Didaktika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Didaktika (q.yun. διδακτικός) — pedaqogikanın bir bölməsi.

Didaktika anlayışı

[redaktə | mənbəni redaktə et]

«Didaktika» anlayışı pedaqogika elminə XVII yüzillikdə gətirilmişdir. Həmin termini ilk dəfə alman pedaqoqu Volfqanq Ratke (1571-1635) və çex pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişlər. Bu anlaşıyın mahiyyətini həmin şəxslərin hərəsi bir cür aydınlaşdırmışdır. V.Rakteyə görə, didaktika elmləri, dillləri və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskinin nöqteyi-nəzərincə, didaktika hər şeyi hamıya öyrətmək sənətidir.

Pedaqoji fikir tarixində didaktikanı gah təhsil, gah təlim, gah da təlim və təhsil nəzəriyyəsi kimi aydınlaşdırmaq cəhdləri olmuşdur. Bu cəhdlərə baxmayaraq, deyə bilərik ki, əslində didaktika təhsil və təlim haqqında nəzəriyyədir.

Didaktika çox qədim tarixə malikdir. Təlimin məqsədlərinə və məzmununa dair hələ vaxtilə Konfutsi, Heraklit, Demokrit, Sokrat, Platon, Aristotel, Epikür, Nizami Gəncəvi, Nəsirəddin Tusi və digər dərin təfəkkür sahibləri son dərəcə qiymətli fikirlər söyləmişlər. Demokrit təlimdə təbiət haqqında biliklərə yiyələnməni başlıca cəhət hesab edirdi. Platon yüksək təhsili hərbçilər üçün; ümumi hərtərəfli təhsili hakimlər; əmək və peşə təhsilini qullar üçün nəzərdə tuturdu.

B.e.ə. üçüncü minilliyin ortalarında Şumerdə məktəb təhsili, b.e.ə. dördüncü minilliyin sonlarında qədim Misir yazısı vardı. Didaktikanın formalaşmasında Azərbaycan mütəfəkkirlərinin və pedaqoqlarının də əməyi böyükdür. Nizami Gəncəvinin nöqteyi-nəzərincə, təlim almaq hamıya lazımdır. Dahi şair təlimin tərbiyəedici xarakterə malik olduğunu xüsusi vurğulayır, nəzəriyyə ilə təcbübənin vəhdətdə götürülməsinin vacibliyini, təlimin insanı həm maddi, həm də mənəvi baxımdan yüksəltdiyini göstərirdi. Nizaminin düzgün qənaətinə görə, təlimin son həddi yoxdur. Bu fikir hazırda dəbdə və gündəmdə olan fasiləsiz təhsil ideyası ilə səsləşir.

Didaktikanın əsasları Y.A.Komenskinin xüsusən «Böyük didaktika» əsərində öz həllini tapdı. Pedaqoji fikir tarixində Y.A.Komenski ilk dəfə ümumi təhsilin vacibliyinə diqqəti yönəltdi, təlimin məqsədinə, üsul, vasitə və prinsiplərinə və təlimin təşkili məsələlərinə yeni yanaşmalarla aydınlıq gətirdi. O, ehkamçı (doqmatik) təlimə qarşı çıxırdı. Bu xüsusda deyirdi: «Təkcə bir nüfuz əsasında heç nə öyrətmək lazım deyil, yalnız sübutlar əsasında, yüksək hisslər və ağıl vasitəsilə öyrətmək lazımdır».

O, məsləhət görürdü ki, sözü deyil, əşya və hadisələri öyrətmək lazımdır, biliklərə yalnız kitab vasitəsilə deyil, bilavasitə «səmadan və yerdən, palıddan və fıstıqdan», yəni müşahidə və müstəqil zehni iş yolu ilə yiyələnmək lazımdır.

Y.A. Komenski «Pansofiya» (elmlər sistemini yaratmaq – müdriklik) ideyasını irəli sürmüşdür. Komenskinin qənaətincə, «Pansofiya» ümumi təhsilin «yığcam tam kursunu verən» və «dünyanı canlı əks etdirən bir kitab olacaqdır. Komenski təkcə nəyi öyrətmək və nəyi öyrənmək barədə deyil, eyni zamanda necə öyrətmək və öyrənmək barədə söz açırdı. O, təlimin prinsiplərinin və qaydalarının müəyyənləşdirilməsinin, təlimin təşkilinin əsaslarını (tədris ili, tətillər, tədris ilinin rüblərə bölünməsi, şagirdlərin eyni vaxtda məktəbə qəbulu, sinif-dərs sistemi, məktəblilərin biliklərinin hesaba alınması və qiymətləndirilməsi, tədris gününün davametmə müddəti və s.) qoydu.

