Lissabon zəlzələsi (1755)
Lissabon zəlzələsi | |
---|---|
Tarix | |
Episentrin yeri | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lissabon zəlzələsi — 1 noyabr 1755-ci ildə baş vermiş zəlzələ.[1]
Hadisə 1755-ci ilin noyabrın 1-də, katoliklərin bayramı olan Bütün Müqəddəslərin Günündə baş vermişdir.[2] Zəlzələ 3-5 dəqiqə davam etmişdir. Birinci yeraltı təkandən 40 dəqiqə sonra ikincisi baş vermiş, şəhərin mərkəzində 4 metrdən çox eni olan iri çatlar əmələ gəlmişdi. Limanı təhlükəsiz hesab edərək, oraya axın edən əhali suyun çəkildiyinin şahidi olmuşdu. Bir neçə dəqiqədən sonra baş vermiş, hündürlüyü 15-20 metrə çatan sunami Teju çayının məcrası boyunca hərəkət edərək, böyük bir ərazini su altında qoymuşdu. Sunamidən zərər görməmiş sahələri isə yanğın 5 gün ərzində məhv etdi.
Lissabon bu fəlakətdə zərər çəkən yeganə şəhər deyildi. Ölkənin bütün cənub şəhərlərində, xüsusən Alqavre əyalətində çox böyük dağıntılar vardı. Təkanlar Finlandiyadan Şimali Afrikaya qədər bütün Avropa ölkələrində hiss edilmişdi. Sunami Şimali Afrikanın sərhədlərinə, Martinika və Barbados adalarına çatmışdı. İngiltərənin də cənub sahillərinə ziyan dəymişdi.
Şəhərin 275 min sakinindən 90 mindən çoxu zəlzələnin qurbanı oldu. Daha 10 mindən artıq insan Mərakeşin Aralıq dənizi sahillərində vəfat etdi. Məşhur saraylar, kitabxanalar, habelə XVII əsr Portuqaliya memarlığının xarakterik nümunələri də daxil olmaqla, ölkədəki tikililərin 85%-dən çoxu dağılmışdı. Zəlzələdən ziyan çəkməyən tikililər isə yanğına bürünmüşdü. Yanğın zamanı V Karl tərəfindən yazılmış və Portuqaliyanın tarixinə həsr edilmiş əlyazmalar, Portuqaliyalı dəniz səyyahları tərəfindən tərtib edilmiş orta əsrlərə aid çoxlu sayda xəritələr, Portuqaliyanın ilk çap kitabları məhv olmuşdu. Yanğın zamanı maarifçilik dövründən qalmış və Dominikan monastırında saxlanılan əlyazmalar da məhv oldu. Sarayla bərabər Vasko da Qamanın səyahətlərinin təsnifatı yerləşən arxiv də yandı. Şəhərdəki monastırın qalıqları bugünədək qalmaqdadır.
Tarixdə ilk dəfə öyrənilmiş bu zəlzələ müasir seysmologiya elminin inkişafı üçün təkan vermişdir. Müasir geoloqlar Lissabon zəlzələsinin gücünü 12 ballıq şkala üzrə 9 balla qiymətləndirir, onun episentrinin Atlantik okeanında, müqəddəs Vinsenta adasından təxminən 200 km cənub-qərbdə olduğunu ehtimal edirlər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.14
- ↑ Lissabon zəlzələsi. 1 noyabr 1755-ci il. Arxivləşdirilib 2021-06-13 at the Wayback Machine — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi informasiya portalı.