Avers

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Avers (alm. Vorderseite‎, it. dritto, fr. avers[1], lat. adversus — "üzü tərəfə çevrilmiş") — sikkə və medalların üz və əsas tərəfi. Avers reversin əks tərəfidir. Termin qədim dövrlərdən əmələ gəlib. Əvvəlcə bu söz sikkənin alt ştempel vasitəsilə zərb olunan tərəfi mənasını verirdi (lat. adversus — "üzü tərəfə çevrilmiş"). Sikkə işinin xüsusiyyətlərini nəzərə alaraq, bu hissədə "daha vacib" təsvirlər yerləşdirilirdi, üst ştempeldə isə "daha az vacib" olanlar. Sikkələrin buraxılması texnologiyasının inkişafı ilə yuxarı və alt ştempellə zərb olunmaya görə bölünmə keçmişdə qaldı. "Avers" termini sikkənin başlıca və ya əsas tərəfi mənasını verməyə başladı.

Avers sikkəni təsvir etmə prosesində önəmli rol oynayır. Eyni zamanda, xüsusi numizmatik ədəbiyyatda sikkənin hansı tərəfinin ön, hansı tərəfin isə arxa olduğu ilə bağlı bir fikir birliyi yoxdur. Bu məsələ ilə bağlı əsas meyar emitent bankın göstərişidir. Onun olmadığı təqdirdə, hamı tərəfindən qəbul edilmiş üsul bir neçə əlamətə əsaslanır. Üstündə əsas tərəfi təyin edən monarx təsvirli sikkələrdə belə problem yaranmır. Alleqorik obrazı olan, məsələn, "Azadlıq" və ya respublika ölkələrində prezidentin portreti əks olunan tərəf həmçinin əsas kimi qəbul edilir. Bəzi hallarda tərəflərdən hansının əsas, hansının ikincidərəcəli olduğunu müəyyənləşdirmək olmur.[2]

  1. Schrötter, 1970. səh. 726
  2. Kahnt, 2005. səh. 184
  • Kahnt Helmut. Das große Münzlexicon von A bis Z (1. Auflage). Regenstauf: Battenberg Verlag. 2005. ISBN 3-89441-550-9.
  • Schrötter, Friedrich Freiherr von. Wörterbuch der Münzkunde (zweite, unveränderte Auflage). Berlin: J. Guttenberg Verlagsbuchhandlung. Wörterbuch der Münzkunde. 1970. ISBN 978-3110012279.