Sonralar İohan Henrix Pestalotsi (1746-1827) ibtidai təhsilin didaktik sistemini yaratdı. Onun nöqteyi-nəzərincə, məktəblilər tərəfindən dünyanın dərk edilməsinin əsasında üç element dayanır: say, söz və forma. Onlardan bütün sonrakı biliklər meydana gəlir. I. H. Pestalotsi belə mühüm vəzifəni irəli sürürdü: təlimin elə metodları və formaları müəyyənləşdirilməlidir ki, onlardan istifadə etməklə kəndli ana öz uşaqlarını təlim etməyi bacarsın. Pestalotsi inkişafetdirici təlim ideyasını əsaslandırmış, tədris müəssisəsinin əsas işinin mənəvi qüvvələri və qabiliyyətləri oyatmaq, düşünmək bacarığını inkişaf etdirmək olduğunu bildirirdi.

İohan Fridrix Herbart (1776-1841) təlimin üç növünü dəyərləndirirdi: təsviri, təhlili, tərkibi. Onun nöqteyi-nəzərincə, təsvir və təhlili təlim, əsasən aşağı siniflərdə, tərkibi təlim isə yuxarı siniflərdə təşkil edilməlidir. Təlim prosesi həm də qeyd olunan növlərin vəhdətinə nail olmalıdır. Didaktikanın inkişafı tarixində Herbartın təlim dərəcələri (mərhələləri) nəzəriyyəsinin də özünəməxsus yeri vardır. Bu nəzəriyyəyə görə, təlim prosesi dörd dərəcədən (mərhələdən) ibarətdir: aydınlıq mərhələsi (yeni material müxtəlif yollarla məktəblilərə çatdırılır), assosiasiya mərhələsi (yeni material məktəblilərin vaxtilə müxtəlif mənbələrdən aldıqları biliklərlə əlaqələndirilir), sistem mərhələsi (tərif və qaydalar formalaşdırılır, ümumiləşdirmələr aparılır, müvafiq nəticələrə gəlinir), üsul mərhələsi (biliklər praktikaya tətbiq olunur).

Didaktikanın inkişafında alman pedaqoqu Adolf Disterveq (1790-1866) özünəməxsus rol oynamışdır. Onun didaktikasında inkişafetdirici təlim, təlimin tərbiyələndirici xarakteri diqqəti xüsusilə cəlb edir. Disterveqə görə, təlim təhsil alanın təkcə zehni qüvvələrini inkişaf etdirməklə bərabər, həm də onlarda nəcib sifətlər, yüksək mənəvi duyğular, qüvvətli xarakter və möhkəm əqidə formalaşdırır. Disterveq təlimdə əyaniliyin, sistemlilik, ardıcıllıq və şüurluluğun rolunu qiymətləndirir, müəllimin şəxsiyyətinə yüksək tələblər verirdi.

Abbasqulu ağa Bakıxanov biliklərin konkret, dəqiq və aydın olması ideyasını irəli sürür, təhsil alanlara öz biliklərinə tənqidi yanaşmağı məsləhət görürdü.

Didaktika pedaqogikanın əsas bölmələrindən biridir. Pedaqogikanın təhsil və təlimin mahiyyətindən, məqsəd və vəzifələrindən, məzmunundan, prinsip və metodlarından, qanun və qanunauyğunluqlarından, vasitələrindən, təşkili formalarından bəhs edən hissəsi təlim və təhsil nəzəriyyəsi və ya didaktika adlanır. Belə halda təhsil təlimin nəticəsi, təlim isə təhsilə yol kimi çıxış edir.

Didaktika təlim prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün normativ tələblər işləyib hazırlayır. Cəmiyyətin ictimai sifarişinə, elm və məktəbin müasir səviyyəsinə əsaslanaraq, didaktika öyrənmə predmetini – təlimin məqsədini (nə üçün öyrətmək, nəyə hazırlamaq); təlimin məzmununu (nəyi öyrətməli); təlimin metodlarını və təşkili formalarını (necə öyrətməli); təlimə nəzarət və onun nəticələrinin hesaba alınması və s. bu kimi məsələləri müəyyənləşdirir.

Didaktikanın predmeti – müəllimin rəhbərliyi altında müxtəlif tip təlim-tərbiyə müəssisələrində həyata keçən təhsil və təlim prosesidir. Və yaxud didaktikanın predmetini tədrisin, başqa sözlə, öyrətmənin (müəllimin fəaliyyəti) və öyrənmənin (məktəblinin idrak fəaliyyəti) əlaqəsi və onların qarşılıqlı fəaliyyəti təşkil edir. Didaktika bu prosesin qanunauyğunluqlarını nəzərdən keçirir, təhsilin məzmununun müəyyənləşdirilməsinin elmi əsaslarına aydınlıq gətirir, təlimin metodlarının və vasitələrinin səmərəliliyinin yüksəldilməsi yollarının, həmçinin təlimin təşkilati formalarının müəyyənləşdirilməsinə kömək göstərir.

