Nizami (opera)
Nizami | |
---|---|
| |
Bəstəkar | Əfrasiyab Bədəlbəyli |
Librettoçu | Əfrasiyab Bədəlbəyli |
Dili | azərbaycan dili |
Süjet | Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı əsasında |
Pərdə | 5 pərdə və 6 şəkil |
Yaradılma tarixi | 1939 |
İlk səhnələşdirmə | 12 dekabr 1948 |
Hadisələrin baş verdiyi yer | Gəncə |
Hadisələrin baş verdiyi tarix | XII əsr |
Personajlar | Nizami, Rəna, Əzra, Qızıl Arslan, Əmin Xaris, Xosrov |
Premyera |
12 dekabr 1948 Azərbaycan Dövlət Opera və Balet Teatrı, Bakı |
İfaçılar |
Murtuza Məmmədov Sona Mustafayeva Fatma Muxtarova Hüseynağa Hacıbababəyov Ağababa Bünyadzadə Böyükağa Mustafayev[1] |
Nizami operası — 1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmış, şair Nizami Gəncəvinin həyatından bəhs edən tarixi opera.[2] Operanın musiqisi və librettosu Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjet və motivləri əsasında Əfrasiyab Bədəlbəyli tərəfindən qələmə alınmışdır. Operanın premyerası 12 dekabr 1948-ci il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur.[3]
Əsər 5 pərdə və 6 şəkildən ibarətdir. Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səhnələrin çoxluğu, sarayda təmtəraqlı səhnələr bir qədər Avropanın opera janrını xatırladan xüsusiyyətlərdir. Əsərdə şəhərin taleyi ilə maraqlanan, Nizami Gəncəvi və mənəviyyatca ona yaxın adamlar öz xeyrini güdənlərə və hakimiyyət hərislərinə qarşı mübarizə aparırlar. Şair nəcib, öz xalqını, doğulduğu şəhəri sevən bir şəxs kimi təqdim olunmuşdur.[3]
Əfrasiyab Bədəlbəyli operada xor səhnələrinə geniş yer verib, bu istiqamətin rolu önplana çəkilib.[4] "Nizami" operası Azərbaycanda opera sənətininin inkişafını irəliyə aparan əsərlərdən biri olmuşdur. Əsər mütəxəssislər tərəfindən Azərbaycanda bu istiqamətin tematik janr diapazonu, məzmun yeniliyi baxımından müsbət bir təcrübə kimi dəyərləndirilir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Mənbə və mövzular
[redaktə | mənbəni redaktə et]Nizami yaradıcılığını tanınmış filosof, ədəbiyyatşünas və sənətşünaslar, elm və dövlət xadimləri yüksək qiymətləndirmiş, onun həyatı və əsərləri əsasında müxtəlif mövzularda romanlar, pyeslər yazılmış, şəxsiyyətinə həsr edilmiş poema və şeirlər qoşulmuşdur.[6]
Nizami irsi uzun zamanlar ərzində dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olmuşdu. Azərbaycanda şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində müxtəlif işlər həyata keçirilmiş, çoxlu sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi-tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf etmişdir.[7] Şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ilin iyul ayının 25-də qəbul edilmiş, lakin İkinci Dünya Müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə qeyd olunması mümkün olmuşdur. İkinci Dünya Müharibəsinin başlanması səbəbi ilə yubiley günü blokada şəraitində olan Leninqradda[a] Dövlət Ermitajında qeyd edilmişdi. Şairin yubileyi təntənəli surətdə keçirilməsi yalnız 1947-ci ildə Bakıda mümkün olmuşdur.[8] Sözügedən illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı bağlı yeni-yeni araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə xarakterli tədbirlər həyata keçirilmişdir.[7]
Nizami Gəncəvi həyatı və yaradıcılığının əsas tədqiqatçılarından biri olan Səadət Abdullayeva qeyd edir ki, "Nizaminin yüksək ideyalı əsərlərinə, əlbəttə, bəstəkarlar biganə ola bilməzdilər. Bunu şairin poemaları əsasında klassik musiqinin demək olar ki, bütün janrları üzrə yazılan əsərlər — operalar, baletlər, simfoniyalar, simfonik poemalar, simfonik və xoreoqrafik süitalar göstərir."[9]
Nizaminin sözlərinə xor-poemalar, qarışıq xor ilə fortepiano üçün əsərlər, solist, xor və simfonik orkestr üçün poemalar, səs və kamera orkestri üçün lirik mahnılar yazılmışdır. Onlarla yanaşı, Nizami qəzəllərinə çoxlu sayda mahnı və romanslar da bəstələnmişdir. Səadət Abdullayeva yazır ki, "Üzeyir Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" əsərləri ilə Azərbaycan milli musiqisində yeni — "musiqili qəzəl" və ya "qəzəl-romans" janrının əsası qoyulmuşdur. Maraqlıdır ki, şairin qəzəlləri onlara musiqi qoşulandan sonra daha çox populyar olmuşdur."[9]
Nizami obrazı onun adı ilə adlanan opera və baletdə canlandırılmışdır. Nizami Gəncəvinin xatirəsinə simli simfoniya, vokal-simfonik poema, kantata, vokal-oratoriya, simli kvintet, elegiya, muğam etüdləri, xor əsərləri, poema ithaf olunmuşdur. Nizaminin əsərləri əsasında səhnələşdirilən dram əsərlərini və çəkilən filmləri də musiqi müşayiət edir. Bütün bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində və bəstəkarların yaradıcılıq fəaliyyətinin zənginləşməsində rol oynamışdır.[9]
Nizami Gəncəvi həyatı və yaradıcılığının əsas tədqiqatçılarından biri olan Rəşid Şəfəq "Nizami" operasından bəhs edərək qeyd edir:
Nizami Gəncəvi dünya ədəbiyyatının ən dahi şairlərindən və ümumbəşər mədəniyyətinin öndə olan mütəfəkkirlərindən biridir. Onun əsərlərində şərq təfəkkürünün xüsusiyyətləri, eyni zamanda bütün türk dünyasının estetik idealı, həyata baxışı, zaman-məkan anlayışı öz yüksək bədii ifadəsini tapmışdır. Zəngin ensiklopedik bilgiyə sahib olan Nizami Şərq və Qərb mədəniyyətlərinin bir-birinə yaxınlaşması və inkişafında böyük rol oynamışdır. Nizami obrazı onun adı ilə adlanan opera və baletdə canlandırılmışdır. Dahi bəstəkar Əfrasiyab Bədəlbəylinin "Nizami" operası onun yaradıcılığının möhtəşəmliyini üst səviyyəyə çıxaran təqdirəlayiq əsərlərdən biridir. Bəstəkarın bu əsəri onun yaradıcılığında əvəzedilməz nöqtədir.[11] |
Səadət Abdullayeva qeyd edir ki, "Bu işdə, təbii ki, Azərbaycan bəstəkarları da kənarda qalmayıblar. Nizaminin poeziyası ilə ruhlanan bəstəkarlar şairin "Xəmsə" əsərini, qəzəlləri və keçdiyi həyat yolu əsasında çoxlu sayda müxtəlif janrda musiqi əsərləri yazmışlar. Bəstəkarların özlərinin etiraflarına görə, şairin humanist ideyası və yaratdığı obrazlar onlar üçün tükənməz ilham mənbəyi olmuşdur. Nizaminin poemalarını musiqişünaslar da şairin yaşadığı dövrün musiqi mədəniyyətinin öyrənilməsində qiymətli örnək saymışlar. Nizami Gəncəvinin əsərlərində musiqinin, bəstəkarların yaradıcılığında şairin obrazı və bədii irsinin əksi məsələlərini ilk dəfə ötən əsrin 40-cı illərində görkəmli bəstəkar, dirijor, musiqişünas, publisist və ictimai xadim Əfrasiyab Bədəlbəyli toxunmuşdur."[12]
Əfrasiyab Bədəlbəyli "Nizami" operasını yaradarkən Azərbaycan-sovet yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjet və motivlərindən istifadə etmişdir. Bu roman Nizami dövründə geniş təbəqələrin vəziyyətini, ölkənin xarici əlaqələrini, əsrin ədəbiyyat və incəsənətini, sənətkarlarını, dövlət xadimlərini, xalqın azadlıq mübarizələrini əks etdirən bir romandır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutur. Lakin müəllif tək bununla kifayətlənmərək Nizami dövrünün geniş, hərtərəfli hadisələrini ifadə etməyə çalışmışdır.[13]
Yazılması
[redaktə | mənbəni redaktə et]1945-ci ildə başa çatmış Böyük Vətən Müharibəsi Azərbaycan xalqına dinc yaradıcı əməyə qayıtmaq imkanı verdi. Müharibədən sonrakı dinc həyatın yeni şəraitində ədəbi-bədii əsərlərin və incəsənətin bütün növlərinin məzmun və mövzuları diqqəti cəlb edəcək dərəcədə yeniləşdi. Bir çox janrlarda əsərlərin müəlliflərini tarixlə, tarixi keçmişin əlamətdar hadisələri, ədəbiyyat abidələri və xalqın bütün mədəni irsi ilə bağlı mövzular cəlb etməyə başladı.[14]
Yeni mövzular, yeni obrazlar incəsənətin bu və ya digər sahəsində yaradıcılıq diapazonunu genişləndirən yeni janr, forma, ifadə vasitələri axtarışlarına gətirib çıxardı. Zemfira Səfərova qeyd edir ki, "Opera yaradıcılığı sahəsində ideya-mövzu, obraz-janr diapozonu genişlənməsinin əlamətlərindən biri də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində "Nizami" operasının milli səhnə üçün yeni janrda tamaşaya qoyulması oldu."[14]
1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəyliyə Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illiyi münasibətilə opera yazmaq tapşırıldı.[15] Əfrasiyab Bədəlbəyli əsəri ərsəyə gətirsə də, həmin dövrlərdə başlayan İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsi "Nizami" operasının səhnə həllinə mane oldu.[3]
Operanın müəllifi Əfrasiyab Bədəlbəyli ilk dəfə olaraq tarixi şəxsiyyət — şair, filosof obrazını milli operada sözügedən dövrədək təqdim olunmamış janrda yaratmaq, beləliklə də, operanı onun yeni növü ilə zənginləşdirmək vəzifəsini qarşısına qoydu. Bəstəkar qarşısına tanınmış şairi musiqidə tərənnüm etmək vəzifəsini qoyan Əfrasiyab Bədəlbəyli ilk dəfə olaraq xalqın tanıdığı və bəşəriyyətin yaxşı cəhətlərini təcəssüm etdirən bir şəxsin canlı obrazını səhnəyə çıxardı.[14] Əfrasiyab Bədəlbəylinin "Nizami" operası 5 pərdə və 6 şəkildən ibarətdir.[16]
Bəstəkar operada tanınmış yazıçı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının məzmununa əsaslanmışdır. "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" kimi bir sıra romanların müəllifi olan yazıçı "Qılınc və qələm" romanı üçün süjeti fasilə ilə inkişaf edən epik nəql formasını seçir. Hadisələrin iştirakçılarının taleyi ictimai və siyasi münaqişələr fonunda baş verir. Burada mübarizə, iztirab xəyanətlə, məhəbbət nifrətlə, qətl və saray fitnə-fəsadı ilə bir-birinə qarışır. Hadisələr XII əsrdə Gəncədə baş verir.[17] Məzmunun əsasını xalqın həyatından götürülmüş ictimai-sosial hadisələr və şair Nizaminin şəxsi həyatı təşkil edir. Romanın baş qəhrəmanı şair Nizami onun şəxsi həyatına və yaradıcılığına mənfi təsir göstərmiş bir çox hadisələrin şahidi olmuşdur.[16]
Səhnələşdirilməsi
