T-129

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
T-129
Hazırlayan Türk Aerokosmik Sənayesi, Leonardo
İstehsalçı Türk Aerokosmik Sənayesi[1]
İlk uçuş 28 sentyabr 2009
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

T-129 Atak — Atak proqramı çərçivəsində Türkiyə Silahlı Qüvvələri üçün Türkiyənin coğrafi və iqlim şəraitinə əsaslanaraq yaradılmış, Türkiyə və İtaliyanın birgə istehsalı olan hücum helikopteridir. Bu helikopter İtaliyanın A-129 Mangusta helikopterinin gövdə hissəsinin bəzi yerlərinin dəyişdirilməsi və özünə məxsus silah sistemlərinin inteqrasiya edilməsi ilə meydana gəlmişdir. İstehsalı tamamlanan ilk helikopter 28 sentyabr 2009-cu il tarixində İtaliyanın Qallarate şəhəri yaxınlığında bir italyan və bir türk pilot tərəfindən ilk uçuşunu həyata keçirmişdir. Təxminən yarım saat havada qalan helikopter müxtəlif manevr testlərini həyata keçirdikdən sonra uğurla yerə enmişdir.

T-129-da Rolls-RoyceHoneywell firmalarının ortaq istehsalı olan iki ədəd LHTEC CTS800-4A motoru istifadə olunmuşdur. 278 km/s maksimal sürətə sahib olan helikopter 6,096 m yüksəkliyə qədər qalxmaq qabiliyyətinə sahibdir. T-129 yaxın hava dəstəyi və çox məqsədli tapşırıqlar üçün iki fərqli tipə sahibdir. T-129A yaxın hava dəstəyi, T-129B isə çoxməqsədli tapşırıqlar üçün istehsal olunmuşdur.[2]

Təxminən 12 illik araşdırmalardan sonra Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi 30 mart 2007-ci il tarixində, İtaliyanın "AgustaWestland" şirkətini "Atak" proqramı üzrə tenderin qalibi elan etdi. 2007-ci ilin aprel ayında MSM Türkiyə Aerokosmik Sənaye (TAI) şirkətinin əsas podratçı olduğunu açıqladı. T-129 layihəsində əsas podratçı olan TAI, həm də "Atak" helikopterinin yeganə istehsalçısıdır. Quru Qoşunları Komandanlığının ehtiyaclarına uyğun olaraq hazırlanacaq 51 ədəd taktiki hücum/kəşfiyyat helikopterinin istehsal proqram üzrə müqavilə 7 sentyabr 2007-ci ildə imzalandı. 24 iyun 2008-ci ildə qüvvəyə minən layihənin əsas podratçısı TAI, subpodratçıları isə "AgustaWestland" və ASELSAN şirkətləri təyin edildi. Bu tarixdə layihənin müddəti 114 ay olaraq təyin olundu və ilk T-129 helikopterinin 60 ay ərzində təhvil verilməsi planlaşdırıldı.

T-129 taktiki hücum helikopterinin istehsalını özündə cəmləşdirən müqavilənin ümumi dəyəri təxminən 3.2 milyard dollar təşkil etdi. Layihədə TAI-nin ümumi payının 556 milyon, ASELSAN-ın payı 700 milyon, "AgustaWestland"ın payı isə 1 milyard 644 milyon ABŞ dolları olduğu açıqlandı. Müqaviləyə görə Türkiyə, T-129 konfiqurasiyalarının əqli mülkiyyətə malik olmaqla, bu vasitələrin üçüncü ölkələrə ixrac etmək hüquqlarını əldə etdi. "Atak" proqramı maksimum yerli texnologiyaları və istehsalı özündə cəmləşdirən bir layihədir. Bu layihə üzrə hazırlanan T-129, 60% yerli helikopter hesab edilir. "AgustaWestland" Türkiyədəki tenderdə istehsalçıların istəyi lehinə maksimum güzəştə getdi. Türkiyə Quru Qoşunları üçün istehsal ediləcək T-129 helikopterləri 21-ci əsrin ən qabaqcıl avionika sistemləri və silahları ilə təchiz edilir. T-129 Türkiyənin mövcud AH-1 "Super Kobra" helikopterindən daha üstün xüsusiyyətlərə malikdir. Türkiyə T-129 helikopterinin yeganə istehsalçısıdır. Bu baxımdan "Atak" layihəsi Türkiyə aviasiya istehsal sənayesində başlanğıc üçün çox vacib bir addım hesab edilir.

