Əliağa Şıxlinski
Əli Ağa Şıxlinski | |
---|---|
29 dekabr 1918 – 30 mart 1919 | |
Nazir | Səməd bəy Mehmandarov |
Əvvəlki | Səməd bəy Mehmandarov |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 (15) mart 1863 |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 1943 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | zabit, siyasətçi, hərbi qulluqçu |
Həyat yoldaşı | |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü |
29-cu artilleriya briqadasının 5-ci batareyası 21-ci Artilleriya briqadasının 1-ci diviziyası 10-cu Ordu (Qərb Cəbhəsi) |
Döyüşlər |
1900-1901-ci il Çin hərbi yürüşü Rus-yapon müharibəsi Nanşan döyüşü Port-Arturun müdafiəsi Birinci Dünya Müharibəsi |
Rütbəsi |
Rusiya imperiyası ordusunda general-leytenant (2.04.1917), Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun artilleriya generalı (28.06.1919) |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Əli Ağa Şıxlinski (tam adı: Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski; 3 (15) mart 1863, Aşağı Salahlı, Tiflis quberniyası – 18 avqust 1943, Bakı) — Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı.
Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Əliağa Şıxlinskiyə "Artilleriyanın Tanrısı" ləqəbini veriblər.[1][2] 1926-cı ildə Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir.[3] Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən illəri
[redaktə | mənbəni redaktə et]Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyası, Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində ağalıq nəslində anadan olub.[4] O yazırdı ki, onun atası İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub olub.[5] Şıxlinski 1904-cü ildən qeydlər apardığı "Zabitin dəftəri"ndə iftixarla yazır ki, onun anası Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir. Əliağa Şıxlinskindən həm də iki qardaşı olmuşdur.[6]
O, 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının birinci sinfinə daxil olmuş, oranı-artıq kadet korpusuna çevrilmiş gimnaziyanı 1883-cü ildə birinci şagird kimi bitirmişdi.[4]
Vəfatı
[redaktə | mənbəni redaktə et]O, son günlərini Bakının Cəfər Cabbarlı küçəsi 14 saylı mənzildə keçirirdi. Ölümündən qabaq, Əliağa Şıxlinski 1942-ci ildə qələmə aldığı "Xatirələrim" hərbi memuar kitabını yazırdı.[5] Kitab generalın ölümündən doqquz ay sonra — 1944-cü ilin may ayında nəşr olundu.[5] Kitaba hərb elminin böyük alimi professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz yazmışdır.[5] Həmin kitab 1984-cü ildə "Azərnəşrdə" əlavə və izahlarla kütləvi tirajla (60 min) Azərbaycan və rus dillərində nəşr olunmuşdur.[5]
1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edən general Əliağa Şıxlinskinin dəfn mərasimini filosofalim Heydər Hüseynovun özü təşkil etdi.[5][7] Generalla heç bir qohumuluğu olmayan alimin Şıxlinski şəxsiyyətinə, onun sərkərdəlik fəaliyyətinə, xüsusilə, lüğətçilik sahəsindəki elmi-publisistik yaradıcılığına böyük rəğbəti vardı.[5] Dəfn mərasimi Bakı Hərbi Qarnizonunundan çağırılmış alay orkestrlə müşayiət etdi.[5] Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı.[5] Əliağa Şıxlinskini görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar.[5] Heydər Hüseynovun özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər.[5]
Hərbi karyerası
[redaktə | mənbəni redaktə et]Hərbi karyerasının başlanğıcı
[redaktə | mənbəni redaktə et]1883-cü ildə Əliağa Şıxlinski öz təhsilini Sankt-Peterburqda, Mixaylovsk artilleriya məktəbində davam etdirmişdi.[6] O, orda da nəinki bacarıqlı şagird kimi, həm də əla süvari və gimnast kimi müvəffəqiyyət qazanmışdı.[8] Yunkerin müvəffəqiyyətləri diqqətdən kənarda qalmamış, təhsilin başlamasından 7 ay sonra o, unter-zabit olmuş, 1885-ci il oktyabrın 13-də isə portupey-yunkerliyə layiq görülmüşdü.[8] Onun müəllimləri məşhur artilleriyaçılar Nil Lvoviç Kirpiçev, Nikolay Vladimiroviç Maiyevski, Aksel Qadolin idi.[8] Əliağa Şıxlinski onlardan bütün yaxşı cəhətləri mənimsəmişdi.[8] O, həmçinin kütləvi mühazirələr və məruzələrdə iştirak etmiş, digər hərbi məktəblərin kurslarını dinləmişdi.[8]
