V Karl
V Karl | |
---|---|
fr. Charles de Habsbourg | |
| |
1519 – 26 yanvar 1556 | |
Əvvəlki | I Maksimilian |
Sonrakı | I Ferdinand |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 fevral 1500[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 sentyabr 1558[1][2][…] (58 yaşında) |
Vəfat səbəbi | malyariya |
Atası | I Filip (Kastiliya kralı)[3] |
Anası | Kastiliyalı I Yuanna[3] |
Həyat yoldaşı |
|
Uşaqları | |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
V Karl və ya İspaniya tarixinə görə I Karl (24 fevral 1500[1][2][…], Gent, Habsburq Niderlandı[d][2] – 21 sentyabr 1558[1][2][…]) – 1506-cı ildə Burqundiya hersoqu, 1516-cı ildə İspaniya kralı və 1519-cu ildə Müqəddəs Roma imperatoru olan siyasi xadim. Vərəsəlik yolu ilə şimali, cənubi və mərkəzi Avropada böyük miqyaslı torpaqları, eyni zamanda Amerika və Asiya qitələrindəki ispan müstəmləkələrini öz hakimiyyəti altında birləşdirdi. Nəticədə səltənəti 4 km2 sahəyə yayıldı və mülkü ilk dəfə olaraq "üzərində günəşin batmadığı imperiya" olaraq adlandırıldı.
Karl Avropanın ən böyük 3 ailəsinin varisi idi: Burqundiya hersoqluğundan Valualar, Avstriyadan Habsburqlar və İspaniyadan Trastamarlar. Valua sülaləsindən Hollandiya və şərqi Fransa torpaqlarını, Habsburq sülaləsindən Avstriya taxt-tacını və babası I Maksimilyandan Müqəddəs Roma imperiyasını, İspaniyanın katolik hökmdarlarının (Kastiliyalı İzabella və II Ferdinand) nəvəsi olaraq isə Amerika və Asiyadakı müstəmləkələriylə birlikdə Kastilya krallığını və cənubi İtaliyanı da əhatə edən Araqon krallığını miras aldı. Müasir İspaniyanı təşkil edən tarixi Kastilya və Araqon krallıqlarını öz hakimiyyəti altında birləşdirən ilk hökmdar olmuş, bu səbəblə bir çox tarixi mənbələrdə İspaniyanın ilk kralı olaraq anılmışdır.
Avropanın yarıdan çoxunun miras olaraq bu gənc monarxa qalması isə digər Avropa krallarını təşvişə salmışdı. Bu səbəblə səltənəti boyunca həm daxili, həm də xarici qüvvələrlə mübarizə aparmışdır. Səltənəti boyunca bir çox xırda müharibələrlə yanaşı, 3 böyük miqyaslı müharibə baş tutmuşdur: Fransa ilə baş tutan İtaliya müharibələri, Osmanlı imperiyasının Avropaya gəlişinin qarşısının alınması və dini reformasiya zəminində alman əsilzadələri ilə mübarizə. Əsasən Appennin yarımadasında baş tutan Fransa müharibəsi səltənətinin demək olar ki, böyük bir qismini əhatə etdi.
Osmanlı imperiyası ilə mübarizə isə daha çox Macarıstan torpaqlarında və Aralıq dənizində davam etdi. Türklərin Avropaya irəliləyişi 1529-cu ildə baş tutan və Osmanlı üçün uğursuz hesab edilən Vyana mühasirəsi ilə dayandırıldı. Buna baxmayaraq Karlın adına, Avstriya hersoqu olan kiçik qardaşı Ferdinand uzun illər bu mübarizəni davam etdirdi. Aralıq dənizində qazanılan kiçik qələbələr istisna olmaqla, Osmanlılar Aralıq dənizində hakim mövqe tutdular və dəniz quldurluğu ilə İspaniya ticarətini zəiflətdilər. Digər tərəfdən Karl dini reformasiyaya qarşı çıxdı və həm siyasi, həm də dini müxalifləri olan alman əsilzadələri ilə mübarizə apardı. Buna baxmayaraq protestantlığın yayılmasını önləyə bilmədi və 1555-ci ildə Almaniyanı dini olaraq ikiyə ayıran Auqusburq sülhünü imzaladı.
Karl üsyanlarla o qədər maraqlanmasa da, səltənəti dövründə baş verən 3 böyük üsyanın yatırılmasında şəxsən özü iştirak etdi: Kastilyada çıxan Komunero üsyanı (1520–1521), Niderlandda çıxan kəndli üsyanı (1515–1523) və Gentdə çıxan kəndli üsyanı (1539–1540).
