Mşak

Vikipediya, azad ensiklopediya
Yousiphh (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:36, 12 noyabr 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Mşak
Loqonun şəkli
Növ ictimai-siyasiədəbi qəzet
Təsisçi
Baş redaktorlar Qriqor Artsruni (1872–1892)
Aleksandr Kalantar (1893–1913)
Hambartsum Arakelyan (1913–1918)
Arakel Babaxanyan (1918–1920)
Tiqran Haxumyan (1917–1920)
Redaktor
Yaranma tarixi 1872
Dil erməni dili
Nəşrini dayandırıb 1921
Baş ofis
Ünvan Tbilisi
Ölkə

"Mşak" (erm. Մշակ — Əməkçi) — 1872–1921-ci illərdə Tbilisidə nəşr edilmiş gündəlik erməni qəzeti. Təsisçisi və ilk redaktoru Qriqor Artsruni olmuşdur.

Haqqında

"Mşak" qəzetinin əsası 1872-ci ildə qoyulmuşdur. Redaktoru və naşiri Heydelberq Universitetinin fəlsəfə fakültəsini bitirmiş[1] ictimai xadim və publisist Qriqor Artsruni olmuşdur. Əvvəlcə həftəlik, sonra gündəlik çıxmışdır. 1885-ci ildə fasilə vermişdir. 1892-ci ildən sonra qəzetin redaktorları: Aleksandr Kalantar (1893–1913), Hambartsum Arakelyan (1913–1918), tarixçi Leo (1918–1920), Tiqran Haxumyan (fasilələrlə 1917–1920) və başqaları olmuşdur.[2]

Fəaliyyəti

Q.Artsrunin çıxartdığı "Mşak" azad fikirli ziyalıların ideoloji orqanı kimi burjua-demokratik quruluşu təklif edərək, əsas zərbəni kilsə və ruhanilərə qarşı yönəldirdi. Qəzetin fəaliyyətinin digər mühüm istiqaməti erməni məktəbinin dünyəviləşməsi və kilsədən ayrılması uğrunda mübarizə idi. Dövrün mütərəqqi ictimai xadimlərini və yazıçılarını (Porç Proşyan, Qazaros Ağayan, Qabriel Sundukyan, Aleksandr Şirvanzadə, Vahram Papazyan və b.) birləşdirən "Mşak" erməni xalqının, xüsusən də, mədəni-maarif həyatında, yeni erməni ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Bədii əsərləri və publisistik məqalələri xalqı milli-azadlıq mübarizəsi çağıran, qəzetin nüfuzunun yüksəlməsinə, təsirinin güclənməsinə böyük töhfə verən Raffinin yaradıcılığı xüsusilə əlamətdardır.[2]

"Mşak", Stepan Nəzəryanın redaktəsi ilə çıxan "Hyusisapayl" jurnalı ilə birgə 1858–1886-cı illərdə Tbilisdə nəşr edilmiş "Meğu hayastani" qəzeti ilə çəkişməyə girmişdir. Raffinin deyimilə hər ikisi liberal yönümlü olan Stepan Nəzəryanın "Hyusisapayl"ı idealist, Qriqor Artsruninin "Maşk"ı isə realist mövqeydə durmuşdur. Lakin Q.Artsrunin əvvəl Porç Proşyan[3], daha sonra Raffi ilə arasında uzun müddət davam edən fikir ayrılığı həmin şəxslərin məyus olub, qəzetlə əlaqələrini kəsmələri ilə nəticələndi.[4]

1905–1907-ci illərdə birinci rus inqilabı dövründə erməni milli fikri və azadlığı "Mşak"ın səhifələrində işıqlandırılırdı. Lakin artıq 1917–1920-ci illərdə "Mşak" qəzeti tam millətçi mövqeyədən çıxış etməyə başladı. 1921-ci ildə Gürcüstanın sovet işğalından sonra nəşri dayandırılmışdır.[5]

