Kvars
Kvars | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
SiO₂[1] |
Strunz təsnifatı | IV/D.01a[2] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | qara |
Sıxlıq | 2,65 q/sm³[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Kvars (SiO2) — Triqonal sinqoniya – aşağı temperaturlu (573°C-dək) –a -kvars; Heksaqonal sinqoniya – yüksək temperaturlu (573–870°C) –b -kvars. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.
α - kvars β - kvars – 573°C çevrilməsi enantiotropdur.
Silisium oksidinin təbiətdə ən geniş yayılmış modifikasiyası olan α - kvars adətən sadəcə kvars (K) adlanır.
Növ müxtəliflikləri
[redaktə | mənbəni redaktə et]Morfologiyasına görə: hökmdar əsası şəkilli K, Vavilon K, ulduzvari K, «K papaqda» və b.; rənginə görə: ametist, sitrin, morion, xrizopraz və b.; marşalit – narın tozvari K.
Xassələri
[redaktə | mənbəni redaktə et]Rəng – adətən rəngsiz, südlü-ağ, boz; müxtəlif rəngli şəffaf və yarımşəffaf kvarsların bir sıra növ müxtəlifliklərinin xüsusi adları vardır: dağ bülluru; marmaroş diamantı – rəngsiz su kimi şəffaf K; ametist – bənövşəyi K; sitrin – sarı K, morion – qara K. Kvarsın başqa mineral qarışıqları ilə əlaqədar olan alloxromatik növ müxtəliflikləri: prazem –aktinolit və ya xloritin narın möhtəvilərini saxlayan yaşıl K; avantürin – mika, hötit və ya hematit möhtəviləri ilə əlaqədar olan sayrışan qızılı çalarlı sarımtıl, yaxud qonuru-qırmızı K; pişik gözü – asbest möhtəviləri ilə əlaqədar olan ipək parıltılı yaşıl K; pələng gözü – amfibol-asbest və hötit möhtəviləri saxlayan qızılı çalarlı tünd-qonur K; şahin gözü–krokidolit möhtəviləri olan göyümtül K; Mineralın cizgisinin rəngi – ağ, rəngsiz; Parıltı – şüşədən (iri kristallik K) donuqadək (gizlikristallik K), bəzən ipəyi (pələng gözündə); Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq –2,65; Sərtlik –7;{1010} üzlərində {0001} üzlərinə nisbətən yüksəkdir; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qabıqvari; Başqa xassələr – pyezoelektrikləşmə və ultrabənövşəyi şüaları buraxmaq qabiliyyəti ilə səciyyələnir; Morfologiya – kristallar: adətən üfqi istiqamətdə cizgilənmiş prizmatik, romboedrik, nisbətən az dipiramidal, bəzən skelet-kristallar; Trapesoedr (5161) və dipiramida (1121) üzlərinin tutduqları mövqedən asılı olaraq sağ və sol kvarslar ayrılır; İkiləşmə: çox tez-tez müşahidə olunur; 20-ə yaxın müxtəlif qanunlar üzrə ikiləşmələri məlumdur; Ən geniş təzahür edən dofiney, braziliya və yapon ikiləşmələridir; kombinasiya edilmiş ikiləşmə də rast gəlir; Mineral aqreqatları: dənəvər (kobud çubuqvaridən gizlikristallikədək), incəlifli, torpaqvari kütlələr, sızmalar, sferolitlər, tez-tez druzalar, müxtəlif minerallar və üzvi qalıqlar üzrə psevdomorfozalar. K üçün başqa minerallarla, məsələn çöl şpatları ilə, qanunauyğun bitişiklər (yəhudi daşı, yaxud «yazılı qranit» və b.) səciyyəvidir.
Mənşəyi və yayılması
[redaktə | mənbəni redaktə et]Təbiətdə ən çox yayılmış poligen mineraldır.b -kvars yüksək temperaturlu turş maqmatik süxurların süxur əmələgətirən mineralı olub, qranitlərdə, qranodioritlərdə, riolitlərdə geniş yayılmışdır. Müxtəlif şəraitlərdə əmələ gələn kvarsa bir çox püskürmə, metamorfik və çökmə süxurlarda rast gəlinir. Kvarsın nəhəng, kütləsi 70 tona çatan kristalları peqmatitlər üçün səciyyəvidir. Müxtəlif filiz yataqlarında geniş yayılmış hidrotermal K onların çoxunun əsas damar mineralıdır. K skarnlarda, adətən, aşağıtemperaturlu hidrotermal mineral kimi qeyd edilir. Hidrotermal dəyişilmiş süxurların – törəmə kvarsitlərin, qreyzenlərin, berezitlərin və b. mühüm tərkib hissəsidir. Metamorfik K kvarsitlərin, roqoviklərin, qneyslərin və kristallik şistlərin süxur əmələgətirən mineralıdır. K alp tipli damarların çoxunun mühüm tərkib hissəsidir. Ekzogen şəraitdə dayanıqlı birləşmə kimi, adətən, allüvial qumlu çöküntülərdə qeyd edilir. Autigen əmələgəlmələr və qırıntı material kimi qumdaşlarında və başqa çökmə süxurlarda iştirak edir. Daş və dəmir meteoritlərində və ay süxurlarında qeyd olunmuşdur. Birlikdə rast gəldiyi minerallar: ortoklaz, mikroklin, topaz, turmalin, beril, muskovit, kalsit, araqonit, sərbəst qızıl, kassiterit, volframit, molibdenit, xalkopirit, pirit, rutil, hematit və b. Mineralın tapıldığı yerlər: olduqca çoxsaylıdır. Azərbaycan ərazisində kvarsın mühüm topluları kvars qumlarında, kvarsitlərdə, törəmə kvarsitlərdə və mineralın damar tipli çoxsaylı əmələgəlmələrində qeyd edilir. Kvars qumu yataqları Abşeron yarımadasında (Sulutəpə, Hökməli, Kirməki və b.), Qobustan (Hacıvəli, Umbakı) və Quba (Zeyd və b.) rayonlarında yerləşir. Naxçıvan MR-da Gümüşlük kvarsit yatağı məlumdur. Törəmə kvarsitlər Gədəbəy və Ordubad rayonlarında geniş inkişaf tapmışdır. Böyük Qafqazın cənub yamacında pyezokvars Xavanaçay yatağında və bəzi başqa məntəqələrdə qeyd olunur. Burada həmçinin büllürdaşıyan damarlar və damar tipli kvars təzahürləri yerləşir. Büllurdaşıyan damarlar Mehri-Ordubad massivinin təmas zonalarında da cəmləşmişdir (Başyurd, Urumıs, Qaplançay kvars təzahürləri və b.). Dağ bülluru təzahürü həmçinin Gədəbəy rayonunun Maarif kəndi yaxınlığında eyni adlı intruzivin təmas zonasında aşkar edilmişdir. Daşkəsən dəmir filizi yatağında tez-tez bənövşəyi kvarsın–ametistin gözəl rəngə boyanmış kristallarının kiçik ölçülü yığınlarına rast gəlinir və s.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Radiotexnikada, optik cihazqayırmada, şüşə, keramika, tikinti, metallurgiya və başqa sənaye sahələrində istifadə edilir. Zərgərlikdə dağ bülluru, habelə şəffaf və gözəl rəngə boyanmış ametist, sitrin, rauxtopaz, avantürin və mineralın başqa növ müxtəliflikləri geniş tətbiq olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ rruff. International Mineralogical Association, Arizona Universiteti.
- ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
- ↑ https://www.mineralienatlas.de/lexikon/index.php/MineralData?lang=de&mineral=Quarz.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.