Difai Partiyası
Difai Partiyası və ya Difai Firqəsi (az.-əski. دیفاعی فرقهسی) və ya sadəcə Difai (az.-əski. دیفاعی) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat.
Difai Partiyası دیفاعی فرقهسی | |
---|---|
Qurucu | |
Quruluş tarixi | 1906 |
Xələfi |
Müsavat Partiyası Müdafiə Partiyası Qarabağ Birlik Məclisi |
Baş qərargah | |
Şüar |
Heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik![mənbə göstərin] |
Tarixi
redaktəGizli fəaliyyət dövrü (1905–1909)
redaktə1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı.
Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər.
Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı. "Fədai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi.
Hüseyn Baykara "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındığını yazırdı.
1912-ci il 16 mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan Difai Partiyasına məxsus Bəyannamədə deyilir:
"Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnaksütun Partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik." |
Beləliklə, Difai Partiyası bu Bəyannaməsi ilə, Hüseyn Baykaranın qeyd etdiyi kimi, Azərbaycan türklərinin, eləcə də, Qafqaz müsəlmanlarının "ölüm-qalım" mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu.
Əhməd bəy Azərbaycanın vilayətlərini dolaşmağa başladı. İlk olaraq o Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış millətçilərlə görüşərək orada Difai təşkilatını yaratdı.
Bu minvalla Azərbaycanın ermənilər hücum edən vilayətlərində də yaradılan Difai təşkilatının yerli şöbələri erməni silahlı dəstələrinə qarşı mübarizəyə başladı. Partiyanın fəaliyyəti və rəhbərliyi barədə Tiflisdəki quberniya jandarm idarəsinə vaxtaşırı donoslar gedirdi.
1905–1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı "Difai" sözün əsl mənasında "Qafqazı qanlı səhnə halına salmaq" barədə verdiyi vədə əməl etdi. Gəncədə yerləşən "Cəmiyyəti-Xeyriyyə" və "Nəşri-Maarif" cəmiyyətlərinin binası qərərgaha çevrilmiş və hərəkata rəhbər seçilmişdi. Hüseyn Baykara yazır:
"Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı, erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınaraq hücuma keçiləcəkdi. Bu hərəkatda əli silah tuta bilən bütün şəhər camaatı və dağlardan enərək köməyə gələn Dəli Alının silahlı dəstəsi Ələkbər bəyin rəhbərliyi altında hücuma keçdilər. Ermənilər törətdikləri vəhşiliklərin əvəzini gördülər..." |
Nağı bəy Şeyxzamanlı xatirələrində yazır:[1]
"Bu hadisələrdən sonra rus idarəçiləri qorxu içində hər hərəkətlərini ölçüb-biçərək addım atırdılar, digər tərəfdən Difai Firqəsinin kimlər tərəfindən idarə olunduğunu bilmək istəyirdilər. Amma əziyyətləri boşa çıxırdı, xalqımızdan bir şey öyrənə bilməzdilər, çünki, xalq bir şey bilmirdi, bilsə də söyləməzdi. Hökumət ara-sıra axtarışlar aparırdı. Lakin, nəticə alınmırdı. Difai Firqəsinin heç bir yerdə qeydi yox idi, ancaq bir möhürü var idi. Bu möhürün kimdə olduğunu, firqəni idarə edənləri bilmirdilər. Rus idarəsi Difai Firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud möhürü əldə edənə 50 min rubl vəd etmişdi. Buna baxmayaraq, heç bir dəyişiklik olmadı, lakin rusların etdikləri zülmlər artırdı və bu səbəbdən firqə fəaliyyətini müəyyən bir vaxt üçün dayandırmaq məcburiyyətində qaldı." |
Bu barədə Rəfael Hüseynovun "Rəfibəylilər" kitabında o günlərin və hadisələrin şahidi olmuş N. Keykurunun rus idarəsinin Difai Firqəsinin bir üzvünü tapıb xəbər verənə yaxud möhürünü əldə edənə 50000 qızıl rubl vəd etdiyini, lakin vəziyyətdə heç bir dəyişiklik olmadığını söylədiyi yazılmışdır.
