SSRİ
İttifaq dövləti | |||||
SSRİ | |||||
---|---|---|---|---|---|
rus. Союз Советских Социалистических Республик | |||||
|
|||||
«Пролетарии всех стран, соединяйтесь! (Bütün ölkələrin proletarları, birləşin!)» «Bütün ölkələrin proletarları birləşin!» |
|||||
Himn: İnternasional (1922–1944) SSRİ dövlət himni (1944–1991)" |
|||||
|
|||||
|
|||||
Paytaxt | Moskva | ||||
Ən böyük şəhər | Moskva, Leninqrad, Kiyev, Daşkənd, Bakı, Xarkov, Minsk, Qorki, Novosibirsk, Sverdlovsk[3] | ||||
Dilləri | rus dili | ||||
Rəsmi dilləri | Yoxdur (de-fakto rus dili) | ||||
Dövlət dini |
Dünyəvi dövlət[4][5] Dövlət ateizmi[q 1] |
||||
Valyuta | SSRİ rublu | ||||
Ərazisi | 22 402 200 | ||||
Əhalisi | 293 047 571 | ||||
İdarəetmə forması | Sovet respublikası | ||||
Faktiki dövlət başçısı | |||||
• 1922–1924 | Vladimir Lenin | ||||
• 1924–1953 | İosif Stalin | ||||
• 1953–1955 | Georgi Malenkov | ||||
• 1955–1964 | Nikita Xruşşov | ||||
• 1964–1982 | Leonid Brejnev | ||||
• 1982–1984 | Yuri Andropov | ||||
• 1984–1985 | Konstantin Çernenko | ||||
• 1985–1991 | Mixail Qorbaçov | ||||
Sələfi və xələfi | |||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ (rus. СССР),[q 2] və ya rəsmi adı ilə Sovet Sosialist Respublikaları İttifaqı (rus. Союз Советских Социалистических Республик),[q 3] yaxud qısaca Sovet İttifaqı (rus. Советский Союз) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur.
Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln).
SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir. Həmçinin, 1936-cı il islahatlarının nəticəsi olaraq Zaqafqaziya SFSR parçalanmış, beləliklə, SSRİ formal olaraq 11 dövlətdən ibarət ittifaqa çevrilmişdir.
İkinci Dünya müharibəsindən qalib çıxmış SSRİ tərkibinə Litva SSR-i, Moldova SSR-i, Estoniya SSR-i və Latviya SSR-i də qatdı. SSRİ öz sərhədlərini Avropaya tərəf genişləndirdi. Həmçinin Almaniyanın bir hissəsi də (keçmiş Köniqsberq əyaləti) ona nəsib oldu.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Ərazisinin sahəsi 22 400 000 km2-dir.[6], Həmin dövrdə ərazisinə görə dünyanın ən böyük dövləti olmuşdur[7]. Dünyanın altıda birini əhatə etmişdi.[7] Ərazisinə görə Şimali Amerika ilə müqayisə edilirdi. Avropa hissəsi ölkə ərazisinin dörddə biri idi və onun mədəni və iqtisadi mərkəzi idi. Asiya hissəsində (şərqdəki Sakit okean və cənubdakı Əfqanıstan sərhədi) daha az əhali yaşayırdı.[7] Sovet İttifaqının uzunluğu şərqdən qərbə 10 min km-dən çox, şimaldan cənuba isə təxminən 7 200 km idi.[8] Ölkə ərazisində 5 iqlim qurşağı var idi.
Dünyanın ən uzun sərhədlərinə sahib idi (60.000 km-dən çox) və Norveç, Finlandiya, Polşa, Çexoslovakiya, Macarıstan, Rumıniya, Türkiyə, İran, Əfqanıstan, Çin, Monqolustan, Şimali Koreya, Yaponiya və ABŞ ilə sərhədləri mövcud idi.[8]
Ölkənin ən uzun çayları Ob və İrtış idi. Ən yüksək zirvə Tacikistan SSR-dəki Kommunizm zirvəsi idi (7495 m).
