Quştəsfi mahalı
Quştəsfi — Şirvan əyalətinin qədim mahalı. Qırxçıraq şəhəri Şirvanşahlar dövlətinin Quştəsfi vilayətinin mərkəzi imiş. Şəhər 40 məhəllədən ibarət olmuşdur. Ərazi vahidi kimi bir çıraq 1000 ev olmuşdur. 40 min evdən ibarət olmuş bu şəhər Kür çayının sahilində yerləşirmiş. Sərhədləri Salyanın indiki Qaraçala qəsəbəsindən Babazanan dağına qədər bir ərazini əhatə edirmiş. Bişmiş kərpic və ağ daşdan tikilmiş evlər, dükanlar, karvansaralar, məktəb-mədrəsələr, məscidlər varmış.
Quştəsfi mahalında hərbi məqsədlər üçün döyüş atları yetişdirilib. Yazılı mənbələrdə burada məhsul bolluğundan, bazarların ucuzluğundan danışılır. Şəhərdə nohurlar varmış, əhali su quşları və balıqdan yaxşı qazanc götürürmüş.
Quştəsfi mahalında Atabəylər dövlətinə ildə 1 milyon dinar, təxminən bir o qədər də Şirvanşahlar sarayına vergi ödəyirmiş.
Vilayətin əhalisi çox yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olmuşdur. Əkinləri suvarmaq üçün Kür çayından ümumi uzunluğu 30 km olan Şirvan Govur arxı çəkilmişdi. Bu arx Kür çayı axarı boyunca sahildən 7–8 km aralıda Qaraçala qəsəbəsindən və Babazanan dağlarından da keçərək Xəzər dənizinin sahillərinə qədər geniş bir ərazini suvarmağa imkan verirmiş. Su itkisinə yol verməmək üçün arx saxsı, kaşi və ağ daşlarla örtülübmüş. Sara Aşurbəylinin "Şirvanşahlar dövləti" (Bakı. 2006.), Vladimir Minorskinin "Şirvanın tarixi" (1969), Nikolay Xanıkovun "Qafqaz müsəlmanlarının tarixi və etnoqrafiyası" (1864), A.A. Bakıxanovun "Gülüstani-İrəm" (Bakı.1991.) əsərləri əsasında bu məzmunda məlumat çatdırılır.