Leonardo da Vinçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Leonardo da Vinçi
it. Leonardo da Vinci
Doğum adı Leonardo di ser Piero da Vinci[3]
Doğum tarixi 15 aprel 1452[1][2][…]
Doğum yeri
Vəfat tarixi 2 may 1519[1][2][…] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Fəaliyyəti rəssam, mühəndis, astronom, filosof, anatomiyaçı, riyaziyyatçı, heykəltaraş, universal insan, memar, inşaat mühəndisi[d], diplomat, ixtiraçı, bəstəkar, fizik, fizioloq, botanik, kimyaçı, zooloq, karikaturçu, alim, memarlıq çertyojçusu[d], dizayner, yazıçı, vizual incəsənət rəssamı
Janrlar portret, dini rəssamlıq[d][5], dini incəsənət[d]
Stillər Yüksək İntibah[5], İntibah dövrü
Tanınmış işləri
Tələbələri Francesco Melzi, Andrea Solario
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir.

Uşaqlığı (1452–1466)

[redaktə | mənbəni redaktə et]
Leonardo da Vinçinin uşaqlıqda yaşadığı ev

Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".

Müasir baxımdan Leonardonun soyadı olmamışdır, belə ki, "da Vinçi" sadəcə "Vinçidən olan" mənasına gəlir. Onun tam adı "Lionardo di ser Pyero da Vinçi", yəni Vinçidən olan ser Pyeronun oğlu Leonardo kimi səslənirdi.

Leonardo doğulduğu ildə — 1452-ci ildə atası öz çevrəsindən olan Albiera Amadori ilə evlənmiş, Katerina isə Akkatabriqu di Pyero dell Vakka adlı şəxsə ərə getmişdi. Uşaq erkən yaşlarını anası ilə birgə Ankianoda keçirmişdir. Pyeronun ilk evliliyi uşaqsız olduğu üçün bir müddətdən sonra o, 3 yaşlı Leonardonu öz yanına aparmışdır. Həmin dövrdə nikahdan kənar dünyaya gəlmiş uşaqlar da qanuni varislər sayıldığından, cəmiyyət Leonardonu normal qəbul etmişdir. Analığı — 16 yaşlı Albiera, Leonardonu sevsə də, gənc yaşlarında vəfat etmişdi. Leonardo özü 16 yaşına çatdıqda atası yenidən evlənmiş, bu dəfə seçimi 22 yaşlı Françeska Lanfredini olmuşdur. İkinci dəfə evləndikdən sonra Pyero öz ailəsi ilə birgə Florensiyaya köçmüşdür. Pyeronun qanuni övladları isə onun üçüncü və dördüncü evlilikləri nəticəsində dünyaya gəlmişdi.

Meduza qalxanı haqqında əfsanə

[redaktə | mənbəni redaktə et]

İntibah rəssamlarının bioqrafı Vazari tərəfindən nəql olunmuş əfsanəyə görə, bir dəfə tanış kəndli dairəvi qalxan düzəldərək Pyeroya gətirmiş və içinə rəsm çəkdirmək üçün rəssam tapmağı xahiş etmişdir. Pyero qalxanı öz oğluna ötürmüşdür. Leonardo qalxan üzərində Meduza qorqonanın başını təsvir etmək qərarına gəlmiş, bunun üçün kərtənkələ, ilan, çəyirtkə, tırtıl, yarasa və digər heyvanlardan istifadə edərək, qorxunc və iyrənc bədheybət şəkli yaratmışdır. Nəticə Leonardonun gözlədiyindən də artıq olmuş, ilk dəfə təsviri görən atası qorxuya düşmüşdü. Pyero kəndliyə üzərində oxla dəlinmiş ürək təsviri olan bir qalxan vermiş, Leonardonun yaratdığı Meduza qalxanını isə Florensiyada 100 dukata satmışdı. Rəvayətə görə, qalxan Mediçi ailəsinin əlinə keçmiş, ailə şəhərdə baş vermiş bir üsyan nəticəsində qovulduğu zaman itmişdi. İllər sonra kardinal del Monte, rəssam Karavacoya Meduzanın rəsmini sifariş vermişdi.

