Göy (rəng)

rəng

Göy – rənglərdən biri.

Göy
HEX 0000FF
RGB¹ (r, g, b) (0, 0, 255)
CMYK (c, m, y, k) (100, 100, 0, 0)
HSV² (h, s, v) (240°, 100%, 100%)
  1. [0—255] aralığında normallaşdırıldı
  2. [0—100] aralığında normallaşdırıldı

Ümumi məlumat

redaktə

Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən başlıca əlamət mavinin açıq, göyün isə tünd olmasıdır. Amma bu o demək deyil ki, göylə mavi həmişə bir-birinin eyni ola bilir. Misal üçün, yetişməmiş, kal anlamına gələn göy meyvə – göy alça, göy gavalı, göy alma, göy ərik, yaxud göy (yaşıl) meşə, göy (yaşıl) ot, göy (yaşıl) çəmən və s. deyilə bildiyi halda, mavi alça, mavi gavalı, mavi alma, mavi ərik, mavi ot, mavi meşə, mavi çəmən və s. deyilmir. Eləcə də göy rəng həmişə mavi rəngi əvəz eləyə bilmir. Belə ki, "göy" rəng yox, substantivləşəndə əlamət olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman adları daşıyan Göy qübbəsinin – göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi Göy" deyilir. Yanacaq olaraq istifadə olunan qaz "göy qaz" yox, "mavi qaz" adlanır və s. Bəzən göy və mavi rəng paralel olaraq eyni nəsnənin əlaməti olur: göy dəniz – mavi dəniz, göy sular – mavi sular. Bəzən də elə olur ki, göy rəng mavi rəngin vəzifəsində çıxış edir. Saçı yumaq üçün istifadə olunan gilabının bir növü doğrudan-doğruya mavi (hətta boz) olduğu halda "mavi gilabı" yox, "göy gilabı" adlanır. Yaxud insana məxsus bəzi əlamətlər "göy"lə ifadə olunduğu vaxt "mavi" heç yada da düşmür. "Göyöskürək", "içi göynəmək", "üzü göynəmək", "yarası göynəmək", "göyərə-göyərə ağlamaq", "boğazı göynəmək" və s. misallarda olduğu kimi.

Bir çox xalqlarda göy (mavi) rəng əbədiyyət, əbədilik, sadiqlik rəmzi sayılır. Türk xalqlarında, o sıradan Azərbaycan türklərində göy (mavi) rəng başqa mənalarla yanaşı, həm də sevincin, şadlığın, xoş xəbərin simvolu bilinir. Bu, bilavasitə göy rəngin öz adını Tanrı məkanı Göydən alması ilə ilgilidir. Hələ onu demirik ki, əski mifoloji təsəvvürlərdə Tanrı özü həm də göy rəngli bilinmiş (ayrı-ayrı etnoslarda Tanrının ağ, hətta sarı rəngli düşünüldüyünü xatırlatmışdıq), başqa sözlə, göy rəng Tanrı rəngi sayılmışdır. Misal üçün, Altay əfsanələrində Tanrı "göy saqqallı bir ixtiyar" olaraq tanıdılır. Və yenə də bildirilir ki, "Türklər göyə Göytanrı deyirlər. Bugünkü türkcəmizdə söylədiyimiz "göy" sözü göyün rəngindən başqa bir şey deyildir. Göy rəng qutsal göyün olduğu qədər Tanrının da simvolu idi. Bir şeyi göy rənginə büründürmək və ya göy sözü ilə bərabər söylənən o şeyi qutsal saymaq və ya Tanrı ilə bağ qurmaq istəyindən irəli gəlmişdir".

İş burasındadır ki, epik ənənədə Tanrı tərəfindən Göydən göndərilənlər də çox vaxt elə göy rəng əlamətli olaraq təsvir edilir. Misal üçün, "Oğuz kağan" dastanında bildirilir ki, Oğuz xanın ordusu önündə "göy tüklü, göy yeləkli qurd" gedir. Üstündə göy rəng – Tanrı rəngi daşıyan bu qurdu Oğuza uğur gətirən olaraq elə Tanrının özü göydən göndərmişdir. Oğuzun iki xanımından biri Göydən Günəşin şüası ilə yerə enmişdir. Bu xanımın da gözləri "göydən göy" rəngdədir. Yəni Tanrı Oğuza göndərdiyi bu qızın da gözlərinə öz rəngindən hopdurmuşdur.

Göy rəngli atla bağlı belə bayatı örnəkləri vardır:

Mən aşiqəm atı var,
Göyün yeddi qatı var,
Öndə gələn oğlanın
Altında göy atı var.
Göy at, yalına qurban,
Tirmə şalına qurban,
Məni yara tez yetir,
Polad nalına qurban.
Göy atı minən oğlan,
Minib tez sürən oğlan,
Qayıdıb elə gəlsən,
Ollam qismətin, oğlan.