[redaktə | mənbəni redaktə et]1939-cu il dekabr ayının 13-də "Nizami" operasının birinci pərdəsini Bakı filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrının artistləri nümayiş etdirmişdilər. Operadan fraqmentlər 1939–1940-cı illərin konsert mövsümündə səslənmişdi. 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi səbəbi ilə, operanın premyerası təxirə salınmışdır.[1] "Nizami" operasının ilk premyerası 12 dekabr 1948-ci il tarixində baş tutmuşdur. Nəhayət, operanın ilk tamaşası böyük uğur qazanmışdır.[18] Tamaşanın quruluşunu Azərbaycan SSR Xalq artisti İsmayıl Hidayətzadə vermişdir. Dirijor Əməkdar incəsənət xadimi, "Nizami" operasının müəllifi Əfrasiyab Bədəlbəyli özü idi.[19] Səhnə əsərinin bədii tərtibat işi isə rəssam Fyodor Qusak tərəfindən həyata keçirilmişdir.[3] Rolların ifaçıları: Murtuza Məmmədov (Bülbül) — Nizami Gəncəvi, Sona Mustafayeva — Əzra, Fatma Muxtarova — Rəna, Hüseynağa Hacıbababəyov — Xosrov, Ağababa Bünyadzadə — Hökmdar Qızıl Arslan, Böyükağa Mustafayev — Əmin Xaris və başqaları idi.[20]
Operanın ilk premyerası ilə əlaqədar olaraq Zemfira Səfərova qeyd edir ki, "Opera yaradıcılığı sahəsində ideya-mövzu, obraz-janr diapozonu genişlənməsinin əlamətlərindən biri də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində "Nizami" operasının milli səhnə üçün yeni janrda tamaşaya qoyulması oldu. Xatırlatmaq istəyirəm ki, "Nizami" operası Azərbaycan sovet yazıçılarından biri olan Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjetinin motivləri əsasında yazılmışdır. Librettonun müəllifi operanın müəllifi Əfrasiyab Bədəlbəylinin özünə məxsusdur. Dirijorluq işini də Əfrasiyab Bədəlbəyli öz üzərinə götürmüşdü. Baş rollarda Murtuza Məmmədov (Bülbül) — Nizami Gəncəvi, Sona Mustafayeva — Əzra, Fatma Muxtarova — Rəna, Hüseynağa Hacıbababəyov — Xosrov, Ağababa Bünyadzadə — Hökmdar Qızıl Arslan, Böyükağa Mustafayev — Əmin Xaris çıxış edirdilər."[20]
Lalə Azəri qeyd edir ki, "Nizami operası müharibə bitdikdən üç il sonra, 1948-ci il dekabr ayının 12-də Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında nümayiş edilmişdir. Operanın librettosunu Əfrasiyab Bədəlbəyli özü yazmışdı. Xalq artisti İsmayıl Hidayətzadənin quruluş verdiyi tamaşada Nizami rolunu SSRİ Xalq Artisti Murtuza Məmmədov (Bülbül), Əzranı xalq artisti Fatma Muxtarova, Rənanı Əməkdar artist Sona Mustafayeva, Hökmdar Qızıl Arslan obrazını Əməkdar artist Ağababa Bünyadzadə ifa etmişdi. Səhnə əsərinin bədii tərtibatçısı Fyodor Qusak idi."[3]
Musiqiləri
[redaktə | mənbəni redaktə et]Əfrasiyab Bədəlbəylinin operaları |
---|
Əfrasiyab Bədəlbəyli tərəfindən yazılan və bəstələnən "Nizami" operası 5 pərdə və 6 şəkildən ibarətdir. Operada hadisələr Gəncədə baş verir. Sözügedən dövrdə bu məkan müxtəlif dövlətlər, qüvvələr, partiyaların cəmləşdiyi yer idi. Operanın iştirakçıları — Nizami Gəncəvi və mənəviyyatca ona yaxın adamlar — cəmiyyətin müxtəlif təbəqələrindən olan, doğma şəhərin taleyi ilə maraqlananlar özləri üçün xeyir güdənlərə və hakimiyyət hərislərinə qarşı durmağa can atırlar.[21]
Lakin operanın librettosunda[b] qarşıya qoyulmuş ilkin vəzifəni yerinə yetirmək mümkün olmadı. Romanın ictimai münaqişəsi librettoda məntiqi əksini tapmamışdı. Gəncədə baş verən hadisələr mahiyyət etibarilə saray fitnə-fəsadının ifadəsinə gətirib çıxardı. Baş qəhrəman obrazı da librettoda hərtərəfli planda həll olunmamışdı, obraz bir qədər statik idi və şairin fəlsəfi baxışları lazımi səviyyədə açılmamışdı.[22]
Nizami Gəncəvi dövrünün hadisələri mücərrəd mühakimələrdə işıqlandırılırdı, operanın qəhrəmanı səhnədə baş verən hadisələrdə iştirak etməyərək, onlar barədə yalnız mühakimə yürüdürdü.[22]
Operada şair Nizami Gəncəvini nəcib, öz xalqını, öz doğma şəhərini sevən bir şəxs kimi ariya, ariozolarda təqdim edən Nizami partiyası onun öz doğma şəhərinə, öz xalqına məhəbbətini ifadə etmişdir.[23] Onun dördüncü pərdədə olan ariyası bu ifadələrdən biridir.[22][24] Nizami partiyasını Murtuza Məmmədov (Bülbül) məharətlə ifa etmişdir. Müğənninin bu ifaları da mətbuatda dəfələrlə qeyd olunmuşdur.[22] Nizaminin ariyası Niyazinin dirijorluğu ilə Bülbülün ifasında 27 sentyabr 1947-ci il tarixində keçirilən Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuş təntənəli konsertin proqramına daxil edilmişdi.[25][26]
"Nizami" operasında Nizaminin partiyasındakı ariya "Mən ol şəhi-məani ki, fəzilətim əyandır,
Yer ilə zəmanə hakim hünərim bir asimandır…" sözləri ilə başlanır.[25][27]
Şair Nizami Gəncəvinin iftixarı, yüksək şairlik istedadına mədhiyyə "Fəxriyyə" musiqisində səslənir.[28] Bu ariyada Nizami öz şeirlərini ifa edir.[22][25]
Xalq mahnılarına əsaslanan bəstəkar Əfrasiyab Bədəlbəyli Nizaminin ariyasına muğam xüsusiyyətləri gətirir.[29] Məhz muğam intonasiyaları ilə şair Nizami həyəcanla öz heyranlığını ifadə edir.[30][31] Bu muğam intonasiyaları yuxarı registrdə başlayaraq ifa edilir.[32] Muğamlarda olduğu kimi, melodiya tədricən pillələrlə sekvensiya şəklində mayeyə doğru enir.[33][34][35]
