Nadir xanın Azərbaycana yürüşü (1730)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nadir xanın Azərbaycana yürüşü
Səfəvi-Osmanlı müharibəsi (1730-1736), Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşüNadirin yürüşləri
Təbrizdəki Ərk qalası
Təbrizdəki Ərk qalası
Tarix 1730 iyun-avqust
Yeri Marağa, Təbriz, Urmiya
Səbəbi Səfəvi imperiyasının ərazilərini bərpa etmə cəhdləri
Nəticəsi Mütləq Səfəvi zəfəri.[1]
Ərazi dəyişikliyi Qərbi İran və Cənubi Azərbaycan Səfəvi imperiyasına yenidən birləşdirildi.
Münaqişə tərəfləri

Səfəvilər İmperiyası

Osmanlı İmperiyası

Komandan(lar)

Nadir xan Əfşar

Osman paşa
Teymur paşa
Süleyman paşa
Mustafa paşa
Fərrux paşa
Məmiş paşa

Tərəflərin qüvvəsi

80 min[2]
* 70 min ən əvəvldən, 10 min sonradan Qəzvindən qatılır[3]

45 min min[2]
* 15 min Nəhavənddə
* 30 min Malayerdə

İtkilər

Bilinmir

Bilinmir

Nadir xanın Azərbaycana yürüşü (1730)Nadir xanın 1729-cu ildə əfqanları məğlub edib İsfahana daxil olmasından sonra başlatdığı və Osmanlı imperiyasına qarşı olan böyük yürüşün bir hissəsidir. Bu yürüşün tərkib hissəsi kimi birinci Qərbi İran əraziləri, daha sonra isə Cənubi Azərbaycan əraziləri Osmanlı ordularından təmizlənmişdir.

Osmanlı işğalı

[redaktə | mənbəni redaktə et]

1722-ci ildə əfqanların üsyan qaldıraraq Gülnabad döyüşündə qələbə qazanaraq Səfəvi imperiyasının paytaxtı İsfahanı 6 aylıq mühasirədən sonra ələ keçirməsi dövlətin daxilində böyük çaxnaçmalara səbəb oldu.[4] Bundan istifadə edən Osmanlı imperiyası Səfəvi imperiyasının qərb torpaqlarına müdaxilə etdilər. Osmanlı imperiyası ilə birlikdə, Çar Rusiyası da Səfəvi imperiyasının şimal torpaqlarına hərbi müdaxiləyə başladılar. Nəticədə imperiyanın qərb torpaqlarını ələ keçirən Osmanlı imperiyası İstanbul müqaviləsi ilə Qafqazı Rusiya ilə öz arasında paylaşdırmağa razı oldu.

İsfahanda Səfəvi taxtına əyləşən Hotaki əfqanlarının hökmdarı Mir Mahmud Hotaki çevrilişlə öz əmisinin oğlu Əşrəflə əvəzləndi. Osmanlının qərbə doğru daha çox genişlənməsini dayandırmaq üçün Əşrəf onların üzərinə yürüşə çıxdı və bir çoxlarının təəccübünə səbəb olacaq şəkildə onları məğlub etməyi bacardı. Daha sonrakı diplomatik münasibətlər nəticəsində Osmanlı imperiyasının Əşrəfi yeni şah kimi tanıması müqabilində, Əşrəf də onların Qərbi İrandaQafqazda ələ keçirdiyi bölgələrin Osmanlı mülkü kimi tanıdı.

Nadir və Əşrəf arasında qızışan mübarizənin sonunda ölkənin taleyinə aydınlıq gətiriləcəkdi. II Təhmasib hələ İsfahanın mühasirəsi zamanı qaçıb özünü şah elan etsə də, əsl hakimiyyət onun baş sərkərdəsi Nadir xanın əlində cəmləşmişdi. Nadirlə Əşrəf arasındakı mübarizədə Osmanlı imperiyası ağıllı taktika seçərək Əşrəfi dəstəkləyirdi.[5] Çünki məlum idi ki, istedadlı sərkərdə olan Nadir qələbə qazanacağı halda dövlətin qərb torpaqlaının Osmanlı tərəfindən işğal edilməsi faktı ilə barışmayacaqdı. Osmanlının geniş dəstəyinə baxmayaraq Nadir əfqan qüvvələrini darmadağın etməyi bacardı və II Təhmasibin nominal hökmdarlığı altında İsfahanda Səfəvi taxt-tacı yenidən bərqərar edildi.[6] İstanbulun qorxuları reallaşmağa başaldı və Nadir itirilmiş torpaqların azad edilməsinə başladı. Təxminən 10 ilə yaxındır ki imperiyanın qərb torpaqlarını ələ keçirmiş Osmanlı imperiyası bu bölgələrdə xeyli dərəcədə möhkəmlənmiş və yeni yaxınlaşan müharibəyə hazırlaşmışdı.