Tarixi
[redaktə | mənbəni redaktə et]SSRİ-nin qurulması
[redaktə | mənbəni redaktə et]XX əsrin əvvəllərində Rusiyada kapitalizmin inkişafı sürətlənmişdi, lakin 1900–1903-cü illər dünya iqtisadi böhranı Rusiyadan da yan keçmədi. İctimai siyasi proseslərin dərinləşməsi ilə ilk siyası partiyalar yaranmağa başladı. Sonralar Rusiyanın tarixində əhəmiyyətli rol oynamış Sosialist İnqilabçılar Partiyası 1902-ci ildə yarandı. Həmçinin 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyası (RSDFP) yaradıldı.
Birinci dünya müharibəsi bir çox dövlətlərin, həmçinin Rusiya İmperiyasının da zəifləməsi ilə nəticələndi. Nəticədə daxildə olan ziddiyyətlər daha da qabardı. Bütün bu proseslərin nəticəsi kimi Rusiyada 1917-ci ilin fevralında inqilab nəticəsində 1613-cü ildən hakimiyyətdə olan Romanovlar sülaləsi taxtdan məhrum edildi (1917-ci il martın 2-si).
Hakimiyyət Müvəqqəti hökumətə (Eser-menşeviklərə) keçdi, lakin bolşeviklər bu cür "hakimiyyət bölgüsündən" razı qalmadılar. 25 oktyabrda (7 noyabr) baş vermiş növbəti inqilab nəticəsində Müvəqqəti Hökumət hakimiyyətdən getdi. Nəticədə hakimiyyət Vladimir İliç Lenin başda olmaqla kommunistlərin əlinə keçdi.
Hakimiyyətə gəlmiş bolşeviklər ilk addım olaraq özlərinə "hərbi arxa" yaratmağa başladılar. Nəticədə təcili olaraq Qırmızı Ordunun quruculuğu başlandı, proletar milisi, hərbi-inqilabi tribunallar, əksinqilabi mübarizə üçün fövqəladə komissiya yaradıldı. Bolşeviklər öz ideoloji təbliğatını daha da genişləndirmək üçün yalnız öz mətbuat qurumlarının çıxmasına icazə verdilər.
1918-ci il yanvarın 5-də Rusiyada Müəssislər Məclisinə seçkilər keçirildi. Müəssislər Məclisi elə fəaliyyətinin ilk günündəcə buraxıldı. III Sovetlər Qurultayı Rusiya Federativ Sosialist Respublikasının yaradıldığını elan etdi. Tezliklə 1918-ci iyununda ilk Sovet Konstitusiyası qəbul edildi.
Az sonra ölkədə vətəndaş müharibəsi başlandı. Qırmızılara qarşı Ağlar formalaşdılar. Şərqdə Admiral Kolçak Ağlara rəhbərlik etməyə başladı. O hətta "Rusiyanın Ali hökmdarı" elan edildi. Şimalda əksinqilabi qüvvələrə Miller, cənubda isə general Denikin rəhbərlik edirdi, lakin bu müharibə tezliklə daxili müharibə kimi qalmayıb xaricdən hərbi müdaxiləyə məruz qaldı. ingilislərlə fransızlar Cənubi Qafqaza, Arxangelskə və Odessaya, almanlar Ukraynaya və Gürcüstana ordu yeritdilər, lakin tezliklə qırmızı ordu üstünlüyü əlinə aldı və ardıcıl olaraq Kolçakı, Denikini, Vrangeli məğlub etdi. Sovetlərin bu qələbələri xarici qoşunları tezliklə öz ilkin mövqelərinə qayıtmağa məcbur etdi.
29 dekabr, 1922-ci ildə RSFSR, USSR, BSSR və ZSFSR arasında SSRİ-nin qurulması barədə saziş imzalandı. Bu saziş 30 dekabr, 1922-ci ildə Sovetlərin Birinci Birlik Konqresi tərəfindən qəbul edilmiş və nümayəndə heyətlərinin rəhbərləri tərəfindən imzalanmışdır. SSRİ Xalq Komissarları Şurası (Hökumət) və Xalq Komissarları (nazirliklər) 6 iyul, 1923-cü ildə yaradılmış olsa da, bu tarix SSRİ-nin formalaşması tarixidir.