1886-cı il avqustun 11-də Əliağa Şıxlinski məktəbi podporuçik rütbəsi almaqla birinci dərəcə ilə bitirdi.[6] Xidmətinin birinci ilindəcə öz ilk pedoqoji təcrübəsini qazandı: artilleriya briqadasının tədris komandasının müəllimi, sonra isə briqada komandasının rəisi oldu.[8] O, özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim və tərbiyəçi kimi göstərmişdi.[8] 1900-cü ildə kapitan Şıxlinski Şərqi Sibirə dəyişdirilməsi xahişi ilə müraciət etdi.[8] Onu Əlahiddə Zabaykalye artilleriya divizionunun batareya baş zabiti vəzifəsinə təyin etdilər, bundan başqa, artilleriya toplantısı Komitəsinin sədri kimi, o, dəfələrlə batareya və divizion komandirlərinin səlahiyyətlərini icra etmişdi.[8]
Rus-yapon müharibəsi
[redaktə | mənbəni redaktə et]1904-cü il mayın əvvələrində batareya yaponlara qarşı yürüşə çıxdı. Rus-yapon müharibəsində Şıxlinski Port-Artur müdafiəsinin qəhrəmanı kimi məşhurlaşdı.[5] Qalanın müdafiəsinin ən mühüm sahələrində olan Şıxlinski yaponların hücumlarının qarşısının alınmasında yarımbatareyanın atəşi ilə düşmənə böyük zərbə vuraraq fəal iştirak etmişdi.[5] Tanınmış hərbi tarixçi, general-mayor İ. Krupçenko sonralar yazırdı:
Yapon hücumlarının dəf edilməsində rus artilleriyaçıları böyük rol oynayırdılar. Onlar cəsarətlə topları qabağa çəkərək dəqiq nişangahla birbaşa karteçlə Yaponlara böyük zərbə yetirirdilər.[5] |
Şıxlinski onların arasında idi. O, döyüşlərdə örtülü və açıq mövqelərdən artilleriya atəşi aparır, qorxmadan topları düz nişangahla atmaq üçün qabağa çəkirdi. Qəhrəmanlığına görə onu "Müqəddəs Qeorqiy Pobedonosets" ordeni təqdim etdilər. Sonralar Şıxlinski yazırdı:
Mən həmişə Port-Artur epopeyasının iştirakçısı olduğumu fəxrlə xatırlayıram.[5] |
1905-ci il aprelin 1-də "Tərcuman" qəzetinin "Müxtəlif xəbərlər" rubrikasında yazıdan:
Dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Əliağa Şıxlinski oktyabrın yeddisindən noyabrın on doqquzunadək Port-Arturda yaponların basqınını dəf etməkdə fərqləndiyi üçün Ali ehtiramla "İgidliyə görə" medalı və üstü yazılı Qızıl qılıncla təltif olunub.[5] |
1905-ci ildə çap olunmuş "Yaponlarla müharibənin salnaməsi" almanaxının səksən birinci nömrəsini min beş yüz yetmiş yeddinci səhifəsində mətndən:
"Müqəddəs Georgi" ordenli süvari divizionunun təqdimatına əsasən əlahəzrət imperator 3/IX -1905-ci il tarixdə böyük mərhəmət göstərərək, Port-Arturun müdafiəsində şücaəti ilə fərqlənmiş, 1904-cü il oktyabrın 13-dən-17-dək üç saylı istehkamı və bu istehkamın digər qurğularını artilleriya ilə bacarıqla müdafiə etmiş dördüncü Şərqi - Sibir atıcı artilleriya briqadasının podpolkovniki Əliağa Şıxlinskinin dördüncü dərəcəli şəhid və müzəffər Georgi ordeni ilə təltif etmişdir. Podpolkovnik Əliağa Şıxlinski bu döyüşdə böyük şücaət göstərmiş, ixtiyarında olan yarımbatareyanın nişançıları həlak olduğundan çox vaxt topları şəxsən özü tuşlayaraq düşmən artilleriyasını dəfələrlə susmağa məcbur etmiş və adı çəkilən istehkamlara yaxınlaşmağa can atan yapon piyadalarını qeyri-adi cəsarətlə geri oturtmuşdur...[5] |
Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə "Port-Arturun əzablı günləri" adlı ikicildlik monumental əsərin müəllifi P. Larenko yazır ki, Laperov dağında batareya komandiri kapitan Əliağa Şıxlinski ağır yaralanmışdır.[5] O, Kinjo döyüşlərdə, "Zelyonnı" və "Volçye" dağları vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi.[5] Avqustun əvvələrində öz batareyası ilə "Vısokaya qora"da, avqustun onundan isə daima Laperovda olmuşdur.[5] Elə buradan da girəcək yerlərini və istehkamları atəşə tutub həmlə kolonnalarını dəf edərək düşmənin səhra artilleriyası ilə inamlı döyüşlər aparırdı.[5]
Port-Artur qalası təslim olandan sonra müharibədə itirak etməmək şərtilə yaponlar podpolkovnik Əliağa Şıxlinskini ağır yaralı kimi vətənə göndərdilər.[5] Vətəndə yaraları gözlənildiyindən də tez sağaldığından o yenidən Mancuriya ordusuna göndərilməyi xahiş etdi.[5] Lakin onu buraxmadılar. Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə getmək istədiyini Əliağa Şıxlinski "Xatirələrim" hərbi memuarında daha dəqiq təsvir edir.[5]