Karlın ispan müstəmləkələri səltənətinin yeganə və ən güclü maddi qaynağı idi. Amerika qitəsində Astek və İnk imperiyalarının Kastilya krallığı tərəfindən işğalına, eyni zamanda mərkəzi və cənubi Amerikadakı nüfuzunun artmasına şərait yaratdı. Digər tərəfdən Yeni dünyadan gələn qızıl və gümüş axını da imperiyanın iqtisadi həyatını ayaqda saxlayırdı.
Karl taxtdan çəkiləndə hələ 56 yaşında idi. Buna baxmayaraq 40 ildir davam edən aktiv siyasi həyat onu yormuşdu və bir monastra qapanaraq son günlərini sakitliklə keçirmək istəyirdi. Belə də oldu. Sahib olduğu Müqəddəs Roma imperiyasını kiçik qardaşı Ferdinanda, İspaniya, Hollandiya və ispan müstəmləkələrini isə oğlu Filipə təhvil verərək İspaniyanın Estremadura əyalətindəki Yuste monastrına çəkildi. Ayrılan bu 2 imperiya XVIII əsrə qədər (yəni, ailənin İspaniya qolunun nəsli tükənənə qədər) dost və müttəfiq olaraq qaldı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Uşaqlıq illəri
[redaktə | mənbəni redaktə et]Habsburqlu Karl 24 fevral 1500-cü ildə Burqundiya hersoqluğunun Gent şəhərində Habsburqlu Filiplə Kastilyalı Yuannanın böyük oğlu olaraq dünyaya gəldi. Rəvayətə görə, doğumuna az bir müddət qalmış, anası böyük bir mərasimə qatılmış, mərasimin ardından övladını sarayın hamamlarından birində dünyaya gətirmişdir. Atası Habsburqlu Filip Avstriya hersoqu və Müqəddəs Roma imperatoru I Maksimilyanla Burqundiya hersoqinası Mariyanın yeganə oğlu idi. Keçirdiyi psixiatrik tutmalar səbəbilə Dəli Yuanna olaraq tanınan anası Kastilyalı Yuanna isə Araqon kralı II Ferdinandla Kastilya kraliçası I İzabellanın qızı idi. Valideynlərinin siyasi məqsədlərlə baş tutan evliliyi Fransa krallığına qarşı Avstriya-İspaniya ittifaqını möhkəmləndirmək məqsədilə babaları arasında gedən yazışmalarda planlaşdırılmışdı.
Doğumunun ardından yalnız Burqundiyanın varisi ünvanı alan Karl bu səbəblə müəyyən yaş həddinə qədər Gentli Karl olaraq anılmışdır. Yorklu Marqarita və bibisi Avstriyalı Marqarita onun xaç anası oldu. 1501-ci ildə valideynləri Filip və Yuanna Kastiliyaya geri döndü və onunla digər bacı-qardaşlarını Savoyya hersoqinası olan bibiləri Avstriyalı Marqaritanın himayəsinə verdi. Nənəsi Kastilyalı İzabellanın vəfatının ardından 1504-cü ildə anası Yuanna Kastiliya kraliçası, 1506-cı ildə isə atası kral-konsort elan olundu. Ancaq bir neçə ay sonra atası vəfat etdi və həssas olan anası əqli səhhətini tamamilə itirdi. Babası Araqonlu Ferdinand isə ruhi vəziyyəti pisləşən Yuannanı Tordesillas qəsrində nəzarət altına alaraq krallığın idarəsini yenidən ələ aldı. Ancaq babasının fransız əsilli German de Foksla baş tutan ikinci evliliyi ölkədəki nüfuzunu azaltmışdı. Bu səbəblə atasının vəfatı və ardından anasının həbs edilməsinin ardından Karl Asturiya şahzadəsi (İspaniya taxtının varisi) ünvanı alaraq Burqundiya hersoqu elan edildi.
Taxt varisliyi
[redaktə | mənbəni redaktə et]Karl ilk öncə 1506-cı ildə atasının vəfatının ardından II Karl adıyla Burqundiya hersoqu elan edildi. Burqundiya hersoqluğu indiki Belçika, Hollandiya və Lüksemburq ərazilərini əhatə edirdi. Uşaqlıq və yeniyetməlik illərində ona müəllimlik edən bir çox din xadimlərinin və yaşadığı saray mühitinin təsiriylə Karl xristian dini birliyi inancını mənimsəmişdi. Onun Burqundiya hakimliyi dönəmində bölgə həm iqtisadi, həm də mədəni cəhətdən olduqca zəngin idi. Üstəlik Karl da doğulub böyüdüyü bu bölgəyə çox sadiq idi və ömrünün böyük bir qismini Brüsseldə keçirmişdi.
