Sirli ada
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sirli ada | |
---|---|
fr. L'Île mystérieuse | |
Janr | macəra |
Müəllif | Jül Vern |
Orijinal dili | fransız |
Yazılma ili | 1874 |
Nəşr ili | 1874 |
Əvvəlki | 20 000 lye su altında, 80 gün dünya ətrafında |
Vikianbarda əlaqəli mediafayllar |
Sirli ada — Jül Vernin 1875-ci ildə qələmə aldığı “Sirli ada” əsəri hava şarı ilə əsirlikdən qaçmış mühəndis Sayres Smit və onun dörd yoldaşının qəza nəticəsində kimsəsiz adaya düşmələrindən və oradakı macəralarından bəhs edir.
Məzmun
[redaktə | mənbəni redaktə et]Onun yaradıcılığında "Sirli ada" romanı xüsusi bir yer tutur. Əsər qasırğa nəticəsində qəzaya uğrayıb Sakit okeanın kimsəsiz bir adasına düşən 5 nəfərin yaşamaq uğrunda mübarizəsindən bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətandaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi.
Həmin namuslu insanlar vəhşi təbiəti ram edib, adanı sivil ölkələrin kəndlərindən birinə çevirirlər. Təsadüfən Herbertin cibindən tapılan bir buğda dənəsindən yüz kiloqramlarla taxıl yetişdirirlər. Adada xariqələr yarada-yarada vətənə qayıtmaq ümidlərini bir an olsa belə itirmirlər.
Lakin həyat həmişə uğur gətirmir, nə vaxtsa verdiklərini geri alır. Piratların adaya gəlişi onları məyus edir, amma ruhdan sala bilmir. Min əziyyətlə abad etdikləri adanı onların əlindən almağa çalışan piratlara qarşı mübarizə aparırlar. Çox işdə olduğu kimi, bu işdə də adanın sirli hamisi onların köməyinə gəlir, piratları məhv edir.
Kolonistlər adada özlərini xoşbəxt hesab edirlər. İti düşüncələri ilə adada baş verən hər bir hadisəni təhlil edir, buna uyğun qərar qəbul edirlər. Müəllif yazır: "Kolonistlər, doğrudan da, çox şeyi bilirdilər, təcrübəli adamlar isə başqalarının pis gün keçirib, nəhayət, tələf olduqları yerdə müvəffəqiyyət qazanırlar".
Əzmkar və mübarizə ruhu ilə silahlı olan kolonistlər vəhşi meymunu belə əhliləşdirib etibarlı bir nökər rütbəsinə qaldırırlar. Əsl vətənpərvər olan kolonistlər yaşadıqları sirli adanı öz ölkələrindəki adlarla adlandırırlar.
Sirli adanın sakinlərini yazıçı ayrı-ayrı xüsusiyyətlərini qeyd etsə də, bütövlükdə onları mərdlik, mübarizlik, gözütoxluq, ən əsası isə etibarlılıq birləşdirir. Kolonistlər, onlara çoxlu yaxşılıqlar etmiş, dəfələrlə onları böyük təhlükələrdən qoruyan sirli adamı tapıb ona təşəkkür etmək üçün heç bir fədakarlıqdan çəkinmirlər, onu tapmaq üçün adanı ələk-vələk edirlər. Herbert öz hamisini tapmaq üçün hər çətinliyə hazır olduğunu, Penqrof isə bir gözünü belə verməyə hazırdır. "Bu sirli adam kim olursa olsun, istər bizim kimi qəzaya uğramış bir adam, istərsə də sürgün edilmiş bir kimsə, fərqi yoxdur, biz özümüzü sonsuz dərəcədə ona borclu hesab etməsəydik, dünyada ən nankor bir insan olardıq".
Kolonistlər, xüsusilə də Penqrofla Nab sirli adama, adanın hamisi kapitan Nemoya sarsılmaz bir inam bəsləyirdilər. Onu hər şeyə, hətta vulkanın qarşısını kəsməyə belə qadir hesab edirdilər. "Krater cınqırını çıxarmağa cəsarət etsə hamimiz onun da ağzını yumar".
Yazıçı insanlığın əsl nümunəsi olan bu insanların hər birinin xarakteristikasını verir.Herbert qabiliyyətli, zəhmətsevər, Nab təvazökarlıq, gözütoxluq, igidlik və sədaqət nümunəsi, Gedeon Spilet bacarıqlı, ümumi işdən öz payını görən, Penqrof namuslu, zəhmətkeş, tez-tez şirin xəyallar quran, bir əkinçi ruhuna malik insan kimi təsvir olunur. Sayres Smit, Gedeon Spilet, Penqrof, Herbert və Nab insanlardan üz döndərən, əsl azadlığı cəmiyyətdən kənarda, okeanların dərinliklərində axtaran Kapitan Nemonun belə qəlbində insanlara qarşı mərhəmət və şəfqət hissi oyatmağı bacarırlar.
Onların hər biri öz işlərinin ustasıdır. Sayres Smit mükəmməl bir ixtiraçı, Herbert intizamlı, nümunəvi bir şagirddir. O, məktəbdə aldığı bilgi vasitəsilə bir çox heyvan və bitki növlərini asanlıqla bir-birindən ayıra bilir.
Gedeon Spilet ən yaxşı jurnalist, Nab isə ağasına heç bir vəchlə sarsıdıla bilməyən bir sədaqətli nökərdir. Quldarlığa nifrət edən edən Sayres onu azad etsə də, o bir an da olsa ağasından ayrılmır, ağası üçün özünü hətta oda belə atmağa hazırdır.
Jül Vernin böyük məhəbbətlə təsvir etdiyi Sayres Smit öz ixtisasını və bununla bağlı olan bir çox sahələri dərindən bilən bir mühəndisdir. Kolonistlər bütün işlərdə mühəndisə arxalanır, onunla fəxr edirdilər. Bu təvazökar insan isə "Sən özün də bu işi bacarardın", -deyərək özünü yoldaşlarından heç vəchlə üstün olmadığını deyir. O, ən sadə bir alətlə belə özlərinin adada, yoxsa qitədə olduqlarını təyin edə bilir. Bu isə Jül Vernin böyük istedadından və humanizmindən irəli gəlir. Məhz bu biliklər ona dünya şöhrəti gətirir.
Sayres Smit yüksək təhsil görmüşdüsə də, bir çox müşkülləri həll edə bilirsə də, bəzən təbiət qüvvələri qarşısında öz acizliyini etiraf edir. O, Penqrofa "Dostum Penqorf, adamlar nə qədər alim və qüdrətli olsalar belə burada heç bir şeyi dəyişdirməyi bacarmazlar", - deyir.
Obrazlar
[redaktə | mənbəni redaktə et]Heyvanlar
[redaktə | mənbəni redaktə et]- Top
- Yup