Digər qadın qəhrəman Nizami Gəncəvinin sevdiyi xanım incə, səmimi Rəna obrazı bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən, klassik opera repertuarına yaxın lirik melodiya ilə xarakterizə olunur.[36] Rəna obrazının əsas xarakteristikası — Rənanın balladasında kinli rəqibi tərəfindən zəhərlənən incə, vəfalı qız obrazını açır.[37][38] Bəstəkar Rənanın balladasında Nizami Gəncəvinin özünün həqiqi şeir mətnlərinə əsaslanır.[39] Beləliklə, Rəna obrazına öz münasibətini, onun şair Nizami Gəncəvi obrazına yaxınlığını xüsusilə qeyd edir.[40][41]
Rənanın balladasının lirik nağıl xarakteri xalq musiqisi üçün səciyyəvi olan 6/8 metrli ölçüdə musiqini xalq musiqisi ilə yaxınlaşdırır.[42][43] Sözügedən musiqiyə səmimiyyət, qəlb təmizliyi bəxş edir.[37][44] Operada yeni tip qadın obrazı Əmin Xarisin qızı Əzra obrazının partiyasında əks olunmuşdur. İlk dəfə olaraq "Nizami" operasında qadın səsi metso soprano registrində səsləndi.[45] Bu səslənmə milli operada yeniliyin əsasını qoymuşdur.[40]
Azərbaycanda qədim dövrdən yüksək kişi və yuxarı qadın səsi dəb idi. Məhz buna görə də "Nizami" operasının müəllifi Əfrasiyab Bədəlbəyliyə qədər operalara aşağı kişi, eləcə də qadın səsləri cəlb olunmurdu. Bu səslənmə yeniliyinin əsasını bəstəkar Əfrasiyab Bədəlbəyli özünün "Nizami" operası ilə qoydu.[40]
Amiranə, kinli Əzra obrazı "Nizami" operasında incə, cəsarətsiz Rəna obrazına qarşı qoyulur.[46]
Əzra obrazının əsas ariozosu qəddar təbiətli, ehtiraslı, Nizami obrazına dəlicəsinə aşiq olmuş qadını təsvir edir.[47] Əzra obrazının düşüncələri onu məftun edən hislər ətrafında cəmləşmişdir.[48] Əzra obrazı cavabsız məhəbbətindən əziyyət çəkir, taleyindən şikayətlənir.[46][49]
İlk taktların ritm intonasiyasının gərgin ostinant təkrarı, bütün ariozo ərzində təkrar olunan ritmik quruluş onun öz düşüncələrinə daldığını nəzərə çarpdırır.[50] Ariozonun sürəti, aşağı registr, melodiyanın kiçik diapazonu, metroritmik ostinato, bütün bunlar ariyada ifadə olunmuş hissi dərinləşdirir.[51] Əzra obrazının cavabsız məhəbbəti səbəbindən iztirablarının dərinliyini nəzərə çarpdırır.[52][53]
"Nizami" operasından bəhs edən Zemfira Səfərova qeyd edir ki, "Nizami operası Azərbaycan səhnəsindən nisbətən tez düşdü. Lakin operanın musiqisində məharətlə yazılmış, öz qeyri-adi melodizmi ilə fərqlənən bəzi nömrələr mövcud vəziyyətdədir. Ona görə də təsadüfi deyil ki, bu keyfiyyətlərə malik olan "Nizami" operasının nömrələri konsertlərdə ifa olunur və dinləyicilərin rəğbətini qazanır. "Nizami" operası Azərbaycan opera sənətinin inkişafında daha bir pillə oldu."[54]
Xor
[redaktə | mənbəni redaktə et]Əfrasiyab Bədəlbəyli "Nizami" operasında xor sənətinin inkişafı probleminə əsaslı surətdə yaxınlaşdı. "Koroğlu" operasında olan geniş xor səhnələri Azərbaycan bəstəkarlarının operalarda polifonik formalara müraciətinə təkan verdi. Bu, "Nizami" operasının müəllifi Əfrasiyab Bədəlbəyliyə də müəyyən dərəcədə təsir etdi. Belə ki, "Nizami" operasının son pərdəsində yanğın səhnəsi xorun iştirakı ilə fuqato şəklində təqdim olunmuşdur. Operada xorlardan son səhnələri bitirmək bəzən isə əhvali-ruhiyyəni, qəlb sarsıntılarını, qəhrəmanların iztirablarını qüvvətləndirmək üçün istifadə olunur.[54]
Rənanın Əzra tərəfindən zəhərlənməsi səhnəsində ifa edilən qadın xoru, Nizami Gəncəvini dinləməyə toplaşmış şairlər səhnəsində ifa edilən kişi xoru və digər xorlar bu cür xorlarla eyni səciyyə daşıyır.[54]
Obrazlar
[redaktə | mənbəni redaktə et]- Nizami — baş qəhrəman
- Rəna — Nizaminin sevdiyi qadın
- Əzra — Nizamiyə aşiq olan qadın
- Qızıl Arslan — Dövrün Eldənizlər dövlətinin hökmdarı
- Əmin Xaris — Müsəlman xəlifəliyinin canişini
- Xosrov — Dövrün Gəncə hökmdarı
Nizami
[redaktə | mənbəni redaktə et]Operanın baş qəhrəmanı Nizami obrazıdır. Bu obraz Nizami Gəncəvinin üzərində qurulmuşdur. Operanın əsas mövzusunu Nizaminin şəxsi həyatı təşkil edir. Romanın baş qəhrəmanı şair Nizami Gəncəvi onun şəxsi həyatına və yaradıcılığına mənfi təsir göstərmiş bir çox hadisələrin şahidi olmuşdur. Operada Nizami obrazı haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparan, xalq tərəfindən sevilən şair obrazı kimi düşünülüb yaradılmışdır. Bu obraz "Nizami" operasının Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutan ilk premyerasında Murtuza Məmmədov (Bülbül) tərəfindən ifa edilmişdir.[55]
Operada Nizaminin xarakterində bağlılıq hissi də öz əksini tapmışdır. Nizami Qızıl Arslanın qoşunlarının Gəncəyə daxil olmasına qədər, Rənanı qorumağa çalışır. Müsəlman xəlifəliyinin canişi Əmin Xarisin qızı Əzranı öz sevdiyi qadın üçün rədd edir. Əsərdə şəhərin taleyi ilə maraqlanan Nizami Gəncəvi və mənəviyyatca ona yaxın adamlar öz xeyrini güdənlərə və hakimiyyət hərislərinə qarşı mübarizə aparırlar. Şair nəcib, öz xalqını, doğulduğu şəhəri sevən bir şəxs kimi təqdim olunmuşdur.[16]
Rəşid Şəfəq yazır ki, "Nizami operası dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur. Operada şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir."[56]
Rəna
