Hayrunnisə Qadınəfəndi

Hayrunnisə Qadınəfəndi (d. 2 mart 1876, Balıkəsir - ö. 3 sentyabr 1936, Nitsa) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin üçüncü xanımı.

Hayrunnisə Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (60 yaşında)
Həyat yoldaşı Əbdülməcid Əfəndi
Dini Sünni, İslam

Həyatı

redaktə

Hayrunnisə xanım 2 mart 1876-cı ildə Balıkəsirin Bandırma[1] və ya Gönən[2] ilçəsində dünyaya gəldi. Ailəsinin kimliyi ilə bağlı dəqiq məlumat olmasa da, tarixçi Harun Açba yazdığı "Kadın Efendiler" kitabında onun ubıx əsilli olduğunu iddia edir[2]. Yenə Harun Açbaya görə, sarayda bir çox qohumları xidmət edirdi və onlardan birinin vasitəsilə Sultan Əbdülhəmid dönəminin son illərində hərəmə alınaraq burada mükəmməl təhsil aldı. 18 iyun 1902-ci ildə Ortaköy sarayında Sultan Əbdülhəmidin icazəsiylə, Osmanlı şahzadələrindən Əbdülməcid Əfəndiylə evləndirildi[1][2]. Bu, şahzadənin ikinci evliliyi idi və bu evlilikdən cütlüyün övladı olmadı[1].

 
"Hərəmdə Bethoven" (1915), Əbdülməcid Əfəndi

1922-ci ildə yaranan siyasi gərginlik onların da həyatını dəyişdirdi. TBMM 1 noyabr 1922-ci ildə 431 saylı iki maddədən ibarət bir qanunla səltənət və xilafəti bir-birindən ayıraraq səltənəti ləğv etdi. Beləliklə, Osmanlı sülaləsinə qarşı ilk addım atıldı. Həmin qanunun ikinci maddəsində xəlifəliyin Osmanlı ailəsinə məxsus olduğu, TBMM tərəfindən bu ünvanın Osmanlı ailəsindən ən layiqli şəxsə veriləcəyi qeyd edildi. 19 noyabrda Əbdülməcid Əfəndini xəlifə seçdi. Nəticədə Hayrunnisə xanım, xəlifə Əbdülməcid Əfəndinin digər xanımlarıyla birlikdə Dolmabağça sarayında yaşamağa başladı.

Ancaq çox keçmədən siyasi vəziyyət yenidən dəyişdi və 3 mart 1924 tarixində xəlifəliyin ləğvi və Osmanlı sülaləsinin ölkədən sürgün edilməsini bildirən 431 saylı qanun qəbul edildi. Hayrunnisə xanım Osmanlı sülaləsinə mənsub olmasa da, sürgünə göndərilən Əbdülməcid Əfəndiylə birlikdə ölkəni tərk etdi. Uzun səyahətin ardından 1924-cü ilin oktyabrında Fransaya gedən və burada Nitsa şəhərində Əbdülməcid Əfəndi və digər mühacirlərlə sakit bir həyat yaşayan Hayrunnisə xanımın sürgün illəriylə bağlı yetərli məlumat yoxdur. 3 sentyabr 1936-cı ildə Nitsada vəfat etdi[1].

Həm Hayrunnisə xanım, həm də Əbdülməcid Əfəndi incəsənətə maraqlı idi. Mükəmməl violonçel ifaçısı olan Hayrunnisə xanım Əbdülməcid Əfəndinin "Hərəmdə Bethoven" əsərində də təsvir edilmişdir[2].

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 Necdet Sakaoğlu. Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. — Oğlak Yayıncılık, 2015. — С. 713. — ISBN 978-9-753-29623-6
  2. 1 2 3 4 Açba, Harun. Kadın efendiler: 1839-1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1