SSRİ İkinci dünya müharibəsindən əvvəlki dövrdə, beşillik planlar
[redaktə | mənbəni redaktə et]1924-cü ilin əvvəllərindən, əsasən Leninin ölümündən sonra ölkə rəhbərliyində hakimiyyət uğrunda ciddi siyasi mübarizə başladı. İosif Stalin tərəfindən təkbaşına idarə üçün tətbiq olunmuş avtoritar idarə metodu möhkəmləndi. Stalin və digər rəhbərlər SSRİ-nin digər Avropa ölkələrindən iqtisadi baxımdan çox geri qaldığını çox gözəl başa düşürdülər. 1924-cü ildən başlayaraq, ABŞ istisna olmaqla, bir sıra qərb ölkələri SSRİ-ni tanımağa başladılar, lakin bu əlaqələrdə qeyri-bərabərlik mövcud idi. SSRİ dünya birliyinin üzvü kimi tanınsa da, bu illərdə Millətlər Cəmiyyətinə qəbul edilməmişdi.
XX əsrin 20-ci illərinin ortalarından başlayaraq Yeni İqtisadi Siyasət (YİS) tətbiq olunmağa başladı. Onun ardınca sənayeləşmə və kollektivləşmə kimi tədbirlər görüldü. 1928–1932-ci illərdə ilk beşillik plan qəbul olundu. 1932–1933-cü illərdə ölkədə kütləvi aclıq baş verdi. Kommunist partiyası ölkənin bütün idarəetmə strukturlarını özünə tabe etməyə müvəffəq oldu. Ölkədə çox güclü mərkəzləşmiş, hərbi-totalitar rejim yaradıldı. 1934-cü ildən başlayaraq ölkədəki kütləvi represiyalar cəmiyyətin əksər təbəqələrindən yan keçmədi. Ölkədə QULAQ sistemi bütün gücü ilə fəaliyyət göstərirdi.
SSRİ İkinci dünya müharibəsi illərində
[redaktə | mənbəni redaktə et]XX əsrin 20–30-cu illərində yaranmış Beynəlxalq münasibətlər yeni bir dünya müharibəsini qaçılmaz etdi. Almaniya, İtaliya və Yaponiya dünyanın "qeyri-bərabər" nüfuz dairələrinə bölünməsi ilə razı deyildilər. SSRİ öz nüfuz dairəsini Avropaya doğru genişləndirmək istəyir, dünyanın nüfuz dairələrinə bölünməsi onu da tam qane etmirdi. Buna görə də 1939-cu ilin martında Fransa, İngiltərə və SSRİ arasında başlanan danışıqlar uğursuz oldu. SSRİ kimi müttəfiqin olmasını arzulayan Almaniya 1939-cu il avqustun 23-də (İkinci dünya müharibəsinin başlanmasından 8 gün əvvəl) "Molotov-Ribbentrop paktı" imzaladılar. Bu pakta görə hər iki dövlət bir-birinin üzərinə 10 il müddətinə hücum etməmək haqqında öhdəlik götürürdülər. Müqavilənin məxfi hissəsində isə Polşanın və digər Şərqi Avropa ölkələrinin bölüşdürülməsinə dair saziş var idi.
Beləliklə 1939-cu il sentyabrın 1-i müharibə başladı. "23 avqust" sazişinə əsasən SSRİ həmçinin Polşaya şərqdən hücum etdi. Polşa zəbt edildi və bölüşdürüldü.
