Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir

(Vikipediya:TYV səhifəsindən yönləndirilmişdir)
Qısa keçid yönləndirmə

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 10-25 mart 2011-ci il.
  • Qüvvədədir: 25 mart 2011-ci ildən.

Vikipediya - ensiklopediya yaratmaq məqsədi güdən layihədir. Vikipediya maraqlara xidmət edən klub deyil. Vikipediya iştirakçıları arasında şəxsi münasibətlər Vikipediyada müzakirə oluna bilməz.

Vikipediyada baş verən bütün müzakirələr yalnız Vikipediyanın inkişafı naminə olmalıdır. Müzakirələrin sonunda konsensus əldə edilməlidir. Odur ki, şəxsi müstəviyə keçən bər hansı bir müzakirə Vikipediyanın ruhuna ziddir. İstifadəçinin digər istifadəçiyə qarşı pis münasibəti müzakirələrdə əks oluna bilməz.

  • Müzakirə zamanı digər istifadəçilərə qarşı təhqir, rişxənd, istehza, özünü böyük tutma, böhtan dolu yazılarla çıxış edən istifadəçinin fəaliyyəti dayandırılmalıdır.
  • Müzakirələrdə müəllif deyil, məqalə müzakirə edilməlidir.
  • Etirazlar yalnız müzakirə olunan səhifədəki məsələlərlə bağlı olmalıdır.
  • Şəxsi münasibətlər və təhqirlər Vikipediyanın ümumi işinə xələl gətirir və digər istifadəçiləri işlərindən yayındırır.

Hər bir istifadəçi layihədə normal işgüzar əhval-ruhiyyənin yaradılmasına xidmət etməlidir. Müzakirələr zamanı istifadəçiyə təzyiq göstərmək, keçmiş müzakirələri yada salaraq Vikipediyaya yaraşmayan ab-hava yaratmaq qadağandır və istifadəçinin cəzalanmasına səbəb ola bilər.

Vikipediyada fəaliyyət göstərən hər bir istifadəçinin fəaliyyəti Vikipediyanın ümumi nüfuzuna təsir edir. Qayğıkeş olun, nizam-intizama xidmət edin, istifadəçilərin ləyaqətinə hörmət edin.

Müzakirələr zamanı şəxsi zəmində təhqiredici və alçaldıcı replikaların istifadəsi qəti qadağandır.

Unutmayın ki, bütün yazıları, hətta silinmiş yazıları belə məqalələrin "tarixçə" bölməsindən izləmək mümkündür.

Təhdidlər

Digər istifadəçiləri aşağıdakılarla təhdid etməyin:

  • hüquqi nəticələrlə (və ya məhkəmə ilə);
  • fiziki güclə;
  • Vikipediya istifadəçisinin hökumət, işəgötürən və ya digər şəxs və ya təşkilat tərəfindən siyasi, dini, yaxud digər təqiblərə məruz qalması ilə nəticələnən hərəkətlərlə.

Bu cür təhdidlərə yol verən istifadəçi xəbərdarlıqsız və ilkin müzakirə aparmadan dərhal uzunmüddətli və ya qeyri-müəyyən müddətə bloklana bilər.

Əgər siz şəxsi təhqirlə üzləşmisinizsə

Özünü təhqir edilmiş hesab edən istifadəçinin idarəçilərə müraciət etməsi məsləhətdir. İlk növbədə istifadəçinin həqiqətən də təhqir olunması təyin olunmalıdır. Əgər təhqir faktı varsa, təhqir edən şəxs üzr istəməlidir. Əgər təhqir edən şəxs günahkar olduğunu etiraf etmirsə və ya müraciətlərə cavab vermirsə Vikipediya qaydalarına uyğun olaraq idarəçi tərəfindən cəzalandırılır.

Əgər idarəçilər təhqir faktını qəbul etmirlərsə və ya qəbul etsələr də hər-hansı səbəb gətirərək təhqir edəni cəzalandırmaqdan boyun qaçırırlarsa, istifadəçi "Vikipediya:Kənd meydanı" səhifəsinə müraciət edərək, problemi müzakirəyə çıxara bilər. Əgər sübut olunsa ki, istifadəçi günahkar olduğu halda idarəçi tərəfindən bilərəkdən cəzalandırılmayıb, o halda həmin idarəçiyə xəbərdarlıq edilməli və fəaliyyəti nəzarətə götürülməlidir.

Şəxsi təhqirlərin silinməsi

Müzakirələr zamanı söyüş xarakterli şəxsi təhqirlər, digər istifadəçilər tərəfindən silinə bilər. Amma bu şərtlə ki, silinmiş mətnin yerində "Şəxsi təhqir olduğuna görə silinmişdir" sözləri yazılmış olsun.

Yalan və saxtalaşdırma

Aşağıdakılar Vikipediya qaydalarının ciddi şəkildə pozulması hesab edilir:

  • Təhqiramiz ifadə yalnız söyüş xarakterli olarsa, həmin ifadə silinə bilər və redaktə zamanı qısa məzmunda "Şəxsi təhqir olduğuna görə silinmişdir" ifadəsi qeyd olunmalıdır. Təhqiramiz ifadə söyüş olmazsa, istifadəçinin onu silməsi vandalizm kimi dəyərləndirilir.
  • Müzakirələrdə başqalarına aid fikirlərin dəyişdirilməsi üçün qəsdən onların yazdıqlarına düzəlişlərin edilməsi, həmin mətnlərin silinməsi və ya başqasının adından məlumatın yazılması.
  • Digər istifadəçilərin adlarının bilərəkdən dəyişdirilməsi və həmin istifadəçilərin şəxsi səhifələrinin surətlərinin yaradılması, onların adından müzakirələrdə iştirak edilməsi, redaktələrin aparılması.
  • Anonim olaraq müzakirələrdə iştirak edilməsi və Vikipediyadan şəxsə və ya qurumlara hücum predmeti olaraq istifadə edilməsi.

Qeyd: Xoş məramla verilən həvəsləndirici ulduz və başqa tip mükafatlar, eləcə də istifadəçinin xahişi ilə onun xüsusi səhifələrində edilən estetik dəyişikliklər "vandalizm" hesab edilmir.

Həmçinin bax