1905-ci il aprelin 5-də tibb komissiyasının verdiyi arayış generalın arxivində indi də saxlanılır.[5] Onun mətni belədir:
Arayış doqquz saylı ehtiyat səhra hospitalından dördüncü Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Şıxlinskiyə verilir. Ondan ötrü ki, onun yapon tibb komissiyası tərəfindən hərbi xidmətə yararlı olmadığı müəyyənləşdirilib. O, Rusiyaya buraxılır.[5] |
Onun Port-Arturdakı nümunəvi döyüş xidmətləri "İgidliyə görə" sözlərlə yazılmış qılıncla, dördüncü dərəcəli "Müqəddəs Anna" ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı "Müqəddəs Vladimir" ordeni, üzərində "İgidliyə görə" sözləri yazılmış qızıl silah və məşhur "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsinə layiq görülmüşdü.[9]
Artilleriya Zabitləri məktəbində xidməti
[redaktə | mənbəni redaktə et]1906-cı il fevralın 1-dən avqustadək, Şıxlinski Çarskoye-Selo şəhərindəki Artilleriya Zabitləri məktəbində kurs keçib.[10] Əla qurtardığına görə həmin məktəbdə müəllim saxlanılıb. Həmin il Əliağa Şıxlinski gözlə görünməyən hədəfi nişan alan "Şıxlinski üçbucağı" hərbi-elmi nəzəriyyəsini kəşf etdi.[8] Doğrudur, bu yalnız 1924-cü ildə Qızıl Orduda həyata keçirildi və özünü tamamilə doğrultdu. Artilleriya atəşi təcrübəsinə daxil edilən mühüm yenilik "Şıxlinski üçbucağı" adlanan-hədəf göstərməsinin rasional üsulu oldu.[4][8] Bu üsul ilkin olaraq batareyaları elə tuşlayır ki, seçilmiş oryentirdən yayınan, istənilən nöqtədə görünən hədəflər asanlıqla, müəyyən düzəlişlərin köməyi ilə ilkin tuşlama əsasında artilleriyanın atəşinin altına düşə bilər.[8] Bu, batareyanı vaxtında hədəfə tuşlamaq imkanı verirdi.[8] O, 1907-ci ildə Riqada yerləşən 29-cu topçu briqadasında batareya komandiri oldu.[8]
1908-ci il 25 noyabrda Çarskoye-Seloda müqəddəs Qeorqi Pobedonosev ordeni günü bayram edilirdi.[11] Podpolkovnik Şıxlinskiyə əla xidmətlərinə görə polkovnik rütbəsi verilirdi.[5] O, on illik xidməti borcunu üç ildə yerinə yetirmişdi.[5] Bu barədə yuxarı dairələrdə də, orduda da çox nadir bir hadisə kimi danışılırdı. Sülh vaxtı bu, ağlasığmaz təltifat idi.[5]
Artilleriya — zabitləri məktəbində Şıxlinski özünü qabaqcıl ideyaları təcrübədə tətbiq edən yenilikçi zabit kimi göstərirdi.[5] Xidmətdə fərqləndiyinə görə, ona vaxtından əvvəl polkovnik rütbəsi verildi.[5] O, 1912-ci ildə aeroplanların tətbiqi təcrübələrinin işlənməsi üzre komissiyanın üzvü, bir ildən sonra isə məktəb rəisinin köməkçisi oldu.[5] Tezliklə, "Artilleriya — zabitləri məktəbinin xəbərləri" jurnalı çıxmağa başladı.[5] Jurnalın səhifələrində generalın özü də çıxış edirdi.[11]
1913-cü ilin yayında general Joffre fransız ordusunun on yeddi nəfərlik zabit heyəti ilə Rusiyaya gəlir. Onlar bir neçə gün artilleriya zabitləri məktəbinin proqramı ilə maraqlanırlar.[4] Fransızlar qısalüləli topdan örtülü atəş üsulu ilə bir komandirin rəhbərliyi altında batareyadan necə atəş açıldığını göstərməyi xahiş edirlər.[4] Bütün atəş üsulunun təşkilinə komandirlik Əliağa Şıxlinskiyə həvalə olunur.[4] General Şıxlinskinin təşkil etdiyi dəqiq atəş üsulu və qısalüləli ağır top atışı fransızları heyrətdə qoyur. Onlar qısalüləli atəş üsulunu (o vaxta qədər fransızlarda qısalüləli top atəşindən istifadə olunmurmuş) özlərində tətbiq etməyi elə oradaca qət edirdilər.[4] Bir il sonra Rusiyaya gələn Fransa prezidenti Raymon Puankare rus artilleristlərinin general Joffreyə və onun heyətinə göstərdikləri hörmət müqabilində mükafatlar gətirir. Bu mükafatların arasında generallara məxsus cəmi iki fəxri "Fəxri Legion ordeni" də vardı.[4] Onun biri süvari generalı Bezorazova, ikincisi ilə Əliağa Şıxlinskiyə təqdim olunur.[4]
