Virunqa Milli Parkı
Virunqa Milli Parkı | |
---|---|
Parc national des Virunga | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 1925 |
Yerləşməsi | |
0°30′ c. e. 29°30′ ş. u.HGYO | |
Ölkə | |
virunga.org | |
|
|
Rəsmi adı | Virunga National Park |
Tipi | T'bii |
Kriteriya | (vii), (viii), (x) |
Tarixi | 1979 (3-cü sessiya) |
İstinad nöm. | 63 |
Ölkə | KDR |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Virunqa Milli Parkı (fr. Parc National des Virunga) — Konqo Demokratik Respublikasının şərq hissəsindəki Albertin rifti vadisində yerləşən milli parkdır. 1925-ci ildə əsası qoyulmuşdur və Afrikada yerləşən ilk mühafizəyə alınmış ərazilərdən biri hesab olunur.[1] Yüksəklik baxımından ərazinin relyefi müxtəlifdir. Belə ki, bu milli parkın ən aşağı nöqtəsi dəniz səviyyəsindən 680 metr yüksəklikdə yerləşən Semliki çayı olduğu halda, ən yüksək nöqtəsi 5,109 metr yüksəkliyə sahib Ruvenzori dağlarıdır. Ərazisi Uqanda və Ruanda ilə dövlət sərhədi boyunca şimaldan cənuba 300 km məsafədə uzanır.[2] 8090 kvadrat kilometr sahəsi olan milli park 1994-cü ildən bəri "Təhlükə altındakı dünya mirasları siyahısı"na daxil edilmişdir.[3] YUNESKO-nun Dünya irsi siyahısına alınmışdır.
Park daxilində Niraqonqo və Nyamuragira adlı iki aktiv vulkan yerləşir.[4] Milli park ərazisində üç mindən çox fauna və flora növü qeydə alınmışdır ki, bunların da 300-dən çoxu endemikdir. Endemik növlərə təkcə bu ərazidə rast gəlinən Şərq qorillası və Qızılı meymun nümunə göstərilə bilər.[5]
Tarixi
[redaktə | mənbəni redaktə et]1920-ci illərin əvvəllərində Avropalı təbiəti mühafizə hərəkatının bir neçə tərəfdarının Belçika Konqosunun şimal-şərqində mühafizəyə alınmış ərazi yaratmaq ideyası dəstəkləndi. 1925-ci ilin aprelində Afrikanın ilk milli parkı olan Albert Milli Parkının əsasının qoyulmasındakı əsas məqsədlər həmin ərazidə elmi-tədqiqat işləri aparmaq və vəhşi təbiəti, həmçinin ovçu-toplayıcı yerli Afrika piqmeylərini müdafiə etməkdən ibarət idi. 1926-cı ildə Albert Milli Parkına göndərilən belçikalı Jan-Mari Derşeydin rəhbərlik etdiyi ilk kartoqrafik missiya Karisimbi və Mikeno sönmüş vulkanları ətrafında 500 kvadrat kilometrlik ərazidə hesablama işləri apardı. 1929-cu ildə Virunqa dağları, Rutşuru ərazisinin bir hissəsi və Eduard gölünün cənub düzənliklərinin də milli parkın ərazisinə daxil edilməsi nəticəsində mühafizəyə alınmış bölgənin sahəsi böyüdü. Növbəti illərdə də milli parkın sahəsi hissə-hissə artırıldı.[6][7][8][9] Nəticədə, bölgənin aborigenləri hesab olunan hutular və tutsilər öz ənənəvi torpaq hüquqlarını itirdilər və mühafizəyə alınmış ərazini tərk etməyə məcbur oldular.[10]
1934-cü ildə Belçika Konqosunda yerləşən milli parkları idarəetmə orqanı kimi "Belçika Konqosu Milli Parkları İnstitutu" nun əsası qoyuldu. 1930-cu illərin əvvəlləri və 1961-ci il aralığında belçikalı alimlər tərəfindən Albert Milli Parkına bir neçə ekspedisiya təşkil olundu. Həmin ekspedisiya üzvləri bu ərazidəki etnik qrupları kəşf etdi, vulkanik aktivliyi və fosilləri öyrəndi.[11][12]
1950-ci illərin sonlarında yerli tutsi tayfalarının çobanları öz inəklərini milli parkın dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən ərazilərinə çıxarmağa başladı ki, bu da həmin ərazilərdə yaşayan qorillaların təbii yaşam bölgəsi və ərzaq ehtiyatına qarşı təhdid yaratdı.[13]
Konqo müstəqillik əldə etdikdən sonra 1960-cı illərdə torpaq hüquqları barəsindəki qanunda da dəyişiklik oldu və milli park ərazisi də dövlət mülkiyyəti elan olundu. Mühafizəyə alınmış ərazilər daxilində qeyri-qanuni ovçuluq aktları artmağa başladı. 1969-cu ildə iki park Virunqa Milli Parkı adı altında birləşdirildi və 1979-cu ildə YUNESKO Ümumdünya irsi siyahısına daxil edildi.
