Gədi xalçaları

Gədi xalçalarıAbşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.

Xalça
Gədi
Gədi xalçaları
Gədi xalçaları
Xalça haqqında məlumatlar
Tam adı Gədi xalçaları
Digər adları "Dağlı" və ya "Qədi" xalçası
Məktəbi Abşeron xalçaçılıq məktəbi
Növü Xovlu xalça
Ölkə Azərbaycan

Ümumi məlumat

redaktə

"Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir.

Bədii analiz

redaktə

"Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar.

Bakının, XızıSiyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar.

Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.

"Gədi xalçaları"nın kənarlarını üç haşiyə tamamlayır. Bakının "Novxanı" xalçasında olan ara haşiyənin cüt xətlərini xatırladan sürməyi yerlikli, "qarmaqlı qızıl gül" adlanan kiçik haşiyələr orta haşiyənin sol və sağ tərəflərində yerləşdirilmişdir. "Zülflü aləm" elementlərindən təşkil olunmuş ağ yerlikli orta haşiyə xalçaya xüsusi görkəm verir.

Texniki xüsusiyyətlər

redaktə

"Gədi xalçaları"nın ölçüləri 110x180 sm-dən 110x250 sm-ə qədər ölçülər arasında dəyişir.

"Gədi xalçaları"nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 38x38 ilmədən 42x42 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 145 min ilmədən 176 min ilməyə qədər təsadüf edilir.

"Gədi xalçaları"nda xovun hündürlüyü 6–7 mm-ə qədərdir.

Mənbə

redaktə