Türkiyənin şərtlərinə uyğun olaraq hazırlanan T-129 dizayn mərhələsi 2009-cu ilin yanvar ayında tamamlandı. Modernləşdirilən və günün tələblərinə uyğunlaşdırılan helikopterin P1 adlanan ilk prototipinin uçuş sınaqları 2009-cu ilin sentyabr ayında uğurla həyata keçirildi. Layihənin 22-ci ayında dizayn təkrar gözdən keçirilərək son konfiqurasiyaya avionikanın inteqrasiya ilə yoxlanıldı. 2010-cu ildə P2 və P3 prototiplərinin sınaqdan keçirilməsindən sonra P4 versiyası hərbi sertifikatlaşdırılmaya cəlb edildi. Proqram çərçivəsində TAI tərəfindən 2011-ci ildə havaya qalxan P5 modeli də son prototip olaraq inşa edildi.[3]

Təkərli şassiyə malik olan helikopterin 5 pərli rotora sahib olması və istifadə olunan silah-sursat baxımından böyük üstünlüklər təmin etməsi, bu məhsulu Türkiyə Silahlı Qüvvələrindəki digər helikopterlərdən fərqləndirir. Helikopter pilot və pilot köməkçisi (tuşlayıcı) tərəfindən idarə edilir. A-129-un P5 prototipi ilə eyni korpusa sahib olan T-129, S-70 və AH-64 kimi zərbəyə müqavimətləri ilə məşhur olan helikopterlərə məxsus MIL-STD-1290 (Zərbəyə Davamlılıq Standartı) standartına uyğun istehsal edildi. Daxili yanacaq çənləri nüfuzetməyə və çatlamağa qarşı davamlıdır. Mühərriklər iki ayrı hissədə yerləşir və aralarında zirehli bölmə mövcuddur.

Helikopterin transmissiyası 12.7 mm güllə və 30 dəq yağsız rejimdə çalışmağa davamlıdır. Rotor pərləri 12.7 mm güllələrə qarşı ballistik müdafiəyə malikdir. 15 sm diametrdə ağac budaqlarına çırpılması belə pərlərə mənfi təsir etmir. T-129 hücum helikopterinin missiya kompüteri layihənin ən vacib bölməsi hesab olunur. Bu kompüter və proqram təminatı pilotlara rəqəmsal kabindən naviqasiya, rabitə, elektron mübarizə, hədəf aşkarlanması, platformanın və silahların idarəetmə funksiyalarını həyata keçirməyə imkan verir. Aerodinamik quruluşda ediləcək bəzi dəyişikliklərə (burun, yan qanadlar, quyruq pərləri və s.) əlavə olaraq mövcud silah asqılarının artırılması planlaşdırılır. Bundan əlavə STINGER atıcı qurğularındakı yeniliklər və 5 maili pərin tətbiqi, atəş gücü və səssizlik baxımından ciddi əhəmiyyət kəsb etməkdədir.

T-129 helikopteri iki ədəd LHTEC CTS800-4 mühərriki ilə təchiz edilir. "Rolls-Royce" və "Honeywell" şirkətlərinin ortaq yaratdığı LHTEC kompaniyasının yüngül platformalar üçün hazırladığı bu mühərrik CTS800 sinifinə aiddir. Bu mühərriklər dünyanın müxtəlif hərbi hava platformalarında istifadə olunur. Mühərrik 35000 saatlıq uçuş təcrübəsi ilə seçilir. FADEC (Tam Rəqəmsal Mühərrik İdarəetmə Sistemi) xüsusiyyəti sayəsində CTS800-4N mühərriki pilotun iş yükünü azaldır və mühərrikin istismar xərclərini yüngülləşdirir. Müqavilə çərçivəsində, 96 milyon ABŞ dolları dəyərində 100 ədəd mühərrik və ehtiyat hissələri "Rolls-Royce" şirkətindən sifariş edilib.