1990-cı illərin əvvəllərindən etibarən Afrika böyük gölləri ərazisində baş verən siyasi çaxnaşmalar mühafizəyə alınmış bölgələrə də təsir etdi. Ruanda soyqırımının ardınca minlərlə qaçqının Konqonun Kivu regionuna köç etməsi nəticəsində bölgədəki hərbi mövcudluq artdı. Birinci və ikinci Konqo müharibələri regiondakı qeyri-stabilliyi artırdı. Park daxilində təşkil olunan anti-brakonyerlik fəaliyyətinin qarşısı alındı, park mühafizəçiləri öldürüldü. 1994-cü ildə milli parkın ətrafında təqribən 850,000 qaçqın məskunlaşmışdı. Hər gün 40,000 insanın odun və ərzaq axtarmaq məqsədilə park ərazisinə daxil olması nəticəsində geniş ərazilər meşəsizləşdirildi.[14] 1994-cü ildə Virunqa Milli Parkı "Təhlükədə olan dünya mirasları siyahısı"na daxil edildi.
2005-ci ildə Avropa Komissiyası tərəfindən Konqo hökuməti və Britaniya mərkəzli qeyri-hökumət təşkilatı olan "Afrika Mühafizə Fondu" arasında dövlət-özəl əməkdaşlığını təşkil etmək tövsiyə olundu. 2010-cu ildən etibarən həmin təşkilat parkın idarəetməsinə cavabdeh oldu və parkın idarəçilik xərclərinin təqribən 80 faizi Avropa Komissiyası tərəfindən maliyyələşdirildi. Növbəti illərdə park daxilində fəaliyyət göstərən silahlı üsyançı qruplaşmalar və brakonyerlərin mühafizəyə alınmış ərazidən kənara çıxarılması məqsədilə park mühafizəçiləri hərbiləşdirildi.[15]
2011-ci ildə baş qərargahı Londonda yerləşən "Soco İnternational" şirkəti milli parkın böyük bir hissəsində və ətraf ərazilərdə xam neft çıxarılması ilə bağlı imtiyaz əldə etdi. Hökumət üzvləri həmin şirkət tərəfindən təşkil olunan geoloji-kəşfiyyat işlərini dəstəklədiyi halda park idarəçiliyi bunun əleyhinə çıxış etdi. Tərəflər arasında artan anlaşılmazlıqların ardınca 2014-cü ilin aprelində parkın baş direktoru Emmanuel de Meroda qarşı sui-qəsd cəhdi oldu. Beynəlxalq etirazlar nəticəsində şirkət geoloji-kəşfiyyat işlərini dayandırdı.[16][17][18][19]
Silahlı münaqişə
[redaktə | mənbəni redaktə et]İkinci Konqo müharibəsinin başa çatmasından sonra da park heyəti və üsyançı qruplaşmalar arasında toqquşmalar davam edirdi. 1996 və 2003-cü illər aralığında silahlı qruplaşmaların hücumu nəticəsində 80 nəfər öldürülmüşdü. Üsyançı qruplaşmalar 2006-cı ilin dekabrından 2009-cu ilin yanvarına qədər olan müddət ərzində Virunqa Milli Parkının Mikeno sektoruna nəzarəti ələ keçirmişdi.[20] 2010-cu ildə BMT Təhlükəsizlik Şurası tərəfindən aparılmış hesablamalara əsasən bu ərazidəki illeqal kömür ticarətinin illik dəyəri 28–30 milyon ABŞ dolları təşkil edirdi. İlleqal yaşayış məntəqələrində də park heyəti ilə May-May silahlı qruplaşması arasında döyüşlər baş verir.[21]
2017-ci ilin avqustunda Eduard gölü yaxınlığında baş tutmuş silahlı hücum nəticəsində beş reyncer (park mühafizəçisi) öldürülmüşdür.[22] 2018-ci ilin aprelində baş vermiş növbəti hücum isə beş reyncer və bir sürücünün öldürülməsinə səbəb olmuşdur. Silahlı münaqişənin başlamasından 2018-ci ilin aprelinə qədər olan müddət ərzində silahlı qruplaşmalar 175 park reyncerini öldürmüşdür.[23] 2018-ci ilin mayında üç turist silahlılar tərəfindən qaçırılmış və qısa müddət sonra azad edilmişdir.[24] Park 2018-ci ilin iyun ayından bəri ziyarətçilər üçün qapalıdır.[25]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mubalama, L. and Mushenzi, N. "Monitoring law enforcement and illegal activities in the northern sector of the Parc National des Virunga, Democratic Republic of Congo". Pachyderm (36). 2004: 16–29.
- ↑ Crawford, A. and Bernstein, J. MEAs, Conservation and Conflict – A case study of Virunga National Park, DRC. Geneva: International Institute for Sustainable Development. 2008.
- ↑ Debonnet, G. and Hillman-Smith, K. "Supporting protected areas in a time of political turmoil: the case of World Heritage Sites in the Democratic Republic of Congo". Parks. 14 (1). 2004: 9–16.
