Selma Lagerlöf
Selma Lagerlöf | |
---|---|
isv. Selma Ottilia Lovisa Lagerlöf isv. Selma Lagerlöf[1] | |
Doğum adı | Selma Ottilia Lovisa Lagerlöf |
Doğum tarixi | 20 noyabr 1858[2][3][…] |
Vəfat tarixi | 16 mart 1940[4][3][…] (82 yaşında) |
Vəfat səbəbi | insult |
Fəaliyyəti | romançı, uşaq ədəbiyyatı yazıçısı, bioqraf, müəllimə, şair, yazıçı, nasir, tərcüməçi, avtobioqraf[d], müəllif |
Fəaliyyət illəri | 1891-ci ildən |
Əsərlərinin dili | isveç dili |
Üzvlüyü | |
Mükafatları | |
selmalagerlof.org | |
Selma Lagerlöf Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Selma Ottiliya Lovisa Lagerlöf (isv. Selma Ottiliana Lovisa Lagerlöf; 20 noyabr 1858[2][3][…] – 16 mart 1940[4][3][…]) — İsveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın (1909)
Həyatı
[redaktə | mənbəni redaktə et]İsveçli Selma Ottiliana Loviza Laqerlöf ədəbiyyat sahəsində Nobel mükafatı qazanan ilk qadın yazıçıdır. O, ölkənin cənubundakı Vermlan əyalətində, istefaya çıxmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü idi. Üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalxa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. Nənəsindən dinlədiyi çoxsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözün sehrli aləminə gətirmişdi.
Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdi. İki il sonra atasının vəfatı, ardınca ata-baba mülklərinin borca görə hərraca qoyulması ona sarsıdıcı zərbə olmuşdu. Selma ailəsinə kömək məqsədi ilə qız məktəbində işə düzəlmişdi. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilmişdi.
Vermlandın təkrarsız mənzərələri, eşitdiyi xalq rəvayətləri gənc qızı ilk romanını yazmağa ruhlandırmışdı. Hazır hissələr "İdun" jurnalının keçirdiyi müsabiqəyə göndərilmişdi. Jurnal onu sadəcə qalib kimi mükafatlandırmaqla kifayətlənməmişdi, əsəri kitab şəklində çap etməyə hazır olduğunu da bildirmişdi.
İsveç ədəbiyyatı üçün ənənəvi romantik üslubda qələmə alınan "Host Berlinq haqqında saqa" (1891) əvvəlcə oxucuların diqqətini o qədər də çəkməmişdi. Lakin məşhur Danimarka tənqidçisi Georq Brandes gənc xanımın uğurlu yaradıcılıq axtarışlarını təqdir edən məqalə çap etdirdikdən sonra həm müəllifə, həm də onun əsərinə maraq əhəmiyyətli dərəcədə artmışdı.
Təxminən on il müəllim işlədikdən sonra Selma Laqerlöf özünü bütünlüklə yaradıcılığa həsr etmək üçün pedaqoji sahədən uzaqlaşmışdı. İsveç kralı II Oskarın ayırdığı təqaüd və İsveç Akademiyasının yardımı ona arzusunu həyata keçirməyə imkan vermişdi. 1894-cü ildə Laqerlöfün "Görünməz zəncirlər" adlı novellalar kitabı çap olunmuşdu. 1895-1896-cı illərdə İtaliyaya, 1899-1900-cu illərdə isə Misir və Fələstinə səfər edən yazıçı biri-birinin ardınca "Dəccalın möcüzələri" (1898) və iki cildlik "Yerusəlim" (1901-1902) romanlarını nəşr etdirmişdi. Qazanc dalınca Fələstinə yollanan İsveç fermerlərinin həyatı, onların müqəddəs torpaqda mənəvi ideal axtarışları "Yerusəlim" dialogiyasında epik təsvirini tapmışdı.
1904-cü ildə yazıçı ailə mülkləri olan Morbakkanı yenidən satın ala bilmişdi. O, ömrünün sonuna qədər həmin mülkdə yaşamış və dünyanın müxtəlif ölkələrindən gələn çoxsaylı qonaqlarını burada qəbul etmişdi. 1904-cü ildə Selma Laqerlöf həm də İsveç Akademiyasının Böyük qızıl medalına layiq görülmüşdü.
Yazıçının məşhur əsərlərindən biri də "Nils Holqerssonun vəhşi qazlarla İsveçə möcüzəli səyahəti" (1906) adlı uşaq romanıdır. Xalq nağılları üslubunda yazılmış bu kitab ölkəni daha yaxşı tanımağa və tanıtmağa xidmət edir. 1994-cü ildə layiq görüldüyü Nobel mükafatını almaq üçün həyatında ilk dəfə İsveçə gələn yapon yazıçısı Kendzebure Oe ölkə ilə ilk tanışlığının Laqerlöfün kitabından başladığını, etiraf etmişdi. Uşaqlar üçün yazılan başqa bir əsər – "Bataqlıqdakı fermadan olan qız" (1907) romanı da İsveç folklorunun ən yaxşı ənənələrinə əsaslanmışdı.