1913-cü ildə məktəb Şıxlinskinin təklifi ilə bəndlənmiş aerostatdan atəşin, müşahidə və hədəfin kəşfiyyatı üzrə təcrübələrə, həmçinin, aerostata və təyyarələrə atəşin əsas müddəalarının işlənib hazırlanmasına başladı.[5] Bu məsələ üzərində Əliağa Şıxlinski artıq çoxdan işləyirdi.[5] Hələ 1911-ci ildə, məktəbdə hava hədəfinə atəşin qaydaları məsələsi müzakirə olunarkən, alim hesabı saatda 180 verstlə uçacaq təyyarələr üzrə aparmağı təklif etmişdi.[5] Artıq o vaxt Şıxlinski aviasiya və hava hücumundan müdafiənin perspektivini düzgün başa düşmüşdü.[5]
Əliağa Şıxlinski məktəbdə qoşun bölmələrində və Peterburqun müxtəlif elmi yığıncaqlarında hərbi mövzuda silsilə mühazirələr oxumuşdur.[5] Bu mühazirələr Baş Qərargahın əmrilə kitabça şəklində çap olunmuşdur.[5] Onun "Divizion miqyasında topçu manevrlərinin təşkili üçün təlimat", "Dağ və səhra artilleriyası üçün məsələ və misallar məcmuəsi", (1913-cü ildən 1916-cı ilədək üç dəfə təkrar nəsr olunub) "Səhra toplarının cəbhədə işlədilməsi" və "Topçu zabitləri məktəbində podpolkovnik Şıxlinski tərəfindən oxunmuş mühazirələrin xülasəsi" kimi sanballı kitabları çap olunmuşdur.[5][11] Xüsusilə, sonuncu kitab topçular arasında çox böyük şöhrət qazanmışdır. Onu da deyək ki, artilleriya zabitləri məktəbinin mətbəəsində çap olunan bu kitab məktəbə xeyli mədaxil gətirir.[5] Həmin gəlirdən Əliağa Şıxlinskiyə qızıl pula 500 manat müəllif haqqı verilirdi.[5]
Birinci dünya müharibəsi
[redaktə | mənbəni redaktə et]Birinci dünya müharibəsinin əvvələrində Şıxlinski gəmilərdən alman desantçılarının çıxarılması ehtimalına qarşı Petroqrad artilleriyasının rəisi təyin edildi. Rusiya paytaxtı Petroqradın müdafiəsi şəxsən ona həvalə olunmuşdu.[12] O, şəxsən müdafiə xətti üzrə bütün cəbhəni gəzmiş, batareya qurğularının yerini ve atəş mövqelərinin qurulması qaydasını müəyyənləşdirmişdir.[5] O, aeroplanlardan müdafiəyə böyük diqqət yetirmişdir.[13] Onun təşəbbüsü ilə Petroqradın ətrafında general Rozenberqin sistemi əsasında xüsusi platformalarda 1900-cü il nümunəli, 3 düyümlü tezatan top qurğuları ilə təyyarə əleyhinə müdafiə təşkil edildi.[5] Tezliklə Şıxlinskinin Şimal-Qərb cəbhəsinin artilleriya müfəttişi vəzifəsinə keçirdilər.[13] Orada general tapşırıqların yerinə yetirilməsində artilleriya qruplarına şəxsən rəhbərlik etmiş, geniş miqyasda artilleriya hazırlığı həyata keçirilmişdir.[13] Öz nəzəri işləmələrini döyüşün aparılması təcrübəsilə əlaqəndirərək yaradıcılıqla istifadə edir, hərb elmini yeni töhfələrlə zənginləşdirirdi.[13] O, tezliklə çəpərləmə (mancə) atəşi aparılması üçün təlimat işləyib hazırladı.[5][13]
Əliağa Şıxlinski 1916-cı ildə Krevo yaxınlığında alman mövqelərinin yarılması əməliyyatına, Qərb cəbhəsinin onuncu ordu cəbhəsində 1917-ci il iyul əməliyyatının topçuluq cəhətindən hazırlanmasına rəhbərlik etmişdir.[5] Əliağa Şıxlinskini həmişə ön mövqelərdə görmək olardı.[5] O, topçu hissələrinin yerlərini yoxlayır, topları daha düzgün yerləşdirmək üçün göstərişlər verir, onların döyüş əməliyyatlarını izləyir və rəhbərlik edirdi.[5]
1917-ci il aprelin 2-də Əliağa Şıxlinski general-leytenant oldu.[4] Çar hökuməti devrildikdən və hakimiyyətə müvəqqəti hökumət gəldikdən sonra Şıxlinski orduda xidmət etməyi davam etdirdi.[5] O, Minski milisinin birinci rəisi M. V. Mixaylovun üzv olduğu Minski ilə sıx əlaqədə işləməli oldu.[5] M. V. Mixaylov ilə onun arasında səmimi münasibət yaranmışdı.[5] Qeyd etmək lazımdır ki, Şıxlinski öz xatirələrində, o zamankı məşhur siyasi və hərb xadimləri ilə görüşləri haqqında yazır və onların haqqında, bəzən çox qısa, lakin dəqiq xarakteristika verir.[5]
Azərbaycanda xidməti
[redaktə | mənbəni redaktə et]1917-ci ilin noyabrın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmışdır.[14] Bununla da o, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun təməl daşını qoymuşdur.[14] Bu barədə general "Xatirələrim" hərbi memuarında daha dəqiq məlumat verir:
Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olduğu barədə əmri oxudum. Öz xalqımın, baş verə biləcək xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət edib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım...