SSRİ-nin hərbi gücünə bələd olduqdan sonra Almaniya SSRİ torpaqlarını tutmaq qərarına gəldi. Almanlar bunun üçün yeni plan "Barbarossa"adlı "İldırım sürətli müharibə" (Blitz kriq) planı hazırladılar. Həmin plan SSRİ-nin çox sürətli işğalına imkan verəcəkdi. Bu planın yerinə yetirilməsində Yaponiyanın şərqdən hücumu vacib idi. Almaniya ilə Yaponiya arasında 70-ci meridian sərhəd kimi şərtləşdirilmişdi.
SSRİ-nin Yaponiyadaki məxfi agenti Rixard Zorge Almaniya və Yaponiyanın SSRİ-yə hücum vaxtını mərkəzə xəbər versə də, Stalin Hitlerdən belə tez hücum gözləmirdi.
1941-ci il iyun ayının 22-də səhər saat 4-də (R. Zorgenin dediyi vaxtda) Almaniya qəfildən SSRİ-yə hücum etdi. SSRİ tarixinə "Böyük Vətən Müharibəsi" kimi daxil olmuş müharibə başladı.
Sovetlər Amerika Birləşmiş Ştatları və İngiltərə ilə danışığa başladı. 1941-ci il iyulun 12-də əməkdaşlıq haqqında İngiltərə ilə müqavilə imzalandı. SSRİ-nin silaha ehtiyacı olduğu üçün oktyabrın 1-də Amerika Birləşmiş Ştatları, İngiltərə və SSRİ arasında silah verilməsini nəzərdə tutan saziş imzalandı. Daha sonra Amerika Birləşmiş Ştatlarının "Lendliz" haqqında qanunu SSRİ-yə şamil edildi.
Stalinin hakimiyyəti illərində SSRİ-də təcrübəli hərbi kadrların böyük hissəsi "Stalinə sədaqətsiz" olduqları üçün məhv edilmişdilər. Bu da müharibənin ilk aylarında kəskin şəkildə özünü göstərdi.
Almanlar çox tez zamanda – ilk həftədə Smolenski tutdular. Sentyabr ayında Kiyev almanların əlinə keçdi, Leninqrad mühasirəyə alındı və noyabrda Moskvaya hücum başladı. Moskva ətrafında dekabrın 5–6-da baş verən Moskva döyüşündə almanlar məğlub oldular. Bu hadisə müharibənin gedişində əsaslı dönüşün başlanması kimi qəbul edilir. Məhz həmin döyüşdən sonra almanların "məğlubedilməzliyi" haqqında mif yox oldu. "Barbarossa" planı səmərəsiz çıxdı. Almanlar çox qısa zamanda uzun məsafəyə geri atıldı.
Müharibə dövründə İran özünü bitərəf elan etsə də bu ölkədə alman kəşfiyyatı çox güclü idi. İranla SSRİ arasındakı əvvəlki müqavilələrə əsasən (Həmin müqavilələrdə bir dövlətin ərazisinin zəbt edilməsi təhlükəsi yarandığı zaman digər dövlətin ərazisinə qoşun yeridilə biləcəyini nəzərdə tuturdu) 1941-ci il avqust ayında Sovet ordusu İran ərazisinə (Cənubi Azərbaycana) daxil oldu.
1942-ci ilin iyununda Sakit okeanda yaponlar ağır məğlubiyyətə uğradılar. Oktyabrda ingilis ordusu Bernard Lou Montqomerinin başçılığı ilə Misirdə, noyabrda isə amerikalılar Dvayt Eyzenhaverin başçılığı ilə Mərakeşdə faşistləri məğlub etdilər.
Almanlar bu dövrdə SSRİ-nin daxilinə doğru irəliləməkdə idilər. Kerçin müdafiəsi yarıldı, Sevastopol, Xarkov almanlar tərəfindən tutuldu. Stalinqrad və Qafqaz təhlükəyə düşdü. 1942-ci il noyabrın 19-da başlanan əks hücum almanları mühasirəyə saldı. Stalinqradda Sovet qoşunları qalib gəldi. Qafqazdan əks hücum başladı. Strateji üstünlük Sovetlərin əlinə keçdi.