Verokkionun emalatxanasında (1466–1472)

[redaktə | mənbəni redaktə et]

1466-cı ildə, 14 yaşında ikən Leonardo Verokkio adı ilə tanınan rəssam Andrea di Çionenin "Florensiyada ən yaxşı sayılan" emalatxanasında şagirdliyə başlamışdır. Emalatxananın İtaliyanın həmin dövrdəki intellektual mərkəzi Florensiyada yerləşməsi Leonardonun inkişafında böyük rol oynamışdır: o, təkcə humanitar biliklərə yiyələnməmiş, həmçinin rəsmxət, kimya, metallurgiya, metalla, gipslə və dəri ilə işləmə, mexanika və dülgərlik kimi bəzi texniki bacarıqlar əldə etmiş, rəsm və heykəltaraşlıqla məşğul olmuşdur. Emalatxanada Leonardodan başqa Perucino, Lorenso di Kredi, Anyolo di Polo da təhsil alır, Bottiçelli işləyir, oraya tez-tez Girlandayo kimi məşhurlar gəlirdi.

1472-ci ildə 20 yaşlı Leonardo da Vinçi rəssam və həkimlərin gildiyası sayılan Müqəddəs Luka gildiyasında usta təsnifatını əldə etmişdir. Atasının Leonardo üçün emalatxana açmasına baxmayaraq, onun Verokkio ilə bağlılığı bitməmiş və öz müəllimi ilə əməkdaşlığa davam etmişdir.

Leonardonun məlum olan ən erkən işi Arno vadisinin qələm və mürəkkəblə yaradılmış təsviridir. İş 5 avqust 1473-cü ilə aiddir.

Məğlub olmuş müəllim

[redaktə | mənbəni redaktə et]

Verokkionun emalatxanasındakı rəsm işlərinin bir çoxu onun tələbələri tərəfindən görülürdü. Vazarinin yazdığına görə, Verokkionun "Məsihin vəftizi" rəsminin yaradılmasında Leonardo da iştirak etmişdir: gənc rəssama İsa peyğəmbərin geyimini saxlayan mələyi çəkmək tapşırılmışdı. Beləliklə, rəsmdəki 2 mələkdən birini Verokkio, digərini Leonardo yaratmışdı. Vazarinin iddiasına görə, şagirdinin özündən daha güclü olduğunu görən Verokkio fırçasını yerə qoymuş və bir daha rəssamlıqla məşğul olmamışdır.

Peşəkar fəaliyyəti (1472–1513)

[redaktə | mənbəni redaktə et]

Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan da Vinçi sonralar ayrı-ayrı hökmdarların saraylarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. Lakin heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb bir müddət dərin məyusluğa qapılır. 1516-cl ildə Fransa kralı I Fransiskdən dəvət alır və Fransaya köçərək ömürünün sonuna qədər burada yaşayıb yaradır. "İntibah insan"ın prototipi kimi hamının yaxşı tanıdığı Leonardo da Vinçinin elmə olan sonsuz həvəsi və heyrətamiz ixtiraçılıq-yaradıcılıq istedadı Avropa İntibahının əsas hərəkətverici qövvəsinə çevrilir. Bir qayda olaraq bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətlərə malik ən istedadlı şəxsiyyəti kimi qəbul olunur.

Leonardo da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz Mona Liza portreti və Sonuncu Şam yeməyi əsəridir. Yalnız və yalnız Mikelancelonun yaratdığı Adəmin Yaradılışı əsəri bu iki əsərə bərabər tutulur. Leonardo da Vinçinin yaratdığı Vitruvian İnsan əsəri də bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir.

Təəsüflər olsun ki, müasir günümüzə qədər dahi rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxmışdır. Lakin bu azsaylı rəsm əsərləri onun elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikrilərinin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynamışdır.