T-129 helikopteri 2001-ci ildə ASELSAN və TÜBİTAK tərəfindən 2001-ci ildə hazırlanmasına başlanan və 2007-ci ildə müvəffəqiyyətlə tamamlanan orijinal missiya kompüteri AH-1S "Kobra" helikopterində sınaqdan keçirildi. T-129 helikopteri həm ASELSAN-ın orijinal istehsalı olan ASELFLIR-300T gecə/gündüz termal nişangah və hədəf sistemi, həm də dəbilqəyə quraşdırılan AVCI nişangah sistemi ilə təchiz edilir. Helikopterin rabitə sistemi ASELSAN tərəfindən hazırlanan MXF-484 U/VHF və uzun mənzilli HF-SSB radiostansiyaları ilə təmin ediləcək. Gələcəkdə bu radiostansiyalar ASELSAN proqramına əsaslanan yeni vasitələrlə əvəzlənəcək.

Helikopterlər SSM ilə ASELSAN arasında imzalanan müqaviləyə əsasən REM kompleksi ilə təmin edilir. Bu kompleksə radar xəbərdarlıq sistemi, raket xəbərdarlığı sistemi, lazer xəbərdarlıq sistemi, IR maneə sistemi, "özümün-özgənin" sistemi inteqrasiya edilib. Bu sistemlərin dizaynı, sınaqları və kütləvi istehsalına ASELSAN və onun tabliyindəki MİKES şirkəti cavabdehdir. Bunlardan başqa helikopterdə təxminən 40 ədəd digər şirkətin istehsal etdiyi müxtəlif yerli cihazlar da yer alır.[3]

Helikopter yaxın hava dəstəyi və çoxməqsədli missiyalar üçün iki versiyada hazırlanıb. Yaxın hava dəstəyi üçün hazırlanan T129A helikopteri 76 ədəd 70 mm-lik idarəolunmayan raketlər və 500 ədəd sursat dəstinə malik 20 mm Gatling topu ilə təchiz edilir. T129B versiyalı helikopter isə çoxməqsədli tapşırıqlara uyğun olaraq ən müasir elektron döyüş vasitələri ilə təchiz edilir. Onun silah təchizatına 8 ədəd UMTAS idarəolunan tank əleyhinə raketi, 12 ədəd CİRİT idarə olunan raketi, 8 ədəd "hava-hava" tipli STINGER raketi, 76 ədəd idarəolunmayan raket və 500 ədəd sursat dəstinə malik 20 mm-lik top daxildir.

Helikopterə ROKETSAN tərəfindən istehsal edilən "Hydra", "Çirit" raketi və UMTAS tank əleyhinə idarəolunan raketlər inteqrasiya edilir. Hava təhdidlərinə qarşı FIM-92 Stinger raketlərinin, yaxın məsafədən edilən hücumlar zamanı isə TM-197 topunun tətbiq edilməsi nəzərdə tutulur.

Atak istehsalı çərçivəsində podratçıların vəzifə bölgüsü belə həyata keçirildi.

  • TAI: Proqram və Müqavilənin idarə edilməsi, korpusun istehsalı, son montaj, uçuş sınaqları, təlim, inteqrasiya və logistika dəstəyi;
  • ASELSAN: Missiya kompüteri, proqram təminatı, avionika və REM sistemlərinin istehsalı və inteqrasiyası, silah sistemlərinin təchizatı və inteqrasiyası;
  • "AgustaWestland": Uçuş xüsusiyyətlərinə uyğun platformanın və yeni mühərrikin hazırlanması, texnologiya transferi, avtomatik uçuşu idarəetmə sistemi, vasitənin vəziyyətinə nəzarət sisteminin istehsalı.

ROKETSAN, TEI, "Kale Kalıp", "Alp Havacılık", MİLSOFT, STM kimi yerli şirkətlər də TAI və ASELSAN şirkətlərinin subpodratçısı olaraq layihədə iştirak edirlər. TSQ-nin silahlanmasında mövcud olan AH-1 "Kobra" helikopterləri ilə paralel istifadə ediləcək yeni və birinci nəsil "Atak" helikopterləri Ankarada yerləşən TAI müəssisəsində seriya istehsal edilir. 8 noyabr 2010-ci ildə "AgustaWestland" 9 ədəd T-129 hücum helikopteri və ehtiyat hissələri üçün 150 milyon avro dəyərində sifariş aldığını açıqladı. Helikopterlər TUSAŞ obyektlərində toplanaraq 2013-ci ilin ortalarından etibarən Türkiyə Quru Qoşunlarına təhvil verilməyə başladı.