[redaktə | mənbəni redaktə et]Operanın əsas qəhrəmanlarından biri də Rəna obrazıdır. Rəna obrazı saf, gözəl və ağıllı bir xanım kimi düşünülmüşdür. Zemfira Səfərova qeyd edir ki, "Rəna obrazı Nizaminin Əzra kimi gözəl xanıma dəyişdiyi bir xanımdır. Obrazda bu fikir üzərində yaradılmışdır." Rəna obrazı ən gözəl, saf və təmiz sifətləri öz varlığında canlandırır. Nizami onu qorumaq üçün hər şey edir. Nizami Rənanı ona gələn pisliklərdən qoruyur.[16]
Rəna obrazı Nizaminin sevdiyi qadın kimi təqdim olunmuşdur. Nizami Qızıl Arslanın qoşunlarının Gəncəyə daxil olmasına qədər, Rənanı qorumağa çalışır. Müsəlman xəlifəliyinin canişi Əmin Xarisin qızı Əzranı öz sevdiyi qadın — Rəna üçün rədd edir. Bu obraz "Nizami" operasının Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutan ilk premyerasında Sona Mustafayeva tərəfindən ifa edilmişdir.[17]
Operada Əzra obrazı ilə hökmdar obrazı birləşib Rənanı öldürmək fikrinə düşürlər. Nizami Rənanı qorumaq məqsədi ilə, mənəviyyatca ona yaxın adamlarla bu fikrə qarşı mübarizə aparır. Rəna Nizamiyə öz sevgisini etiraf edir, Nizami də cavabında cavab mahnısını ifa edir.[16]
Əzra
[redaktə | mənbəni redaktə et]Əzra obrazı "Nizami" operasının əsas obrazlarından biridir. Zemfira Səfərova qeyd edir ki, "Əzra obraz mənfi, hər istədiyini əldə etmək istəyən, eşqbaz bir qadın kimi düşünülmüş və o cür obraz kimi də təqdim edilmişdir." Dövrün Gəncə hökmdarı Əzranı sevir, lakin Əzra ona Nizamiyə aşiq olduğunu bildirir.[16]
Hökmdar Əzranı sevsə də, qız əsəbidir və ehtiraslı sevgi etiraflarına cavab vermir. "Nizami" operasının baş qəhrəmanlarından biri olan Rəna obrazı Əzranın dəstəsində mövcud olan gənc qızlardan biri idi. Operada Əzra obrazı ilə hökmdar obrazı birləşib Rənanı öldürmək fikrinə düşürlər. Buna səbəb isə Əzranın Nizamiyə aşiq olması, Nizaminin Rənanı sevib onu rədd etməsi idi.[16]
Əzra Nizami ilə Rənanı görüb qızı təhqir etmişdir. Ümumilikdə bu obraz mənfi obraz kimi düşünülmüş və operada bu cür təqdim edilmişdir. Əzra obrazı "Nizami" operasının Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutan ilk premyerasında Fatma Muxtarova tərəfindən ifa edilmişdir.[57]
Libretto
[redaktə | mənbəni redaktə et]Hadisələrin iştirakçılarının taleyi ictimai və siyasi münaqişələr fonunda baş verir. Burada mübarizə, iztirab xəyanətlə, məhəbbət nifrətlə, qətl və saray fitnə-fəsadı ilə bir-birinə qarışır. Hadisələr XII əsrdə Gəncədə baş verir. Məzmunun əsasını xalqın həyatından götürülmüş ictimai-sosial hadisələr və şair Nizaminin şəxsi həyatı təşkil edir. Romanın baş qəhrəmanı şair Nizami onun şəxsi həyatına və yaradıcılığına mənfi təsir göstərmiş bir çox hadisələrin şahidi olmuşdur.[14] Əfrasiyab Bədəlbəylinin "Nizami" operası 5 pərdə və 6 şəkildən ibarətdir.[16]
Birinci pərdə
[redaktə | mənbəni redaktə et]Gəncədə mülayim bahar günü. Nizami Gəncəvi şairlərin əhatəsində öz yeni şeirlərini oxuyur. Elə buradaca bağda saray şairi Kəmaləddinin müşayiəti ilə Gəncə hakimi gəzir. Şeypur səsləri hökmdar Qızıl Arslanın elçisinin gəldiyini bildirir. O, hökmdara və Nizamiyə məktublar təqdim edir. Qızıl Arslan Nizamini sarayına dəvət edir və ona yeni poema yazmağı tapşırır.[16]
Hökmdar isə qəzəblidir. Hökmdar onu fitnəkarlıqla günahlandırır və intiqam alacağı ilə hədələyir. Uzaqdan qızların mahnısı eşidilir. Bu mahnı — müsəlman xəlifəliyinin canişi Əmin Xarisin qızı Əzra xanımdır. Hökmdar Əzraya vurulmuşdur, lakin qız qaşqabaqlıdır və ehtiraslı sevgi etiraflarına cavab vermir. Onun ürəyi başqasına məxsusdur, o, başqasını sevir. Əzranın dəstəsində Rəna adlı gənc qız da mövcuddur.[16]
Rəna Nizamiyə olan sevgisi barədə ifa edir. Yaxınlaşmaqda olan Nizaminin cavab musiqisi eşidilir. Rənaya qarşılıqlı etirafı ilə cavab verir. Əzra bu səhnəni seyr edir və qəzəbli halda qızı təhqir edir. Əzra ilə münasibətlərini yaxşılaşdırmaq məqsədi ilə hökmdar Hökmdar Rənanı Bağdada xəlifənin sarayına göndəriləcək kənizlər siyahısına salmağı əmr edir.[16]
İkinci pərdə
[redaktə | mənbəni redaktə et]Gəncə hökmdarı qiymətli hədiyyələrlə Əmin Xarisin sarayına Əzraya elçi gəlir. Saray şairləri hörmətli qonağı vəsf edirlər. Qonaqlığa dəvətlilər arasında Nizami də mövcud olur. Sarayın sahibi ona hökmdarı vəsf etməyi təklif edir, lakin bunun əvəzində şair öz sənətini mədh edən "Fəxriyyə" musiqisini ifa edir.[16]
Əzranın gəlişi ümumi canlama yaradır. Hökmdar onu istəmək üçün gəldiyini bildirir. Lakin Əzra yenə də onun istəyini rədd edir və etiraf edir ki, Nizamini sevir. Nizamidən intiqam almaq üçün hökmdar Rənanı damğalamağı əmr edir. Nizami qızı müdafiə edərək, eyni zamanda Əzranın məhəbbətini rədd edir.[16]
Üçüncü pərdə
[redaktə | mənbəni redaktə et]Qızıl Arslan Nizamini hörmətlə qarşılayır. Nizami öz yeni poeması olan — "Xosrov və Şirin" əsərini ona təqdim edir. O, inanır ki, Qızıl Arslan ölkənin firavanlığının qayğısına qalan ədalətli hökmdardır. Bayırdan eşidilən fəryad səsləri söhbəti kəsir.[16]