Mühəndis kimi isə o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi, olduqca mürəkkəb ixtiralar etmişdir. Onun vertolyot, tank, konsentrə edilmiş günəş enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. mürrəkkəb texnologiyaları hələ XVI əsrdə konsepyalaşdırması və Plitələrin Tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun sonsuz dühasından xəbər verir. Adlarını sadaladığımız konsepsiyaların əksəriyyəti sağlığında nəinki həyata keçirilmiş, hətta müasirləri tərəfindən qavranıla belə bilinməmişdir.

Leonardo da Vinçi anatomiya, mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilmiş və bu elmlərin inkişafına böyük töhfələr vermişdir.

Deyilənə görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır. Bu barədə Kanadanın "National Library and Archives"-də AzərbaycanTürkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib.

Leonardo da Vinçini tədqiqatı ilə məşğul olan tədqiqatçı Louis Buff Parry mühazirə zamanı olduqca maraqlı faktların üstünü açıb. Onun sözlərinə görə, rəssamın barmaq izi üzərində aparılan tədqiqat zamanı onun anasının İtaliyaya qul kimi aparıldığı məlum olub.

Leonardo da Vinçinin anası "Katerina" adlı sadə kəndli qadın olub. Bu ad həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki İstanbul) satılan qullara verilən ümumi ad olub. Atası Piero Fruosina isə notariusda çalışıb.

Hazırda tədqiqatçılar onun anasının satış vərəqəsini axtarırlar, çünki məhz bunun sayəsində qadının həqiqətən Şərqi Avropa və Qərbi Asiyanı birləşdirən Azərbaycandan olduğu sübut ediləcək.

Parry mühazirdə "Leonardo Da Vinçi və onun anası Katerinanın Şərqi sirləri" başlıqlı olduqca mühüm materiallar təqdim edib.

Qeyd edək ki, Leanardo da Vinçinin tədqiqatları hələ də davam etdirilir.[6]

Bir neçə il əvvəl dünyanın bir çox ölkələrinin vətəndaşlarının qatıldığı geniş rəy sorğusunda belə qənaətə gəlinmişdi ki, ikinci minilliyin ən böyük şəxsiyyəti italiyalı Leonardo da Vinçi olmuşdur. Təsadüfi deyil. Əsasən rəssam və "Mona Liza" əsərinin müəllifi kimi tanınan Leonardo da Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları heyrətə gətirir.

Leonardo da Vinçi Florensiya

[redaktə | mənbəni redaktə et]

Oğlunun xüsusi istedadını görən ata Florensiyaya köçür. Nəhayət, günlərin birində Pyero da Vinçi oğlunun rəsmlərini özünün köhnə dostu, Florensiyada ən məşhur heykəltaraş, rəssam və zərgər kimi tanınan Andrea Verokkoya göstərir. Verokko onlara baxanda heyrətə gəlir və deyir ki, bu uşaq özünü bütünlükdə rəssamlığa həsr etməlidir. 1466-cı ildə Leonardo şagird kimi Verokkonun emalatxanasında fəaliyyətə başlayır. Çox keçmədən gənc Leonardoya öz müəllimini ötmək müyəssər olur. Bu, o dövr idi ki, artıq elm və incəsənətdə İntibah yetişirdi. Nəhayət, Renessans gəlib Verokkonun emalatxanasına da çatdı. Burada əl-ələ verib çoxlu rəssam, heykəltaraş, dəmirçi işləyirdi. Elementar mexaniki işlər də görülürdü. Leonardo rəssamlıq və heykəltaraşlıqla yanaşı, qazıntı və yük qaldırmaq üçün olan alətlərin mexanizmini də öyrənirdi. Sonralar bunlar müxtəlif ideya və kəşflər üçün işinə yarayacaqdı.

Qəribəlikləri

[redaktə | mənbəni redaktə et]

İnsan kimi qəribəlikləri də çox idi. O, bazarı gəzir, qazancı çox olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib azad edərdi. Gündə hər saatda on beş dəqiqə olmaqla yatarmış. Yazı tərzi də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazırmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri bunu mürtədlikdə ittiham olunmaqdan qorunmaq, bəziləri ixtiralarının sirrini saxlamaq üçün etdiyini yazır. Sonralar bu manuskriptləri oxumağa müxtəlif alimlər on illər sərf ediblər.