"Əkinçi" ilə əlaqələri

Qəzet Qafqazda yaşayan qonşuları, xüsusilə Qafqaz türkləri, onların məişəti, ədəbiyyatı, mədəniyyətinin bütün sahələri (başda incəsənət-musiqiteatr olmaqla), maarif hərəkatı və s. mütəmadi işıqlandırmışdır. Erməni dövri mətbuatı səhifələrində adına çox tez-tez rast gəlinən, fəaliyyətindən danışılarkən hər yerdə "ilk türk publisisti", maarifpərvəri və ictimai xadimi kimi təqdim olunan şəxsiyyətlərdən biri də Həsən bəy Məlikov-Zərdabi idi.

"Mşak" hələ 27 fevral 1875-ci il tarixli 8-ci nömrəsində oxucularının nəzər-diqqətini H.Zərdabinin qəzet çıxarmaq arzusuna cəlb edərək yazırdı[6]:

" Ali təhsilli bir türk Həsən bəy Məlikov bütün maneələri qıraraq Bakıda türk dilində qəzet nəşr etmək istəyir. Biz məmnuniyyətlə oxucuların nəzər-diqqətini bu hadisəyə cəlb edərik. "

"Mşak" qəzetində (№ 12, 27 mart 1875) "N.A." imzası ilə dərc edilən "Bakıdan məktub" sərlövhəli məqalədə Azərbaycan xalqı arasında hələlik ziyalıların az olması, bu səbəbdən də ictimai işlərin əsasən bu və ya digər ağanın əlində toplanması və o ağanın da öz ətrafında ancaq onun əlində alət ola biləcək adamları toplamasından təəssüf hissi ilə danışılır. Eyni zamanda deyilir[7]:

" Xeyriyyə cəmiyyətləri işlərini yaradanlar ağalar olurlar. Onlar da dini işlərə, məscidlərə, su yolları çəkdirməyə pullarını müzayiqə etmirlər. Amma bu zavallı ağalar zehni maariflənmə işinə çox xəsislik göstərirlər. Ele bu ağalardan çox soyuq münasibət görənlərdən biri də Qafqaz türkləri arasında çəmiyyəti-xeyriyyə təşkil etmək istəyən Həsən bəy Məlikovdur. Onun təşkil etmək istədiyi cəmiyyətin əsas məqsədi cavan türk uşaqlarına dərs verməkdir. Cəmiyyətin geniş imkanları olmadığından o, hazırda Bakı realni məktəbində bir yetim uşaq oxudur. "

"Mşak" qəzeti (№ 17, 1 may 1875) Məlik Şahnazaryanın "Şamaxıdan məktub" sərlövhəli məqaləsində yenə də Həsən bəy Zərdabidən söhbət açır. O, həmin məqaləsində Şamaxının və ətraf kəndlərin həyatı, məişəti və əhalisinin dolanacağı haqqında məlumat verdikdən sonra Həsən bəy Zərdabinin "Əkinçi" qəzetindən söhbət edir. Qəzet yazır[8]:

" Bizim mülahizəmizə görə, əgər cənab Həsən bəy yalnız elmi məhəbbətdən doğaraq öz xalqına fikri təkan vermək istəyirsə, yəni öz oxucuları arasında elmə, maarifə rəğbət, başqa məzhəbdən olanlara dostluq, qardaşlıq, cəmimiyyət, məhəbbət toxumu səpmək istəyirsə (bunsuz kamil maarifpərvərlik ola bilməz), o zaman bu onun üçün maarif şüarı olacaqdır. Yox, əgər bu məqsədləri qoyub ruhanilik və din əleyhinə mübarizəyə, öz qəzetini yalnız tez-tez məhkəmə qərarları ilə doldurmağa çalışarsa, o zaman türklər üçün təhsil işi qabağa getməyəcək... "