Nizami səs-küyün səbəbi ilə maraqlanır. Bu zaman keşikçilər gənc bir oğlanı gətirirlər. Məlum olur ki, səs-küyün səbəbi — Qızıl Arslanın əmri ilə oğlunun indicə dilinin kəsilməsidir. Baş vermiş hadisədən sarsılmış Nizami sarayı tərk edir və öz doğma şəhərinə qayıdır.[16]
Dördüncü pərdə
[redaktə | mənbəni redaktə et]Birinci şəkil
[redaktə | mənbəni redaktə et]Tək qalan Əzra sevmədiyi hökmdarla baş tutmayan evliliyindən şikayət edir və Nizamidən intiqam almaq fikrinə düşür. Xalqın böyük sevgisini qazanmış Nizamidən intiqam almaq çətindir. Lakin çıxış yolu tapılır — onlar razılaşırlar ki, Nizaminin sevdiyi qadın Rənanı qətlə yetirib, onu sevən şairə zərbə endirsinlər.[16]
İkinci şəkil
[redaktə | mənbəni redaktə et]Dövrün Gəncə hökmdarı hədiyyələr, tərif, həmçinin təhdidlə Nizamini xalqın maraqlarına zidd getməyə məcbur etməyə çalışır. O, qarışıqlıqdan şikayət edərək sarayı tərk etmək istəyir və qəfildən Rənanın fəryadını eşidir.[16]
Beşinci pərdə
[redaktə | mənbəni redaktə et]Gəncə Qızıl Arslanın qoşunları ilə əhatə olunmuşdur. Müharibənin əldən saldığı şəhər sakinləri şair Nizaminin evi qarşısında toplaşırlar. Əmin Xaris və hökmdar görünür. Hökmdar əmr edir ki, Nizami onunla Qızıl Arslan arasında vasitəçi olsun, ancaq şair bu təklifi rədd edir. Qəzəblənən hökmdar əmr edir ki, şəhəri yandırsınlar. Qızıl Arslanın qoşunları Gəncəyə girir.[16]
Nizami baş vermiş hadisələrdən sarsılır. Sevimli şairi əhatə edən xalq onu sakitləşdirməyə və ədalətin qələbə çalacağına inandırmağa çalışır.[16]
Qəbulu
[redaktə | mənbəni redaktə et]Əfrasiyab Bədəlbəylinin "Nizami" operası yaradılmasından sonra şöhrət qazanmış və bir neçə dəfə konsertlərə daxil edilmiş, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilmişdir.[58]
Ümumilli lider Heydər Əliyev qeyd etmişdir ki, "Mən bir tamaşaçı və partiya işçisi mövqeyindən qeyd etmək istəyirəm, bəstəkarların — Fikrət Əmirovun "Min bir gecə" baleti, Cahangir Cahangirovun "Xanəndənin taleyi" operası, cənub mövzusunda yazılmış "Arazın o tayında" poeması, Bədəlbəylilər nəslinin tanınmış nümayəndəsi Əfrasiyab Bədəlbəylinin "Nizami" operası və onlarla bərabər bir çox simfonik əsərlər Azərbaycan respublikasının musiqi həyatında böyük hadisədir…"[59]
Zemfira Səfərova "Nizami" operasından bəhs etdiyi kitabında operanı bu cür qiymətləndirir: "Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə yaradılan kütləvi səhnələrin çoxluğu, tamaşanın effektli-dekorativ olması (Beşinci pərdədə fuqato şəklində yanğın səhnəsini, yaxud döyüş səhnəsini xatırlatmaq kifayətdir), sarayda təmtəraqlı səhnələr Avropanın "Böyük opera" (Grand opera) opera janrını bir qədər xatırladan xüsusiyyətləridir."[22]
Zemfira Səfərova əlavə etmişdir ki, "Nizami operası səhnədən nisbətən tez düşdü. Bu opera Azərbaycan opera sənətinin inkişafında daha bir pillə oldu. "Nizami" operası ilə Azərbaycan opera yaradıcılığının tematik-janrr diapazonunun yeniləşməsi faktının özü, obrazlı-təzadlı qüvvələrdən (və ya səslərdən) geniş istifadə olunması opera janrında məzmun yeniliyi süjetlə yanaşı, təbii ki, opera sənəti qarşısında duran məsələlərin həllinə gedən yolda müsbət bir təcrübə kimi diqqəti cəlb etdi."[54]
Lalə Azəri qeyd etmişdir ki, "Əfrasiyab Bədəlbəylinin "Nizami" operası opera yaradıcılığında ideya-mövzu, obraz-janr diapazonunun genişlənməsi baxımından Azərbaycan musiqi mədəniyyətində əlamətdar hadisə idi. Müəllif Əfrasiyab Bədəlbəyli ilk dəfə dahi Azərbaycan şairi Nizami Gəncəvinin ölməz obrazını opera səhnəsinə gətirmişdi. Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səhnələrin çoxluğu, sarayda təmtəraqlı səhnələr bir qədər Avropanın opera janrını xatırladan xüsusiyyətlərdir. Əsərdə şəhərin taleyi ilə maraqlanan, Nizami Gəncəvi və mənəviyyatca ona yaxın adamlar öz xeyrini güdənlərə və hakimiyyət hərislərinə qarşı mübarizə aparırlar. Şair nəcib, öz xalqını, doğulduğu şəhəri sevən bir şəxs kimi təqdim olunmuşdur. Əfrasiyab Bədəlbəyli operada xor səhnələrinə geniş yer verib, bu istiqamətin rolu önplana çəkilib. Bu da bəstəkar Əfrasiyab Bədəlbəylinin xor sənətinin inkişafına ayrıca diqqət yetirdiyinin göstəricisidir. "Nizami" operası Azərbaycanda opera sənətininin inkişafını irəliyə aparan əsərlərdən biri olmuşdur. Əsər mütəxəssislər tərəfindən Azərbaycanda bu istiqamətin tematik janr diapazonu, məzmun yeniliyi baxımından müsbət bir təcrübə kimi dəyərləndirilir."[3]
Lalə Azəri əlavə edir ki, "Nizami operasının səhnə ömrü çox uzun olmasa da, musiqisi qeyri-adi melodizmi ilə fərqlənir. Görkəmli sənətkarlar Fatma Muxtarova, Rəhilə Cabbarova "Nizami" operasının musiqilərini çox məharətlə ifa ediblər. Hazırda isə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımovun ifasında operadan Nizami ariyası səslənməklə öz həyatını yaşayır."[3]
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Hal-hazırda həmin ərazi Sankt-Peterburq şəhəridir.
