Bakı Neft Emalı Zavodu
Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, "Azərneftyanacaq" neft emalı zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) — keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır. Hazırda bu, Azərbaycanda gündə təxminən 120 000 barel (19 000 m3) emal olunmuş məhsul istehsal etmək gücündə olan yeganə neft emalı zavodudur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən idarə olunur.
Heydər Əliyev adına Neft Emalı Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | neft sənayesi[d] |
Təsis tarixi | 29 iyul 1953 |
Baş qərargahın yeri | |
Struktur | |
Ana şirkət | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti |
Haqqında
redaktəYarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir.
Zavodun əvvəlki adları:
— Stalin adına zavod
— Qarayev adına zavod
— KP XXII Toplantısı adına Neftayırma Zavodu
— Vladimir İlyiç adına Yeni Bakı Neftayırma Zavodu
— "AzərNeftYanacaq" İB
— Heydər Əliyev adına Bakı Neftayırma Zavodu
50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir.
Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
Zavodda neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu (istismara verildiyi il — 1976), katalitik riforminq qurğusu (1980-ci il), tədrici kokslaşma qurğusu (1986-cı il), katalitik krekinq qurğusu (1993-cü il) kimi yüksək texnoloji gücləri fəaliyyət göstərir.
Zavodun əsas texnoloji qurğusu 1976-cı ildə istismara buraxılmış ED-AV-6 elektrik duzsuzlaşdırma və mazutun vakuum distillə edilməsi blokları ilə birlikdə neftin ilkin emalı qurğusudur. Neft məhsullarının keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırmaq məqsədilə "Merikem" (ABŞ) şirkətinin lisenziyası ilə həmin qurğuda yanacağın qələvi ilə təmizlənməsi və naften turşuları xammalının istehsalı üzrə layihə həyata keçirilmişdir.
1993-cü ildə tikilib istifadəyə verilmiş avtobenzinlərin yüksək oktanlı komponentlərinin istehsalı üzrə katalitik krekinq qurğusu 1980-ci ildə istismara daxil edilmiş katalitik riforminq qurğusu ilə yanaşı istehsal edilən avtobenzinlərin və dizel yanacaqlarının keyfiyyətini yüksəltməyə imkan vermişdir.
22 aprel 2004-cü ildə Azərbaycanın neft emalı sənayesinin flaqmanı olan "Azərneftyanacaq" NEZ-ə 50 illik yubileyi ilə əlaqədar və istehsal fəaliyyətində nail olduğu göstəriciləri nəzərə alaraq Heydər Əliyevin adı verilmişdir.[1]
Gələcəkdə
redaktəSOCAR-ın 24 dekabr 2014-cü il tarixli əmri ilə "Azərneftyağ" neft emalı zavodunun 1 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb. Azərneftyağ" zavodunun fəaliyyətinə xitam verərək Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna birləşdirməkdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məqsədi iki zavodu bir mərkəzdən idarə etməkdir.[2] ARDNŞ prezidenti qeyd edib ki, istismarın dayandırılmasından sonra zavodun binası da söküləcək: "Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq", — deyə o əlavə edib.[3]
Yenidənqurma
redaktə2017-ci il dekabrın 19-da Heydər Əliyev adına NEZ və "Tecnicas Reunidas" şirkəti arasında zavodun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCM (Layihələndirmə, Satınalma, Tikinti, İdarəetmə) müqaviləsi imzalanıb. Müqavilə neftin ilkin emalı, katalitik krekinq qurğularının və ümumzavod təsərrüfatının rekonstruksiyasını əhatə edir. İşlər 2021-ci ilin əvvəlinə kimi yekunlaşmalıdır. Layihənin FEED (Front-End Engineering Design) layihələndirilməsi Britaniyanın Wood Plc şirkəti tərəfindən həyata keçirilib.[4] Lakin sonradan modernizasiya layihəsi korona epidemiyası ilə əlaqədar ləngiyib və 2027-ci ilə qədər uzadılıb.[5] NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:
- I mərhələ üzrə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;
- II mərhələdə 2020-ci ilin sonunadək "Euro-5" keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;
- Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək "Avro-5" keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması. Sonradan bu müddət 2023-cü ilə keçirilib.
Yenidənqurma işləri nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri "Avro-5" standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Ai-92/95/98 benzin markalarının istehsalı təmin ediləcək. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş "Azərneftyağ" NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur. Bakı Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsinin dəyəri, təxminən, 2,2 mlrd. ABŞ dolları təşkil edir.[6]
İstinadlar
redaktə- ↑ "ARDNŞ-in rəsmi saytında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu haqqında məlumat". 2014-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
- ↑ "SOCAR: "Azərneftyağ"ın fəaliyyətinə xitam verilməsi ixtisarları qaçılmaz edir – VİDEO (APA)". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-11.
- ↑ Rövnəq Abdullayev: "Azərneftyağ" fəaliyyətini dayandıracaq" — VİDEO (APA) [ölü keçid]
- ↑ "Caspian". 2021-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-28.
- ↑ "Emil Alxaslı: "Neft emalı zavodunun modernizasiyası 2028-ci ilədək yekunlaşacaq"". Report İnformasiya Agentliyi (az.). 15 aprel 2022. 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2023.
- ↑ "Bakı Neft Emalı Zavodunun yenidənqurma layihəsinin hazırkı dəyəri açıqlanıb". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.