Dekabrın otuz birində mən öz qərargahımın ilk heyəti ilə Gəncəyə getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul olum. Korpus hissələrinin təşkilində böyük əngəllərə rast gəlirdik.[5] Əliağa Şıxlinski
|
1918-ci ilin oktyabrında general Əliağa Şıxlinski Gəncədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir:
Azərbaycanlılar birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana deyil və onun mövcudluğu hər hansı bir azərbaycanlının maddi rifahını daha da yaxşılaşdırmaq üçün yaranmayıb. Ordu xalqın istinadgahıdır - bura xalqın ləyaqətli oğulları gəlməlidir.[5] Əliağa Şıxlinski
|
General Əliağa Şıxlinski bu vətənpərvər çıxışını Gəncədə praporşiklər məktəbinin birinci buraxılışı münasibətilə söyləmişdir.[14] Bu şənlikdə Qafqaz Ordusunun baş komandanı Nuru Paşa, atası Hacı Əhməd, xalq təhsili naziri Nəsib bəy Usubbəyov, daxili işlər nazirinin vəkili Mehdi bəy Hacınski, sosial-təminat naziri Musa bəy Rəfiyev, Gəncə qubernatoru, general İbrahim ağa Vəkilov və başqa dövlət xadimləri iştirak edirlər.[14]
Elçi adlı müəllif 1918-ci il noyabrın 7 və 8-də "Azərbaycan" qəzetində rus dilində yazır ki, ertəsi gün Bakıdan gəlmiş qonaqlar və demək olar ki, bütün şəhər əhalisi hərbi meydana yollandılar.[5] Meydanda təlim üçün əvvəlcədən səngərlər, yarğanlar və cürbəcür maneələr hazırlanmışdı. Hamı özünün Milli bayramına, Türk-Azərbaycan zabitlərinin ilk buraxılışına tamaşa etməyə gəlmişdi.[5] Ətrafda bayram əhval-ruhiyyəsi var idi.[5] Əlahiddə Azərbaycan korpusunun komandanı general Əliağa Şıxlinski ətrafdakılarla birgə səflə düzülmüş yunkerlərə yaxınlaşıb salamlaşdı.[5] General Əliağa Paşanın mehriban "Salamına" birdən-birə səkkiz yüz gəncin ağzından gurultulu "Salam" cavabı çıxdı. Sonra proqram üzrə təlim sınaqları keçirilməsinə başlandı.[5]
Hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin gün yanıqlı bəyanatla xalqa müraciət etdi. 29 dekabr 1918-ci il tarixində Azərbaycan hökunətinin qərarı ilə general-leytenant Əliağa Şıxlinski hərb nazirin müavini təyin edildi.[15] 1919-cu il 28 iyulda Azərbaycan Xalq Cümhuriyyətinin 339 saylı əmri ilə Əliağa Şıxlinskiyə tam artilleriya generalı rütbəsi verilmişdir.[6] 1920-ci il 9 martda ilk dəfə onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis olunmuşdur.[16]
1920-ci il aprelin 27-də XI Qırmızı ordu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edir.[14] Vuruşmağın mənasız olduğunu görən Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermir.[9]
-
Palto, papaq və əlcəyi
-
Şamdanlar və qapı möhürü
-
Masa aksesuarları, eynək, qapı işarəsi
Sovetdə xidməti
[redaktə | mənbəni redaktə et]1920-ci ildə 28 aprel çevirilişinin səhərisi Səməd bəy Mehmandarovla həbs olunub.[5] Repressiyadan onları Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri Nəriman Nərimanov xilas etdi.[5] Nərimanov general Şıxlinski və general Səməd bəy Mehmandarovu, onlardan mərkəzi hərbi aparatda, dəyərli hərbi mütəxəssis kimi istifadə etmək üçün, Moskvaya, Vladimir Leninin yanına göndərmək qərarına gəldi.[7]
Əliağa Şıxlinski Ali Artilleriya məktəbində müəllim və Artilleriya Nizamnamə Komissiyasının tərkibində işləyirdi.[7] 1921-ci ildə o, Bakıya qayıtdı və Bakı qarnizonunun hərbi-elmi cəmiyyətində sədr müavini vəzifəsini tutdu.[7] 1921-ci ilin avqust ayında Moskvadakı Ali Artilleriya məktəbində dərs demiş və Petroqrad Topçu Akademiyasında mühazirələr oxumuşdur.[7] 1922-ci ildə Azərbaycan Komanda heyəti məktəbində topçuluqdan dərs demiş və Hərbi-Elmi Cəmiyyətin sədr müavini seçilib.[7] 1923-cü ildə, Əliağa Şıxlinski "Kommunist" qəzetində (aprel ayı № 9, 10,11) "Gələcək müharibədə toplar" silsilə məqalələrini dərc etdirmişdir.[5]
1924-cü ildə Azərbaycan Komanda Heyəti məktəbinin rəis müavini, 1925-ci ildə Azərbaycan Hərbi tərcümə kollegiyasının baş redaktoru olmuşdur.[7] O, "Rusca-Türkcə qısa hərbi lüğəti"ni 1926-cı ildə Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir.[4] Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur.[7] Məhz bu əvəzsiz xidmətinə görə general Əliağa Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 1928-ci il 23 fevral tarixli qərarı ilə Fəxri Fərmanla təltif olunmuşdur.[7] 1927-ci ildə onun "İşçi-kəndli Qızıl Ordu topçusunun döyüş təlimnaməsi" elmi əsəri nəşr olunmuşdur.[7] 1928-ci ildə "Hərbi bilik" jurnalının beş və altıncı saylarında silsilə hərbi elmi məqalələrlə çıxış etmişdir.[7]
General Əliağa Şıxlinski Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirən Mixail Frunzenin qarşısında Qızıl Orduda alay və tabor artilleriyasının yaradılması məsələsini qaldırmışdı.[17] 1929-cu ildən sonra Şıxlinskinin səhhəti birdən-birə pisləşdi, onun görmə və eşitmə qabiliyyəti zəiflədi.[5]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]O, 1909-cu il oktyabrın 27-də, 44 yaşında Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbovun qızı — dul qadın Nigar xanım ilə evləndi.[10][18] Nigar xanımın birinci əri milliyyətcə acar və dini müsəlman olan Dərviş bəy Məmmədbəy oğlu Palavandov idi.[13] Əliağa Şıxlinski özünün "Xatirələrim" kitabında yazırdı:
Bu dəyişiklik mənim həyatımı işıqlı bir yola, parlaq bir səadətə yönəltdi. Bir yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi. Fitrətən istedadlı olan, yaxşı təhsil görmüş, mülayim xasiyyətli Nigar xanım ailə səadəti üçün yaradılmış bir qadın idi. Mən bu səadətə tam mənası ilə nail oldum.[19] Əliağa Şıxlinski
|
Əliağa Şıxlinski həm də hərbçi Rüstəm Şıxlinski və Cavad bəy Şıxlinskinin əmisi idi.