Əməliyyat tarixi

[redaktə | mənbəni redaktə et]

İstehsalı tamamlanan ilk helikopter 28 sentyabr 2009-cu il tarixində İtaliyanın Qallarate şəhəri yaxınlığında bir italyan və bir türk pilot tərəfindən ilk uçuşunu həyata keçirib. Təxminən yarım saat havada qalan helikopter müxtəlif manevr sınaqlarını həyata keçirdikdən sonra uğurla yerə enib.

İlk T129-A prototipi Türkiyədə ilk uçuşunu 17 avqust 2011-ci ildə həyata keçirib. 2014-cü ilin may ayında Türkiyə Silahlı Qüvvələri ilk 9 ədəd T-129 helikopterini silahlanmaya qəbul etdi. T-129-lar ilk dəfə 25 aprel 2015-ci il tarixində Türkiyənin Siirt vilayətində PKK terrorçularına qarşı həyata keçirilən anti-terror əməliyyatlarında istifadə olunmuşdur.[4]

Taktiki-texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 2
  • Uzunluğu: 13.64 m
  • Yüksəklik: 3.96 m
  • Boş ağırlıq: 2,900 kq
  • Rotorun diametri: 11.90 m
  • Maksimum sürət: 278 km/s
  • Maksimum qalxma ağırlığı: 5,000 kq
  • Maksimum silah yükü: 1,200 kq
  • Qanadlarda olan silah bölmələri: 4 ədəd (hər biri 300 kq)
  • Yanacaq çəni: 750 kq
  • Maksimum qalxma yüksəkliyi: 6,096 m
  • Əməliyyat yükü ilə qalxma səviyyəsi: 3,048 m
  • Yüksəkliyə qalxma sürəti: 14 m/s
  • Güc/ağırlıq nisbəti: 550 AG/ton
  • Maksimum havada qalma müddəti: 3 saat
  • Maksimum məsafə: 561 km
  • Əlavə yanacaq çəni ilə maksimum məsafə: 1000 km

İstifadəçiləri

[redaktə | mənbəni redaktə et]
  • Türkiyə Türkiyə - 57 ədəd istifadəyə sifariş verilib.[5] TSQ əlavə 40 ədəd helikopter sifariş verib. Böyük ehtimalla bunlar ikinci nəsilə aid olacaq.
  • Pakistan Pakistan - Pakistanla aparılan danışıqlar nəticəsində 30 ədəd "Atak" helikopterinin satışı ilə bağlı müqavilələr 2018-ci ildə imzalanıb. ABŞ ilə Pakistan arasındakı anlaşılmazlığın ixracın ləngiməsinə səbəb olduğu iddia olunur.[6] Layihənin əsas problemlərindən biri Pentaqonun Türkiyə Aviakosmik Sənayesinin Pakistanla 1.5 mlrd dollarlıq müqavilə bağlamasına cavab olaraq helikopterdə tətbiq edilən LHTEC T8004A mühərriklərini təmin etməsi ilə bağlı olub. İlk mərhələdə FransaPolşa Türkiyəyə kömək edəcəklərini bildirsələr də, Türkiyə bu sahədə Ukrayna ilə əməkdaşlıq etməklə bərabər yerli mühərriklərini inkişaf etdirməyə qərar verib. Bu sahədə Çin ilə əməkdaşlığın əlamətləri də mövcuddur.[3]
  • Filippin Filippin - Filippinlə 6 ədəd "Atak" helikopterinin satışı 2022 ci il etibarilə başlayıb.
  1. https://www.tai.com.tr/en/product/t129-atak.
  2. "Arxivlənmiş surət". 2015-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  3. 1 2 3 "Azərbaycanın yaxın gələcəkdə Türkiyədən alacağı növbəti silah - T-129 ATAK (HƏRBİ EKSPERT)". 2020-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  4. "Arxivlənmiş surət". 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  5. "Türkiyə ordusuna ATAK helikopteri təhvil verilib". 2020-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  6. "Arxivlənmiş surət". 2017-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.