Avstriyalı Xuana
Avstriyalı Xuana | |
---|---|
isp. Juana de Austria | |
Şəxsi məlumatlar | |
Doğum adı | Joana d'Habsburg i de Portugal |
Doğum tarixi | 24 iyun 1535 |
Doğum yeri | |
Vəfat tarixi | 7 sentyabr 1573 (38 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | V Karl[1] |
Anası | Portuqaliyalı İzabella[1] |
Həyat yoldaşı |
|
Uşağı | |
Ailəsi | Habsburqlar sülaləsi |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Avstriyalı Yuanna (24 iyun 1535, Madrid[2] – 7 sentyabr 1573, Eskorial) — Müqəddəs Roma imperatoru V Karlın ən kiçik qızı, Portuqaliya kralı I Sebastiyanın anası. 1554–1558-ci illərdə öncə atasının, daha sonra isə qardaşı II Filippin İspaniya naibi olaraq xidmət etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Avstriyalı Yuanna 1535-ci ildə Madriddə dünyaya gəldi. Hər iki valideyni də vahid İspaniyanın bünövrəsini qoyan Kastilyalı İzabella və Araqonlu Ferdinandın nəvələri idi. Belə ki, atası V Karl Kastilyalı Yuannanın oğlu, anası İzabella isə onun bacısı Mariyanın Portuqaliya kralı I Manueldən doğulan qızı idi. Bu səbəblə hələ uşaq yaşlarında ikən Avstriya və Burqundiya hersoqinası, eləcə də Kastiliya və Araqon infantası elan edilmişdir. Hələ 4 yaşında ikən anası Portuqaliyalı İzabella vəfat etdi və azyaşlı Yuanna anasının nədimələrindən Donna Eleonora de Maskarennasın himayəsində böyüdü.
16 yaşı tamam olan Yuanna 1552-ci ildə Portuqaliya kralı olan dayısı III Conun yeganə oğlu Con Manuellə evləndirildi. Özündən 2 yaş kiçik olan vəliəhdlə olan nikahı 11 yanvar 1552-ci ildə Toroda vəkalətən bağlandı. Madriddən yola çıxan Yuanna həmin ilin noyabrında Portuqaliya sarayına gəlib çatdı. Ancaq vəliəhd Con Manuelin səhhəti olduqca zəif idi və cəmi 2 il sonra — 2 yanvar 1554-cü ildə vəfat etdi. O əsnada hamilə olan Yuanna ərinin ölümündən 2 həftə sonra — 20 yanvar 1554-cü ildə yeganə övladı Don Sebastiyanı dünyaya gətirdi.
Ancaq bir neçə ay sonra atası V Karl qızını öz yerinə İspaniya taxt-tacını idarə etməsi üçün Madridə geri çağırdı. Beləcə, Yuanna cəmi 5 aylıq olan yeganə oğlunu qaynanası və bibisi olan Portuqaliya kraliçası Avstriyalı Yekaterinaya əmanət edərək Madridə qayıtdı. Atasının 1556-cı ildə səltənətdən əl çəkib monastıra qapanmasının ardından Yuanna eyni vəzifəni 2 il boyunca qardaşı II Filipp adına davam etdirdi. Naibəliyi dönəmində dövlət işləriylə yanaşı, dini məsələlərlə də maraqlanan Yuanna bir çox kilsə və monastıra ianələr payladı.
Qalan ömrü boyunca yenidən evlənməyən Yuanna bir daha Portuqaliyaya qayıtmadı və övladını görə bilmədi. Oğlunu yalnız Portuqaliyadan göndərilən portretləriylə görən Yuanna ona tez-tez məktublar göndərirdi.
7 sentyabr 1573-cü ildə Eskorialda vəfat edən Yuannanın cənazəsi vəsiyyətinə uyğun şəkildə Madriddə inşa etdirdiyi monastırlardan birinə dəfn edildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Padberg, John (1999). "A Woman Jesuit".
- Stephens, Henry Morse (1903). The story of Portugal. G. P. Putnam's Sons. pp. 139, 279. ISBN 9780722224731
- Chisholm, Hugh, ed. (1911). "Joanna" . Encyclopædia Britannica. 15 (11th ed.). Cambridge University Press.
- Maria (D.). Rainha de Portugal". Portugal — Dicionário Histórico, Corográfico, Heráldico, Biográfico, Bibliográfico, Numismático e Artístico (in Portuguese). Vol. IV. pp. 823–824
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Lundy D. R. Juana von Habsburg // The Peerage (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #121209881 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.