- ↑ Tedesco, D. "1995 Nyiragongo and Nyamulagira activity in the Virunga National Park: A volcanic crisis". Acta Vulcanologica. 14 (1/2). 2002: 149–155.
- ↑ Plumptre, A.J., Davenport, T.R., Behangana, M., Kityo, R., Eilu, G., Ssegawa, P., Ewango, C., Meirte, D., Kahindo, C., Herremans, M. and Peterhans, J.K. "The biodiversity of the Albertine Rift". Biological Conservation. 134 (2). 2007: 178–194.
- ↑ Harroy, J.P. "Contribution à l'histoire jusque 1934 de la création de l'Institut des parcs nationaux du Congo belge". Civilisations. Revue internationale d'anthropologie et de sciences humaines. 41. 1993: 427–442. doi:10.4000/civilisations.1732.
- ↑ Bashonga, M. G. Etude socio-économique et culturelle, attitude et perceptions des communautés Twa pygmées autour du secteur Mikeno du Parc National des Virunga. Goma: Institut Congolais pour la Conservation de la Nature. 2012.
- ↑ De Bont, R. ""Primitives" and Protected Areas: International Conservation and the "Naturalization" of Indigenous People, ca. 1910-1975". Journal of the History of Ideas. 76 (2). 2015: 215–236.
- ↑ De Bont, R. "A World Laboratory: Framing the Albert National Park". Environmental History. 22 (3). 2017: 404–432. doi:10.1093/envhis/emx020.
- ↑ Inogwabini, B.I. "Conserving biodiversity in the Democratic Republic of Congo: a brief history, current trends and insights for the future". Parks. 20 (2). 2014: 101−110.
- ↑ Schumacher, P. Die Kivu-Pygmäen und ihre soziale Umwelt im Albert-National Park (PDF). Bruxelles: Institut des Parcs Nationaux du Congo Belge. 1943. 2022-01-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-23.
- ↑ de Heinzelin de Braucourt, J. Le paléolithique aux abords d'Ishango (PDF). Bruxelles: Institut des Parcs Nationaux du Congo Belge. 1961. 2022-03-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-23.
- ↑ Dart, R.A. "The urgency of international intervention for the preservation of the mountain gorilla". South African Journal of Science. 56 (4). 1960: 85–87. 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
- ↑ McNeely, J.A. "Conserving forest biodiversity in times of violent conflict". Oryx. 37 (2). 2003: 142–152. doi:10.1017/S0030605303000334.
- ↑ Marijnen, E. "Public Authority and Conservation in Areas of Armed Conflict: Virunga National Park as a 'State within a State' in Eastern Congo". Development and Change. 49 (3). 2018: 790–814. doi:10.1111/dech.12380.
- ↑ Nkongolo, J.K. "International solidarity and permanent sovereignty over natural resources: antagonism or peaceful coexistence? The case of oil in the Virunga National Park". African Journal of Democracy and Governance. 2 (3–4). 2015: 77–98.
- ↑ Verheyen, E. "Oil extraction imperils Africa's Great Lakes". Science. 354 (6312). 2016: 561–562.
- ↑ Hochleithner, S. "Beyond Contesting Limits: Land, Access, and Resistance at the Virunga National Park". Conservation and Society. 15 (1). 2017: 100–110.
- ↑ Kümpel, N.F., Hatchwell, M., Clausen, A., Some, L., Gibbons, O. and Field, A. Sustainable development at natural World Heritage sites in Africa (PDF) // Moukala, E. and Odiaua, I. (redaktorlar ). World Heritage for Sustainable Development in Africa. Paris: United Nations Educational, Scientific and Cultural Organization. 2018. 51–61. 2018-11-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-23.
- ↑ Refisch, J. and Jenson, J. Transboundary collaboration in the Greater Virunga Landscape: From gorilla conservation to conflict-sensitive transboundary landscape management // Bruch, C., Muffett, C., Nichols, S.S. (redaktorlar ). Governance, Natural Resources, and Post-Conflict Peacebuilding. Oxon, New York: Routledge. 2016. 825–841. ISBN 1136272070.
- ↑ Verweijen, J. and Marijnen, E. "The counterinsurgency/conservation nexus: guerrilla livelihoods and the dynamics of conflict and violence in the Virunga National Park, Democratic Republic of the Congo". The Journal of Peasant Studies. 45 (2). 2016: 300–320. doi:10.1080/03066150.2016.1203307.
- ↑ Burke, J. "Six Virunga park rangers killed in DRC wildlife sanctuary". The Guardian. 2018. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
- ↑ "In memoriam: deadliest attack on Virunga staff in Park's recent history brings total ranger deaths to 175". Virunga (ingilis). 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019.
- ↑ "DR Congo: British tourists kidnapped in Virunga National Park". BBC. 17 may 2018. 5 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2019.
- ↑ "Virunga Park Closure Statement" (PDF). 2018-06-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2019. (#invalid_param_val)