Marağa rəsədxanası
Marağa rəsədxanası — Elxan Hülakü xanın əmri himayəsi və alim astronom Nəsirəddin Tusi rəhbərliyi ilə yaradılmış astronomik rəsədxana. İranın Şərqi Azərbaycan ostanındakı Marağa şəhərində yerləşən rəsədxana 1259-cu ildə yaradılmışdır.[1][2]YUNESKO 2009-cu ili "Marağa Rəsədxanası" ili adlandırıb. Bu tikili 1985-ci ildə İranın milli abidələri siyahısında qeydə alınıb və son illərdə dünya irsində qeydiyyata alınması üçün bu tarixi binanın dirçəldilməsi nəzərdə tutulub.[3][4]
Tarixi
redaktəKeçmiş əsrlərin yadigarı, dünyanın hər zaman diqqət mərkəzində olan Marağa rəsədxanası 1259–1271-ci ildə yaradılmışdır. Rəsədxana Misirdən Çinə qədər geniş bir ərazinin görkəmli alimlərini öz ətrafına toplayaraq, həmin dövrün bütün elmləri ilə məşğul olduğu üçün, bir növ akademiyanı əvəz edirdi. Rəsədxana haqqında məlumat verən əsərlərdə qeyd olunduğuna görə, onun memarı Fəxrələddin Əhməd ibn Osman Mərağeyi olmuşdur. Həmin dövrdə rəsədxanada planetlərin şəkilləri, dairələr, 12 bürcün təsviri, yer üzünün, adalar və dənizlərin xəritəsi, coğrafi en və uzunluq ölçülərinin olduğu müəyyənləşdirilmişdir. Təxminən 52 il fəaliyyət göstərən Marağa rəsədxanası 600 ildən sonra, XIX əsrin ortalarında tədqiq olunmağa başlanılmışdır. Rəsədxanada işləmiş alimlərin sayı haqqında hələlik dəqiq məlumat yoxdur. Lakin "Rövzətüssəfa"nın müəllifi Mirxond, Əbqa / Abaqa xan tərəfindən Xacə Nəsirəddinin şagirdlərindən yüz nəfərinin mükafatlandırılması barədə məlumat verir.
Marağa rəsədxanasının banisi görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi olmuşdur. Nəsirəddin Tusi rəsədxana qurmaq haqqında çoxdan fikirləşirdi. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar əldə edir və rəsədxanada araşdırmalar aparmaq üçün dünyanın bir çox ölkəsindən alimlər dəvət edir. Tusi özü "Zici-İlxani" (İlxanilərin astronomik cədvəlləri) adlı əsərində bu barədə belə yazır: "Hülaku xanın ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini". Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları məlum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyəyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikintisi üçün zəruri olan alətlərin cizgilərini əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.
Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi öncə məqsədəuyğun saymırdı. Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: "Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məbləği Hülakuyə deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: "Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək"? Nəsir cavabında söylədi: "İzn verin, bir nəfər həmin dağa qalxıb, oradan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin". Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddin isə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: "Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər". Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul ayırandır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi. Azərbaycanda başqa rəsədxanada da var.
Görülən işlər
redaktəMarağa rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordubadi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordubadinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır. Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı bu idi ki, rəsədxanada müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Burada çalışanlar türk, fars, ərəb, monqol, çin, gürcü tatar, yəhudi və digər millətlərin nümayəndələri idilər. Tusinin rəsədxanası öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyurdu. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri "Zici-İlxani" (İlxanilərin astronomik cədvəlləri) adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.
Cədvəllər
redaktəCədvəllər dörd kitabdan ibarətdir. 1-ci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik kordinatlarının yerləşməsinə həsr olunub. Elə burdaca sinus ha ha məncə də və tangenslərin cədvəlləri, habelə iki yüz əlli altı məntəqənin yerləşdiyi uzunlux və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34–35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Müasir alimlər buna əsaslanaraq, belə bir ehtimal irəli sürürlər ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. "Cədvəllər"in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub.
Azərbaycanlı alim Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası dünya tətbiqi astronomiya elminin inkişafında müstəsna rol oynamışdır.[5]
İstinadlar
redaktə- ↑ "Marağa rəsədxanası". 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-12.
- ↑ "Şərqdə astranomiya elminin inkişafında böyük rol oynamış Marağa rəsədxanası". 2014-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-12.
- ↑ "Dünyada ilk rəsədxananı öz dühası ilə quran insan". 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-17.
- ↑ "Marağa rəsədxanasını kim tikdirdi". 2023-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-17.
- ↑ "Marağa rəsədxanası". 2015-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-12.