I Orxan
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Orxan Qazi | |
---|---|
Orhan Gazi | |
1326 – 1362 (ləqəbi: Şücaəddin, Seyfəddin, İxtiyarəddin) | |
Əvvəlki | I Osman |
Sonrakı | I Murad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 fevral 1281 |
Doğum yeri | |
Vəfat tarixi | mart 1362 (81 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Bəy |
Atası | I Osman |
Anası | Malhun Xatun |
Həyat yoldaşları |
Asporça Xatun Nilufər Xatun Feodora Kantakuzenos Əftandisə Xatun |
Uşaqları |
Şahzadə Süleyman Qazi( 1316 – 1357 ) I Murad (1326-1389) Şahzadə İbrahim Şahzadə Qasım Şahzadə Eyyub Fatma Xatun |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
I Orxan, Orxan Bəy və ya Orxan Qazi (osman. اورخان بك, türk. Orhan Gazi, I Orhan, Orhan Bey; 6 fevral 1281, Söğüt, Biləcik ili – mart 1362, Bursa) — Osmanlı imperiyasının ikinci sultanı. Osmanlı imperiyasının qurucusu olan I Osmanın oğlu. I Osmanın vəfat etməsindən sonra Orxan 1326-cı ildə bəyliyə sahib olmuşdur. I Orxan hakimiyyətə gələn zaman dövlətin əraziləri 16.000 km² təşkil edirdi. I Orxan hakimiyyəti ərzində imperiyanın ərazilərini 95.000 km² qədər genişləndirə bilmişdir.
Bəy olmadan öncəki həyatı və bəy olmağı
[redaktə | mənbəni redaktə et]Doğum tarixi 1281-ci il olaraq göstərilsə də, bu tarixi 1274, 1279, 1287 olaraq da göstərən mənbələr də mövcuddur.[1] Osmanoğullarının ən uzunömürlüsü hesab olunan Orxan bəyin uşaqlığı və gəncliyi haqqında məlumat yoxdur. Necə boya başa çatdığı, necə təhsil aldığı, hətta təhsili olub-olmaması bilinmir. Osmanlı tarixində adı ilk dəfə 1298-ci ildə Nilufər xatunla(Yarhisar hakiminin qızı Holofira) evlənməsi haqqında məlumatda keçib. 1300-cü ildə Körpühisarın fəthində iştirak etmişdir və Qaracahisar ona ucbəyliyi kimi verilmişdir. Osman bəy oğluna əmir-i kəbir(bəylərbəyi) rütbəsi verərək onu kiçik bəylik ordusunun komandanı etmişdir və bundan sonra Orxan bəy atasının yürüşlərində iştirak etmişdir.[1]
Bəyliyə atasının sağlığında yoxsa ölümündən sonra rəhbərlik etməsi mübahisəlidir.[1]
Bizans tarixçisi Laonikos Chalkokondyles mənbə göstərmədən Orxan bəyin atasının ölümündən sonra Uludağa çəkilərək ordu toplayıb qardaşlarını məğlub elədiyini yazmışdır.[1]
İlk Osmanlı tarixçilərindən olan İbni Kamal Orxan bəyin əxi liderlərinin qərarı ilə bəy olduğunu qeyd edərək yazmışdır: "Ru'us-i hadem və vücuh, Uluğ oğlu Orxanı rəyasətə layiq gördülər".[1]
Aşıkpaşazadə, Oruc bəy və Nəsri kimi ilk Osmanlı tarixçilərinin ənənəvi qəbul olunan deyişinə görə bəyliyin önəmli adamları, Osman bəyin övladları Osman bəyin ölümündən sonra yığıncaq təşkil eləmişdir. Bu yığıncaqda Orxan bəy qardaşı Əlaəddin bəyin rəhbərlik etməsini istəmişdir, lakin Əlaəddin bəy bunu qəbul etməmişdir və qardaşı Orxan bəyi taxta layiq gördüyünü ifadə etmişdir. Beləcə Orxan bəy taxta keçmişdir.[2]
Osmanlıda ilk mülkiyyət sənədini(Sakaryadakı Akova bölgəsinin Çalıca və Şehlər kəndlərinin mülkiyyəti) Orxan Qazi 1301-ci ildə Şeyx İzzəddin İsmayıla vermişdir.
Adına kəsdirdiyi ilk Osmanlı axçası Rəbiüləvvəl 724(Fevral 1324) tarixini göstərir və Orxan bəyin ən geci bu tarixdə hakimiyyətə keçməsinə sübutdur.[3]
Orxan Qazi bəy olduqdan sonra ona "Şücaəddin", "Seyfəddin", "İxtiyarəddin" təxəllüsləri verilmişdir. Orxan Qazi adına tuğra(imza) çəkilən ilk Osmanlı hökmdarıdır.[1]
Anadoluda etdiyi fəthlər
[redaktə | mənbəni redaktə et]Orxan Qazinin bəylik dönəminin ilk illəri Anadoluda etdiyi fəthlərlə keçmişdir. Bəyliyi dövründə digər Anadolu bəyləri kimi Elxanilər dövlətinə illik vergi ödəmişdir. Digər tərəfdən isə Bizans torpaqlarına etdiyi axınlar və fəthlər nəticəsində Osmanlı bəyliyi daha da güclənmişdir.
Orxan bəy 1321-ci ildə Mudaniyanı fəth edərək bəyliyin sərhədlərini Mərmərə dənizinə qədər genişləndirmişdir. 1323-cü ildə Gəbzədə öz adına məscid tikdirmişdir. 1321-ci ildən 1326-cı ilə qədər Orxan Qazinin sərkərdələri Qonur Alp Qara dənizin qərbinə, Ağca Qoca İzmit ətrafına, Əbdürrəhman Qazi Yalova ətrafına axınlar edərək Yalova, Ağyazı, Mudurnu, Bazaryeri, Sapanca, Kandıra və Samandranı fəth etmişlər.
1326-cı ildən hədəf yenidən illərdir ki, mühasirə altında olan və bölgənin ən böyük şəhəri sayılan Bursaya çevrilmişdir. İlk öncə Orxaneli(o dövrdə Atarnos) qalası tutularaq dağıdılmışdır. Sonra Bursa qalasını mühasirəyə almaq məqsədilə Pınarbaşında qərərgah qurulmuşdur. Buna baxmayaraq İslamı qəbul edərək Osmanlı tərəfinə keçmiş Mihal Qazinin diplomatik siyasəti nəticəsində qala döyüşsüz alınmışdır. Bir mənbədə Bursa şəhərinin tutulması kimi 6 aprel 1326-cı il tarixi göstərilmişdir. Buna baxmayaraq bu dövrə aid Bursa şəhərində zərb olunan axçalar daha öncəki tarixləri göstərir. Əsasən Osmanlı tarixçiləri Bursa fəth olunandan sonra şəhərin dövlətin paytaxtı olduğunu qeyd edirlər.[4]
Sonrakı illərdə Orxan Qazi sərkərdələri ilə Kocaelinə axınlar etmişdir, Qartal və Aydos qalaları fəth olunmuşdur.
1329-cu ilin may ayında Bizans İmperatoru III Andronik və yaxın adamı Yannis 2000 nəfər muzdlu əsgərlə dəstəklənmiş Bizans ordusu ilə Kocaeli istiqamətində hücuma keçmişdir. İzmiti mühasirəyə alan Orxan Qazi Darıca istiqamətindən irəliləyərək Bizans ordusu ilə qarşı-qarşıya gəlmişdir. 11 iyun 1329-cu ildə iki ordu Maltəpədə(Palekanon) döyüşmüşdür. Bizans ordusu bu döyüşdə ağır məğlubiyyətə uğramışdır və III Andronik yaralanaraq qaçmışdır. Beləliklə III Andronikin Anadolu torpaqlarını geri alma planı iflasa uğramışdır və ondan sonra buna cəhd olunmamışdır.[5]
Orxan Qazi qazandığı bu zəfərdən sonra 2 mart 1331-ci ildə Bizansın önəmli şəhəri olan Nikeyanı müqavimətsiz fəth etmişdir. Şəhərin adı dəyişdirilərək İznik adlandırılmışdır. Orxan bəy və yaxın adamlarının fəaliyyəti nəticəsində İznik şəhəri Osmanlı mədəniyyətindən təsirlərənək bir İslam şəhərinə çevrilmişdir.
Eyni zamanda Qara Teymurdaş paşa Osmanlı sərhədlərini Mərmərə dənizinin Gəmlik və Armudlu sahillərinə qədər genişləndirmişdir. Daha sonra 6 ildir mühasirə altında olan Nikomediya şəhəri 1337-ci ildə müdafiəsiz hala gəlmişdir. Sonuncu Bizans hakiminin şəhəri tərk etməsindən sonra şəhər Osmanlı ordusu tərəfindən fəth edilərək İzmit olaraq adlandırılmışdır və idarəsi Süleyman paşaya verilmişdir.
Bundan sonra III Andronik 1333-cü ildə Orxan Qaziyə sülh təklif etmişdir. İldə 12000 Bizans qızılı qarşılığında Bizans sahib olduğu torpaqlara hücum olunmamasını istəmişdir. Bundan sonra Orxan Qazinin Anadoluda Bizansdan fəth edə biləcəyi önəmli bir ərazi qalmadı.
Bundan sonra Orxan Qazi 1340-cı illərdə Anadolu bəyliklərinin fəthinə başlamışdır.
İlk öncə Orxan bəy 1342-ci ildə Karəsi bəyliyində Ulubad, Qaracabəy, Mustafakamalpaşa(Kırmastı) qalalarını fəth etmişdir. Bundan sonra 1345-ci ildə Karəsiyə yürüş təşkil etmişdir. Beləliklə Karəsi bəyliyinə aid torpaqlar Orxan bəy tərəfindən ələ keçirilmişdir.
Daha sonra Mərkəzi Anadoluya axınlar başlamışdır. Bu axınlar 1354-cü ildə Gərənin və Osmanlılara ilk illərindən bəri dəstək verən əxilərin mərkəzi Ankara qalalarının Orxan bəy tərəfindən fəth olunması ilə yekunlaşdırılmışdır.
Rumelinə keçiş
[redaktə | mənbəni redaktə et]Orxan Gazi hökmdarlığının son illərində yeni bir strategiya həyata keçirməyə başlamışdır. Belə ki, Osmanlı orduları Bizansa kömək etmək adı ilə mərhələ-mərhələ Rumelinə keçmişdir. Beləliklə Osmanlının Avropada irəliləməsinin əsası qoyulmuşdur.[6]
Orxan bəyin Bizansa yardım etməyi üsyan nəticəsində taxta keçən VI Yannislə qurulan yaxın əlaqələrlə başlamışdır. 1344-cü ildə Bizans imperatoru çətin vəziyyətə düşdü. Belə ki, Selanik hakimi vəziyyətə nəzarəti itirmiş və Zealot olaraq bilinən bir qrup idarəni ələ keçirtmişdir. Serb kralı IV Stepan Bizansın əleyhinə getmiş və bütün Makedoniyanı zəbt etmək üçün Serez qalasını mühasirəyə almışdır. Onun Anadoluda müttəfiqi olan Aydınoğlu Umur bəyin qurduğu donanma Papanın müttəfiqlərinin donanmasına İzmirdə məğlub olmuşdur və İzmir Papanın müttəfiqləri tərəfindən işğal olunmuşdur. Saruhan bəyliyi kömək göndərə bilərdi, amma bu köməyin həm Selanik, həm də Serb kralı qarşısında yetərsiz olduğu məlum idi. Bu səbəbdən 1345-ci ildə VI Yannis Orxan bəylə yaxın münasibətlər qurmaq üçün danışıqlara başlamışdır. İmperator həm də tarixçi idi və bu danışıqlara o öz kitabında bir bölmə ayırmışdı. Onun yazdığına görə özü türkcə öyrənmişdi, iki hökmdar bir-biri ilə yaxın əlaqələr qurmuşdu. Orxan bəylə şəxsən görüşdükdə o, üç qızını da Orxan bəylə tanış etmişdir. İkinci qızı olan Feodora Orxan bəylə evlənmək üçün razılaşmışdır. 1346-cı ildə Orxan bəyi və adamlarını toyun keçirildiyi Silivriyə 30 gəmilik Bizans donanması gətirmişdir. Üç gün davam edən mərasimin ardından yenidən onları geriyə aparmışlar. Növbəti il Orxan bəy yeni həyat yoldaşı Feodora ilə Üsküdarda imperatorla görüşmüşdür.[7]
1350-ci ildə Zeolotları məğlub etmək üçün hərəkətə keçən VI Yannis Orxan bəydən ordusuna dəstək olmaq üçün atlı birliklər istəmişdir. Osmanlıların atlı birlikləri ilə dəstək göstərdiyi sayı 20000-ə çatan ordu ilə Bizans ordusu VI Yannisin oğlunun komandanlığı ilə Selanikə hücuma başlamışdır. Yolda Orxan bəyin atlı birlikləri Anadoluya qayıtmağa məcbur olmuşdur. Osmanlı birliklərinin qayıtmağı ilə gücü azalan Matthaios(VI Yannisin oğlu) Selanik yaxınlarındakı türk əsilli dəniz quldurlarının muzdlu kimi ona kömək etməsindən sonra Selanikə daxil olmağı bacarmışdır.[7]
1352-ci ildə VI Yannislə imperatorluğu bölüşdüyü V Yannis arasında qarşıdurma baş verdi. V Yannis Adrianopolun (Ədirnə) hakimi olan Matthaiosa serblərdən aldığı köməklə hücuma keçərək, şəhərin idarəsini ələ keçirtmişdi. Konstantinopolda olan VI Yannis kömək üçün Orxan bəyə müraciət etmişdir. Orxan bəy oğlu Süleyman paşanın komandanlığında böyük bir Osmanlı birliyini VI Yannisə köməyə göndərmişdir. Osmanlı dəstəyi ilə VI Yannis Adrianopol istiqamətində hərəkətə keçərək, şəhəri azad etmişdir. Eyni ordu bir neçə aydan sonra bulqar-serb birləşmiş ordusunu donmuş Meriç çayının sahilində məğlub edərək, məhv etmişdir.[7]
Bəzi türk tarixçilərinin fikrincə bu uğurun nəticəsində 1353-cü ildə Çimpe qalası qərərgah kimi Süleyman paşaya verilmişdir. Süleyman paşa bura və ətraf ərazilərə əsgərlərinin ailələrini və köçəri türkmənləri köçürməyə başlamışdır. Bu qala Osmanlının Avropada ilk dayaq nöqtəsi olmuşdur. Bunun qarşısını almaq üçün VI Yannis 10000 qızıl pul təzminatı qarşılığında qalanı geri almaq istəmiş və bunu müzakirə etmək üçün Orxan bəylə şəxsən görüşmək istəmişdir. Qoca və xəstə olmasını bildirən Orxan bəy bu görüşmədən imtina etmişdir.[8]
Başqa bir mənbəyə görə 2 mart 1354-cü ildə Trakiyada şiddətli zəlzələ olmuşdur, qar və fırtına vəziyyəti daha da çətinləşdirmişdir. Bu hadisədən sonra Gelibolu şəhəri darmadağın olmuş, əhali tərəfindən tərk edilmişdir. Süleyman paşa və ordusu Çanaqqala (Dardanel boğazı) boğazını keçərək özü ilə birlikdə gətirdiyi köçəri türkmənləri boş qalmış Gelibolunda məskunlaşdırmışdır. Bir müddət sonra Gelibolu bərpa olunaraq, yenidən inşa olunmuşdur və əhalisi tamamilə türklərdən ibarət olmuşdur. Bizans imperatoru rəsmən Süleyman paşadan Geliboluya yerləşdirdiyi türklərlə birlikdə oranı tərk etməsini istəmişdir, amma Süleyman paşa türklərin bura Allahın niyəti ilə gəldiyini, şəhərin tərk edilmiş olduğunu, heç kimin evinin zorla alınmadığını və şəhəri tərk etməyin Allahın niyətinə qarşı olduğunu bildirmişdir. İmperator şəhərin tərk edilmə xərclərini qarşılayacağını və təzminat ödəyəcəyini bildirsə də Süleyman paşa fikrini dəyişməmişdir. Bizans imperatoru Süleyman paşanı Orxan bəyə şikayət etmişdir. Orxan bəy bu mövzuda İzmitdə imperatorla görüşə biləcəyini bildirmişdir, lakin sonradan xəstə olduğunu bildirib görüşə getməmişdir. Bunun fəlakət olduğunu anlayan imperator ümidsizliyə qapılmışdır.[7]
Bu problem öz həllini tapmadan VI Yannis imperatorluğu bölüşdüyü V Yannislə açıq mübarizəyə başlamışdır. O, V Yannisi məğlub edərək Tenedosa(Bozcaada) sürgünə yollamışdır, amma oradan venesiyalıların köməyi ilə qaçan V Yannis Konstantinopola gələrək hakimiyyəti yenidən ələ keçirmişdir. V Yannis VI Yannis ilə razılığa gələrək, yenidən imperatorluq vəzifəsini bölüşdürdülər. Bundan sonra ağır stresə düşən VI Yannis 4 dekabr 1354-cü ildə taxtdan öz istəyi ilə çəkilmişdir və bir monastrda keşiş olmuşdur.[7]
Geliboluda möhkəmlənəndən sonra Osmanlı Trakiyada yerləşən Bizans şəhərlərini bir-bir zəbt etməyə başlamışdır. 1354-cü ildə Bolayr, Keşar, Rodoscuq(Təkirdağ) fəth edilmişdir. Köçürmə siyasəti həyata keçirilərək, fəth edilən torpaqlara Anadoludan türklər köçürülmüşdür. 1356-cı ildə Osmanlı ordusu Çorluya qədər irəlilədi.
Rumelindəki Osmanlı torpaqlarının bəylərbəyi olan Süleyman paşa Çorlu ətrafında ov vaxtı atından yıxılaraq ölmüşdür(1357). Süleyman paşanın ölümündən sonra Orxan bəyin oğlu və taxtın vəliəhdi Murad bəy 1359–1362-ci illər arasında Rumelindəki orduya komandanlıq etməyə başlamışdır. Osmanlı ordusu 1361-ci ildə Dimotekanı zəbt edir. 1362-ci ildə Orxan bəy vəfat edəndə artıq Osmanlı orduları Adrianopola (Ədirnə) çatmışdı və həmin il şəhər ələ keçirildi.
Yenilikləri və islahatları
[redaktə | mənbəni redaktə et]Dövlət idarəsində
[redaktə | mənbəni redaktə et]Orxan bəy Osmanlı bəyliyini yeni qanunlar və islahatlar həyata keçirərək dövlətə çevirmişdir. Onun vaxtında ilk dəfə vəzirlik təşkilatı qurulmuşdur. İlk dəfə qazı və subaşı vəzifəsinə təyinetmələr onun vaxtında həyata keçirilmişdir. Sancaqlara (bölgə) qazılar təyin olunmuşdur. Divan təşkilatı, vəqf sistemi və ədliyyə təşkilatı qurulmuşdur.
Hərbi idarədə
[redaktə | mənbəni redaktə et]Ordunu piyada və müsəlləm birliklərindən təşkil olunmaqla ilk dəfə nizami şəkildə yenidən qurmuşdur. Donanma yaradılmağa başlamışdır.
Şəxsiyyəti və fiziki xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Orxan Qazi göygöz, sarışın, iri bədən quruluşuna sahibdi. Qulağında qara xal vardı. Xalq tərəfindən sevilən biri idi. Tez-tez insanların arasına qarışaraq onların dərdlərinə qulaq asardı. Davranışları tarazlı və qərarlı idi. Hər zaman ehtiyatlı olardı və əxlaqlı biri idi.[9]
Son illəri və ölümü
[redaktə | mənbəni redaktə et]Orxan Qazi son illərini hakimiyyəti oğlu Murada tapşıraraq Bursada keçirtmişdir. Ölüm səbəbi və ili mövzusu tarixçilər arasında mübahisəlidir. Dövrün tarixçisi olan Aşıkpaşazadə Orxan bəyin Süleyman bəylə eyni ildə vəfat etdiyini yazmışdır.[10] Bəzi tarixçilər isə 1360-cı ildə 79 yaşında olarkən vəfat etdiyini yazmışdır. 1362-ci ildə vəfat etdiyini yazan tarixçilər də vardır.[11]
Orxan bəy Bursada atasının dəfn olunduğu türbədə dəfn olunmuşdur.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Həyat yoldaşları
[redaktə | mənbəni redaktə et]- Asporça Xatun – Bizans imperatoru II Andronik Paleoloqun qızı, Şahzadə İbrahim və Fatma Xatunun anası.
- Holofira (Nilufər Xatun) – Yarhisar hakiminin qızı, I Muradın və Şahzadə Qasımın anası.
- Feodora Kantakuzenos – Bizans İmperatoru VI İohann Kantakuzenosun qızı, Şahzadə Xəlilin anası.
- Əftandisə Xatun – Mahmud Alpın qızı.
Oğlan uşaqları
[redaktə | mənbəni redaktə et]- Süleyman Qazi
- Murad
- İbrahim
- Xəlil
- Qasım
- Eyyub
Qız uşaqları
[redaktə | mənbəni redaktə et]- Fatma Xatun
- Hatice Hatun
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Orxan Qazi.
-
Orxan Qazinin istifadə etdiyi ilk tuğra(imza)
-
Orxan Qazinin hakimiyyəti illərində ölkənin torpaqlarının genişlənməsi.
-
Orxan Qazinin Bursadakı türbəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Sakaoğlu, Necdet, "Orhan" (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapi Kredi Kültür Sanat Yayıncılık A. Ş. C.2 s.386–389 ISBN 975–08-00710
- ↑ Sakaoğlu, Necdet (1999), Bu Mülkün Sultanları;, İstanbul:Oğlak Yayınları ISBN 975–329-2996 . səhifə 33
- ↑ Uzunçarşılı, İsmail Hakkı (1945), "Gazi Orhan Beyin hükümdar olduğu tarih ve ilk sikkesi", Belleten C. VIII, səhifə 207–211
- ↑ Buna baxmayaraq dövrün tarixçisi Aşıkpaşazadə Bursanın Bəy sancağı olaraq təşkilatlanıb oğlu Murad bəyə verildiyini yazır. Derviş Ahmed Aşıki (haz. Cemil Çiftçi), (2008) Aşık Paşazade Tarihi, İstanbul:Mostar Yayinlari ISBN 978-605-101-018–2.
- ↑ Mirmiroglu, V. (1949), "Orhan Bey ile Bizans İmparatoru III. Andrinikos arasindaki Pelekanon Muharebesi", Belleten C.13 say.309–320
- ↑ İnalcık, Halil (2009) "Osmanlı Sultanı Orhan (1324–1362) Avrupa'da Yerleşme" TTK Belleten Cilt LXXIII Sayı 226. aprel 2009, səhifə.77
- ↑ 1 2 3 4 5 Norwich, John Julius (1995) Byzantium: the Decline and Fall (Bizans: Gerileme ve Çöküş), Penguin:Londra. ISBN 0-679-41650-1 (İngiliscə). səhifə 302
- ↑ Aktepe, M. Münir (1950) "Osmanlıların Rumelide ilk fetihleri: Çimpe kalesi", Tarix jurnalı, C.2 səhifə 283–307
- ↑ "T.C. Kültür ve Turizm Bakanlığı Sitesi/E-kitap". 2007-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-11.
- ↑ Derviş Ahmed Aşıki (haz. Cemil Çiftçi), (2008) Aşık Paşazade Tarihi, İstanbul:Mostar Yayinlari ISBN 978-605-101-018–2.
- ↑ Sakaoğlu, Necdet (1999), Bu mülkün sultanları, İstanbul: Oğlak yayınları ISBN 975-329-299-6, səhifə 52–62
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Orhan Gazi hakkında geniş bilgi [ölü keçid] (türk.)
I Orxan Doğum: 1281 Vəfat: 1362
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri I Osman |
Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı 1324-1362 |
Xələfləri I Murad |