1909-cu ildə Selma Laqerlöf "bütün əsərlərini fərqləndirən yüksək idealizmə, parlaq təxəyyülə və mənəvi təsir qüdrətinə görə" İsveç yazıçıları və dünya qadınları arasında ilk Nobel mükafatı laureatı olmuşdu. Təqdimat mərasimində İsveç Akademiyasının üzvü Klaus Annerstdet müəllifin əsərləri üçün səciyyəvi cəhətləri — dilin təmizliyini və sadəliyini, üslubun gözəlliyini, təxəyyül dərinliyini, etik təsir gücünü xüsusi vurğulamışdı. Xanım yazıçının Nobel mühazirəsi isə maraqlı və ibrətamiz formada — atası ilə xəyali söhbət şəklində qurulmuşdu.
Selma Laqerlöf 1914-cü ildə İsveç Akademiyasının üzvü seçilmiş, başqa sözlə desək, Nobel mükafatına namizədlər irəli sürmək və namizədlərlə bağlı müzakirələr aparmaq səlahiyyəti qazanmışdı.
Birinci Dünya müharibəsinin başlaması ilə sarsıntı keçirən yazıçı bir müddət işdən soyusa da təsəllini yenə ədəbiyyatda tapmışdı. 20-ci illərdə Laqerlöfün "Lyovenşyoldların üzüyü" (1925), "Şarlotta Lyovenşyold" (1925), "Anna Svyord" (1928) romanlarından ibarət trilogiyası çap olunmuşdu. Memuar janrında yazılmış "Morbakka" (1922), "Bir uşağın xatirələri" (1930), "Selma Laqerlöfün gündəliyi" (1932) kitablarında isə uşaqlıq və ilk gənclik xatirələri öz əksini tapmışdı.
Laqerlöfün bir sıra əsərləri vətənində və xaricidə uğurla ekranlaşdırılmışdır. Yeri gəlmişkən, 1955-ci ildə keçmiş SSRI-də "Nils Holqerssonun səyahəti" romanı əsasında indi də maraqla baxılan cizgi filmi çəkilmişdi.
Sovet-fin müharibəsi (1939) başlanan zaman Selma Laqerlöf öz mükafatlarını — İsveç Akademiyasının Böyük qızıl medalını və Nobel mükafatının qızıl medalını Finlandiya hökumətinə göndərmiş, onların əridilib ölkənin müdafiə ehtiyaclarına sərf olunmasını xahiş etmişdi. Lakin lazımi vəsait digər mənbələrdən tapıldığından mükafatlar böyük minnətdarlıq hissi ilə sahibinə qaytarılmışdı.
Faşist Almaniyası mətbuatında Selma Laqerlöfdən "nordik şairə" kimi ehtiramla söz açırdılar. O, nasist zülmündən qurtarmaq istəyən alman həmkarlarına kömək etməyə başlayanda isə münasibət dərhal köklü şəkildə dəyişmişdi.
Selma Laqerlöf 1912-ci ildə Nobel ailəsinin qonağı kimi Rusiyaya səfər etmişdi. Səfər zamanı onun Nobellərin mənzil-qərargahlarından birinin yerləşdiyi Bakıda olub-olmaması haqqında təəssüf ki, hər hansı məlumat mövcud deyildir. İsveçin mədəni-mənəvi simasını təmsil edən yaradıcı şəxsiyyət kimi Selma Laqerlöf bu gün də populyardır. İsveç hökumətinin qərarı ilə 1992-ci ildən etibarən onun portreti ölkə valyutasının — 20 kronluğun üzərini bəzəyir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- İyöst Byörlinq haqqında saqa (isv. Gösta Berlings saga, 1891)
- Yerusəlim (isv. Jerusalem, 1902)
- Nils Holgerssonun vəhşi qazlarla birgə İsveçboyu qəribə səyahəti (isv. Nils Holgerssons underbara resa genom Sverige, 1906—1907) — Bu əsərin əsasında Sehrlənmiş oğlan (cizgi filmi, 1955) çəkilib.
- Arabaçı (isv. Körkarlen, 1912)
- Portuqaliyanın imperatoru (isv. Kejsarn av Portugallien, 1914)
- Lyövenşyöldların üzüyü (isv. Löwensköldska ringen, 1925)
- Şarlotta Lyövenşyöld (isv. Charlotte Löwensköld, 1925)
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Selma Lagerlöf 23 yaşında (1881)
-
Selma Lagerlöf 48 yaşında (1906)
-
Selma Lagerlöf 70 yaşında (1928)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www2.ub.gu.se/kvinndata/portaler/rostratt/pdf/rostrattsfragan.pdf.
- ↑ 1 2 Lagerlöf, Selma (ing.). // The Enciclopædia Britannica 12 London, NYC: 1922. Vol. XXXI English History to Oyama, Iwao.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Лагерлёф Сельма // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 20 noyabrda doğulanlar
- 1858-ci ildə doğulanlar
- 16 martda vəfat edənlər
- 1940-cı ildə vəfat edənlər
- 82 yaşında vəfat edənlər
- "Fəxri Legion" ordeni zabitləri
- "Üç Ulduz" ordeni komandoruları
- İllis kvorum medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- İsveç yazıçıları
- İsveçli yazıçılar
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatları
- İsveçli Nobel mükafatı laureatları
- Nobel mükafatlı qadınlar
- İsveçdə doğulanlar