Həsən bəy Zərdabi fəaliyyətinə, onun Azərbaycan mədəniyyəti sahəsindəki xidmətlərinə səhifələr həsr edən "Mşak" qəzeti (№ 28, 17 iyul 1875) dərc etdirdiyi "Bakıdan məktub"unda "erməni cəmiyyəti-xeyriyyələri"nin fəaliyyətindən söhbət açır. O yazır[9]:

" Müsəlman tələbələrinə köməklik edən cəmiyyət 140 manatdan çox olmayan gəliri ilə ancaq bir nəfəri saxlaya bilir. Onun da çatışmayanını Həsən bəy öz cibindən qoyur... "Əkinçi"nin 2000-ə qədər abunəçisi var. Deyirlər ki, Bakı qəza hakimi Bakı qəzasının bütün türklərinə, kənd və şəhərlərinə "Əkinçi" qəzeti almağı həvalə etmişdir. Bu, hələ Bakı əhaləsinin maarifin mənfəətini dərk etməkdən çox uzaq olmasını göstərir. "

Hələ "Əkinçi" nəşrindən xeyli qabaq Q.Artsruni öz orqanında bir sıra məqalə çap etdirmiş və "Əkinçi"nin çıxması barədə məlumat vermişdir. "Əkinçi" qəzeti nəşr olunanda "Mşak" ona xüsusi baş məqalə həsr etmiş və "Əkinçi"nin meydana çıxmasına qızğın alqışlamışdır.[10] Həsən bəy Zərdabinin razılıq əlaməti olaraq Qriqor Artsruniyə göndərdiyi məktubun sonunda deyilir: "Sizə "Əkinçi"yə olan rəğbətiniz üçün təkrar təşəkkür elan edirəm və Sizi inandırıram ki, Sizin uzaqgörənliyiniz Sizi aldatmayacaq "Əkinçi" "Mşak"a qardaşlıq əli uzadacaq və Sizin qəzetiniz kimi o da bizim sevimli Qafqazın müsəlman əhalisi arasında maarif yaymağı özünə məqsəd qəbul edəcəkdir."[11] H.Zərdabi "Mşak" redaktorunun göstərdiyi qayğıya cavab olaraq ona dərin minnətdarlığını bildirmiş və "Əkinçi"nin ilk nömrəsini sovqat kimi ona göndərmişdi. Q.Artsruni qəzeti mütaliə etdikdən sonra yazmışdı: "Bakıda türk dilində çıxan "Əkinçi" qəzetinin birinci nömrəsini məmnuniyyətlə aldıq. Ümidvarıq ki, həmin qəzetin məzmunu vaxtaşırı olaraq öz oxucularımıza aşılayacaq və ondan parçalar dərc edəcəyik. İctimai həyat meydanında yeni qəzetin yaranmasını səmimi-qəlbdən salamlayırıq."[10]

Hər iki qəzet sıx əlaqə saxlayır, bir-birinin qeydinə qalır, fəaliyyətləri barədə vaxtaşırı materiallar dərc edirdi. "Mşak" qəzeti (№ 7, 26 fevral 1876) Gəncədəki erməni ziyalılarının "Əkinçi"nin yayılmasına kömək etdiklərini xəbər verirdi.[12] "Əkinçi" də tez-tez "Mşak"ın adını yad edir, onun fəaliyyətini ardıcıl izləyir, müvəffəqiyyətli çıxışlarını fərəhlə qarşılayır, səhvlərini isə prinsipiallıqla tənqid edirdi.[13] Qurban bayramının əsil mətləbi barəsində "Əkinçi" qəzetində (№ 2, 18 yanvar 1877) qetmiş məqaləni "Mşak" tərcümə edərək öz səhfəsində şərhlə çap etdirir. İslam dininəittihadi-islama qarşı olan bu yazıya "Əkinçi" (№ 4, 17 fevral 1877) cavab məqaləsində yazır[14][15]:

" Ey cənab Artsruni (zikr olunan qəzetin münşisinin adıdır), əgərçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma..... neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyb deyilmi ki, bizim aramıza ədavət salırsınız... "

