Hüseyn bəy Mirzəcamalov
Hüseyn bəy Mirzəcamalov (tam adı: Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov, mühacirətdə: Hüseyn Camal Yanar; 5 (17) fevral 1890, Şuşa – 13 aprel 1974, İstanbul) — Azərbaycan ictimai və teatr xadimi, publisist, şair, dramaturq və tərcüməçi. AXC Parlamentinin Qanun layihələri şöbəsinin rəisi,[1] İstiqlal Muzeyinin Məhəmməd Ağaoğlu ilə həmqurucusudur.[2][3]
Hüseyn bəy Mirzəcamalov | |
---|---|
Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov | |
| |
Doğum tarixi | 5 (17) fevral 1890 |
Doğum yeri | |
Vəfat tarixi | 13 aprel 1974 (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | şair, dramaturq, publisist, teatr xadimi, ictimai xadim |
Həyatı
redaktəHüseyn bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov 17 fevral (köhnə təqvimlə 5 fevral) 1890-cı ildə Şuşada kasıb bəy ailəsində anadan olmuşdur.[1]
1906–1910-cu illərdə Şuşa şəhər real məktəbində, 1910-1911-ci illərdə Novoçerkas şəhərindəki Aleksey Don Politexnik İntitutunda (indiki Cənubi Rusiya Dövlət Texniki Universitetində) və 1913-1915-ci illərdə Moskva Kommersiya İnstitutunda oxuyub.[1]
Fərqli ixtisasda təhsil alsa da, Hüseyn bəy şair, publisist, dramaturq kimi tanınıb. 1912-ci ildə Tiflisdə Azərbaycan teatrı üçün "Auditoriya" binasının açılış mərasiminin təşkilində o da fəal iştirak edib. "Zakavkaziye" qəzetinin 3 aprel 1912-ci il tarixli nömrəsində yazılıb:[4]
Müsəlman teatr cəmiyyətinin "Auditoriya" binasının açılışı olmuşdur. Şəhər qlavası Xatisov, generallardan Koxanovski və Əmir Kazım Mirzə, mətbuat, ictimai təşkilatların nümayəndələri, Axund Mollazadə, xəzinədar M.M.Əhmədov, Y.Tahirov, H.Köçərlinski, Ə.Haqverdiyev, H.Mirzəcamalov, səhnə xadimi İ.Volkov, knyaz Eristov, Baratov və Belyayev truppasının nümayəndələri təbrik nitqi söyləmişlər. |
Hüseyn bəy "Auditoriya"da keçirilən tədbirlərdə iştirak edib, maarifləndirmə işi aparıb. Professor Əziz Şərif "Keçmiş günlərdən" xatirə əsərində yazıb:
"Auditoriya"da və Zubalov teatrında tez-tez tamaşa və konsertlər verilir, bəzən də pulsuz mühazirələr oxunurdu. Bu mühazirələrdən biri 1912-ci il aprelin 29-da universitet tələbəsi Hüseyn bəy Mirzəcamalov və gimnaziyanın yeddinci sinif şagirdi Həbib Köçərlinski tərəfindən oxunmuşdu. |
"Baku" qəzetinin 3 may 1912-ci il tarixli sayında isə onunla bağlı belə bir xəbər verilib: "Tiflisdən verilən xəbərlərə görə, Qafqaz Mətbuat Komitəsi M. Əlibəyovun "Məhkəmələr qapısında tökülən göz yaşları" və Hüseyn Mirzəcamalovun birpərdəli "İşgilli Məmo" əsərlərinin Qafqaz səhnələrində oynanmasına icazə vermişdir". Bu qəzetin həmin il başqa bir sayında isə Hüseyn bəyin gürcü yazıçısı İosif Gedevanişvilinin "Xain" pyesinin Azərbaycan dilinə tərcüməsi üzərində işləməsi barədə məlumat verilib. Hüseyn bəy İosif Mçedlişvilinin "Qaçaq Kərəm" pyesini, İlya Çavçavadzenin də bir əsərini dilimizə tərcümə edib.[4]
H.Mirzəcamalov dönəmin ziyalıları ilə yaxın münasibətdə olub. Məhəmməd Əmin Rəsulzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Sur kimi şəxslərlə dostluq edib. Hüseyn Cavid gənc yaşda vəfat edən Abdulla Surun dəfni ilə bağlı yazdığı məqaləsində ("İqbal" qəzetinin 16, 17 və 18 may 1912-ci il tarixli sayları) ondan da bəhs edib:[5]
