Atabəylər Memarlıq Kompleksi

Atabəylər Memarlıq KompleksiNaxçıvan şəhərində yerləşən, şəhər Atabəylərin paytaxtı olan zaman əsas qoyulmuş nəhəng memarlıq kompleksi. Kompleksə Atabəy hökmdarlarının sarayı, Divanxana, Naxçıvan Cümə Məscidi, Mömünə Xatun türbəsi, Mədrəsə, giriş baştağı və digər yardımçı binalar daxil olmuşdur. Dövrümüzə kompleksdən yalnız Mömünə Xatun türbəsi çatmışdır.

Atabəylər Memarlıq Kompleksi
Ölkə  Azərbaycan
Yerləşir Naxçıvan
Aidiyyatı Azərbaycan Atabəyləri
Memar Əcəmi Naxçıvani
Sifarişçi Şəmsəddin Eldəniz
Məhəmməd Cahan Pəhləvan
Atabəylər Memarlıq Kompleksi (Azərbaycan)
Atabəylər Memarlıq Kompleksi

Mömünə Xatun türbəsi

redaktə
  Əsas məqalə: Mömünə Xatun türbəsi

Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir.

Memar bu türbəni Yusif Küseyir oğlu Türbəsindən 24 il sonra inşa etmişdir. Ona görə də bu sənət əsərində memarın ustalığının, müdrikliyinin artması ilə yanaşı sifarişçinin gücü, böyüklüyü də əks olunmuşdur. Mömünə Xatun türbəsinin ümumi quruluşu – sərdabəqüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır. Bununla birgə Memar Əcəmi, yeni, zəngin ifadə vasitələri ilə bu əsərinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir.

Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir. Bütün səthlərin ornamenti müxtəlifdir. Sənətkar təkrara yol verməmişdir. Lakin onun məharəti orasındadır ki, müxtəlifliklə bərabər bütün ornamentləri eyni səciyyədə yaratmış və beləliklə, abidənin ümumi vəhdətini saxlaya bilmişdir.

Möminə Xatun türbəsi iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Türbəni örtən mürkkəb naxış şəbəkələrinin arasındakı ən kiçik boşluq belə gəclə doldurulub içində bitkisəl naxışlar yonulmuşdur. Bu səbəbdən türbənin bayır səthləri parlaq Naxçıvan günəşi altında bir-birindən gözəl, bir-birindən zəngin kölgə tülünə bürünür, bu tülün çeşni və tonları gün ərzində günəşin hərəkətinə uyğun olaraq saysız dəyişir. Mömünə Xatun türbəsinin bədii memarlıq surətində şahanə əzəmət və böyüklüklə insan ölçüsü və lirik incəlik heyrətləndirici uyarlıqdadır.

Naxçıvan Cümə Məscidi

redaktə

XX əsrin əvvəllərində uçularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır.

Foto sənədlərə əsasən Naxçıvan cümə məscidinin məqsurəsinin üç yandan yerləşgələrlə dövrələndiyi bəlli olur. Ancaq bu yerləşgələrin necəliyini daydınlaşdıran dəlillər yox dərəcəsindədir. Bu baxımdan V. A. Engelqardın XIX yüzildəki məlumatı maraq doğurur. Onun yazdığına görə

"Bu türk məscidi yonulmuş daşdan qurulmuş tağları olan iri tikilidir və onun içərisində yüksək işlməli müxtəlif yapma (gəctəraşlıq) naxışlar görünür. Binanın bir bölümü artıq uçmuşdur, qalanı sə uçmaq təhlükəsindədir. Ondan 50 sajen (təqribən 107 m) aralıda vaxtilə bu məscidə aid olan və yanlarında hər biri 10 sajen ( təqribən 42 m) ucalıqda qoşa minarəli qapı var. Məscidlə qapı arasındakı məkanı əvvəllər məscidə aid olan yardımçı tikililər tutrmuş, indi isə bu tikililər artıq olmayanda elə təsəvvür yaranır ki, qapı ona çox yaxın olan xüsusi qülləyə (Mömünəxatun türbəsi) məxsusdur." [1]

Bu yazılı təsvirə əsasən qoşa minarəli baştağın müxtəlif tikililərlə, yəqin ki, mədrəsə hücrələri və sütunlu qalereyalarla, cümə məscidinə birləşdiyini və bu baştağın məscid həyətinə açıldığını güman etmək olar.[2]

Baştağ

redaktə
  Əsas məqalə: Baştağ
 
Baştağın və minarələrin görünüşü

Tarixi mənbələrdən Atabəylər memarlıq kompleksinə mədrəsənin daxil olması bəllidir. Şübhəsiz ki, həmin mədrəsə cümə məscidi ilə birbaşa bağlı imiş.[2] Qoşa minarəli baştağın Atabəylər kompleksi tərkibindəki dini-xatirə tikililərinin (məscid, türbə, mədrəsə) toplandığı iri həyətin alaqapısı olması ehtimal edilir.

Atabəylər memarlıq kompleksinin ilk tikililəri saray binası və divanxana olmuşsa, son tikilisi dövrümüzə ancaq təsvirləri çatmış giriş baştağı olmuşdur. Şərqşünas N. Xanıkov XIX yüzildə bu baştağı görmüş və qapısı üstündəki kitabədən onun "1187 – ci ildə Azərbaycan Atabəylər dövlətinin atlı qoşununun başçısı və vergi yığanı əmir Nurəddin" tərəfindən tikdirildiyini oxumuşdur. Həmin kitabə "memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli" ifadəsi ilə bitirmiş. İri giriş tağı yanlardan dayaz və uca tağçalarla, yuxarıdan yazı qurşağı ilə qapanan mütənasib biçimli baştağın künclərindən silindrik gövdəli minarələr ucalırmış. İslam memarlığı tarixində belə quruluşlu ilk baştağlardan biri olan bu Naxçıvan abidəsi Azərbaycan dini memarlığının orta XI – XII əsrlərdə necə yüksək mərhələyə çatdığının göstərgəsidir. Belə baştağ kompozisiyası sonrakı yüzillərdə İslam ölkələrinin çoxunda aparıcı bədii memarlıq fəndinə çevrildi.

Eldənizlər sarayı

redaktə
  Əsas məqalə: Eldənizlər sarayı

Eldənizlər sarayı Naxçıvan şəhərində yerləşmiş Orta əsrlərə aid tarixi memarlıq abidəsi olmuşdur.[3] Saray böyük Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu tərəfindən inşa edilmiş Atabəylər memarlıq kompleksinə daxil olmuş, lakin dövrümüzə kimi gəlib çatmamışdır. Tədqiqatçılar XIII əsrin XX illərində yazılmış “Əcaib əd-dünya” əsərində adı çəkilən “Darülmülk”ün (“Dövlətxana”) Eldənizlər sarayı olduğu qənaətinə gəlmişlər. Saray Möminə Xatun türbəsinin yaxınlığında yerləşmişdir.

İstinadlar

redaktə
  1. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 48
  2. 1 2 C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 49
  3. AMEA, Naxçıvan Ensiklopediyası, Eldənizlər sarayı məqaləsi, Bakı, 2002, səh 112