Difainin rəhbərliyi altında aparılan əməliyyatlar nəticəsində Qarabağ, Bakı və Şamaxı vilayətlərində də döyüş təşəbbüsü Azərbaycan Türklərinin əlinə keçdi. Rus İmperiyasının yerli çinovnikləri artıq silahın ucunun onlara tərəf çevrildiyinin fərqinə vararaq gürcü əsilzadələrinin əli ilə müvəqqəti də olsa barışıq yarada bildilər. Hər iki tərəfdə nisbi sakitlik yarandı. Lakin 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam edirdi. Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, ancaq erməniləri türklər əleyhinə təhrik ədən çar idarəsinin fitnələri davam etməkdə idi. Difai bunun da əlacını tapır: "Difai Partiyasının rəhbərləri bu məsələni də müzakirə etdilər – erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksəkvəzifəli məmurları aradan götürüləcəkdi. Bu, Difai Partiyasının qərarı idi…"[2].
Difai Firqəsinin ilk "nəhəng" qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski olur. Gəncə qubernatorunun müşaviri Kreşçinski Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün Difai Partiyası Gəncə təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür. Kreşçinski çox keçmir ki, Gəncədə elə öz evinin qabağındaca öldürülür. Qətlin ertəsi gününün gecəsi "Difai" firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılır. Bu rus məmurlarında böyük qorxu yaradır. Nağı bəy Şeyxzamanlı xatirələrində yazır:[1][3]
"Rus idarəsinin hər təşkilatında Difainin adamları var idi, xüsusilə də Rus Milli Təhlükəsizliyində tərcüməçi və katib Sədrəddin adında çox qiymətli bir qardaş var idi. Bir gün o qardaş Difai Firqəsinin üzvü olduğunu təxminən bilən birisinə xəbər verir ki, Molla Hadı adında bir nəfər gizli olaraq Rus Milli Təhlükəsizlik Komitəsinə gəlib və beş dəqiqə sonra tanımadığım bir erməni müfəttişini otağına aparır, zənnimcə, erməni Molla Hadıya tərcüməçilik edir, xeyli qalırlar və söhbət edirlər. Difai toplantılarına ara verir, ancaq bütün qüvvələri ilə rusların nəyi təqib etdiklərini öyrənməyə çalışırlar. Digər tərəfdən Sədrəddin bəyə məsələ ilə maraqlanmasını məsləhət görürlər. Molla Hadı pusqu altına alınır. Təhqiqat nəticəsində Molla Hadının ruslara satıldığı öyrənilir. Molla Hadının qohumları araşdırılır, haradan və nə zaman Gəncəyə gəldiyi anlaşılmır. Ancaq öyrənilir ki, Molla Hadını mülki paltar geyinmiş bir polis nəfəri hər axşam evinə qədər mühafizlik edir. Gündüz vaxtı da həmin polis nəfəri onu təqib edir. Difai Firqəsi Molla Hadının qətlinə qərar verir və bir gün sonra o, öldürülür. Polislər cənazəni götürmürlər, bütün gün evində qalır. Mollalardan heç kəs cənazə namazını qılıb dəfn etməyə cəsarət göstərmirlər. Nəhayət, Molla Musa adında bir nəfər Difainin üzvü təxmin etdiyi birisinə yanaşır və deyir, "cənazə evdə qalıb. Sən izin ver, gedib namaz qılıb, dəfn etdirim". Həmin kəs hirslənərək mollaya cavab verir: "Mənə nə, niyə məndən soruşursan, kim sənə bir şey edər?!" Molla Musa bunu Difai tərəfindən izin sayaraq Molla Hadını dəfn etdirir." |
Beləliklə, Gəncədə həbsxananın imamı olan müsəlman mollası Molla Atakişi (Molla Hədi) rus gizli polisinə xəfiyyəçilik edərək Difainin bir nəçə üzvünü ələ verdiyi üçün partiyanın qərarı ilə öldürülür. Onun cənazəsini polislər qaldırırlar, cəsədi bütün gün evində qalır. Mollalardan heç kim cənazə namazını qılıb onu dəfn eləməyə cürət etmirdi.[4]