Cənazəni Tiflisdən Gəncəyə gətirmək üçün gedən əfəndilərin dediyinə görə, dost olmaq münasibətilə yalnız Mirzəcamalov Hüseyn bəy əfəndinin, o aliqəlb və həssas arxadaşımızın bu müddətdə çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi insaniyyət və nəcabətlər Gəncə camaatını ixtiyar, gənc mühafizəkar təcəddüdpərəst hamısının mərhum Mirzə Abdulla haqqında olan etina və ehtimamatına min dəfə faiqdir. |
Cümhuriyyət dönəmi
redaktəTəhsilini bitirib Bakıya qayıtdıqdan sonra Hüseyn bəy milli hərəkata qoşulub, Müsavat firqəsinə üzv olub. Bakıda siyasi, iqtisadi, ədəbi, sosial mövzularda mühazirələr oxuyub. Müsavat firqəsinin Bakı komitəsi təşkil edildiyi zaman komitənin sədri Abbasqulu Kazımzadə, müavinləri isə Hüseyn bəy Mirzəcamalov və Mirzəbala Məmmədzadə seçiliblər.[2] Fevral inqilabından sonra "Kaspi" qəzetinin 18 oktyabr 1917-ci il tarixli 233-cü sayənda Müəssislər Məclisinə seçkilərə hazırlıqdan söhbət gedən məqalədə Qafqazın müxtəlif bölgələrindən Məclisə 19 nəfər namizədin siyahısında "Karyagin qəzasının komissarı" Mirzə Hüseyn Mirzəcamalovun da adı çəkilir.[1]
Cümhuriyyət dönəmində, 1 noyabr 1918-ci ildən 22 yanvar 1919-cu ilə qədər Ziraət və Dövlət Əmlakı Nəzarətində (Əkinçilik və Dövlət Əmlakı Nazirliyində) nazirinin şəxsi katibi olub. O, AXC Parlamentinin Dəftərxanasında Qanunvericilik (Ləvayihi-qanuniyyə) şöbəsinin müdiri olub.[1]
1919-cu il dekabrın 7-də sənətşünas-alim Məhəmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalovun təşəbbüsü ilə Azərbaycanın ilk rəsmi muzeyi – İstiqlal muzeyi təsis olunub. Onların təşəbbüsünü dəstəkləyən "Azərbaycan" qəzeti 23 sentyabr 1919-cu il tarixli sayında yazırdı:[3]
... sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da Vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "milli muzey" qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə, "Muzeyi-İstiqlal" olmasını əhəmiyyətli görürüz. |
Ağaoğlu və Mirzəcamalovun yaxından iştirakı ilə hazırlanmış "Həmişəlik Azərbaycan Parlaman İmarətində təsis edilən İstiqlal muzeyi adına müəssislər tərəfindən toplanmış şeylərin birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında şərait" adlı sənədi AXC Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultan Məcid Qənizadə də imzalayıblar. Sənəd 1919-cu il noyabrın 6-da, muzeyin açılışına hazırlıq ərəfəsində tərtib olunub. Həsən bəy Ağayev İnventar komissiyasına muzey üçün bir otaq ayrılması haqqında sərəncam verib və komissiya belə bir qərar çıxarıb: "Muzeyin saxlanma xərclərini Parlament öz üzərinə götürür, bu şərtlə ki, muzey eksponatları yalnız parlamentə məxsus olmalıdır".[3]
İstiqlal muzeyi 1919-cu il dekabrın 7-də AXC Parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil edilib. Muzeyə təhvil verilən ilk eksponatların siyahısında Azərbaycanın istiqlalına dair sənəd və materiallar, tarixi və maddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar, silahlar, rəsm əsərləri, xalça və xalça məmulatları, bədii tikmələr, mis qablar, bəzək əşyaları və digər sənət əsərləri, Qurani-Kərimin nadir nüsxələri, müxtəlif əlyazmalar var idi.[3]
Hüseyn bəy Mirzəcamalov AXC Xarici İşlər Nazirliyinin diplomatik korpusu içində 14 dekabr 1919-cu ildən Cənubi Qafqazda rus siyasəti ilə bağlı materiallar xüsusi özəl komissiyanın üzvü olaraq işləyib və bu vəzifəni 27 aprel istilasınadək davam etdirib.[6] Bu materiallar daha sonra Leninqrad və Moskvada çap edilmiş "Azərbaycanda rus çarizminin müstəmləkə siyasəti" (rus. Колониальная политика Российского царизма в Азербайджане) kitabında öz əskini tapmışdır.