Təlimi və təhsili nəzəri, daha ümumi səviyyədə tədqiq edən pedaqoji fənn didaktika adlanır. Buradan məlum olur ki, didaktika təlimin pedaqoji nəzəriyyəsi olub onun məzmunu, metodları və təşkili formaları barədə elmi əsaslandırma verir.

Haqqında danışılan məsələlərdən bu və ya digər fənnin tədrisi xüsusiyyətlərinə uyğun olaraq xüsusi metodikalar da bəhs edir. Istənilən metodika özünəməxsus tədqiqat predmetinə malikdir. Metodika müvafiq fənn üzrə bilik, bacarıq və vərdişlər sisteminin nəzəri əsaslarının müəyyənləşdilməsini, həmçinin tədris prosesinin təşkili metodlarını və formasını işləyib hazırlayır. Hər bir fənn üzrə metodika özündə təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici vəzifələri əks etdirir. Həmin məsələlər eyni zamanda didaktikanın predmetini təşkil edir. Fənlərin tədrisi metodları ilə didaktika arasında qarşılıqlı əlaqə və münasibət mövcuddur: fənlərin tədrisi metodikası təlimin məzmunu, prinsip, metod və vasitələrini bu fənn üzrə öyrənib müəyyənləşdirir, didaktika isə fənlərin tədrisi metodikasına dair həmin materialdan ümumi nəticələr çıxararaq, bütün fənlərin tədrisi üçün ümumi olan təlim prinsiplərini və metodlarını konkretləşdirir, bu barədə ümumi qanunauyğunluqlar və müddəalar formalaşdırır.

Didaktikanın təlim və təhsil nəzəriyyəsi elmi kimi qəbul edilməsi üçün onun müəyyən tələblərə cavab verməsi lazımdır. Belə ki öyrənilən material özündə ən azı üç qarşılıqlı əlaqədə olan cəhətləri birləşdirməlidir: nəzəri (elmi faktlar və onların nəzəri ümumiləşdirilməsi), praktik (müxtəlif həyati vəziyyətlərdə biliklərin tətbiqi üzrə bacarıq və vərdişləri) və dünyagörüş (baxışlar və əqidə). Həmin cəhətlərin diqqət mərkəzində olması məktəblilərin hərtərəfli inkişafına və şəxsiyyət kimi formalaşmasına əsas verir ki, bu da didaktikada xüsusi təhsil anlayışının meydana gəlməsinə gətirib çıxarır.

Didaktika müxtəlif tədris müəssisələrində həyata keçirilən təlim prosesinin ümumi qanunauyğunluqlarını özündə birləşdirir. Hər bir tədris fənni özünəməxsus xüsusiyyətlərə malikdir, özünün qanunauyğunluqları vardır, təlimin xüsusi metodları və təşkili formaları əsasında həyata keçirilməsini tələb edir. Həmin məsələlərlə xüsusi didaktikalar, yaxud ayrı-ayrı tədris fənlərinin tədrisi metodikası məşğul olmalıdır.

Didaktika yunanca didakticos (öyrədən) və didasko (öyrənən) sözlərindən götürülmüşdür. Təlim prosesinin əsas mərhələləri mənimsəmə prosesinin strukturunu əks etdirir.

Təlimin mahiyyəti və vəzifələri, təşkili formaları, qanun və qanunauyğunluqları, prinsip və metodları xüsusi metodikalar tərəfindən ayrı-ayrı fənlərin tədrisi metodikasına uyğun şəkildə formalaşdırılır. Xüsusi metodika didaktikaya uyğun materiallar və xüsusi müddəalar irəli sürür, didaktika isə həmin materialları və xüsusi müddəaları əsas götürməklə ayrı-ayrı fənlərin metodikalarında istifadə olunacaq ideyaları əks etdirir.

Didaktika aşağıdakı suallara cavab axtarır: nəyi öyrətməli, necə öyrətməli, hansı həcmdə öyrətməli, harada öyrətməli və kim öyrətməli? Hələ vaxtilə M.F. Axundov Həsən bəy Zərdabiyə yazdığı məktubunda göstərirdi: «Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib, bizə hey təklif edirsən, elm öyrənin… bizə de görək, elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək?» Göründüyü kimi, Mirzə Fətəli xalq məktəblərinin üç başlıca probleminə toxunurdu: «Harada öyrənək» deyərkən məktəblərin azlığını, «kimdən öyrənək» deyərkən müəllim məsələsini, pedaqoji kadrların çatışmadığını, «nə dildə öyrənək» deyərkən məscid məktəblərində ərəb-fars dilinin hakim olduğunu, doğma ana dilində dərs keçilmədiyini nəzərdə tuturdu. Deməli, təlimin, təhsilin səmərəli təşkili üçün zəruri şərait olmalıdır.

  • Левичев О.Ф. Принцип законности в современной дидактике] [1]
  • Левичев О.Ф. Закон сохранения информации в дидактике. // Интернет-журнал "Эйдос". *[2]