Torpağın deqradasiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nauruda Mədənlər üzündən fosfat örtüyünün çökməsi nəticəsində əmələ gəlmiş ciddi torpaq deqradasiyası

Torpağın deqradasiyası — təbii amillərin və ya insanın təsərrüfat fəaliyyətinin (düzgün aparılmayan aqrotexnika, çirklənmə və s.) təsiri nəticəsində torpağın xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq strukturunun pozulması və münbitliyinin aşağı düşməsi hadisəsidir.[1]

Torpaq üzərindəki istənilən dəyişiklik və ya ekoloji pozuntu ziyanlı və ya istənməyən olaraq dəyərləndirilir.[2] Təbii təhlükələr bir səbəb olaraq dəyərləndirilmir, lakin insan fəaliyyəti sel və ya meşə yanğınları kimi təbii təhlükələrə dolayı yollarla səbəb ola bilər. Bu məsələ torpaq deqradasiyasının kənd təsərrüfatı, məhsuldarlıq, mühit və onun qida təhlükəsizliyi üzərində təsirləri səbəbindən 21-ci əsrin mühüm mövzusu seçilib.[3] Dünyanın 40% kənd təsərrüfatı torpaqlarının ciddi şəkildə deqradasiyaya uğradığı təxmin edilir.[4]

Ölçmə üsulları

[redaktə | mənbəni redaktə et]

Torpağın deqradasiyasına və onun mühitə təsirini müşahidə etməyin dörd əsas yolu var:

  1. Torpağın məhsuldarlıq tutumunun müvəqqəti və ya daimi azalması. Bu hadisə biokütlənin itkisi, potensial və ya həqiqi məhsuldarlığın itkisi, torpaq zülallarında, vegetativ örtükdə itki və ya dəyişikliyin müşahidə edilməsi hadisəsinin vasitəsilə qeydə alına bilər
  2. İnsan məskənlərini resursla təmin etmək üçün torpağın tutumu üzərində müvafiq əməliyyatlar yerinə yetirmək. Bu torpağın əvvəlki istifadəsinin ana xəttindən hesablana bilər.
  3. Biomüxtəlifliyin azalması – ekosistem mürəkkəbliyinin və ya növlərin müxtəlifliyinin azalması. Bu mühit keyfiyyətinin düşməyi deməkdir.
  4. Artan ekoloji risk – mühitin və ya insanların məhv olma və ya krizisə uğrama riskinin potensialının artması. Bu əvvəlcə baş vermiş krizis və ya məhvin ana xəttinin ölçülməsi ilə hesablana bilər.

Torpaq deqradasiyasının tərifinin təyin edilməsi ilə bağlı məsələlərdən biri də dəyişkən perspektivlərdir. Bir qrup insan bu hadisəyə fəlakət, digər bir qrup insan isə xeyir və ya fürsət olaraq yanaşa bilər. Məsələn: yağışların çox olduğu yerdə əkinçiliklə məşğul olmaq elmi cəhətdən torpağın su tərəfindən eroziyaya uğradılması olaraq dəyərləndirilir. Lakin fermerlər üçün bu hadisə məhsuldarlığın artması ilə bağlı olaraq arzu ediləndir.[5]


Müxtəlif tiplər

[redaktə | mənbəni redaktə et]
Torpaq eroziyasına məruz qalmış kartof sahəsi

Əsrlərlərdir bilinən torpaq deqradasiyasının ənənəvi növləri (su, külək və mexaniki eroziya, fiziki, kimyəvi və bioloji deqradasiya) ilə yanaşı son 50 ildə dörd deqradasiya tipi peyda olub:[6]

  • Kənd təsərrüfatı, sənaye, mədənçilik və ya ticari səbəblərdən dolayı baş verən adətən kimyəvi tullantılar.
  • Kənd təsərrüfatının genişlənməsi, torpağın çevrilməsi, yol düzəltmə, şəhər tikintisi səbəblərindən münbit torpaq itkisi.
  • Süni və bəzən də təsadüfi radioaktivlik.
  • Silahlı münaqişələrlə bağlı torpaqdan istifadə əngəlləri.

Ümumilikdə 36-dan çox torpaq deqradasiyası növü yoxlanıla bilər. Bunların hamısına insan fəaliyyətləri səbəb olur və hətta mövcud vəziyyəti pisləşdirir. Sözügedən insan fəaliyyətlərinə aid misal olaraq bunları göstərmək olar: təbəqə eroziyası, çöküntü, quraqlıq, şorakətləşmə, urbanizasiya və sairə.

Mal-qaraların ifrat dərəcədə bitki istehlak etməsi torpağın deqradasiyası ilə nəticələnə bilər.

Torpağın deqradasiyası əsasən kənd təsərrüfatı ilə bağlı istifadədən əmələ gəlmiş qlobal problemdir. Səbəblərə bunlar daxildir:

  • Torpaq təmizlənməsi, məsələn: deforestasiya
  • Düzgün yerinə yetirilməyən əkinçilik üsulları səbəbilə yaranmış torpağın zənginliyinin kəskin sürətlə azalması
  • Həddindən artıq qida istehlak edən mal-qara
  • Uyğunsuz suvarma[7]
  • Şəhərlərə olan böyük köçlər və ticari inkişaf
  • Yolsuzluq nəqliyyat vasitələri
  • Daş, qum, filiz və mineralların istismarı
  • Əkin sahələrinin iqtisadi tələbatdan dolayı böyüməsi. Bu vəhşi həyat üçün sığınacaqları azaldır, leşlərin çürüməsi üçün yer qoymur.
  • Torpağın ağır avadanlıqlarla zədələndirilməsi.
  • Yerli ekosistemin tarazlığını pozan monomədəniyyət.
  • Çürüməyən tullantıların təbiətə atılması. Məsələn: plastik materiallar.
  • İstilaçı heyvan növləri
  • Torpağın deqradasiyası məsələn:
  • Torpağın çirkləndirilməsi
  • Torpaq eroziyası
  • Torpağın zəhərlənməsi
  • Torpaqda karbon itkisi
ABŞ-dakı bir taxıl sahəsində torpaq eroziyası.