Sovet dövrü
redaktəAzərbaycan Cümhuriyyəti devrildikdən sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığının Məktəbəqədər Tərbiyə Şöbəsinin müdiri olub. Həmin şöbədə onunla birgə Abbasqulu Vəlixanov, Şəfiqə Qaspıralı, Yusif Qazıyev, Gülməryəm Tahirova, Əsgər Axundov bə başqaları çalışırdı.[1] Daha sonra Xalq Maarif Komissarlığının 22 iyun 1920-ci tarixli 84 saylı əmri ilə Arslan Kriçinski, Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu 24 may 1920-ci ildən XMK nəzdindəki abidələrin qorunması alt bölməsi Kollegiyasının üzvləri təyin ediliblər.[2]
Mühacirət həyatı
redaktəBolşevik işğalından sonra Hüseyn bəy də Azərbaycanı tərk edib, Türkiyəyə sığınıb. Hüseyn bəy bacısı Xeyransanı və onun dörd qızı (Sürəyya, Qəmər, Dilşad) ilə bir oğlunu da özü ilə aparıb. Çünki bacısının əri, Qarabağ xanlarının nəslindən olan Talıbxan bəy Talıbxanbəyov (1859–1920) həm çar hakimiyyəti, həm Cümhuriyyət dövründə müxtəlif qəzalarda polis pristavı və qəza rəisi kimi çalışıb, ona görə də ilk qətlə yetirilənlərdən olub.
Ömər Özcanın qeyd edir ki, Hüseyn bəy Türkiyəyə gəldikdən sonra dolanışıq məqsədilə siqaret və içki istehsal edən bir idarədə çalışıb, ərəb və fars dillərini bildiyi üçün Mövlananın tədqiqatı ilə məşğul olub. Eyni zamanda siyasi fəaliyyətini da davam etdirib. Müsavat Firqəsinin Xarici Bürosunun qərarı ilə 1924-cü ildə Mədəniyyət Komitəsi nəzdində qurulan Azəri Türk Gənclər Birliyində təmsil olunub. 1929-cu ildə təşkilatın ümumi qurultayında ali heyətin üzvü kimi hesabat verib. Mühacirətdə çap olunan "Azərbaycan" jurnalında Hüseyin Camal Yanarın "Analara ithaf", "Yuxusuz bir gecənin məhsulu", "Söyləmə belə", "Həyat çeşməsi", "Neylərəm" kimi şeirləri dərc olunub.[2]
Hüseyn bəy mühacirətdaxili qalmaqallardan uzaq bir həyat yaşayıb, fərqli baxışları olan liderləri daim birliyə səsləyib. Azərbaycan Milli Birliyinin Münxendə çap etdiyi "Azerbaycan" dərgisinin 1952-ci ildə çap olunan 6-7-ci qoşasayında "Bitərəf azərinin səsi" başlıqlı yazı dərc olunub. Yazıda Hüseyn Camal Yanarın İstanbuldan göndərdiyi 20 oktyabr 1952-ci il tarixli məktubu yer alıb.[7]
Hüseyn bəy 13 aprel 1974-cü ildə vəfat edib. 15 apreldə Kadıköydə Osmanağa məscidində cənazə namazı qılınıb, Qaracaəhməd qəbiristanlığında dəfn olunub.[1][2]
İsttinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 5 M. Bakı: Təhsil. 2021. səh. 472–489.
- ↑ 1 2 3 4 5 Əhməd, Dilqəm. "İstiqlal Muzeyinin həmqurucusu, mühacirlərin "Hüsü dayı"sı – Həyat Hekayəsi". teleqraf.com. 2019-07-26. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
- ↑ 1 2 3 4 Fərəcov, Savalan. "İstiqlal Muzeyini yaradanlar: Hüseyn Mirzəcamalov". medeniyyet.az. 2011-05-18. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
- ↑ 1 2 Bayramov, Adilxan. "Hüseyn bəy Mirzəcamalov". medeniyyet.az. 2012-09-28. İstifadə tarixi: 2024-07-16.
- ↑ Cavid, Hüseyn. Cavid, Turan (redaktor). Əsərləri (PDF). C. 5. Bakı: Lider. 2005. 225. 2023-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-07.
- ↑ Həsənli, Cəmil. Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasəti (1918-1920). Bakı: "Garisma" MMC. 2009.
- ↑ Əhməd, Dilqəm. "Şuşalı mühacirin iki məktubu – Siyasi xadimlərə mühüm təklif". teleqraf.com. 2022-01-11. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.