1943-cü ilin iyul-avqust aylarında baş vermiş Kursk döyüşü tarixə ən böyük tank və texnika döyüşü kimi düşdü. Burada hər iki tərəfdən külli miqdarda tank və ağır zirehli hərbi maşınlar toplanmışdı. Sovetlər yenə qalib gəldi.
1943-cü ilin noyabrın 28-də Tehranda SSRİ səfirliyində "Tehran konfransı" başladı. Konfransda əsasən 3 dövlətin başçısı U. Çörçill (Böyük Britaniya), İ. Stalin (SSRİ) və F. D. Ruzvelt (Amerika Birləşmiş Ştatları) ilk dəfə görüşürdülər. Əsas müzakirə mövzusu sonrakı əməkdaşlıq və 2-ci cəbhənin açılması idi. Çörçill Sovetlərin Balkan yarımadasını işğal etməməsi üçün 2-ci cəbhənin buradan açılmasına çalışırdı, lakin Stalinə Şimali Fransadan cəbhənin açılması lazım idi. Stalin Almaniyanı məğlub etdikdən sonra Yaponiya ilə müharibədə Amerika Birləşmiş Ştatlarına kömək edəcəyini Ruzveltə söz verdi. Beləliklə Ruzvelt Stalini dəstəklədi. Bu Stalinin Çörçill və Britaniya İmperiyasına vurduğu ağır zərbə oldu.
Tehran konfransında həmçinin İranın ərazi bütövlüyünün qorunub saxlanılmasına dair saziş də imzalandı.
1944-cü ilin yanvar-fevral aylarında SSRİ Leninqrad altından və Ukraynadan əks hücuma başladı. Tezliklə Finlandiya SSRİ-yə təslim oldu və ərazisinin bir hissəsini SSRİ-yə verməli oldu.
1944-cü il iyunun 6-da general Dvayt Eyzenhaverin komandanlığı altında Normandiyada 2-ci cəbhə nəhayət ki, açıldı və Sovetlər Georgi Konstantinoviç Jukovun rəhbərliyi ilə "Baqration əməliyyatı"na başladılar. "Baqration əməliyyatı" nəticəsində SSRİ öz ərazisindən Almaniyanı qovub çıxara bildi.
1944-cü ilin avqustunda Fransa almanlardan təmizləndi. Yaponiya bir neçə adasını itirdi.
1945-ci il fevralın 4-də "Böyük üçlük" – Stalin, Çörçill və Ruzvelt Yaltada görüşdülər. Onlar Almaniyanın qeyd-şərtsiz təslim edilməsi haqqında qərar qəbul etdilər. Stalin şərqə əlavə ərazi iddisı ilə çıxış etdi. Bu ərazilər içərisində vaxtilə Rusiya imperiyasının yaponlarla müharibədə uduzduğu Port-Arturda var idi.
1944-cü ilin dekabrında almanlar son əks-hücuma keçdilər, lakin Sovetlərin başladığı "Visla-Oder" əməliyyatı almanları geri oturtdu.
1945-ci il aprel ayının 16-da Sovet marşalı Georgi Jukovun rəhbərliyi ilə "Berlin" əməliyyatı başladı və aprelin 30-da Reyxstaq üzərində SSRİ-nin bayrağı dalğalanmağa başladı.
Mayın 8-də alman hökuməti adından feldmarşal Vilhelm fon Keytel təslim olma haqqında müqavilə imzaladı.