Şuşada ermənilər qırğın törətdikləri zaman onlara köməklik edən general Qoloşanov çarın naibi, eyni zamanda, çarın əmisi Qrandük Nikolay Nikolayeviçə raport vermək üçün Tiflisə gedir. Bu xəbəri əldə edən Difai Partiyasının Şuşadakı təşkilatı tərəfindən Hüsü adlı birisinə Tiflisdə Qoloşanovun öldürülməsi tapşırılır. Bir həftə keçməmiş bu əmr Tiflisdə yerinə yetirilir. Difaiçilər Hüsünün təhlükəsizliyini qorumaq niyyətilə onun İrana qaçmasına köməklik edirlər. Şeyxzamanlı Tiflisdə baş vermiş başqa bir qətlin tarixçəsi barədə öz "xatirələri"ndə yazır:ədə öz "xatirələri"ndə yaz[5]
"Bir həftə sonra Difai Firqəsi Bilal adında bir qarabağlını general Kalasçapovu öldürmək üçün Tiflisə göndərir. Həmin Kalasçapov ki, Qarabağda diviziya komandiri olaraq, diviziyada olan erməni əsgərlərinə mülki paltar geyindirərək türkləri güllələtmişdir. Bunun üçün Tiflisə göndərilən Bilal 2 gün sonra generalı küçədə öldürmüşdü və bu xəbər rus idarəçilərini narahat edirdi. Hətta Difai Firqəsinin əmri olmadan hər tərəfdə belə qətl hadisələri baş verirdi. Ancaq Difai Firqəsi qərar verdiyi ölümlərə bəraət verirdi. Difai bəyannamə yayırdı." |
Bu qətllərdən sonra Difai Partiyasının möhürü olan bəyyannamələr küçələrə yapışdırılırdı. Şeyxzamanlı yazırdı:[6]
Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən Difai hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamədə yayırdı. Difainin möhürü Azərbaycan türkü üçün bir intiqam günəşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm mələyinin simasına dönmüşdü. "Ancaq bir həqiqət vardı ki, rus idarəsinin ən qəddar işçilərinin gözləri əməlli başlı qorxmuşdu. Beləcə rus idarəsi ilə "Difai" mücadiləsi 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımız da, "Difai" firqəsi də əmin olmuşdur ki, artıq rus idarəçiləri hər vasitə ilə özlərini xalqımıza sevdirməyə çalışırlar. Bu vaxt mən gizli təşkilatda çalışırdım. Yığıncaqlarımızın birində dostlarımızdan biri soruşdu: "Artıq "Difai" fəaliyyətini dayandırıb. Möhür saxlanırmı, yoxsa yox edilib?" Mirzə Məhəmməd dedi: "Onu yox etmərik. O möhür gələcək Azərbaycan muzeyində saxlanacaq". Beləliklə, möhürün Mirzə Məhəmməddə olduğu anlaşılır" |
Şeyxzamanlı yazır ki, Sosialist İnqilabçılar Partiyasının nümayəndəsi olan Kruçkovun həbsi zamanı Mirzə Məhəmməd də tutulur və evində aparılan axtarışlar zamanı Difainin möhürü də götürülür. Axtarışa və Mirzə Məhəmmədin həbsinə səbəb Kruçkovun onunla yaxın münasibətlərdə olması idi. Mirzə rus solçusuna Azərbaycan türkcəsindən ruscaya tərcümə işlərində kömək edirdi. Evdə axtarışın aparılması və rus milli təhlükəsizlik şöbəsi əməkdaşlarının naməlum möhür tapmaları, Difaiçiləri ciddi təhlükə altına qoyurdu. Bu zaman Şeyxzamanlı Təhlükəsizlik Şöbəsinin katibi, difaiçi Sədrəddin Şeyxzamanlının ona verdiyi inqilabi sosialist partiyasının möhürü ilə seyfdə saxlanılan Difainin möhürünü dəyişir, izi itirmək məqsədilə möhürü sobaya atıb məhv edir. İstintaq zamanı təhlükəsizlik şöbəsinin seyfindən çıxan möhürün və sənədlərin isə Kruçkova məxsus olduğu sonuncunun özü tərəfindən təsdiqləndiyindən, Difai bu vəziyyəti öz lehinə çevirir.[7]
