliləməliyik, əgər qalib olsaq, uzun illər istirahət edəcəyik, əgər müvəffəq olmasaq, səhrada yorulmuş qədəmlərimiz əziyyət, zəhmətdə olub məşəqqətə düçar olacağıq".

 

Abbas Mirzə haqqında

redaktə

Abbas Mirzənin yaşam yolu və siyasi fəaliyyəti haqqında onlarla kitab ("Əbülqasım Lahici, Əhvalat və dəst-xətthaye Əbbas mirzə Naibəssəltəne, Tehran, 1326, hicri-şəmsi", "Nasir Nəcmi, Abbas Mirzə, Bakı, "Yazıçı", 1993") yazılıb.

Nasir Nəcminin "Abbas Mirzə" (yaxud "Qacar sülaləsinin qəhrəman, vətənərvər oğlu və onun başçılıq etdiyi Iran – Rusiya müharibələri", (Tehran hicri 1326-cı il, miladi 1910) kitabının 1993-cü ildə Azərbaycan dilinə tərcümə olunmuşdur. Kitabın əvvəlində deyilir: "Nasir Nəcmi tarixi sənədl əri diqqətlə öyrənmək nəticəsində çar Rusiyasının, eləcə də Ingiltərə və Fransanın Yaxın və Orta Şərqdə XIX yüzilin əvvəllərində apardıqları işğalçı siyasətinin başlıca cəhətlərini oxucuya çatdırır. Qafqazda çarın göstərişlərini yerinə yetirərək Azərbaycan xanlıqlarını bir – birinin ardınca istila və Rusiyaya ilhaq edən generalların – Sisianovun (milliyyətcə gürcüdür), Qudoviçin, Yermolovun, Mədətovun (ermənidir), Paskeviçin apardığı işğalçı və soyğunçu müharibələr kitabda geniş əksini tapır. Kitabın əsas məziyyəti ondadır ki, Abbas Mirzə istər birinci (1804–1813), istərsə ikinci (1826–1828) Rus – Iran müharibələrində öz doğma torpaqlarını amansız düşməndən cəsarətlə müdafiə etməsini, yeni tipli nizami ordu yarada bilmək bacarığını inandırıcı dəlillərlə göstərir… Əsər heç şübhəsiz, XIX yüzilin əvvəllərində Zaqafqaziyada baş verən siyasi, hərbi hadisələri daha düzgün anlamaqda oxucularımıza kömək göstərəcəkdir."

Kitabda Abbas Mirzənin qəhrəmanlığı haqqında müəllif yazır: "Iran əsgərləri ölkəyə tarixi şan – şöhrət qazandıran görünməmiş qəhrəmanlıq, cəsarət göstərmiş, bu müddət ərzində, Qacar sülaləsinin qoxmaz, igid oğlu Abbas Mirzənin başçılığı altında bütün çətinliklərə dözərək, çarın gündən – günə artan qoşunlarına qarşı müqavimət göstərmiş, hətta bu müharibələrdəki bəzi döyüşlərdə heyrətləndirici naliyyətlər əldə etmiş və düşmən qüvvələrinə güclü zərbələr endirmişlər.

Abbas mirzə vətənin istiqlaliyyətini və bütövlüyünü hədələmək məqsədilə aparılan döyüşlərdə tərifəlayiq qəhrəmanlıqlar göstərmişdir"[4]

Ailəsi

redaktə

Abbas Mirzə 1802-ci ildə Xırda xanım Mirzə Məhəmməd xan qızı Dəvəli ilə evlənmişdi.

Oğulları

İstinadlar

redaktə
  1. 1 2 3 4 Аббас-Мирза // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 1 : А — Ангоб. С. 14.
  2. 1 2 3 Аббас-Мирза (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 14.
  3. 14. 2. Аббас-Мирза (rus.). // Энциклопедический лексикон СПб: 1835. Т. 1. С. 13–15.
  4. Nasir Nəcmi "Abbas Mirzə" (yaxud "Qacar sülaləsinin qəhrəman, vətənərvər oğlu və onun başçılıq etdiyi İran-Rusiya müharibələri", (Tehran hicri 1326-cı il, miladi 1910). Bakı 1993, s.3, 9.)

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.

Həmçinin bax

redaktə