İspaniya taxtı üzərindəki taxt iddiası isə daha böyük idi. Belə ki, o dönəm üçün İspaniya krallığı Araqon və Kastiliya taxt-tacı, eləcə də Siciliya krallığı və Kastiliyanın Yeni dünyadakı mülklərini əhatə edirdi. Anası Yuanna həbs tutulduğu müddət ərzində babası Ferdinand kraliçanın naibi olaraq bu mülkləri idarə edirdi. Ancaq Araqonlu Ferdinandın ölümündən sonra anası Yuannaya yeni bir naib axtarışına başlanıldı. Karlın ortaq monarx seçilməsinin ardından o, bütün bu mülklərin və taxtın varisi olaraq görülməyə başlandı. Buna baxmayaraq Karl İspaniyada ilk başlarda əcnəbi olaraq görüldü və çox da dəstəklənmədi. Belə ki, Araqon krallığında baş tutan sənətkar gildiyası üsyanı və Kastiliyada çıxan kəndli üsyanı Karlın İspaniyadakı hakimiyyətinə qarşı hədəf almışdı. Kəndli üsyanının əsas məqsədi Habsburqları ölkədən qovmaq və illərdir həbs olunan kraliça Yuannanı yenidən hakimiyyətə gətirmək idi. Bu məqsədlə formal da olsa hakimiyyətdə olan Yuannanın həbs olunduğu Tordesillasa irəliləyən üsyançılar onunla danışıqlara keçmək istədilər. Kraliçadan alınan dəstək bu üsyanı leqallaşdıracaqdı. Ancaq oğlu Karlın göndərdiyi bir heyət kraliçanı bu dəstəyi verməməyə razı saldı. Heyətin bölgəyə gəlişindən dərhal sonra baş tutan və kralın qalib gəldiyi Villalar döyüşü üsyanın aqibətini həll etdi.
Babası I Maksimilyanın vəfatının ardından Karl 1519-cu ilin yanvarında Avstriya hersoqu, həmin ilin iyununda isə Müqəddəs Roma imperatoru seçildi. Atasının alman əsilli bir şahzadə olmasına baxmayaraq o illərdə imperiyada yayılan alman lüteranlıq cərəyanına dəstək vermədi. Qatı katolik dini baxışı səbəbilə sonda özünə qarşı mübarizəyə başlayan digər alman əsilli zadəganların düşmənliyini qazandı. Buna baxmayaraq doğulduğu Burqundiya torpaqlarındakı alman zadəganları onu daim dəstəklədi. Üstəlik Fransa və Osmanlılarla mübarizədə ordusunun mühüm bir hissəsini bu alman zadəgan ailələri təşkil edirdi.
Karl bir çox dildə danışa bilirdi. Doğulduğu mühit etibarilə fransız və flaman dilllərini ana dili kimi danışırdı. İspaniya taxtının varisi seçilməsinin ardından ispan dili də bu dillər sırasına əlavə edildi. İmperator seçiminin ardından alman dilini öyrənsə də, bu dili heç vaxt fransızca qədər yaxşı bilmədi. Hətta haqqında yayılan bir rəvayətə görə, Karl Allahla ispanca, qadınlarla italyanca, kişilərlə fransızca, atıyla isə almanca danışırdı.
Habsburq ailəsinə məxsus olan geniş mülkləri varisliklə ələ alan Karl bütün bu torpaqlarda eyni anda ola bilmədiyi üçün bu bölgələrə özünə sadiq bildiyi şəxsləri naib olaraq təyin edirdi. Onun Habsburq Niderlandiyasındakı ilk naibi bibisi Avstriyalı Marqarita oldu. Onun ardından bu vəzifəyə öz bacısı Mariya və Emanuel Filbert təyin edildi. Onun İspaniyadakı ilk naibi isə vaxtilə müəllimi olan və gələcəkdə VI Adrian adıyla Roma papası seçilən Utrexli Adrian oldu. Onun ardından bu vəzifəyə xanımı İzabella və oğlu Filip bu vəzifəyə təyin edildi. Tarixi Avstriya torpaqları üzərindəki naibliyi isə qardaşı Ferdinanda həvalə edən Karl, onun 1531-ci ildə Roma kralı seçilməsində mühüm rol oynadı.
Ömrü boyunca hakimi olduğu və ya siyasi münasibətlər saxladığı ölkələrə səyahətlər edən Karl Burqundiyaya 10, alman dilli bölgələrə 9, İspaniyaya 7, İtaliya şəhər-dövlətlərinə 7, Fransaya 4, İngiltərəyə 2 və şimali Afrikaya 2 dəfə səyahət etmişdir. Özünün son ictimai çıxışında dediyi kimi: "Həyatım uzun bir səyahət idi"
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 RKDartists (nid.).
- ↑ 1 2 3 4 5 6 Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ 1 2 3 4 5 6 7 Kindred Britain.
- ↑ 1 2 Lundy D. R. Karl V von Habsburg, Holy Roman Emperor // The Peerage (ing.).