Mirzə Məhəmməd isə sosialist firqəsinin nümayəndəsi ilə əlaqədə olduğu üçün beş illik sürgünə göndərilir. Onun sürgün edilməsi ilə əlaqədar Gəncə gimnaziyasında boşalan müəllimlik yerinə maarif cəmiyyətindən namizədliyi irəli sürülmüş Mirzə Hüseyni rus maarif müdiri işə qəbul etmək istəməsə də, Ələkbər bəy Rəfibəylinin müdaxiləsi və Difainin təzyiqi ilə geri çəkilməli olur: "Rəfibəyli klubda maarif müdirindən gimnaziyaya Mirzə Hüseynin təyin olunmamasının səbəbini soruşmuş və tələbələrin himayədarlarının bu şəxsin təyin olunması üçün israr etdiklərini söyləmiş və demişdir ki, "Qorxuram ki, bir siyasi məsələ çıxa bilər. "Difai" firqəsi isə müdafiə edərək Mirzə Hüseynin təyin olunmasını tələb edir. Bu səbəbdən xoşagəlməz bir hadisə baş verə bilər. Siz buna mane olmalısınız, yəni Mirzə Hüseyni təyin etməlisiniz". Maarif müdiri bir müddət fikirləşdikdən sonra başqa çıxış yolu olmadığından əvvəlki fikrindən və qərarından vaz keçərək Gəncə gimnaziyasına Mirzə Hüseyni müəllim təyin edir"[8]
İkinci fəaliyyət dövrü (1917)
redaktəDifainin Mərkəzi Komitəsi Bakıda yerləşirdi. 1917-ci inqilabından sonra Kerenskinin müvəqqəti hökumətinin sərəncamına görə, hər yerdə, eləcə də Gəncədə icra komitəsinin təşkili işinə başlanılır. Difai ilk dəfə olaraq burada üzə çıxır. Nağı bəy Şeyxzamanlı yazırdı:[9][10]
"Növbə siyasi partiyalara gəlmişdi… Dörd saat davam edən müzakirə sona çatmaqda idi. Bu vaxt bir erməni yerindən qalxaraq dedi: "Vətəndaşlar, bilirsinizmi ki, ermənilərin iki əsas siyasi partiyaları var – biri Daşnak, digəri Qnçak. O, Qnçak partiyasının tarixini söylədi və dedi ki, bu partiyanın məqsədi qanun və sülh içərisində yaşamaqdır (Bu təklifdən əvvəl, Azərbaycan türklərindən Türk Ədəmi-Mərkəziyyət Partiyasının nümayəndəsi, ermənilərdən isə bir nəfər Daşnak nümayəndəsinin namizədliyi qəbul edilmişdi. Ermənilər Hınçakdan da bir nəfərin icra komitəsində təmsil olunmasına çalışırdılar. Məclisə bu partiyadan da bir nəfər üzv alınsa, türklər heç bir şey itirməzlər. Hamı susurdu. Mən dördüncü cərgədə əyləşmişdim. Qabaqdakı bir yoldaşa dedim ki, sən də qalx, belə bir təklif irəli sür. Məşhur Difai Firqəsindən də bir üzv alınmasını istə və namizəd olaraq firqəni idarə edən Nağını təklif elə. O, sözümü dinlədi və dediklərimi etdi. Mən qalxdım, adımı çəkdim, ünvanım yazıldı. Yazıldı, amma erməni və türklərin gözləri məndə idi. On il çar idarəsini dəhşət və qorxu içində saxlayan gizli Difai Firqəsinin nümayəndəsini görürdülər". Təkliflər keçir. Bir həftədən sonra Kerenskidən teleqram gəlir. O, Difainin tarixini, nizamnaməsi ilə maraqlanır. Lazımi sənədlər ona göndərilir və Difai Firqəsi olaraq açıq fəaliyyətə başlanılır: "İlk iş olaraq gənclərdən ibarət şəhərin hər bir məhəlləsində Difai ocağı qurduq. Hərbi təlim və tərbiyə aparılmaqda idi. İki ay keçmədən bir hərbi qüvvə halına gələn Difai təşkilatının köməyi ilə Gəncə milli komitəsi rusların 218-ci və 219-cu ehtiyat alaylarının silahlarını alaraq əsgərlərini şəhərdən dəmir yolu vasitəsi ilə çıxartdı. Difai Firqəsi təşkilatının hərbi təlim və tərbiyələri rus əsgərlərini, hətta erməniləri də qorxudurdu" |
Firqənin fəxri sədri Ələkbər bəy Rəfibəyli olmuşdur.[11]
Şöbələri
redaktəGəncə
redaktəDifai Partiyasının Gəncə təşkilatının ilk sədri Şeyxülislam Axund Məhəmməd Pişnamazzadə, müavini isə Ələkbər bəy Rəfibəyli idi. Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Yusif bəy Yusifbəyli və oğlu Həmid bəy Yusifbəyli, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan Difai Təşkilat Komitəsinin üzvləri idilər.[12]
Difai Partiyası Gəncə təşkilatının rəhbəri Məhəmməd Pişnamazzadə fəaliyyətinə görə Kazan şəhərinə sürgünə göndərilir. Bundan sonra təşkilata Ələkbər bəy Rəfibəyli sədrlik edir.