İudanın "prototipini" harada axtarmalı

[redaktə | mənbəni redaktə et]

Tezliklə istedadlı bir rəssam kimi tanınan Leonardo 1482–1499-cu illərdə Milanda hərbi mühəndis, arxitektor, heykəltaraş və rəssam işləyir — hersoq Lüdovik Sfortsanın yanında. Sforsa İtaliyada tiran kimi tanınırdı. Onu heç kəs sevmirdi, amma qorxudan hesablaşırdılar. Burdakı iş Leonardonu təmin etmirdi. Maaşı çox az idi. Hətta deyirlər ki, saray liliputu da ondan çox qazanırmış. Da Vinçi Milanda Sfortsanın sifarişi ilə "Sonuncu şam yeməyi" əsəri üzərində işləməyə başlayır. Rəsmdə İsa peyğəmbərlə həvarilərin son söhbəti təsvir olunur. Peyğəmbər orada bildirir ki, həvarilərin biri satqındır. Və təbii ki, bu sözlər ayrı-ayrı sifətlərdə fərqli emosiyalar oyadır. Da Vinçi burada öz unikal bacarığını göstərib. Rəsmdə satqın İuda da yer alır. Deyirlər ki, İudanın sifətinin təsviri üçün Leonardo cinayətkarların toplaşdığı pritonları gəzib axtarırdı. Amma istədiyini tapa bilmirmiş. Nəhayət, o cinayətkar yuvalarında axtardığını… monastırda tapır. Özündən son dərəcədə razı və zəhlətökən priorun (monastır başçısı) başını çəkir. Bunu eşidən Sfortsa gülməkdən qəşş eləyir: "Sən tamamilə düzgün seçim etmisən". Da Vinçi Sfortsanın at üzərində 80 metrlik bürünc heykəlini hazırlamağa başlayır. Amma 1499-cu ildə Fransa kralı XII Lüdovikin qoşunları Milanı ələ keçirir və orada əsl vandalizm nümayiş etdirir. Françesko Sfortsanın tamamlanmamış heykəli də məhv edilir. Leonrado yenidən Florensiyaya qayıtmalı olur.

Florensiya respublikasının dekreti ilə iki böyük rəssama — da Vinçi və Mikelanceloya (Rafael hələ çox gənc idi) Şura sarayında freska çəkmək sifariş verilir. Süjet kimi Piza döyüşü nəzərdə tutlurdu. Da Vinçidən otuz yaş kiçik olan Mikelancelo çox ciddi və təhlükəli rəqib idi. 1503-cü ildə onun əsəri artıq hazır idi. Da Vinçi isə 1504-də işə başladı. Nəhayət, 1505-ci ildə karton üzərinə çəkilmiş əsərlər Şura sarayında yanaşı qoyulmuşdu. Amma Florensiya hökuməti onlardan heç birinə üstünlük verməmək üçün freska çəkiləsi olmayıb. Bu şəkillərin hər ikisi itib. Mikelancelo ilə da Vinçinin araları sərin olub. Hətta rəvayətə görə, bir dəfə rastlaşanda (Da Vinçi ondan otuz yaş böyük olub) Mikelancelo ona deyib: "At rəssamı! Bürüncdən bir heykəli belə tökə bilməyib biabır oldun".