SSRİ İkinci dünya müharibəsindən sonra
[redaktə | mənbəni redaktə et]İkinci dünya müharibəsi qurtardıqdan sonra SSRİ müharibədən 27 milyonluq insan və çoxlu miqdara təbii sərvət itkisi ilə çıxdı, lakin SSRİ müharibədən qalib və qat-qat güclü hərbi-iqtisadi potensialla çıxmağı bacardı. Müharibədən sonrakı dövrdə dünyada supergüc kimi tanınmağa başladı. 1950-ci illərdə 6200 sənaye müəssisəsi bərpa olundu və ya yenidən quruldu. 1950-ci ilin əvvəli üçün kənd təsərrüfatı istehsalı da müharibədən əvvəlki səviyyəyə çatdırıldı. Buna baxmayaraq, ölkədə kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi səviyyəsi çox aşağı idi. 1948-ci ildə kolxozların ancaq 44,2%-i taxıl tədarükü planını ödəyirdi. 1946–1948-ci illərdə ölkədə baş vermiş aclıq nəticəsində bir milyona qədər insan ölmüşdü. Müharibədən sonra əmək ehtiyatları qıtlığı yaranmışdı. Ölkənin maliyyə sistemində də çətinliklər var idi. Onları aradan qaldırmaq məqsədilə 1947-ci ildə pul islahatı keçirildi. İslahat nəticəsində pulun dəyəri 10 qat artırıldı. 1947-ci ilin dekabrında məhsulun bölgüsündə talon sistemi ləğv olundu.
SSRİ-nin ikinci dünya müharibəsindən sonra ki siyasi vəziyyəti
- Mövcud olan fövqəladə vəziyyət aradan qaldırıldı.
- Müharibə şəraitinə görə yaradılmış dövlət Müdafiə Komitəsi ləğv olundu.
- Yerli sovetlərə, respublikaların ali sovetlərinə və ssri ali sovetinə seçkilər keçirildi.
- Müharibədən əvvəl ki totalitar rejim daha da gücləndirildi.
- Siyasi hakimiyyətdə köklü dəyişikliklər etmək üçün çoxpartiyalılıq ləğv edildi.
- İ. Stalinin şəxsiyyətinə pərəstiş daha da artdı.
- Dövlət islah düşərgələr sistemi daha da genişləndi.
- Müharibədən sonra kütləvi represiyaların yeni dalğası başladı.
1945-ci ilin iyununda "Böyük üçlük" Potsdam konfransında yenidən görüşdü. Franklin Ruzvelt vəfat etdiyindən onu Harri Trumen, Vinston Çörçili isə yeni seçilmiş baş nazir Klement Ettli əvəz etmişdi. Burada Almaniyanın sonrakı taleyi həll edildi və onun ərazisi 4 işğal zonasına bölündü. SSRİ-nin payına şərik çıxmaq üçün ingilis və amerkalılar Fransanı da müttəfiqlərin sırasına qatdılar.
Müharibədən sonra, 1946-cı il martın 5-də ABŞ-də səfərdə olan Vinston Çörçil, Missuri ştatının Fulton şəhərindəki Vestminster kollecində özünün məşhur "Sülhün əzələləri" adlı çıxışını etdi. Tarixçilər məhz həmin çıxışı Çörçillin kommunizmə qarşı birgə mübarizəyə çağırışı — Soyuq müharibənin başlanması üçün siqnal hesab edirlər. Amerika Birləşmiş Ştatlarının qəbul etdiyi "Marşal planı" və "Trumen doktorinası" isə müharibəni "rəsmiləşdirdi".
Müharibədən sonra iqtisadiyyatı dinc məqsədlər üçün istiqamətləndirmək xətti götürüldü. Yaranmış işçi qüvvəsi qıtlığını isə məhbusların, əsirlərin və sürgün olanlanların əməyi ilə əvəz etdilər.
1947-ci ildə pul islahatı keçirildi. Ölkəni yeni represiya dalğası bürüdü. 1953-cü ildə İosif Stalin vəfat etdi. Onun yerinə hakimiyyətə Nikita Xruşşov, Gennadi Malenkov və Lavrenti Beriya ittifaqa gəldi, lakin 1953-cü ilin yayında Beriya tutuldu və güllələndi. 1955-ci ildə Malenkov rəhbərlikdən uzaqlaşdırıldı. 1957-ci ildə Georgi Jukov MK Rəyasət heyətinin üzvü və müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldılar. Hakimiyyət tək Xruşşovun əlində cəmləndi. 1958-ci ildə o, hakimiyyətə tam sahib oldu.