Şıxlinski bədii yaradıcılıqla da məşğul olmuşdur.[5] Çoxlu şerlər tərcümələr və bədii parçalar müəllifi olan Əliağa Şıxlinski heç vaxt onları dərc etdirməmişdir.[5] Azərbaycan Tarixi Muzeyindəki şəxsi qovluğunda və Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, akademik Heydər Hüseynovun şəxsi fondunda general Əliağa Şıxlinskiyə məxsus çoxlu sənəd və materiallar var.[5] Beş yüz on dörd nömrəli fondda generala məxsus bir dəftər də saxlanılır.[5] Muzeydə və arxivdə saxlanan Şıxlinskinin "Zabitin yaddaşı" dəftərində şerlərə, bədii parçalara, tərcümə və qeydlərə rast gəlmək olar.[5]
1900-cü il oktyabrın 21-də tərtib olunmuş "Zabitin yaddaşı" dəftərindəki qeydlərdən aydın olur ki, dramaturq Cəfər Cabbarlının yaradıcılığına generalın xüsusi məhəbbəti olub, Cəfər Cabbarlının vaxtsız ölümü onu hədsiz dərəcədə kədərləndirib.[5] General Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Səməd Vurğunun "Böyük ədib" və Osman Sarıvəllinin "Yaşar" erlərini məharətlə rus dilinə tərcümə edib.[5] General Əliağa Şıxlinskinin şəxsi fondunda şair Osman Sarıvəlliyə yazdığı məktubların surəti və poçt qəbzi saxlanılır.[5] O, şair Osman Sarıvəlliyə yazır ki, mən cəsarət edib böyük dramaturq Cəfər Cabbarlıya yazdığınız "Yaşar" və "Ölüm" şerlərini türkcədən ruscaya tərcümə etdim. Xahiş edirəm, tərcümə ilə tanış olun, xoşunuza gəlsə dərc etdirmək üçün rüsxət verin.[5]
Generalın "Zabitin yaddaşı" dəftərində onun həyat və məslək yoldaşı, Nigar xanıma yazdığı "Ey sevdiyim dilruba", "Ana və onun əziz Nigarına", "Adi povest", "Vitse-admiral Makarovun xatirəsinə", VII əsr yapon şairi Ş. Munetodan "Sən mənə vəhşi dedin" şerlərinin rus dilinə tərcüməsi və başqa parçalar saxlanılır.[20]
Nigar xanım 1931-ci ilin 15 avqustunda Bakıda dünyasını dəyişir.[20] Onun ölümü Əliağa Şıxlinskiyə çox ağır təsir edir.[20] O, öz xatirələrində Nigar xanımın ölümü barədə yazır: "1931-ci il avqustun on beşində Nigar xanımın ölümü mənim üçün ən ağır bir zərbə oldu.[10][20] Mənim hər şeyim — həm səadətim, həm də səhhətim onunla getdi". Nigar xanımdan sonra Əliağa Şıxlinski 13 il tənha ömür sürür: "Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın" — deyən general öz vəsiyyətnaməsində xanımı ilə bərabər dəfn olunmasını və qəbrinin üzərində heç bir tarix qoyulmamasını istəyir.[20]
1948-ci il noyabrın 28-də vəfat edən bəstəkar Üzeyir bəy Hacıbəyovun pianosunun üstündə bitməmiş bir not yazısı qalıb.[20] Üzeyir bəy general Əliağa Şıxlinskinin altıbəndlik "Mənim" şeirinin iki bəndinə romans yazıbmış.[20] Sonsuz bir məhəbbətlə sevdiyi Nigarını Əliağa Şıxlinski qaynar ilhamla tərənnüm edirdi:[20]
Ey sevdiyim, ey dilruba,
Səbrim, qərarımsan mənim.
Səd mərhəba, səd mərhəba,
Nə türfə yarımsan mənim.
Görən səni, ey nazənin,
Deyər: pəh-pəh, səd afərin!
Dünyada mislin yox yəqin,
Əcəb dildarımsan mənim!
Gözəl zahirdə surətin,
Gözəl batin təbiətin.
Gözəl hər işdə qeyrətin,
Namusum, arımsan mənim.
