Fəzlürrəhman Malik
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fəzlürrəhman Malik | |
---|---|
Doğum tarixi | 21 sentyabr 1919[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyul 1988[3] (68 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | islam fəlsəfəsi[1], Şəriət[1] |
Elmi dərəcələri | |
İş yerləri |
|
Təhsili |
|
Fəzlürrəhman Malik (21 sentyabr 1919 – 26 iyul 1988)—İslam alimi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yenilikçi, "tarixi təfsir" anlayışının qurucusu Fəzlürrəhman 1919-cu il sentyabr ayının 21-də bugünkü Pakistanın (o vaxt Hindistanın) tərkibində olan Hazara şəhərində dünyaya gəlib. Atası Mövlanə Şəhabəddin Diyabəndi cərəyanına mənsub alim idi. İlk təhsilini atasından alan Fəzlürrəhman 10 yaşında ikən Quranı əzbərlədikdən sonra təhsilini mədrəsədə davam etdirir.
1933-cü ildə ailəsi ilə birlikdə Lahor şəhərinə köçən Fəzlürrəhman Pəncab universitetində təhsil almağa başlayır. 1940-cı ildə sözügedən universitetdən məzun olan Fəzlürrəhman 2 il sonra magistratura təhsilini başa vuraraq, universitetdə assistent kimi fəaliyyətə başlayır.
Fəzlürrəhman 1946–49-cu illərdə Oksford universitetində doktorluq dissertasiyasını müdafiə edərkən İslam fəlsəfəsi ilə maraqlanmağa başlayır. Bu dövr gələcək alimin fikirlərinin formalaşmasında mühüm rol oynayır. Doktorluq işini müdafiə etdikdən sonra Oksford universitetində "Fars mədəniyyəti və İslam fəlsəfəsi" müəllimi kimi pedaqoji fəaliyyətinə başlayan Fəzlürrəhman daha sonra Durham və Kanadanın Mak Gill universitetlərində fəaliyyətini davam etdirir. Ali daha sonra Pakistanda hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Əyyub Xanın dəvətini qəbul edərək, Pakistana qayıdır və 1961–68-ci illərdə Əyyub Xanın müşaviri olmaqla yanaşı, İslam Araşdırmaları İnstitutunun müdiri vəzifəsini icra edir, iki jurnal təsis edir. Bir çox pakistanlı tələbə məhz Fəzlürrəhmanın sayəsində xaricdə təhsil almaq imkanı əldə edir.
Bu müddət ərzində Fəzlürrəhman qələmə aldığı kitab və məqalələrdə irəli sürdüyü bir sıra görüşlərə görə, Pakistan alimlərinin etirazları ilə qarşılaşır. Getdikcə artan etirazlar alimi ölkəni tərk etməyə məcbur edir və o, ABŞ-yə üz tutur. 1969-cu ildən 1988-ci ilin iyul ayının 26-da vəfat edənədək ABŞ-nin Çikaqo universitetində pedoqoji fəaliyyətini davam etdirib.
Görüşləri
[redaktə | mənbəni redaktə et]Fəzlürrəhman "İslam müasirliyi" adlandıra biləcəyimiz layihəsi çərçivəsində bu gün İslam adına əlimizdə olan bütün məsələlərin araşdırılıb yenilənməsi gərəkdiyi fikrini mənimsəyir. Fəzlürrəhmanın fikrincə, müasir dövtdə müsəlmanların mövcudluqlarını davam etdirə bilmələri üçün qarşılarında iki yol vardır: Ya tamamilə sekulyar Qərbə inteqrasiya etmək ya da İslamı yeni bir ictihad metodu (tarixi ictihad) ilə izah edərək, yenidən həyatın bütün sahələrinə daxil etmək, beləliklə də müasir dünyaya, layiq olmayan, ancaq islam ənənəsinə də olmayıb Quranın əxlaqi və sosial məqsədlərinə uyğun yeni qaydalara söykənən alternativ bir model yaratmaqdır.