Onun dövründə "Şəxsiyyətə pərəstiş"(Stalinə) tənqid olundu. Minlərlə represiyaya məruz qalmış insanlar bəraət qazandılar. 1964-cü ilin oktyabrında Xruşşov tutduğu vəzifədən azad edildi. Leonid Brejnev Sov. İKP MK birinci katibi, Aleksey Kosıgin isə SSRİ Nazirlər Sovetinin Sədri seçildi. 1961-ci ildə Kommunist partiyasının XXII qurultayında 20 il müddətində ölkədə kommunist cəmiyyəti qurma proqramı qəbul olundu.
Nikita Xruşşovun və Leonid Brejnevin dövründə keçirilən iqtisadi islahatlar ölkəni iqtisadi cəhətdən dirçəltdi. Əkin sahələri artırıldı. Buna baxmayaraq 1963–1965-ci illərdə ölkədə taxıl çatışmazlığı yarandı.
SSRİ-nin "Yenidənqurma" mərhələsi
[redaktə | mənbəni redaktə et]1982-ci ildə Leonid Brejnev vəfat etdi. Yeni rəhbər DTK-nın (КГБ) keçmiş rəhbəri Yuri Andropov (1982–1984) oldu. Onun ölümündən sonra isə Konstantin Çernenko (1984–1985) hakimiyyətə gəldi. Hər iki Sovet rəhbəri səhhəti ucbatından hakimiyyətdə çox qalmadan vəfat etdi. 1985-ci ildə Mixail Sergeyeviç Qorbaçov Sov. İKP MK-nın birinci katibi seçildi. Qorbaçov 1985-ci ilin aprelində MK-nın plenumunda sosial-iqtisadi inkişafı artırmaq üçün sürətləndirmə xətti irəli sürüldü.
1987-ci ildə ictimai qurluşu – sosializmi yenidən qurmaq vəzifəsi irəli sürüldü. Buna əsasən 2 məqsəd müəyyən olundu:
- Demokratik sosializm qurmaq;
- "Lenin normalarına" qayıtmaq.
1990-cı ildə SSRİ-də prezident vəzifəsi təsis olunurdu. Qorbaçov SSRİ-ni birinci prezidenti oldu. Stalin yenidən tənqid olundu, Xruşşov dövründə bərəat ala bilməyənlər bərəat qazandılar.
"Böyük dağılma"
[redaktə | mənbəni redaktə et]1983-cü ildə Amerika Birləşmiş Ştatları prezidenti Ronald Reyqan Strateji Müdafiə Təşəbbüsü adlı kosmosda raketdən müdafiə planını həyata keçirməyə başladı. SSRİ həmçinin öz hərbi ve kosmik xərclərini artırdı. İqtisadi inkişafı sürətləndirmək üçün Qorbaçov "Yenidənqurma", " Sürətləndirmə", "Aşkarlıq" kimi şüarlar irəli sürdü.
Regionlarda etnik münaqişələr Sovetlərin vəziyyətini gərginləşdirdi. Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı "Böyük dağılmanın" başlanğıcı oldu. 1990-cı ilin martında Estoniya, Litva, may ayında isə Latviya müstəqilliklərini bərpa etmək haqqında qərar qəbul etdilər. Gürcüstanda suverenlik haqqında dekret qəbul olundu.
İyun ayında RSFSR dövlət suverenliyi barədə Bəyənnammə qəbul etdi. 1991-ci ilin iyununda Boris Yeltsin RSFSR-in prezidenti seçildi. 1991-ci ilin avqustunda Sovet İttifaqını qoruyub saxlamaq istəyən yüksək çinli məmurlar ölkədə Fövqəladə vəziyyət elan etdilər. Qorbaçovun "səhhəti ağır olduğu üçün" onun səlahiyyətləri Gennadi Yanayevə verildi. Yanayev Moskvaya hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı. "Avqust qiyamı" puç oldu. Bu hadisədən sonra Kommunist partiyasının fəaliyyəti dayandırıldı.
1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş – Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ dağıldı.