Qaryagin
redaktəQaryagin qəzasının dəftərxana rəisinin Yelizavetpol (Gəncə) qubernatoru İ. V. Mitskeviçə göndərdiyi məktubda bu partiyanın fəaliyyəti haqqında belə bir məlumat verilir ki, "Difai Partiyası öz fəaliyyətində az və ya çox dərəcədə müvəffəqiyyət qazanmış və öz mövcudluğunu bir sıra terror aktları ilə, o cümlədən, Yelizavetpol qubernatorluğunun valisi Kleşinskinin öldürülməsi və general Qoloşanova sui-qəsdlə qeyd etmişdir: bu partiyanın öz komitələri, kassası, proqramı və əhali arasında nüfuzu vardır. Bu partiya siyasi çalarına görə demokratikdir. Partiyanın tərkibinə əsasən tacirlər, kəndlilər, tələbələr və qismən də həkimlər, vəkillər daxildir. Xan və bəylər üçün partiyanın qapıları bağlı idi".
Qaryagin qəzasında "Difai" təşkilatının üzvüləri:
- A. Vəzirov
- M. Axundov
- Mirzə Əli Axundov
- Hacı Muxtar Sadıqov
- Məşədi Camal bəy Vəzirov
- Mirzə Camal Yusifzadə
- Məmmədqulu xan Cavanşir
Şuşa
redaktəŞuşada xalq arasında "dəli sudya" adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ərmənilərə kömək etdiyi üçün Difainin Şuşa Komitəsinin qərarı ilə qətlə yetirilir. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə öldürülür. Sonralar Difai Partiyasının üzvlərindən bəziləri Stolıpinin irtica illərində həbs olunur, bəziləri isə Türküstana sürgün edilirlər (1908).
Qarabağda (Şuşada) Difai Komitəsinin üzvləri Nəcəfqulu ağa Cavanşir, Mircabbar ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqaları olmuşdur.[13]
1907-ci ildə Difai Partiyasının qanadı Qarabağ Birlik Məclisinin fəalları kütləvi həbsə məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimovu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyovu və Məmmədcəfər Muxtarovu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarov Iran təəbəsi olduğundan onu İrana yolladılar.
Şuşa təşkilatının üzvüləri:
- Kərim bəy Mehmandarov (sədr)
- Cahangir xan Nuribəyov (sədrin köməkçisi)
- Xuduş Quliyev (katib)
- Məşədi Şamil Hacıyev (hərbi təşkilatın rəisi)
- Muxtar bəy Muradov
- Əfrasiyab Əzimov
- İsmayıl bəy Axundov
- Mirzə Hüseyn bəy Münşizadə
- Zülfüqar bəy Haqverdiyev
- Məşədi Yusif Mirsiyabov
- Məmmədcəfər Muxtarov
- Hacı Sadıq Məmmədov
- Süleyman Əsgərov
Tərtər
redaktəTərtərdə partiya şöbəsinə Məşədi Alim İsmayılov, Məşədi Dadaş Muradxanov, Məşədi Fərhad Vəlibəyov, Məşədi Muxtar Kərbəlayı İbad oğlu başçılıq edirdi. Şöbənin təbliğatçıları Məşədi Muxtar Zeynalov, Hacı İbrahim İsmayılov, Kərbəlayı Mahmud İsmayılov, Məşədi Rüstəm Muradxanov, Məşədi Əli Dadaşov idi.
