Antanta
Antanta (fr. Entente — saziş) — Almaniya tərəfindən gözlənilən təcavüzə qarşı 1904–1907-ci illərdə yaradılmış B.Britaniya-Rusiya-Fransa kollektiv müdafiə ittifaqı. Sonralar 1915-ci ildə İtaliya və Yaponiya da bu ittifaqa qoşuldu.
Tarixi
[redaktə | mənbəni redaktə et]İttifaqın adı 1904-cü il ingilis-fransız müqaviləsinin mətnində fransız sözü olan "entente cordial" ("antant kordivl" kimi tələffüz edilir) — "qəlblər və ya ürəklər razılığı" kimi izah edilmişdir. Sonralar ona 20-dən çox dövlət qoşulmuşdur. Birinci dünya müharibəsi illərində B.Britaniya, Fransa və Rusiyaya qoşularaq Almaniya blokuna (Almaniya, Avstriya — Macarıstan, Osmanlı imperiyası, Bolqarıstan) qarşı vuruşan dövlətlər də Antanta ölkələri adlandırılmışdır. Anti-Almaniya mövqeyi tutan dövlətlərin sayı çox olsa da, onların bir çox Almaniyaya qarşı hərbi əməliyyatlar da iştirak etmirdilər. Məsələn, Çin I Dünya Müharibəsinə Antantanın tərkibində başlasa da, o sadəcə formal olaraq üzvlük daşıyırdı. O, yalnız Almaniya ilə diplomatik əlaqələri kəsmək ilə kifayətlənmiş, heç bir hərbi əməliyyat aparmamışdı.[1]
Antanta bloku
[redaktə | mənbəni redaktə et]Antanta bloku — I Dünya Müharibəsi zamanı 1904–1907-ci illərdə "Üçlər ittifaqı"na qarşı olaraq yaranmışdı. Antanta bloku "Üçlər ittifaqı"na cavab olaraq yaradılmış və özündə alman qüvvələrinə qarşı olan dövlətləri cəmləşdirmişdi. Fransa əvvəlcədən Almaniyaya qarşı idi. Rusiya və İngiltərənin də burada Almaniya hegemoniyasına qarşı olması bu dövlətləri bir blok altında birləşdirdi.
Müttəfiqlərarası parçalanma
[redaktə | mənbəni redaktə et]Rusiya və Rumıniya Birinci dünya müharibəsi illərində Almaniya bloku ölkələri ilə separat sülh bağlayaraq ittifaqın tərkibindən çıxmışlar. Sovet Rusiyasının müharibədən çıxması, B.Britaniya və Fransanın sovet hakimiyyətinə qarşı kəskin reaksiyası nəticəsiz qalmadı. Antanta blokunda müttəfiqlərarası köklü parçalanma baş verdi. 1917-ci il dekabrın 23-də B.Britaniya ilə Fransa arasında bağlanmış məxfi konvensiyaya görə, müttəfiqlər keçmiş Rusiya imperiyasının ərazi bölgüsünü aparmış, Qafqaz ingilis nüfuz sahəsinə aid edilmişdi. Qafqaz, Xəzər hövzəsi, xüsusən də Bakı bölgəsi Antanta ilə Almaniya bloku, həmçinin Antanta ilə Sovet Rusiyası arasında mübarizə obyekti olmuşdur. Bu prinsipial məsələni İ.Stalin daha açıq ifadə etmişdi:
Qafqazın inqilab üçün mühüm əhəmiyyəti onun yalnız xammal, yanacaq, ərzaq mənbəyi olması ilə deyil, həm də Avropa və Asiya, xüsusilə Rusiya və Türkiyə arasındakı mövqeyi və mühüm iqtisadi və strateji yollara (Batum-Bakı, Batum-Təbriz, Batum -Təbriz-Ərzurum) malik olması ilə müəyyən edilir... Qafqazda, nəhayət, kim möhkəmlənəcək, neftdən və Asiyanın dərinliyinə aparan ən mühüm yollardan kim istifadə edəcək, inqilab, yoxsa, Antanta - bütün məsələ bundadır |