Leonardo sənətdə sfumato (italyanca tüstü kimi yox olan) prinsipinin yaradıcısıdır. Bu üsulla çəkilən şəkillərdə rənglər sanki bir-birində həll olunur, dəqiq sərhəd yaranmır. Həyatda olduğu kimi hər şey yayılır, biri digərinə nüfuz edir. Eyni zamanda nəfəs alır, yaşayır, fantaziyaları hərəkətə təhrik edir. O, şəkil çəkərkən qəsdən işlədiyi otağı tüstü ilə doldurardı ki, tüstü burumlarında, topalarda obrazlar tapsın. Məhz sfumato prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü öz təcəssümünü tapdı. O, elə çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən asılı olaraq, Mona Liza bəzən nəvaziş və şəfqətlə gülür, bəzənsə qəzəblə dişlərini qıcırdadır. Əsərin ikinci möcüzəsi odur ki, Mona Liza sanki diridir. Əsrlər keçdikcə onun təbəssümü dəyişir — dodaqlarının qıraqları yuxarı qalxır.

Cokonda kim olub

[redaktə | mənbəni redaktə et]

Da Vinçinin bioqrafı Vazari yazır ki, bu əsər konkret sifarişlə çəkilib: "Leonardo fırçaya sarılıb Françesko del Cokonde üçün onun arvadı monna Lizanın portretini çəkməyə başladı. Amma üzərində dörd il işləyib rəsmi yarımçıq qoydu. Bu portret hazırda Fransa kralının kolleksiyasındadır. Yeri gəlmişkən, Leonardo bu üsula əl atdı: madonna Liza çox gözəl idi. Da Vinçi xeyli adam toplamışdı. Onlar lirada çalır, mahnı oxuyurdular. Burada həmişə təlxəklər olurdu. Onlar melanxoliyanı qovmaq və şən ovqat yaratmaq üçün çalışırdılar". Ziqmund Freyd yazır ki, bu versiya özünü doğrultmur. Əgər belə idisə, Françesko del Cokondonun arvadının rəsmi necə olub ki, Leonardoda qalıb və Fransaya aparılıb? Cokonda üçün 1-ci Fransisk maliyyə problemləri olsa da, ona 45 000 frank ödəmişdi.

Gülümsə bir az

[redaktə | mənbəni redaktə et]

Nədənsə da Vinçinin bütün rəsmlərində, freskalarında qadınlar sirli bir tərzdə gülümsəyirlər. Bu təbəssüm və yarımtəbəssümləri kişi rəsmlərində də görmək olar. "İsa peyğəmbərin xaç suyuna çəkilməsi" rəsmində Yəhya peyğəmbər xaçı — gələcək çarmıxın simvolunu göstərərək gülür. Madonna Lita qıvrımsaçlı, gələcəyin peyğəmbəri olacaq körpənin üzərinə əyilib gülümsəyir. Mona ("madonna" sözünün qısaldılmış variantı) Liza gülür. Onun gülüşü haqqında cildlərlə kitablar yazılıb. Araşdırıcılar bir məsələdə həmrəydirlər: bunlar adi gülüş deyil. Böyük sirləri bilənlərin gülüşüdür.

Sultan II Bəyazidə məktub

[redaktə | mənbəni redaktə et]

Çox da uzaq olmayan keçmişdə İstanbulda Topqapı sarayında bir vərəq tapılıb. Burada Leonardo da Vinçinin türk sultanı II Bəyazidə məktubu və onun tərcüməsi var. Məktubun 1502–1503-cü ildə yazıldığı güman edilir. Burada Leonardo sultana bir neçə ixtirasını təqdim edir. Bunların sırasında böyük bir körpü layihəsi də var. O vaxt florensiyalılarla türklər arasında gözəl münasibətlər vardı. Da Vinçi sultana yazır: "Eşitmişəm, İstambulla Qalatanı birləşdirən körpü tikdirmək istəyirsən, amma bacarıqlı usta tapmırsan". Da Vinçi altından yelkənli gəmilərin rahatlıqla keçəcəyi böyük bir körpünün layihəsini yaratmışdı. Leonardo körpünün ölçülərini qeyd kitabçasında belə verib: eni 40 dirsək, sudan hündürlüyü 70 dirsək, uzunluğu 600 dirsək — bunun 400-ü su üzərindən, iki yüzü quruda. Körpünün cızmaqarası da var. O vaxt bir Florensiya dirsəyi 0,586 metr olub. Beləliklə, körpünün ölçüləri belə olmalı idi: eni 23,75 metr, sudan hündürlüyü 40,852 metr, uzunluğu 350 metr. Bu layihə o vaxt həyata keçməyib. Amma beş yüz il sonra — cəmi bir neçə il bundan əvvəl Norveçdə bu layihə ilə möhtəşəm bir körpü tikilib. Körpünün təşəbbüskarı olan Vebyürn Sand yazır ki, öz gözəllliyinə görə da Vinçinin layihəsi çox cazibədardır. Onun yanında 20-ci əsrin yetmişinci illərinin layihələri köhnə dəbli görünür.