- ↑ Libretto Əfrasiyab Bədəlbəylinin özünə məxsusdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Səadət Abdullayeva, 2018. səh. 218-219
- ↑ "Living Voices of Azerbaijani History: Afrasiyab Badalbeyli" ( (az.)). voices.musigi-dunya.az. 11 oktyabr 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ 1 2 3 4 5 6 7 8 Lalə Azəri, 2018. səh. 15
- ↑ Микеладзе, Галина. "Сын бека, потомок шаха". «Азербайджанские Известия». 2011-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-27.
- ↑ Н. М. Миклашевская. Становление и развитие искусства социалистического реализма в Советском Азербайджане: 1920–1945 гг. (живопись, графика, скульптура, театрально-декорационное искусство). — Б.: Элм, 1974. — С. 64. — 178 с.Orijinal mətn (rus.)
Серьезным творческим достижением Г. Халыкова стал портрет Низами, в котором художнику удалось создать значительный образ великого поэта. Этому во многом помогла удачно найденная композиция: поэт изображен сидящим с книгой на коленях. Выражение благородного лица, строгие линии одежды, характерного головного убора — все это впечатляет, несмотря на излишне темный колорит.
Интересна история создания портрета. В первом туре объявленного конкурса (1939 г.) художник не принимал участия, но им был исполнен выразительный портрет в рисунке, о котором академик Е. Бертельс сказал, что предложенный образ исторически достоверен и Низами мог быть таким. Консультации с Е. Бертельсом, Гейдаром Гусейновым и Г. Араслы настолько ободрили и вдохновили Г. Халыкова, и он, взяв за основу упомянутый рисунок, создал живописный портрет Низами. Этот портрет признан был лучшим и удостоен I премии во втором туре конкурса (1940 г.) - ↑ Səadət Abdullayev, 2018. səh. 8
- ↑ 1 2 Səadət Abdullayeva, 2018. səh. 18
- ↑ Səadət Abdullayeva, 2018. səh. 17
- ↑ 1 2 3 Səadət Abdullayeva, 2018. səh. 25
- ↑ Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: "Ünsiyyət". 2000. səh. 492.
- ↑ Rəşid Şəfəq, 2014. səh. 5
- ↑ Səadət Abdullayeva, 2018. səh. 20
- ↑ Тамилла Халилова. Азербайджанская проза на русском языке. Баку: Язычы. 1986. səh. 76.
Так, соответственно хронологии, в 1946 году выходят в свет романы "Меч и перо" (ч. I) М. С. Ордубади; в 1947 году — рассказы Э. Мамедханлы; в 1948 году — "Сочинения" Дж. Мамедкулизаде, романы "Меч и перо" (ч. II) и "Тавриз туманный" (кн. 4) М. С. Ордубади, "Сачлы" (ч. II) С. Рагимова, "Апшерон" М. Гусейна, "Наступит день" М. Ибрагимова, альманах "Азербайджанская советская литература" (вып. I); в 1950 году — "Рассказы" А. Велиева, книга рассказаов "Привет тебе, Россия!" М. Ибрагимова, романы "Война" (кн. 2) Абульгасана, "Апшерон" М. Гусейна; в 1951 году — повесть "Гюльшен" А. Велиева, "Произведения" (т. II)…
- ↑ 1 2 3 4 Zemfira Səfərova, 2017. səh. 386
- ↑ Səadət Abdullayeva, 2018. səh. 217-218
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Zemfira Səfərova, 2017. səh. 387
- ↑ 1 2 "Биография" ( (az.)). afrasiyab.musigi-dunya.az. 2011-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.
- ↑ Səadət Abdullayeva, 2018. səh. 218
- ↑ "Tamaşalar haqqında: "Nizami" operası". Operalar ( (az.)). azerbaijans.com. 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
- ↑ 1 2 Zemfira Səfərova, 2017. səh. 386-387
- ↑ Zemfira Səfərova, 2017. səh. 387-388
- ↑ 1 2 3 4 5 6 Zemfira Səfərova, 2017. səh. 388
- ↑ Rəşid Şəfəq, 2014. səh. 354
- ↑ Rəşid Şəfəq, 2014. səh. 355
- ↑ 1 2 3 Səadət Abdullayeva, 2018. səh. 219
- ↑ Rəşid Şəfəq, 2014. səh. 356
- ↑ Rəşid Şəfəq, 2014. səh. 357
- ↑ Rəşid Şəfəq, 2014. səh. 358
- ↑ Rəşid Şəfəq, 2014. səh. 359
- ↑ Qasımova S., Tağızadə A., Mehmandarova L. Azərbaycan musiqi tarixi kursuna dair müntəxəbat. / Nizaminin ariyası. Bakı: Maarif. 1985. səh. 36.
- ↑ Azərbaycan bəstəkarlarının Niza- mi Gəncəvinin qəsidə və qəzəllərinə yazılan ariya və romansları. "Nizami" operasından Nizaminin ariyası. Bakı: Mütərcim. 2012. səh. 23.
