Fatmayı
Fatmayı | |
---|---|
40°31′45″ şm. e. 49°50′44″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Abşeron rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 79 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3.082 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0113[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Fatmayı — Azərbaycan Respublikasının Abşeron rayonunun Fatmayı kənd inzibati ərazi dairəsində kənd.[2] Fatmayı Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Bu kənd Xəzər dənizindən 54 metr yüksəklikdə olan təpənin cənub yamacında yerləşir. Novxanı, Mehdiabad, Pirşağı və Görədil kəndləri ilə qonşudur.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kəndin adı olan Fətmehi sözündən gəlir, "Mehlərin fəth etdiyi yer" mənasını verir. Həqiqətən də kənd orada olan mehləri, küləkləri ilə qonşu olduğu kəndlərdən fərqlənir. Abşeron rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Abşeron yarımadasındadır. Bu ərazi həm də Kiçik Qafqaz dağlarının bitdiyi yerdir. Ən maraqlısı isə isti havalarda bu ərazinin daima sərin olmasıdır. Hündür təpədə Bakı kəndlərinin heç birində bu qədər hiss olunmayan sərin mehi hiss etmək mümkündür. Kəndin adında da meh sözü var: ərəb-fars mənşəli "Fatmehi" sözü zəif səhər küləyi deməkdir. Bəzi yerlərdə kəndin adı Fatma adı ilə və ya hər hansı bir təriqətlə bağlı olduğu qeyd edilsə də, bunun konkret sübutu yoxdur.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə bir çox tarixi abidələr olub ki, onların bir qismi dövrümüzə qədər gəlib çıxmışdır. XVII–XIX əsrlərə aid Hacı Heybət məscidi, hamam, türbə, Pir Sarvan (Pirəsərvan) piri, Salam məscidi kimi tikililər vardır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Fatmayıda bir çox tanınmış şəxsiyyətlər doğulmuşdur. Məşhur din xadimləri Şeyx Ağahüseyn Mirzəhüseyn oğlu, kənd ağsaqqalı Hacı Hüseynbala Dadaşbala oğlu (1870–1939) və Hacı Ağamurad Zeynaloğlu, yazıçı Tağı Şahbazi (Simurq), alimlər Abdulla, Əbülfəz və Mürsəl Qarayevlər, görkəmli bəstəkar Qara Qarayev, böyük Səlimxanovlar nəslindən Tibb elmləri doktoru, professor Qüdrət Bəy Səlimxanov, oğlu Xanlar Səlimxanov, Vəlixanovlar nəslindən Azərbaycanın Xalq artisti Məmmədəli Vəlixanlı, oğlu əməkdar artist Aqşin Vəlixanov və qızı tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Tarix Muzeyinin baş direktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi Nailə Vəlixanlı, Məmmədovlar nəslindən fizika-riyaziyyat elmləri üzrə professor Əmrulla Məmmədov, İctimai Radionun direktoru, tele-aparıcı Məmmədəli Məmmədov (Dj Fateh), şair Mirzağa Dilxun, siyasi xadimlər Rəfael Allahverdiyev, Dadaş Bünyadzadə, rəssam Böyükağa Mirzəzadə, vitse-admiral Cəlil Cavadov, onlarla elm, sənət, incəsənət xadimi bu kəndin yetirmələridirlər.[3] 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3082 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Qonşu kəndlərin əhalisindən fərqli olaraq fatmayılılar su sarıdan korluq çəkmişlər. Kənd ağsaqqallarının dediyinə görə kənddə qədimdən qalma su quyusu olsa da, həmin quyuların suyu duzlu olduğundan acıya çalırmış. Ona görə də hələ son illərə kimi fatmayılılar suyu kənddən bir neçə kilometr aralı — dəniz sahilində salınmış bağlardan gətirirmişlər. Kənddə Kərbəlayı Xocabəy və Kərbəlayı Aslan quyularının suyu daha çox içilmişdir. Uzun illər ərzində kənddə demək olar ki, yaşıllıq olmayıb. Palçıq və xırda daşlardan tikilmiş evlər kəndə miskin görkəm verirmiş. Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olub, dəmyə taxıl və bostançılıqla güzəran sürüb. Dənizə yaxın ərazidə salınmış üzüm bağları, habelə əncirliklər həmişə əhalinin dadına çatıb. Küp və bardaqlarda doşab, riçal, kisələrdə qurudulmuş əncir, mövüc (üzüm qurusu), piskəndə (qabığı soyulmuş əncir qurusu), zincilfərən (əncirdən hazırlanmış ədviyyatlı şirini) saxlanar, azuqələr hazırlanarmış.
Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Fatmayıda 5 məscid var.
- "Hacı Heybət" məscidi (XV əsr)
- "Əlvətdin" məscidi (XVI əsr)
- "Poladlılar" məscidi (XVIII əsr)
- "Xanımcan" və "Pirəsərvan" piri (XV əsr)
- Köhnə qəbiristanlıq (XV əsr)
Məscidlərin içində ən son inşa ediləni (1897) xeyriyyəçi Hacı Hüseyn tərəfindən tikilən "İmam Hüseyn" məscididir. Hər məhəllənin öz məscidi var. Bütün məscidlərin də həyətində buz kimi sərin suyu olan quyular. Fatmayıdakı "Pirəsərvan" piri bu ərazidə məşhur dini ocaqlardandır.[5]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Arxivlənmiş surət". 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-08.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Tariximizin yaddaşı: Bakı kəndləri". http://anl.az. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 yanvar 2023.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti
- "Fatmayı kəndi". www.youtube.com. İstifadə tarixi: 4 yanvar 2023.
- "Kənd haqqında məlumat". www.youtube.com. İstifadə tarixi: 4 yanvar 2023.