"Mənim", Əliağa Şıxlinski[20]
Əliağa Şıxlinski barəsində maraqlı faktlara diqqət çəkən tədqiqatçılar yazır ki, o, iri cüssəli olmasına baxmayaraq, alt dodağı hündürlüyündə çəkilmiş ipin üzərindən tramplinsiz tullana bilərmiş.[12] Digər zabit həmkarlarından fərqli olaraq, heç vaxt pulla qumar oynamazdı.[12] At yarışlarında hansı atın qalib gələcəyini 90%-lik ehtimalla bildiyi halda, heç vaxt bu oyuna pul yatırmazdı.[12] Rus-yapon müharibəsi zamanı 2 topla düşmənin 18 topuna qarşı müqavimət göstərərək, öz mövqeyindən geri çəkilməyib.[12] İmperator məiyyətinə daxil olmaq barədə israrlı təklifləri heç vaxt qəbul etməyib.[12]
General-leytenant Əliağa Şıxlinskiyə məxsus yəhərüstü qırmızı məxmər parça və dəridən hazırlanıb.[21] Eksponatın aşağı hissəsində də güləbətin sapdan saçaqlar var.[21] 2017-ci ildə yəhərüstü bərpaya ehtiyac olduğundan Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyasının rəssamı İlhamə Rəhimova tərəfindən bərpa edilib.[21] Yəhərüstü bərpadan sonra Hədiyyələr və Xatirə Əşyaları fonduna təhvil verilib.[21]
İrsi
[redaktə | mənbəni redaktə et]Onun adını 1980-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid olan tanker daşıyır.[23] Bakı və Qazax şəhərində adına küçə var.[24] Respublika Nazirlər Sovetinin 1990-cı il 28 iyul tarixli qərarı ilə Sabirabad rayonundakı altı saylı pambıqçılıq kolxozuna və Bakının yeddinci mikrorayonundakı 135 saylı orta məktəbə general Əliağa Şıxlinskinin adı verilmişdir.[24] Vaxtilə yaşadığı Cəfər Cabbarlı küçəsindəki binaya xatirə-barelyefi vurulmuşdur.[24] 1990-cı il iyulun 23-də isə Respublika Prezdentinin fərmanı ilə ali məktəb tələbələri üçün xüsusi "general Əliağa Şıxlinski" təqaüdü təsis edildi.[24] 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev general Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.[25]
Əliağa Şıxlinski Aleksandr Stepanovun "Port-Artur" və "Zvonaryovlar ailəsi" romanlarının personajlarından biridir:[24]
Əliağada general təkkəbbüründən əsər-əlamət yox idi. General Şıxlinski hərbi akademiyanı bitirməsə də, fitri zəkası, praktik fəhmi artilleriya elmində ona böyük nüfuz qazandırmışdır.[5] Aleksandr Stepanovun "Zvonaryovlar ailəsi" romanından
|
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- General (film, 1970)
- Artilleriyanın allahı sayılırdı (film, 1996)
- Sərkərdə ləyaqəti. General Əliağa Şıxlinski (film, 2011)
- Artilleriya allahı (film, 2015)
Əliağa Şıxlinski barədə olan fikirlər
[redaktə | mənbəni redaktə et]- "Əliağa Şıxlinski taktika sahəsində dərin nəzəri əməli bilikli sayca çox olmayan artilleristlərdən biri olub. O, hərb elmini təcrübədə tətbiq etmək sahəsində nadir bir istedada malik idi. Əliağanın qəhrəmanlığı öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir şəxs üçün nümunə olmalıdır." — Yevgeni Barsukov[8]
- "Əliağa Şıxlinski dünyada şöhrət qazanmış topçuluq elmi sahəsindəki nəşrləri və fəaliyyəti ilə yanaşı, dil və ədəbiyyat məsələləri ilə də məşğul olurdu. Əliağa Şıxlinski ilə yaxında tanış olanlar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və ibrətli bir şəxs idi." — Heydər Hüseynov[5]
- "Azərbaycanlılar birinci dəfə deyil ki, vuruş meydanlarında (1945-ci ildə olan Sovet-Yaponiya müharibəsi) Yaponlarla qarşı-qarşıya gəlirlər. Mən Port-Artur uğrunda gedən döyüşlərdə fərqlənmiş məşhur topçu Əliağa Şıxlinskinin adını çəkə bilərəm. Bu ad rus hərb elmi tarixində böyük şöhrət qazanmışdır." — Səməd Vurğun[5]
- "Şıxlinski Nikolay ordusunda "Artilleriyanın Allahı" sayılırdı." — Nəriman Nərimanov[5]
- "Yoldaş Şıxlinski möhkəm iradəyə və enerjiyə malikdir, vəziyyəti düzgün qiymətləndirməyi bacarır, tabeliyində olanlar qarşı tələbkar, lakin çox ədalətlidir, onlara yoldaşlıq münasibəti bəsləyir. İntizamlıdır, sağlamdır, yaşının çox olmasına baxmayaraq səfərlərdə çox dözümlüdür. Hərbi Elmi Bilik Cəmiyyətinin ən fəal üzvüdür. Yüksək hərbi elmi biliyə malikdir." — İona Yaker[5]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- 1891 — III dərəcəli Müqəddəs Stanislav ordeni[26]
- 1896 — III dərəcəli Müqəddəs Anna ordeni[26]
- 1901 — II dərəcəli qılınclarla Müqəddəs Stanislav ordeni[26]
- 1904 — II dərəcəli Müqəddəs Anna ordeni[26]
- 1905 — "İgidliyə görə" sözləri yazılmış qızıl silah[5]
- 1905 — "İgidliyə görə" sözləri yazılmış IV dərəcəli Müqəddəs Anna ordeni[5]
- 1905 — II dərəcəli Müqəddəs Anna ordeni[26]
- 1905 — IV dərəcəli Müqəddəs Georgi ordeni[26]
- 1905 — IV dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla)[5]
- 1907 — "Rus-yapon müharibəsinin xatirəsinə" gümüş medalı[5]
- 1907 — Ən yüksək lütf[13]
- 1913 — "Romanov sülaləsinin hökmranlığının 300 illiyinin xatirəsinə" açıq rəngli bürünc medalı[5]
- 1913 — Fəxri Legion ordeni[26]
- 1913 — III dərəcəli Müqəddəs Vladimir ordeni[26]
- 1915 — I dərəcəli Müqəddəs Stanislav ordeni[26]
- 1915 — I dərəcəli Müqəddəs Anna ordeni[26]
- 1915 — II dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla)[26]
Biblioqrafiya
[redaktə | mənbəni redaktə et]Əsərləri
[redaktə | mənbəni redaktə et]- Döyüş sahəsində artilleriyanın istifadəsi (1910)[7]
- Dağ və sahə artilleriyasının problemlərinin həlli üçün tapşırıqlar toplusu (1916)[7]
- Rusca-Türkcə qısa hərbi lüğət (1926)[7]
- İşçi-kəndli Qızıl Ordu topçusunun döyüş təlimnaməsi (1927)[7]
- Xatirələrim (1944)[7]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Əliağa Şıxlinski
-
Əliağa Şıxlinski həyat yoldaşı Nigar Şıxlinskaya ilə
-
Əliağa Şıxlinski həyat yoldaşı Nigar Şıxlinskaya ilə. 1920-ci illər
-
1920-ci ildə Əliağa Şıxlinski
-
1925-ci ilin aprel ayında Əliağa Şıxlinski Mixail Frunze və Əliheydər Qarayev ilə
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "150 лет назад родился «бог артиллерии» русской армии и АДР". www.vesti.az. 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ "Юбилей, который ждут". www.echo.az. 2018-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ "The God of Artillery in Baku". www.azernews.az. 2018-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "Kiçik qəbri olan böyük general". teleqraf.com. 2018-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 Nəzirli, Şəmistan. General Əliağa Şixlinski ömrü (PDF). Bakı: Uğur. 2005. 248. 2017-09-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 sentyabr 2017.