Erməni ictimaiyyəti Həsən bəy Zərdabinin Azərbaycan xalqının mədəniyyəti tarixində tutduğu mövqeyi yüksək qiymətləndirirdi. Onun vəfatı münasibətilə "Mşak" qəzeti (№ 172, 2 dekabr 1907) "Həsən bəy Məlikov" sərlövhəli nekroloq vermişdir. Həmin nekroloqda deyilirdi[16]:

" Noyabr ayının 28-də Bakıda ilk dövri mətbuatın — "Əkinçi" qəzetinin redaktoru və naşiri, ilk türk publisisti Həsən bəy Məlikov vəfat etmişdir. Həsən bəy Məlikov 3 il bundan əvvəl Bakı realnı məktəbinin təbiət elmləri müəllimi idi. Türk xalqının maarifi işində Məlikov əhəmiyyətli rol oynamışdır. Həsən bəyin ölümü türk ziyalıları üçün ağır olmalıdır. O, bu ziyalıların rəhbəri idi. Həsən bəy son vaxtlara qədər "Kaspi" qəzetinin də baş rəhbərlərindən biri idi. Həsən bəy türk xalqı üçün xalq dilinin əhəmiyyətini başa düşən ilk adam oldu. O, ilk türk qəzetini fars ya ərəb dilində deyil, bəlkə yad ünsürlərdən təmizləmək istədiyi hələ tamam saflaşdırılmamış, işlənib-təmizlənməmiş türk xalq dilində nəşr etdi, Əgər kitablar və hətta elmi kitablar nəşr etdirməyə imkan verirsə, bütün bunlar üçün bizim ölkənin türk yaxud tatar xalqları başlıca olaraq Məlikova borcludurlar. "

Mənbə

İstinadlar

  1. Арцруни Arxivləşdirilib 2022-03-23 at the Wayback Machine / Б.С. Зулумян, А.Р. Геворкян // Большая российская энциклопедия, 2005. — т. 2. — С. 346. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов; 2004—2017)
  2. 1 2 Ermənistan Sovet Ensiklopediyası. VII. 1981. səh. 655
  3. Прошьяц, Перч Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine / Веселовский Ю. А. // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907
  4. Ermənistan Soraq Ensiklopediyası. 1996. səh. 338
  5. "Մշակ. Դպրոցական Մեծ Հանրագիտարան, Գիրք II". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
  6. Kövsər Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920). Bakı: Yazıçı. 1985. səh. 107
  7. Kövsər Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920). Bakı: Yazıçı. 1985. səh. 60–61
  8. Kövsər Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920). Bakı: Yazıçı. 1985. səh. 61–62
  9. Kövsər Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920). Bakı: Yazıçı. 1985. səh. 62
  10. 1 2 Агаян, Ц.П. Газета "Экинчи" и армянская периодическая печать 70-х годов XIX века. Доклады Акад. наук Азерб. ССР, 1946, Т. II, №8, с. 357-359
  11. Teynur Əhmədov. Xeyirxahlığın sorağı ilə (Ön söz əvəzi) // K.Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920). Bakı: Yazıçı. 1985. səh. 5–6
  12. Агаян, Ц.П. К вопросу об издании азербайджанской газеты "Экинчи" и связи "Экинчи" с армянской периодической печатью. "Известия" Акад. наук Армян. ССР. Общественные науки. 1950 г., №11, с. 51–65
  13. Məmmədov, 1976
  14. Həsən bəy Zərdabi. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, səh. 111
  15. "Əkinçi" qəzeti 1875–1877 (tam mətni). Bakı: Azərnəşr, 1979, səh. 320
  16. Kövsər Tarverdiyeva. Azərbaycan mədəniyyəti erməni dövri mətbuatında (1850–1920). Bakı: Yazıçı. 1985. səh. 62–63

Ədəbiyyat