Alimə görə, bu məsələdə yalnız Quran istisnadır. Alimin bu geniş əhatəli "yenilənmə və dəyişiklik" təklifini başlıqlar şəklində aşağıdakı kimi xülasələşdirmək mümkündür:
Quran: Alimin bu barədə görüşlərini daha yaxşı dərk etmək üçün onun "vəhy" fenomeninə necə yanaşdığı ilə tanış olmaq gərəkdir. Belə ki, İslam qaynaqlarında bildirildiyi və açıqlandığı kimi vəhyin həm məna, həm də ləfzi (morfoloji) baxımdan Peyğəmbərə (s) bir mələk vasitəsilə ötürüldüyü xüsusunda Fəzlürrəhmanın ciddi şübhələri vardır. Alimin fikrincə, vəhy Peyğəmbərin (s) "qəlb"inə gəldiyinə görə, vəhy "xarici bir varlıqdır" və onun Peyğəmbər (s) tərəfindən kəlmələr şəklində eşidildiyini söyləmək doğru yanaşma deyildir.
Habelə, alim "Qəranik" hadisəsinin də tarixən sabit olduğunu bildirərək, onun sübutunu qəbul etmənin Qurana uyğun olduğunu iddia etmiş və öz fikirlərini əsaslandırmağa çalışmışdır. Ancaq bir çox tədqiqatçılar bu məsələdə alimin iki xüsusu nəzərdən qaçırdığını və yanlış qənaət sahibi olduğunu qeyd etmişlər. Bunlardan ilki hədis, təfsir və tarix kitablarında müşriklərin bütlərinin tərifinə dair cümlələrin Quran ayəsi olduğu və sonradan başqa ayələrlə nəsx edilib dəyişdirildiyinə dair heç bir məlumata rast gəlinməməsi, ikinci xüsus isə məsələyə Quran nöqteyi-nəzərindən yanaşıldığı zaman belə bir hadisənin baş verdiyinə dair kiçik bir işarənin olmamasıdır.
Yenə, alimə görə, Quranın dəvətinin əsasını əxlaq təşkil edir ki, bu da müqəddəs kitabın ehtiva etdiyi hüquqi hökmlərin belə əxlaqi çərçivədə başa düşülməsinin zəruriliyini ifadə edir. Başqa cür desək, Quranın ehkamla bağlı ayələri bizim üçün bu gün konkret hökmlər deyildir və bu hökmlərin arxasında olan əxlaq prinsipləri əsas götürülməlidir.
Quranın tarixiliyi (ehtiva etdiyi hökmlərin yalnız Peyğəmbərin dövrünə aid olması və bu gün eynilə tətbiqinin qeyri-mümkünlüyü) tezisinin bünövrəsini təşkil edən bu anlayışı Fəzlürrəhman İslam müasirliyinin mənasının şəriətə aid bütün məsələlərin dəyişməsinin gərəkdiyini bildirir.
Fəzlürrəhmana görə, Quran VII əsr Ərəbistanında nazil olduğuna görə, ehtiva etdiyi konkret hökmlər də həmin dövrə aid olmalıdır. Alimin fikrincə, Quranın qanunvericiliklə bağlı konkret ayələri tarixidir və bu gün eynilə tətbiq oluna bilməz. Ayələrin nazil olma səbəblərinə dair rəvayətlər sonradan "formalaşdırılmışdır", uydurulmamışdır (Alim "formalaşdırmanı "uydurma"dan fərqləndiyini bildirsə də, nəticə etibarilə hər iki anlayış arasında heç bir fərq yoxdur – mütərcim).
