Ələşgird döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ələşgird döyüşü
Qaraqoyunlu-Teymuri münasibətləri
Ələşgird şəhəri
Ələşgird şəhəri
Tarix 29 iyul-1 avqust 1421
Yeri Ələşgird, Ağrı, Türkiyə
Nəticəsi Teymurilərin qələbəsi
Münaqişə tərəfləri

Qaraqoyunlular

Teymurilər
Ağqoyunlu tayfa ittifaqı

Komandan(lar)

Qara İsgəndər,
Sağ: Pir Hüseyn bəy ,
Səədli oymağı
Qorkan bəy,
Alpavut oymağı
Sorkan bəy
Alpavut oymağı
Mərkəz: Qara İsgəndər
Sol: Əmir İsfahan
Bayram bəy,
Şahsuvar bəy

Mərkəz: Şahrux Mirzə
Sağ: İbrahim sultan (Şahruxun oğlu),
Ömər Şeyx oğlu Rüstəm,
Əmir İbrahim,
Əmir Şeyx Loğman-ı Barlas
Sol: Əmir İbrahim,
Əmir Cahanşah,
Əmir Cəlaləddin Firuzşah,
Qara Yuluq Osman bəy

Tərəflərin qüvvəsi

50 min

200 minə yaxın

Ələşgird döyüşü29 iyul-1 avqust 1421-ci ildə Qaraqoyunlularla Teymurilər arasında baş vermiş döyüş.

Qaraqoyunlu dövlətinin (1410-1468) əsas düşmənlərindən biri də Xorasanda bərqərar olmuş Teymuri hökmdarı Şahrux idi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana doğru hücüma başladı. Təbrizdən düşməni qarşılamaq üçün 50 minlik qoşunla yola çıxan Qara Yusifin qəflətən xəstələnməsi və vəfat etməsi, şahzadələrdən heç birinin ordu qərargahında olmaması ciddi hərc-mərcliyə səbəb oldu. Həmin dövrdə şahzadələrdən Şahməhəmməd Bağdadda, İskəndər Kərkükdə, İspənd Adilcəvazda, Cahanşah Sultaniyyədə Əbu Səid isə Ərzincanda idi. Teymuri qoşunlarının yaxınlaşmasından vahiməyə düşən Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Beləliklə heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt etdi. Qara Yusifin ölümü ilə Şahrux Mirzə Qaraqoyunlu şahzadələri ilə qarşı-qarşıya qaldı. Qaraqoyunlu əmirlərinin ittifaqı ilə Qara Yusifin yerinə taxta çıxan İsgəndər Mirzə bir tərəfdən Şahruxa öz itaətini bildirmiş, digər tərəfdən isə Mardinə hücum edən Qara Yuluq Osman bəy üzərinə səfər etmək üçün hazırlıqlara başlamışdı [1]. 1421-ci ilin mart ayında Qara Yuluq Osman İsgəndər Mirzə tərəfindən məğlub edildi. Qara Yusifin digər oğlu İspənd Mirzə öz itaətini bildmək məqsədilə Əmir Fədlullah oğlu Həmzəni Şahrux Mirzənin yanına elçi göndərdi. Lakin onun səmimiyyətinə inanmayan Şahrux İspəndin itaətində olan Bəyazid qalası üzərinə hücum edərək, qalanı tutdu. İspənd Mirzə Muşa, oradan isə Diyabəkirə qaçaraq qardaşı İsgəndər Mirzəyə qoşuldu. Şahrux ordusunun bir hissəsini onların üzərinə göndərib Təbrizə yola düşsə də bu əsnada İsgəndər və İspənd Mirzənin Əhlət və Adilcəvaz yaxlnlığına gəldiklərini öyrəndi. Qara Yuluq Osman Şahrux Mirzəni Qara Yusifin oğlanlarına qarşı döyüşə təşviq elədi. O bildirdi ki, İsgəndər və İspənd Mirzələr var olduğu müddətdə  bu məmləkətdə sakitliq bərqərar olmayacaq və xalq sülh şəraitində yaşamayacaq. Bundan sonra Şahrux yenidən Ərçişə doğru yola düşdü və Əmir İlyas Xocanı Adilcəvaz üzərinə göndərdi. Hafiz Əbru qeyd etmişdir: "Bu müddət ərzində Qara İsgəndər bir neçə dəfə elçi göndərərək sülh təklif etsə də Şahrux bu elçiləri qəbul etməyərək, onun istəyini geri çevirir"

Döyüş və nəticəsi

[redaktə | mənbəni redaktə et]

Sülh təkliflərinin rədd edildiyini görən qardaşlar Adilcəvaz ətrafındakı Ələşgird yaxınlığında “Qızıl baxşı “ (və ya “Qızıl Yaxşı”) adlanan yerdə döyüş hazırıqlarına başladılar. Sayı 50 mindən çox olmayan Qaraqoyunlu qoşunları qarşısında Şahruxun hərbi qüvvələri sayca 4-5 dəfə artıq idi. Teymurilərin qoşununda Hindistandan gətirilmiş döyüş filləri də var idi.[2] Həsən bəy Rumlu yazır [3]:

Türkmənlər Şahruxun fillərindən çəkinirdilər. Çünki türkmən atları heç vaxt fil görməmişdi. Bu səbəbdən atları fillərə qarşı öyrəşdirə bilmək üçün bəlkə də tarixdə heç görülməmiş bir yola əl atırlar. İri gövdəli öküzlərin üzərinə saman doldurulmuş kisələr yükləyib onları filə bənzədirlər. Bundan başqa gildən fillər hazırlayıb atları onların üzərinə yeriməyə məcbur edirlər ki, döyüş zamanı fillərlə qarşı-qarşıya qaldıqda hürküb qaçmasınlar.”

Qaraqoyunlu qoşunun sağ qoluna Sadlı oymağının başçısı Pir Hüseyn bəy və Alpaqut oymağından Qorkan və Sorkan bəylər başçılıq edirdi. Mərkəzdə Qara İsgəndər, sol qolda isə qardaşı İspənd Mirzə, Bayram bəy və oğlu Şahsuvar bəy dayanmışdı. Teymuri qoşununda isə sağda Fars valisi İbrahim sultan (Şahruxun oğlu), İsfahan hakimi Ömər Şeyx oğlu Rüstəm, Əmir İbrahim və Əmir Şeyx Loğman-ı Barlas, solda Əmir İbrahim, Əmir Cahanşah, Əmir Cəlaləddin Firuzşah və Qara Yuluq Osman bəy dayanmışdı. Şahrux mərkəzdə idi. Fillər mərkəzin qarşısında oxçu dəstələri isə fillərin arxasında düzülmüşdü. İlk hücuma Qaraqoyunlu qoşunu başladı. Döyüşün ilk günü ( 29 iyul) tərəflərin bir birlərini yoxlaması ilə keçdi. Çağataylar rəqiblərinin güclü olduğunu anlayıb, gecə ilə qoşunların önündə xəndəklər qazdırdı və türkmənlərin gecə hücum edəcəklərindən çəkinərək ordunun bir qisminə növbə tutmağı tapşırdı. Döyüşün ikinci günü (30 iyul) Sadlı oymağından Pir Hüseyn bəy Teymuri ordusunun sağ qoluna hücum edərək onları məğlubiyyətə uğratsa da, Şahruxun əmri ilə tezliklə sol cinahı bərpa edilib, Pir Hüseyn bəy tutsaq edildi. İsgəndər Mirzə rəhbərliyində mərkəzdəki qoşunlar da həmin gün böyük igidiliklər göstərdilər.

Döyüşün 3-cü günü (1 avqust) Çağatay ordusu İspənd Mirzənin rəhbərliyindəki sağ cinaha hücum etdi. İsgəndər Mirzə isə Şahrux üzərinə-mərkəzə hücum etmişdi. Tarixçi Faruq Sümər yazır ki [4], Qaraqoyunlu qoşunu döyüş fillərinin xortumlarını kəsərək oxçuların üzərinə yürüş etmişdi. Nəticədə çağataylar böyük itkilər vermiş, bir çox Çağatay əmirləri öldürülmüş, Şahruxun qərargahından ərzaq və dəvələr ələ keçirilmişdi. Faruq Sümər qeyd edir ki, Qaraqoyunlu dəstələri yenidən hücum etsələr qalib gələcəkdilər. Lakin Qaraqoyunlu qoşunun gücü tükənmişdi. Sonuncu toqquşmada həm Qaraqoyunlu qüvvələrinin azlığı, həm sağ və sol cinahların bərpa edilməməsi nəticəsində Şahrux Mirzənin qoşunları qələbə çaldı. İsgəndər Mirzə döyüş meydanını tərk etməyə məcbur oldu, bir çox Qaraqoyunlu bəyləri əsir düşdü. Qalib gələn Teymuri hökmdarı Xoya, buradan isə Təbrizə yola düşdü. Bir neçə gün burda qaldıqdan sonra isə Sultaniyəyə geri qayıtdı.

  • Azərbaycan tarixı. Yeddi cilddə. III cild. Bakı,2007
  • C. İbrahimov. Qaraqoyunlu dövləti. Bakı,1948.
  • F. Sümər, Qaraqoyunlu, Ankara, 1967
  1. Aka, İsmail. Timur ve devleti. Ankara: Türkiye Tarih Kurumu. 2000.
  2. [1] Arxivləşdirilib 2018-04-25 at the Wayback Machine Айдын Асланов.Кавказ в XV веке (К 600-летию образования Азербайджанского государства Гара-Гойунлу)
  3. Həsən bəy Rumlu, Əhsənüt-Təvarix
  4. Sümer, Faruk. Karakoyunlular. Ankara: Türk Tarih Kurumu Basım evi. 1967.