- ↑ 1 2 3 4 "ИСТОРИЯ "БОГА АРТИЛЛЕРИИ" - ГЕНЕРАЛА АЛИ АГА ШИХЛИНСКОГО". www.bigcaucasus.com. 2018-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 "Али Ага Шихлинский - Бог артиллерии". vakrf.ru. 2018-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "АЛИ-АГА ИСМАИЛ-АГА ОГЛЫ ШИХЛИНСКИЙ: БИОГРАФИЯ". www.people.su. 2018-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 "Şıxlinskilərin 1919-1920-ci illərdə". anl.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 "История жизни и любви генерала Али ага Шихлинского и его жены Нигяр ханум". tsarselo.ru. 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 "Его звали богом артиллерии" (PDF). www.azerizv.az. 2015-04-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 "ADR-in hərbi nazirinin müavini, "Artilleriya Allahı", general Əliağa Şıxlinski - 150". www.baki-xeber.com. 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 "Вперед! Всегда вперед!". anl.az. 2018-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 "Əliağa Şıxlinski: "Ordu xalqın istinadgahıdır-bura xalqın ləyaqətli oğulları gəlməlidir"". anl.az. 2018-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 383. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
- ↑ "В Баку почтили память генерал-лейтенанта Шихлинского". ru.sputnik.az. 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ Petrova, Marina. "«Треугольник Шихлинского»: семья, армия, наука -2". vestikavkaza.ru. 2018-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ "Nigar xanım Şıxlinskayanın yadigarı bərpa olundu". www.azadliq.org. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ "Milli maarifçilik və mədəni dirçəliş tariximizdə parlaq imza - Nigar xanım Şıxlinskaya". www.anl.az. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Milli maarifçilik və mədəni dirçəliş tariximizdə parlaq imza - Nigar xanım Şıxlinskaya". 525.az. 2015-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 4 "General-leytenant Əliağa Şıxlinskiyə məxsus yəhərüstü – FOTO". www.1news.az. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ Lider TV. "Əliağa Şıxlinskinin doğum günüdür" (az.). Youtube.com. 24.04.2018. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-24.
- ↑ ""GENERAL ŞIXLİNSKİ" TANKERİ BAKIYA GƏTİRİLMİŞDİR". azertag.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 Назирли, Шамистан. "Генерал-ученый". www.kaspiy.az. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ "General Əliağa Şıxlinskinin 150 illik yubileyi keçiriləcək". az.trend.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Qocayeva, Adilə. "Görkəmli sərkərdə". www.anl.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2017.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Bayramova, Zəminə. Artilleriyanın Allahı: poema (PDF). 2016. 136. ISBN 978-9952-8284-8-1. İstifadə tarixi: 1 oktyabr 2017.
- Şəmistan Nəzirli. General Əliağa Şıxlinski və silahdaşları (hərb tarixindən araşdırmalar). Bakı, 2012.
- "Artilleriya Zabitləri məktəbinin jurnalı", 1913. səh.2.
- Mətanət Kərimova. İlk azərbaycanlı tibb bacısı-Nigar Şıxlinskaya Arxivləşdirilib 2017-10-16 at the Wayback Machine — 30–04–2015
- Vikipediya:Əlifba sırasına görə yaxşı məqalələr
- 15 martda doğulanlar
- 1863-cü ildə doğulanlar
- Aşağı Salahlıda doğulanlar
- 18 avqustda vəfat edənlər
- 1943-cü ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Yasamal qəbiristanlığında dəfn olunanlar
- 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeninin kavalerləri
- "Müqəddəs Vladimir" ordeni ilə təltif edilənlər
- II dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- "Müqəddəs Anna" ordeni kavalerləri
- I dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- III dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- Qılınclı və bantlı 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni kavalerləri
- IV dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- Qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- II dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- Qılınclı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni kavalerləri
- 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- III dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- IV dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- "Fəxri Legion" ordeninin komandorları
- "Fəxri Legion" ordeni zabitləri
- "İgidliyə görə" qızıl qılıncı kavalerləri
- "Müqəddəs Stanislav" ordeninin kavalerləri (Rusiya imperiyası)
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Vikimənbəyə keçidi olan məqalələr
- Əliağa Şıxlinski
- Şıxlinskilər
- Azərbaycanlı generallar
- Rusiya imperiyası generalları
- Azərbaycan Xalq Cümhuriyyətinin generalları
- Azərbaycan memuarçıları
- Rusiya İmperator Ordusunun azərbaycanlı generalları
- Birinci Dünya müharibəsində azərbaycanlılar
- Azərbaycan generalları