Göründüyü kimi, burada göy atın "öndə gələn", "yara tez yetirən" olması söylənilir. Bu məsələ "Çil madyan" nağılında bir az da qabarıqdır. Göy rəngli atın cıdırda ötülməz olması nağılda belə təsvir olunub: "Biri var idi, biri yox idi. Göyün altında, yerin üstündə bir şah oğlu var idi. Bu şah oğlunun bir göy atı var idi. Şah oğlu hər gün göy atını minib meydana çıxarmış. Şəhərin bütün yaxşı atçapanlarını da oraya yığırlarmış. Şah oğlu atlılarla cıdıra çıxarmış. Cıdırda şah oğlunun göy atı bütün atları keçərmiş.

Atın Tanrıya məxsusluğu, Günəşin şüası ilə yerə endirilməsi haqqında məlumatlar az deyil. Haqqında danışdığımız göy rəngli atdakı "göy"də Tanrı ilə, göy-səma ilə və onların simvolu sayılan göy-mavi rənglə bağlıdır. Etiqada görə, göy rəngli at da elə göy-səma atıdır. Bu cəhət özünü bayatılarda da göstərməkdədir:

Göy atım göy üzündə,
Torpağında, düzündə,
Mən yarımı tanıram,
Qoşa xal var üzündə.
Göydən gələn göy atlı,
Qolları quş qanatlı,
Yarıma xəbər apar,
Mən piyada, o atlı.

Göy rəngli atın Tanrıya məxsusluğu, kömək edəcəyi kimsəyə Göydən göy rəngli at göndərib göyə aparması motivi Altay miflərində də vardır.

Göy rəngin qəmi, kədəri, ələmi, ölüm-itimi, hüznü, yası, matəmi bildirməsi də məlumdur. "Kitabi-Dədə Qorqud"a müraciət edək. Burada bir kimsə yaslı olduğunu bildirmək üçün ev-eşiyini qara rənglə yanaşı, həm də göy rənglə bəzəyir. Özü göy rəngli don geyinir. Bamsı Beyrək əsirlikdən qurtarıb evlərinə yetişdikdə bulaqdan su aparan bacısının ağladığını görür. O, bacısının nə üçün ağladığını öyrənmək istədikdə həm də soruşur: "Qaralı, göylü otağı Sorar olsam, kölgə kimin?" Bacısı da dərdli-dərdli: "Qaralı, göylü otağı sorar olsan Ağam Beyrəyindir Ağam Beyrək gedəli köçərim yox". Düşmənlərə əsir düşmüş Uruz onu xilas etməyə gələn atasına – Salur Qazana deyir: "Anam mənim üçün göy geyib qara sarınsın, Qalın Oğuz elində yasımı tutsun".

Bəzən göy rəng yaşıl rəngi də əvəz etmişdir. Amma bu da var ki, yaşıl rəngə əski məişətimizdə, eləcə də folklor örnəklərimizdə rast gəlmək çox nadir hadisə sayılır. Çünki yaşıl rəng islam dininin simvolik atributlarından olduğu üçün həmin dövr mədəniyyətimizdə özünə yer tapa bilməmişdir. Məsələnin deyilən istiqaməti, yəni yaşıl rəngin hansı görüşlərlə bağlılığı Tanrı mələklərinin də yaşıl donlu olması ilə sübuta yetir. Bu yönü Nizami Gəncəvi də nəzərdən qaçırmamışdır. O, "Yeddi gözəl" əsərində demişdir:

Səmadan atını çaparaq uçan
Bakir mələkləri tut kəməndə sal.
Göyün ulduzları izləyir səni.
Yaşıl geyimlilər gözləyir səni.

Yaxud:

Yaşıl çıraq kimi parlaq göründü,
Sənət mələyi tək yaşıl büründü.

Rənglər insan həyatında

redaktə

Göy rəngi seçənlər səyahət etməyi, dünyagörüşlərini artırmağı xoşlayırlar. Göy rəng artistlərin rəngidir, sənətləri artistlik olmasa belə. Bu insanlar həyatı sevir, müxtəlif rollarda oynayır, uğur qazanmağı xoşlayır və bir qayda olaraq buna asanlıqla nail olurlar. Əgər gördükləri iş ürəklərincə olarsa, böyük uğurlar qazanırlar. Tənhalığa dözə bilmirlər, ətraflarında boşluq yaranarsa, çox əzab çəkirlər. Təbiətən ünsiyyət qurmağı bacarırlar, qurban etməyə meyillidirlər, lakin əvəzində də qurban tələb edirlər. Qalib gəlməyi xoşlayırlar və bu uğurlarıyla hərdənbir lovğalanmağı da eyib saymırlar.[1]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
Veb rəngləri Qara Gümüşü Boz Qırmızı Çəhrayı Tünd qırmızı Bənövşəyi Açıq bənövşəyi Yaşıl Açıq yaşıl Zeytun Sarı Narıncı Göy Tünd göy Firuzə Mavi
                                   
Yazılış black silver gray white red pink maroon purple fuchsia green lime olive yellow orange blue navy teal aqua