Apertur

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Apertur (lat. apertura – deşik) – 1) optik sistemin Aperturu – optik sistemdən keçən işıq dəstələrinin eninə ölçülərini məhdudlaşdıran həmin sistemin ən kiçik deşiyini (təsiredici adlanan) səciyyələndirən kəmiyyət; linzaların və ya apertur adlanan diafraqmanın ölçüləri ilə təyin edilir. Bucaqədədi Aperturalar olur. Bucaq Aperturu optik sistemə daxil olan konusvarı işıq dəstəsinin kənar şüaları arasında 2σA bucağı ilə xarakterizə edilir. Kənar işıq şüasının və optik oxun arasındakı σA bucağı apertur bucaq adlanır. Ədədi Apertur A = n·sinσA ilə ifadə edilir; n – obyektlə optiki sistemin ön səthi arasındakı mühitin şüasındırma əmsalıdır. Apertur böyük olduqca, müstəvidə təsvirin işıqlığı ilə təyin edilən optik sistemin işıq qüvvəsi (A2 ilə mütənasibdir) və onun obyektin iki yaxın nöqtəsinin ayrı-ayrı təsvirlərini yarada bilmək qabiliyyətini xarakterizə edən ayırd etmə qabiliyyəti (A ilə mütənasibdir) də yüksək olur. Ədədi Aperturu böyütmək üçün mikroskoplarda əşya (qoruyucu şüşə) ilə giriş obyektivi arasında adətən yüksək şüasındırma əmsalına malik immersion adlanan şəffaf maye yerləşdirilir. 2) Antena Aperturu – radioteleskop və ya radiolokator antenasının effektiv sahəsi; müəyyən şəraitdə təqribən antenanın açılma sahəsinə bərabər ola bilər. Apertur şüanın düşmə istiqamətindən asılıdır.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 573 – 574. ISBN 978-9952-441-02-4.