Sünnə: Fəzlürrəhman "sünnə" məfhumunu "nəbəvi" və "yaşayan" sünnət olmaqla iki hissəyə ayırır. Nəbəvi sünnət Peyğəmbərə (s) aid olduğu bilinən, konkret və ətraflı hökmlərdən daha çox ümumi prinsipləri ehtiva edir. Yaşayan sünnət isə Peyğəmbərin (s) vəfatından sonra islam cəmiyyətinin mənimsədiyi ictihadlar, adət-ənənə və sairdir. Nəbəvi sünnət sabit, yaşayan sünnət isə dəyişkəndir. Alimə görə, hər bir cəmiyyət öz yaşayan sünnətini formalaşdırmaq məcburiyyətindədir. Bu zaman əvvəlki dövrlərin yaşayan sünnələrindən faydalanmaq lazımdır.
Hədislər: Alim iddia edir ki, bir çox hədis Peyğəmbərin (s) vəfatından sonra "formalaşdırıldığına" görə, onların ləfzi baxımdan Allahın rəsuluna (s) aid edilməsi mümkün deyildir. O, Peyğəmbərə (s) aid olduğuna şübhə edilməyən hədislərin az olduğunu bildirmişdir. Alimin fikrincə, hədislərin böyük əksəriyyəti Peyğəmbərin (s) vəfatından sonra müsəlman alim, qazı və rəhbərlər tərəfindən "formalaşdırılmış"dır və bu "hədis uydurmaq" kimi başa düşülməməlidir.
Kəlam: İstər Əhli-sünnə, istərsə də əhli-bidətə daxil olan bütün kəlam cərəyanlarını müəyyən məqamlarda Qurandan uzaqlaşan hərəkatlar kimi xarakterizə edən Fəzlürrəhman İslam dininə uyğun bir Kəlamı yenidən formalaşdırmaq üçün ilk işin kəlam sahəsindəki baş verənləri elmi baxımdan tənqid etmək olduğunu deyib. Alim Əqaidə dair məqalələrində Əhli-sünnəni mötədil bir hərəkat kimi tövsif etməklə yanaşı, bir sıra məqamlarda kəskin tənqid etməkdən çəkinməyib. Habelə, alimin fikrincə, Əhli-sünnə Firqeyi-naciyədir (yeganə qurtulacaq firqə).
Təsəvvüf: Fəzlürrəhman təsəvvüfün bilavasitə xristianlığın təsirinə məruz qalan şiə qaynaqlarından təsirləndiyini irəli sürür. Sufilər isə öz dediklərini haqlı çıxartmaq üçün tarixi baxımdan tamamilə uydurma və öz xəyallarının məhsulu olan sözləri Peyğəmbərə (s) aid edir, onun söylədiyini iddia edirlər. Fəzlürrəhmana görə, təsəvvüf hicri III əsrdən etibarən ayrıca bir sistem şəklində dinin qarşısında olmuşdur. Alim sufiliyin əvvəllər cəmiyyət içərisində siyasi və məzhəb fonunda baş verən bəzi hadisələr qarşısında əxlaqi və mənəvi bir etiraz kimi ortaya çıxdığını, ancaq VI–VII əsrlərdən etibarən özünəməxsus adətləri ilə dini mahiyyətini itirdiyini bildirmişdir.
Bəzi əsərləri
[redaktə | mənbəni redaktə et]Alim müəllifi olduğu 11 kitabının hamısını ingilis dilində qələmə alıb. Həmçinin o, 68 məqalə və 4 ensiklopediya maddəsinin də müəllifidir.
- Tarix boyu islam metodologiyasının problemi
- Ana mövzuları ilə Quran
- İslam və müasirlik
- İslam ənənəsində sağlamlıq və tibb və s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Fazlur Rahman // AlKindi.
- ↑ 1 2 Benzine R. Les nouveaux penseurs de l'islam (fr.). Éditions Albin Michel, 2008. P. 123. ISBN 978-2-226-17858-9
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 https://web.archive.org/web/20181116223627/http://www.oxfordislamicstudies.com/article/opr/t349/e0188.
- ↑ 1 2 3 4 5 6 7 8 Benzine R. Les nouveaux penseurs de l'islam (fr.). Éditions Albin Michel, 2008. P. 124. ISBN 978-2-226-17858-9
- ↑ 1 2 JSTOR. 1995.