- ↑ Rəşid Şəfəq, 2014. səh. 360
- ↑ Zemfira Səfərova, 2017. səh. 389
- ↑ Rəşid Şəfəq, 2014. səh. 361
- ↑ Rəşid Şəfəq, 2014. səh. 370
- ↑ Rəşid Şəfəq, 2014. səh. 347
- ↑ 1 2 Ramiz Quliyev, 1993. səh. 73
- ↑ Rəşid Şəfəq, 2014. səh. 348
- ↑ Rəşid Şəfəq, 2014. səh. 352
- ↑ 1 2 3 Zemfira Səfərova, 2017. səh. 390
- ↑ Rəşid Şəfəq, 2014. səh. 349
- ↑ Rəşid Şəfəq, 2014. səh. 350
- ↑ Bədəlbəyli F., Rəcəbov O., Həsənova Ş. Axundova Y. C. Azərbaycan bəstəkarlarının yaradıcılığı. I cild. / “Nizami” operasından Rənanın balladası. Bakı: Mütərcim. 2011. səh. 151.
- ↑ Rəşid Şəfəq, 2014. səh. 351-353
- ↑ Rəşid Şəfəq, 2014. səh. 377
- ↑ 1 2 Zemfira Səfərova, 2017. səh. 391
- ↑ Rəşid Şəfəq, 2014. səh. 371
- ↑ Azərbaycan bəstəkarlarının fortepiano ansambllarının toplusu. “Nizami” operasından: 1. Qızların xoru; 2. Rəqs; 3. Əzranın ariyası. Bakı. 1997. səh. 24.
- ↑ Rəşid Şəfəq, 2014. səh. 372
- ↑ Rəşid Şəfəq, 2014. səh. 373
- ↑ Rəşid Şəfəq, 2014. səh. 374
- ↑ Zemfira Səfərova, 2017. səh. 391-392
- ↑ Rəşid Şəfəq, 2014. səh. 375-377
- ↑ 1 2 3 4 Zemfira Səfərova, 2017. səh. 392
- ↑ Микеладзе, Галина. "Композитор, дирижер, музыковед, публицист". «Каспий». 2011-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-209.
- ↑ Rəşid Şəfəq, 2014. səh. 345
- ↑ Театральная энциклопедия. Том III. Под ред. С. Мокульского. Советская энциклопеди. 1964. Стр. 1018 Orijinal mətn (rus.)
МУХТАРОВА, Фатьма Саттаровна (р. 14(26). III. 1893) — азербайджанская советская артистка оперы (меццо-сопрано). Нар. арт. Азерб. ССР (1940). В 1914 окончила Саратовскую консерваторию. В 1914–17 — солистка Оперного т-ра Зимина в Москве (дебютировала в партии Одалиски — "Юдифь" Серова). В 1921–37 пела в Казани, Ленинграде, Тбилиси, Харькове, Киеве, Одессе. С 1938-солистка Т-ра оперы и балета им. Ахундова (Баку). Творчество М. Способствовало становлению и развитию азерб. оперного иск-ва. Красивый и сильный грудной голос, незаурядный актёрский темперамент позволили М. создать ряд ярких вок.-сценич. образов. Выступала на оперной сцене до 1953. Партии: Полина ("Пиковая дама"), Ваня ("Иван Сусанин"), Ган-на; Весна ("Снегурочка"), Зибель ("Фауст"), Кармен-Оперный т-р Зимина; Любаша ("Царская невеста"), Любовь ("Мазепа"), Марина Мнишек ("Борис Годунов"), Амнерис; Азучена ("Трубадур"), Ортруда ("Лоэнгрнн"), жена Пугачёва ("Орлиный бунт" Пащенко), Аксинья ("Тихий Дон"), Гру-ня ("Броненосец Потёмкин" Чиш-ко), Азра ("Низами" А. Бадалбейли) — Т-р им. Ахундова, и др.
С о ч.: Рассказ о себе, "Советский театр", 1936, № 2.
Лит.: Боголюбов Н., Полвека на оперной сцене, М., 1957. - ↑ Оркестротека. Произведения cоветских композиторов для эстрадных оркестров в составе 6-ти до 14-и исполнителей. Лезгинка из оперы “Низами”. М.: Музгиз. 1951.
- ↑ Azərbaycan Milli Kitabxanası. Cahangir Cahangirov. Biblioqrafiya. Bakı. 2011. 99.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Zemfira Səfərova. Azərbaycan musiqi tarixi. İkinci cild. Bakı: Elm. 2017.
- Səadət Abdullayeva. Nizamidə musiqi, musiqidə Nizami. Bakı: Nurlar. 2018. 360.
- Rəşid Şəfəq. Nizami musiqidə, sənətdə. Bakı: "Şərq-Qərb" Nəşriyyat Evi. 2014. 516.
- Lalə Azəri. 70 il öncə səhnəyə çıxan “Nizami”. Bakı: "Mədəniyyət" qəzeti. 2018.
- Ramiz Quliyev. Azərbaycan bəstəkarlarının əsərləri. I kitab. Bakı: "Şur" nəşriyyatı. 1993.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Qılınc və qələm (roman)
- Əfrasiyab Bədəlbəyli
- Azərbaycan klassik musiqisi
- Əfrasiyab Bədəlbəylinin əsərlərinin siyahısı
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Dahi Nizami Gəncəvinin 870 illik yubileyinə Heydər Əliyev Fondunun dəyərli töhfəsi.. ( (az.)). Bakı: "Azərbaycan". 13 sentyabr 2012. 6.
- Manafova, Gülnarə. Abdullayeva, Səadət. "Nizami irsi Azərbaycan bəstəkarlarının yaradıcılığında" ( (az.)). konservatoriya.az. 2016. İstifadə tarixi: 2019-07-27. (#redundant_parameters)
- APA. "Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan poemalar ilk dəfə bir kitabda Azərbaycan dilində nəşr olunub. Azərbaycan bəstəkarlarının Nizami irsinə yaradıcılıq töhfələri". Mədəniyyət xəbərləri ( (az.)). gomap.az. 2012-09-12. İstifadə tarixi: 2019-07-27.
Opera portalı Azərbaycan portalı |