Azərbaycanlı olması ilə bağlı iddialar

[redaktə | mənbəni redaktə et]

İngilis tarixçi Simon Hevitt italyan rəssam Leonardo Da Vinçinin əslən Xəzər dənizi hövzəsində yaşamış türklərdən olduğunu iddia edib.[7] Tarixçi "Leonardo da Vinçi və Qiyamət" kitabında yer alıb. "The Guardin" qəzetində yer alan xəbərdə qeyd olunub:[8]

"XV əsrdə Milanda qızılı saçlı qadınlara nadir hallarda rast gəlinirdi, bunu hər kəs bilirdi, amma qəribə qarşılanırdı. Hevitt Leonardonun, Asiyadan Qara dəniz və Avropaya yayılan qızılı saçlı insanların — Xəzər türklərinin nəslindən gəlməsindən şübhələnir".

Hevittin kitabı 1495-ci ildə çəkilən və Almaniyada tapılan bir karikatura əsasında hazırlanıb. Kitab sabah İngiltərədə satışa çıxarılacaq.

Əlavə edək ki, italyan rəssamın Azərbaycan kökənli olması bir neçə ilə əvvəl də gündəmə gəlmişdi. Tarixçi Robin Maksvellin "Xanım Da Vinçi" adlı əsərində Da Vinçinin soy-kökündən bəhs olunur. Kitabda rəssamın anasının Xəzər bölgəsindən olduğu iddia edilir.

Çeti Universiteitinin Antropoliji Tədqiqatlar İnstitutunun direktoru Luici Kapassonun dediyinə görə, Leonardo Da Vinçinin 52 əsərində onun 200-ə yaxın barmaq izlərinin qalıqlarını araşdırıblar. Rəssamın barmaq izlərinin 60 faizində ərəblərə, habelə Cənubi Qafqaz və ya Ön Asiyada yaşayan müsəlmanlara məxsus səciyyəvi ünsürlər aşkarlanıb.

Kanadalı alim Luis Baff Perri isə qətiyyətlə vurğulayır ki, Leonardo Da Vinçinin anası Katerina müsəlman, hətta azərbaycanlı olub: "O vaxt Asiyadan İtaliyaya gətirilən bütün qadın kölələrə Katerina adı verilirdi. Uzun illər boyu apardığım araşdırmalar nəticəsində qəti qənaətim budur ki, Leonardo Da Vinçinin anası Katerina müsəlman olub, indiki Türkiyənin Anadolu bölgəsinə yaxın yerdə doğulub. Bir qədər dəqiq olsaq, həmin yer Azərbaycandır. Bunu dəqiqləşdirmək üçün Azərbaycana səfər də etmişdim və orada qənaətimin doğruluğuna bir daha əmin oldum".

İxtiraçı da Vinçi

[redaktə | mənbəni redaktə et]