Antanta dövlətləri Osmanlı — Almaniya qoşunlarının irəliləməsindən, Osmanlı ordusunun İran, Qafqaz, Türkistan istiqamətində həmləsindən, Bakı neftinə sahib ola biləcəklərindən bərk ehtiyat edirdi. Antanta dövlətlərinin nümayəndələri Zaqafqaziya komissarlığının yaradılması prosesində iştirak etmişlər. B.Britaniya hökuməti Zaqafqaziya Federasiyasını bütünlüklə dəstəkləməyi qərara almış və Qafqazla bağlı nəzərdə tutduğu geniş strateji planı həyata keçirmək məqsədilə bölgəyə hərbi missiya göndərməyi qərarlaşdırmışdı. Lakin general Denstervilin başçılıq etdiyi B.Britaniya hərbi ekspedisiyası iflasa uğramış, qısa müddətdən (1918, 4 avqust-14 sentyabr) sonra Bakını tərk etməyə məcbur olmuşdu. 1918-ci il 30 oktyabr Mudros (Mondros) barışığına görə Osmanlı qüvvələri tezliklə Cənubi Azərbaycanı və Cənubi Qafqazı tərk etməli, Antanta qüvvələri Bakını işğal etməli idi. Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə səlahiyyətli nümayəndəsi kimi Əlimərdan bəy Topçubaşov İstanbulda Mudros barışığının Azərbaycana aid hissəsi ilə bağlı bir neçə dəfə etiraz notaları ilə çıxış etmişdir. Antanta qüvvələrinin baş komandanı və nümayəndəsi kimi general U.Tomsonun başçılığı altında ingilis qoşunları 1918-ci il noyabrın 17-də Bakıya daxil olmuşdu.[1]
Ölkələrarası sazişlər
[redaktə | mənbəni redaktə et]Antanta dövlətlərinin Azərbaycandakı nümayəndələri bəyanatlarında Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransında iştirak edəcəyini bildirmişdilər. Lakin Antanta dövlətlərinin Qafqaz respublikaları ilə bağlı mövqeləri fərqli olmuşdur. Sülh konfransında yüksək nüfüza malik olan böyük dövlətlər içərisindən məhz Fransa yeni yaranmış Qafqaz respublikalarının müstəqilliyinin tanınması əleyhinə olmuşdur. Fransa hökuməti Azərbaycanla iqtisadi əlaqələr yaratmağa meyl göstərsə də, Azərbaycan və Gürcüstanı nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi, ermənipərəst siyasət yeridirdi. İtaliyanın Qafqaza münasibəti ingilislərin mövqeyi ilə sıx bağlı olmuşdur. İngilis qoşunları Qafqazdan çıxmaqla yanaşı, nə ABŞ-nin, nə də Fransanın bu regionda birtərəfli qaydada qüvvətlənməsinə yol vermək istəmirdilər. Bu məqsədlə italyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə ingilislər tərəfindən irəli sürüldü. Belə ki, İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdə mövcud olan qüvvələr nisbətini pozmurdu. İngilislərlə italyanlar arasında aparılan danışıqlar 1919-cu il martın 24-də gizli saziş imzalanması ilə nəticələndi. 