Vegetasiyanın ifrat dərəcədə məhv edilməsi insanların meşələri və ya kolları onların yetişmə tezliyindən daha sürətli tezliklə kəsməsi zamanı baş verir. Bu hadisə yarı-quraqlıq ərazilərdə daha geniş yayılmışdır, çünki bu yerlərdə yanacaq ehtiyatını qarşılaya bilməməyin nəticələri ağır olur.

Mal-qara sayının artması heyvanların istehlak səviyyəsini artırır. Nəticədə torpağın azalmış vegetasiya örtüyü külək və su eroziyasına səbəb olur.

Əhali təzyiqi digər mexanizmlərdə də iştirak edir. Məsələn: əhali təzyiqi əkinçiləri torpaqdan maksimum məhsuldarlıq almaq üçün düzgün olmayan əkinçilik yollarına əl atmağa vadar edir.

Yüksək əhali sıxlığı həmişə torpaq deqradasiyasına təsir etmir. Əksinə, torpaqların deqradasiyasının əsas səbəbi bu əhali sıxlığının torpaqdan istifadə üsullarıdır. Əhali çoxluğu torpağı olduğundan daha zəngin edərək fayda verə bilər. Torpaq deqradasiyası bir çox Asiya və Afrika ölkələrinin daxili köçlərinə təsir edən əsas faktorlardandır.[8]

Ciddi torpaq deqradasiyası dünyanın münbit torpaqlarının böyük bir hissəsinə təsir göstərir və ölkələrin iqtisadi inkişafını ləngidir. Torpaq resursları məhsuldarlığını itirdikcə qida təhlükəsizliyi təhdid altında qalır. Bu aclıq və potensial münaqişənin gələcəyi barəsində xəbərdarlıqdır.

Həssaslıq və özünübərpa qabiliyyəti

[redaktə | mənbəni redaktə et]

Həssaslıq və özünübərpa qabiliyyəti torpağın deqradasiyaya qarşı müdafiəsizliyini ölçməyin yollarındandır. Bu iki faktor müdafiəsizliyin dərəcəsini öyrənmək üçün birləşdirilir[5]. Həssaslıq torpaq üzərində təbii güclərin, insan müdaxiləsinin və ya hər ikisinin təsiri ilə əmələ gəlmiş dəyişikliyin dərəcəsidir. Özünübərpa isə torpağın canlılar aləmində dəyişiklik etmədən dəyişikliyi mənimsəməsi bacarığına deyilir.[9] Özünübərpa bacarığına dəyişiklikliyə uğradıqdan sonra əvvəlki vəziyyətə qayıtma bacarığı da daxildir. Landşaftın özünübərpa qabiliyyəti insanların torpaqdan istifadə metodlarından asılı olaraq arta və ya azala bilər. Deqradasiyaya uğramış torpağın özünübərpa qabiliyyəti deqradasiyaya uğramamış torpağınkından daha az olur.

İqlim dəyişikliyi

[redaktə | mənbəni redaktə et]

2007 IPCC məruzəsində bildirilir ki, alçaq səviyyədə yerləşən adaların məruz qaldığı çay deltaları və sellər əhəmiyyətli dərəcədə torpaq deqradasiyasına səbəb olur.

İqlim dəyişikliyinin səbəb olduğu dəniz səviyyəsinin yüksəlməsi hadisəsi kənd təsərrüfatını alçaq ərazilərdə mümkünsüz qılacaq dərəcədə şorakətləşməyə gətirib çıxara bilər.

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s
  2. Conson, D. L., S. H. Ambros, T. J. Basset, M. L. Bouen, D. E. Krammey, J. S. İsakson, D. N. Conson, P. Lamb, M. Saul, and A. E. Winter-Nelson. 1997. Meanings of environmental terms. Journal of Environmental Quality 26: 581–589.
  3. Esuaran, H.; R. Lal; P.F. Reyx. Land degradation: an overview // Responses to Land Degradation. Proc. 2nd. International Conference on Land Degradation and Desertification. Yeni Dehli: Oxford Press. 2001. 2012-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-05.
  4. Ian Sample. "Global food crisis looms as climate change and population growth strip fertile land". The Guardian. 2007-08-31. 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-23.
  5. 1 2 Stokinqs, Mayk; Murnaqhan, Niyamh. (2000), Land Degradation — Guidelines for Field Assessment (PDF), Norwich, UK, səh. 7–15
  6. Brabant Piyerre, 2010. A land degradation assessment and mapping method. A standard guideline proposal Arxivləşdirilib 2017-07-07 at the Wayback Machine. Les dossiers thématiques du CSFD. N°8. November 2010. CSFD/Agropolis International, Montpellier, France. 52 səh.
  7. ILRI, Effectiveness and Social/Environmental Impacts of Irrigation Projects: a Review (PDF), In: Annual Report 1988 of the International Institute for Land Reclamation and Improvement (ILRI), Vaqeninqten, Niderland, 1989, 18–34, 2019-07-11 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-02-03
  8. Terminski, Boqumil, Towards Recognition and Protection of Forced Environmental Migrants in the Public International Law: Refugee or IDPs Umbrella (December 1, 2011). Policy Studies Organization (PSO) Summit, December 2011
  9. Conson, Duqlas; Levis, Laurens., Land Degradation; Creation and Destruction, Maryland, ABŞ, 2007