Dövlət rəmzləri
[redaktə | mənbəni redaktə et]Sovet simvolizmi Sovet dövlətini, Oktyabr İnqilabını,[9] Kommunistləri təsvir edən[9] fərqli işarələr və təsvirlərdir. Kəndlilər, işçilər, çəkic, oraq və beşbucaqlı qırmızı ulduz Sovet hakimiyyətinin ən başlıca simvollarıdır.[9]
SSRİ rəhbərləri
[redaktə | mənbəni redaktə et]- Vladimir İliç Lenin (1922–1924)
- İosif Vissarionoviç Stalin (1924–1953)
- Nikita Sergeyeviç Xruşşov (1953–1964)
- Leonid İliç Brejnev (1964–1982)
- Yuri Vladimiroviç Andropov (1982–1984)
- Konstantin Ustinoviç Çernenko (1984–1985)
- Mixail Sergeyeviç Qorbaçov (1985–1991)
Bayramlar
[redaktə | mənbəni redaktə et]Tarix | Azərbaycanca adı | Rusca adı |
---|---|---|
1 yanvar | Yeni il | Новый год |
23 fevral | Ordu günü | День Советской Армии и Военно-морского флота |
8 mart | Beynəlxalq Qadınlar günü | Международный женский день |
12 aprel | Kosmonavtika günü | День космонавтики |
1 may | Bir May – Dünya zəhmətkeşlərinin həmrəyliyi günü | Первое Мая – День международной солидарности трудящихся |
9 may | Qələbə günü | День Победы |
7 oktyabr | Konstitusiya günü | День Конституции СССР |
7 noyabr | Böyük Oktyabr Sosialist İnqilabı günü | Годовщина Великой Октябрьской социалистической революции |
Ucqar nöqtələri
[redaktə | mənbəni redaktə et]- Şimalda – Çelyuskin burnu (77° 43`)
- Cənubda – Kuşka şəhəri yaxınlığındakı Çilduxtər aulu (35° 08`)
- Qərbdə – Qdansk yaxınlığında qumlu dil (19° 38`)
- Şərqdə – Berinq boğazında
Qeydlər
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- "Всесоюзная перепись населения 1989 года. Рaспpeдeлeниe нaсeлeния СССР по нaционaльности и языку — Еженедельная демографическая газета Демоскоп Weekly". İstifadə tarixi: 7 iyul 2015. Arxivləşdirilib.
- "Всесоюзная перепись населения 1989 года. Рaспpeдeлeниe нaсeлeния СССР по нaционaльности и языку: Гоpодскоe нaсeлeниe — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2015-07-07. İstifadə tarixi: 7 iyul 2015..
- "Всесоюзная перепись населения 1989 года. Рaспpeдeлeниe нaсeлeния СССР по нaционaльности и языку: Сeльскоe нaсeлeниe — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2015-07-07. İstifadə tarixi: 7 iyul 2015..
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Декларация об образовании Союза Советских Социалистических Республик (rus.). 1922.
- ↑ https://novynarnia.com/2022/12/26/100r-srsr/.
- ↑ "СССР. Крупнейшие города с числом жителей св. 1 млн". 2015-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
- ↑ "ARTICLE 124". 2 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
- ↑ "Article 52". 16 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
- ↑ "Географическая карта СССР и её краткая характеристика". 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-09.
- ↑ 1 2 3 "СССР в Рунет-энциклопедии "Кругосвет"". 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-09.
- ↑ 1 2 "География СССР. Общие данные". 2012-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
- ↑ 1 2 3 "Советская символика. Как серпом по Западу". 2012-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- СССР-титульный лист Arxivləşdirilib 2010-05-06 at the Wayback Machine
- The USSR in 1991: The Implosion of a Superpower. Arxivləşdirilib 2006-10-12 at the Wayback Machine
- History
- Sovet erası haqqında
- Sovetlər İttifaqından şəkillər
- SSRİ xəritəsi, sərhədləri, respublikaları və SSRİ ərazisi