1919-cu il mayın 10-da B.Britaniya komandanlığı ingilis hərbi şurasının Cənubi Qafqazdan çıxmaq qərarı barədə Azərbaycan və Gürcüstan hökumətlərinə məlumat verdi. Mayın 10-da İtaliyanın bir hərbi korpusu artıq Batuma daxil olmuşdu. Mayın 16-da fövqəladə İtaliya missiyası, mayın 22-də hərbi ekspertlər qrupu Bakıya gəldi. İtaliya hökuməti Qafqaza ordu göndərilməsinə tərəfdar olduğunu bildirdi. İyunun 28-də B.Britaniya hökuməti ingilis ordusunun Qafqazdan və ümumilikdə, keçmiş Rusiya ərazisindən çıxardılması haqqında Paris sülh konfransına rəsmi şəkildə məlumat verdikdə Antanta dövlətləri Qafqazdan çıxan ingilis ordusunu İtaliya ordusu ilə əvəz etmək haqqında qərar qəbul etdilər. Lakin İtaliyada hökumət kabinəsinin dəyişməsi nəticəsində yeni yaradılmış F.Nitti hökuməti İtaliyanın Qafqaza ordu göndərməsindən imtina etdi. F.Nittinin belə qərar qəbul etməsi Azərbaycanı və Gürcüstanı çətin vəziyyətə salırdı. İtaliyanın əvvəlki baş naziri Orlandodan fərqli olaraq, Nitti "Böyük Ermənistan" yaradılması, Türkiyənin parçalanması ideyasını Antanta dövlətlərinin avantürası hesab edirdi. İngilis qoşunlarının Qafqazdan çıxarılması ilə B. Britaniya Hökuməti O.Uordrop başda olmaqla, Qafqaza özünün siyasi missiyasını göndərdi. Uordropun rəhbərlik etdiyi ingilis missiyasından başqa, mayor de Nonankurun rəhbərlik etdiyi Fransa, polkovnik Haskelin rəhbərlik etdiyi Amerika, polkovnik Qabbanın rəhbərlik etdiyi İtaliya missiyaları Qafqaza gəldilər. Antanta dövlətlərinin işgüzar nümayəndələri də Qafqazla, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti ilə əməkdaşlıq etmişdilər.[1]
- 1891-ci i-ldə — Rusiya imperiyası və Fransa respublikası Fransız-rus ittifaqının yaradılması ilə bağlı razılığa gəldilər.
- 1904—cü ildə — İngilis-fransız razılığı əldə olundu.
- 1907-ci ildə — Rus-ingilis razılığı imzalandı.
Azərbaycanın tanınması
[redaktə | mənbəni redaktə et]Versaldakı Azərbaycan nümayəndələri Antanta Ali Şurası tərəfındən Azərbaycan Xalq Cümhuriyyətinin tanınması yönündə ardıcıl, intensiv fəaliyyət göstərmişdir və nəhayət, Antanta dövlətlərinin təşəbbüsü ilə çağırılmış Paris sülh konfransının Ali Şurası blokun aparıcı dövlətlərindən biri olan B.Britaniyanın təklifi ilə 1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət müstəqilliyini de-fakto olaraq tanımışdır. Lakin Antanta dövlətlərinin Cənubi Qafqaz respublikalarına yardım xarakterli bütün vədləri deklarativ məzmun daşımış və öz qüvvələrinin ümidinə qalan bu dövlətlər Sovet Rusiyası tərəfındən işğal olunmuşdur.
Nəticəsi
[redaktə | mənbəni redaktə et]Birinci dünya müharibəsi Almaniya bloku dövlətlərinin bir-birinin ardınca məğlubiyyəti və barışıq imzalanması ilə başa çatdı. Antanta Birinci dünya müharibəsi illərində qarşıya qoyduğu başlıca məqsədə — Almaniyanın darmadağın edilməsinə nail oldu. Müharibənin nəticəsi Osmanlı İmperiyasınn və "Üçlər İttifaqına" daxil olan Avstriya-Macarıstanın süqutu, Rusiyada Fevral və Oktyabr üsyanlarına, Almaniyada isə Noyabr üsyanın baş verməsi olmuşdu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- АНТА́НТА
- Интервенция 14 держав в Советскую Россию
- MÜQAVİLƏ MÜHARİBƏSİ
- Antanta dövlətləri və İtaliyanın Vaşinqton konfransında əldə etdiyi razılıq: