Qastroskopiya
Qastroskopiya ( EQDS, FEQDS, FQDS, fibroqastroskopiya) — qida borusunun, mədənin və onikibarmaq bağırsağın qastroskop adlanan tibbi cihaz ilə endoskopik müayinəsdir .
Qastroskoplar sərt və əyilən ( yumşaq ) olmaqla iki qrupa bölünür. Əyilən qastroskoplar isə öz növbəsində fibroqastroskop və videoqastroskop olmaqla iki tipə ayrılır .
Sərt qastroskoplardan artıq istifadə olunmadığından qastroskopiya deyərkən fibroqastroskopiya və ya videoqastroskopiya nəzərdə tutulur. Fibroqastroskoplar ilə müayinə zamanı görüntü okulyara ötürülür və həkim endoskopik təsviri birbaşa gözünü okulyara tutmaqla izləyir. Videoqastroskopla müayinə zamanı isə endoskopik təsvir elektron yolla monitora ötürülür .
Qastroskopiya təcili və planlı oluna bilər . Təcili qastroskopiya adətən həzm traktının yuxarı şöbələrində qanaxma və yad cisimləri zamanı icra olunur. Bu zaman qastroskopiya nəinki diaqnostika , həm də müalicə məqsədi üçün ( yad cismin xaric olunması, qanaxmanın saxlanması ) icra edilə bilər.
Planlı qastroskopiya isə qida borusunun, mədənin və onikibarmaq bağırsağın kəskin və xroniki xəstəliklərinin diaqnostikası və bəzən müalicəsi üçün icra olunur.
Xəstə müayinə günündən əvvəlki gün yüngül nahar etməli, axşam saatlarında isə ancaq məhdud miqdar mayə qəbuluna icazə verilir. Gecə və səhər müayinəyə qədər isə heç bir qida və maye qəbuluna icazə verilmir. Xəstəni müayinə edəcək həkim dinləyərək , müayinəyə əks-göstərişlərin olub-olmadığını aşkara çıxarır . Hal-hazırda qastroskopiya üçün yeganə mütləq əks-göstəriş xəstənin müayinədən qəti imtina etməsi sayılır ( bəzi endoskopistlər xəstənin şüursuz vəziyyətini və boşluqlu orqanların perforasiyasını da mütləq əks göstərişlərə aid edirlər ) , digər əks göstərişlər isə nisbi sayılır ( məsələn , ağır formalı ürək , qan-damar, beyin qan dövranı pozğunluqları, döş qəfəsinin, onurğanın kəskin nəzərə çarpan deformasiyası və s. ) . Qastroskopiya həm xəstənin ayıq vəziyyətində premedikasiya ilə , həm də venadaxili preparatlarla sedasiya ( dərman yuxusu) altında icra oluna bilər. Ayıq vəziyyətdə müayinə üçün adətən , sadəcə lidokain spreyindən istifadə olunmaqla dilin kökünə və udlağa səpilir. Bəzi hallarda spazmolitik və peristaltikanı azaldan preparatlardan da istifadə oluna bilər. Müayinə zamanı xəstə sol böyrü üstə uzanır və endoskopun dişlərlə zədələnməməsi üçün xəstəyə xüsusi ağızlığı dişində tutmaq tapşırığı verilir. Bəzi hallarda ( ağız boşluğunun patologiyaları zamanı ) pediatrik qastroskopla burundan da udlağa daxil olmaq olar . Müayinən müddəti xəstənin mədə möhtəviyyatının həcmindən, həzm traktında spazmların, daralmaların olmasından, mədənin formasından, xəstənin müayinə zamanı adekvatlığından, müayinə zamanı icra olunan prosedurların ( məsələn biopsiyanın) həcmindən və müayinə zamanı aşkarlanacaq patologiyalardan asılı olur. Adətən ayıq halda xəstənin müayinəsi 4-5 dəqiqə ərzində yekunlaşır. Sedasiya ( medikamentoz yuxu ) zamanı da müayinə həmin müddət qədər davam etsə də, yuxu müddəti 30 dəqiqəyə kimi olur. Xəstələr müayinədən sonra müəyyən müddət nəzarətdə olduqdan sonra evə buraxılırlar ( medikamentoz yuxu alan xəstələrə həmin gün avtomobil idarə etmək və digər diqqət tələb edən işlər görməmək tövsüyyə olunur ) . Müayinədən sonra qastroskoplar dezinfeksiya olunur, istifadə olunmuş alətlər ( məsələn biopsiya maşaları ) isə sterilləşdirilir.
Xəstənin müayinə üçün əks göstərişləri yoxdursa , təcrübəli endoskopist-həkim tərəfindən düzgün aparılan qastroskopiya təhlükəsiz və orqanizm üçün zərəsiz müayinə üsuludur. Hal-hazırda müasir endoskoplardan istifadə zamanı ağırlaşmaların rast gəlinmə ehtimalı çox aşağıdır .