Da Vinçinin maraq dairəsi universal idi. Buraya rəssamlıq, heykəltaraşlıq, arixitektura, pirotexnika, hərbi və mülki mühəndislik, riyaziyyat və təbii elmlər, tibb və musiqi daxil idi. Quşların necə uçmasını araşdıran Leonardo hətta uçmaq qərarına gəlmişdi. Bunun üçün qanadlar da düzəltmişdi. Uçuş Qu dağı adlanan yerdə baş tutmalı idi. Yəqin, Qərb Renessansının dahisi ondan hardasa beş yüz ilə əvvəl — düz 1003-cü ildə Nişapurda məscidin günbəzinə çıxıb düzəltdiyi cihazla quş kimi uçmağa cəhd edən və yıxılıb ölən dilşünas və ixtiraçı əl-Cövhəri haqqında eşidibmiş… Yeri gəlmişkən, 15-ci əsrdə anonim fransız rəssamının çəkdiyi bir rəsmdə İsa peyğəmbərin çağa vaxtı fırfıra ilə oynaması təsvir olunur. Oyuncağın oxuna propellerə bənzər nəsə bərkidilib. Görünür, o vaxt belə oyuncaqlar var imiş.

Da Vinçinin maraqlı ixtiralarından biri otuz altı lüləli topdur. Üç yarusda yerləşən lülələrdən biri atanda o biri soyumalı, üçüncü cərgə isə doldurulmalı idi. Bu, avtomatik silahların və raket qurğularının sələfi idi. Bundan başqa o, vertolyotun, sualtı qayığın, skafandrın, deltaplanın, hətta velosipedin çertyojunu çəkib.

Leonardo Fransada

[redaktə | mənbəni redaktə et]

Leonardo ömrünün qürub çağlarını Fransada keçirib. 1516-cı ildə böyük rəssam kral 1-ci Fransisk tərəfindən Fransaya dəvət olunur. Ona kralın baş rəssamı, arxitektoru və mexaniki vəzifəsi təklif olunur. Şahidlərin dediklərinə əsəasən, o, sarayda müşavir və məsləhətçi kimi fəaliyyət göstərir. İxtiralarını yenə davam etdirirmiş. Rəvayətə görə, sarayda olanda Leonardo yayla hərəkət edən mexaniki şir düzəldibmiş. Bir dəfə msiteriya zamanı şir krala doğru hərəkət edir — sanki üstünə cumacaq. Fransisk əsa ilə şiri vuranda onun sinəsi açılır və oradan kralın ayağının altına zanbaq tökülür. Vazari yazır ki, da Vinçi xəstə olanda kral onu yoluxurmuş. Bir dəfə o bayılır və Fransisik onu qaldırıb başını dizinin üstünə qoyur. Elə həmin anda da böyük rəssam canını tapşırır. Bu, 2 may 1519-cu ildə Fransanın Turen şəhərindəki Klu qəsrində baş verib.

Aşağıdakıların Leonardo da Vinçi tərəfindən ixtira edildiyi hesab edilir:

  • Elm sərkərdə, təcrübə əsgərdir.
  • Dəmir istifadə olunmayanda paslanır. Su duranda iylənir, soyuqda donur. İnsan ağlı da istifadə olunmayanda vərəmləyir.
  • Orda ki rəssamın əlini ruh idarə etmir, orda sənət olmur. Orda ki fikir əllə birgə işləmir, orada rəssam yoxdur.
  • Kasıblara əvvəlcə yaltaqlanmaq, sonra onları aldatmaq, sonra oğurlamaq və sonda öldürmək "İqtisadiyyat" adlanır.
  • Səhvlərinizi aşkar edən düşmən, onları ört-basdır edən düşməndən yaxşıdır.
  1. 1 2 BeWeB.
  2. 1 2 3 4 Marani P. LEONARDO da Vinci // Dizionario Biografico degli Italiani (it.). 2005. Vol. 64.
  3. http://mini-site.louvre.fr/trimestriel/2019/léonard_de_vinci/6/.
  4. 1 2 https://data.bnf.fr/ark:/12148/cb11912491s.
  5. 1 2 Heydenreich L. H. Leonardo da Vinci // Encyclopædia Britannica (ing.).
  6. Leonardo Da Vinçinin anası azərbaycanlıdır? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Anspress. tarixi:2009.10.22
  7. "Leonardo Da Vinçi azərbaycanlı olub — İngilis tarixçidən sensasion iddia". 2019-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
  8. "Italians laughed at Leonardo da Vinci, the ginger genius". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.