Difai təşkilatının üzvüləri:
- Məşədi Dadaş Muradxanov
- Məşədi Şükür bəy Muradxanov
- Məşədi Rüstəm bəy Muradxanov
Davamçıları
redaktəDifainin fəaliyyəti tezliklə Azərbaycanda yəni radikal-milliyyətçi ruhlu təşkilatların meydana gəlməsinə təkan verdi. O zaman Bakıda yaradılıb Şuşada fəaliyyət göstərən Müsəlman Xeyriyyə Cəmiyyəti və Qarabağ Birlik Məclisi təşkilatlarını buna misal göstərmək olar. Qarabağ Məclisinin başlıca komitəsi Şuşada yerləşirdi. Onun sədri Kərim bəy Mehmandarov idi. Məclis yaxşı silahlanmış 400 gəncdən ibarət döyüş drujinası təşkil etmişdi. Bu təşkilatın proqramının əsas məqsədi hökumət idarələrinin boykot edilməsi, aqrar məsələ, partiyanın tələblərinə tabe olmayanların cəzalandırılmasından ibarət idi. Qarabağ Birlik Məclisi Partiyasını yaratmaqda başlıca məqsəd isə şübhəsiz ki, gələcəkdə ermənilərlə toqquşmalarda onlara layiq olduqları cavabı verməkdi. Bu partiya əhali arasında baş vermiş cinayət işlərini araşdırır, günahkarı ya cərimə edir, ya da cəzalandırırdı. Bu isə cinayət hadisələrinin və oğurluğun nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmuşdu. 1907-ci il sentyabrın sonunda Məclisin fəaliyyəti dayandırılır. 1908-ci ildə onun Şuşa komitəsinin üzvləri həbs edilir və hökumət əleyhinə yaradılmış müsəlman partiyasında fəaliyyət göstərdiklərinə görə Həştərxana sürgün olunurlar.
1907-ci ilin may ayında korpus topoqrafı polkovnik İbrahim Vəkilov tərəfindən Tiflisdə yaradılan Müdafiə Partiyası isə Yelizavetpol quberniyasının qərb hissəsində, Borçalı və Qazaxda xeyli nüfuza malik idi. Bu partiya da Difainin proqramını qəbul etmişdi. Müdafiə kəndlilərin məişət və mədəniyyəti, onların mülkədarlara verdikləri bəhrə vergisindən azad olunması, mövcud dövlət quruluşunun devrilməsi kimi vəzifələri qarşısına məqsəd qoymuşdu. Partiyanın mərkəzi Vladiqafqazda yerləşirdi. Təşkilatın liderləri kimi tarixi sənədlərdə Ağabəy Qiyasbəyovun, İsmayıl Xan Ziyadxanovun və Cəfər Axundovun adları göstərilir. Partiyanın əsas mübarizə vasitələri maariflənmək və qüvvə tətbiq etmək idi. Bu partiya öz fəaliyyətini 1909-cu ildə dayandırmışdı.
İdeologiyası
redaktəDifai Partiyası aqrar məsələdə mülkədar torpaqlarının əvəzsiz olaraq kəndlilərə paylanmasını nəzərdə tuturdu. Proqramda daha geniş inzibati özünüidarə, xüsusilə din və məhkəmə işlərində, gələcəkdə isə Qafqazın və Zaqafqaziyanın müsəlmanlarına muxtariyyət verilməsi məsələləri təbliğ olunurdu. Partiya təhsilin yaxşılaşdırılmasını əsas vəzifə hesab edirdi.
Mənbə
redaktə- İlk addımlar: Gəncənin Kəpəz televiziyasında rejissoru Çinarə Əliyeva olan "Difai" və "Difai hamisi" adlı sənədli-bədii və tarixi araşdırma filmi istehsal olunub // Azərbaycan.- 2012.- 6 aprel.- S. 6.
- Azərbaycan Milli Kimliyi, Bakı-2014, "Difai partiyası: antiterror mübarizədən Cümhuriyyətə gedən yol" səh. 142–158
- Eldar Əzizov. Difai. Bakı, 2009. Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
Ədəbiyyat
redaktə- Nağı bəy Şeyxzamanlı. Nağı Bəy Şeyxzamanlı – “Xatirələr”. Bakı: Xan nəşriyyatı. 2016.
İstinadlar
redaktə- ↑ 1 2 Şeyxzamanlı, 2016. səh. 27-28
- ↑ Hüseyn Baykara, Azərbaycan İstiqlal Mübarizəsi Tarixi, B., 1992, səh. 124
- ↑ Şeyxzamanlı, 2016. səh. 30-32
- ↑ Şeyxzamanlı, 2016. səh. 32
- ↑ Şeyxzamanlı, 2016. səh. 27
- ↑ Şeyxzamanlı, 2016. səh. 29
- ↑ Şeyxzamanlı, 2016. səh. 30-33
- ↑ Şeyxzamanlı, 2016. səh. 33
- ↑ Şeyxzamanlı, 2016. səh. 33-34
- ↑ Şeyxzamanlı, 2016. səh. 35-37
- ↑ Şeyxzamanlı, 2016. səh. 42
- ↑ Şeyxzamanlı, 2016. səh. 266-267
- ↑ Şeyxzamanlı, 2016. səh. 267