Qərbi İranın azad edilməsi

[redaktə | mənbəni redaktə et]

1739-cu ilin martında Şirazdan yola çıxan Nadir Qərbi İranın azad edilməsinə başladı. Onu qarşılamaq üçün Fərrux paşa komandanlığı altında 14 minlik Osmanlı ordusu Nəhavəndə göndərildi. Osmanlının əlində olan Nəhavəndə Luristan bölgəsi vasitəsiylə çatan və Osmanlı ordusunu məğlub edən Nadirin qarşısından onlar Həmədana doğru geri çəkildi. Onların məqsədi burada yenidən qruplaşaraq Həmədanın Nadirin əlinə keçməsinə icazə verməmək idi. Buna görə də, onlar qızılbaş hücumunu durdurmaq ümidi ilə Malayer adlanan bölgədə döyüşə atıldılar.

Həmədan və ümumiyyətlə Nadirin yürüşünün sonrakı taleyi üçün həlledici rol oynayan Malayer döyüşündə Osmanlı ordusunun tərkibində 30 min döyüşçü, Nadirin ordusunda isə 25 min döyüşçü var idi.

Döyüşün gedişatında Osmanlı komandanları Osman paşa, Teymur paşa və digər sərkərdələr nə qədər cəhd göstərsələr də irəliləməyin mümkünsüz olduğunu və getdikcə daha ciddi itkilərin verildiyinin şahidi olub geri çəkildilər.

Bu qələbə nəticəsində Həmədan orada əsir olaraq saxlanılan 10 min qızılbaş döyüşçüylə birlikdə azad edildi.. 1730-cu il iyun ayının ortalarında Həmədana daxil olan Nadir Osmanlı ordusundan orada qalmış olan toplar, döyüş təchizatı və müxtəlif əşyalar qənimət olaraq ələ keçirdi.

Azərbaycana yürüş

[redaktə | mənbəni redaktə et]

Marağanın azad edilməsi

[redaktə | mənbəni redaktə et]

Osmanlı sarayında da növbəti hədəfin Azərbaycan əraziləri olduğu bəlli idi və bu istiqamətdə hazırlıq işləri həyata keçirilirdi. Marağa, Ərdəlan, Ərumi və Sulduz ətrafında kifayət qədər böyük sayda Osmanlı qoşunları toplanmışdı. Teymur paşa onların vəziyyətini yoxladı, qoşunların parkını və yüklərini Marağanın Qavdul qəsəbəsində cəmlədi və sonra 12 min nəfərlik süvari dəstəsini ayırıb Ərdəlana gəldi. Həmin dəstə Nadirin hücumunun qarşısını kəsməli idi. Teymur paşa dəstəsinin gücləndirilməsi üçün Ərdəlanda da döyüşçülərin toplanmasını, hərbi təchizatın yaxşılaşdırılmasını davam etdirdi. "Aləm Ara-ye Naderi"yə görə, Nadir 7 min nəfərlik qoşun dəstəsi ilə osmanlılara qarşı yürüşə başladı. Qoşun dəstəsinin əsas hissəsini Təhmasib xan Cəlayirin rəhbərliyi altına verdi. Qoşunun parkı və yükləri də Təhmasib xanın dəstəsində idi. Özü isə kiçik bir dəstə ilə Miyanduaba doğru istiqamət götürdü. Nadirin ona qarşı yaxınlaşması xəbərini eşidən Teymur paşa Marağaya doğru geri çəkildi. Nadir öz dəstəsi ilə Teymur paşanın dəstəsini təqib etməyə başladı və niyyətinə nail oldu. Elə təqib zamanı da Nadir osmanlılara zərbə endirə bildi. Nəticədə, qaçıb Marağaya sığınmaq ümidində olan osmanlılara xeyli itki yetirildi, osmanlılar hətta Marağada da duruş gətirə bilmədilər və oradan da uzaqlaşdılar. Onların tərk edib qaçdığı çoxlu sayda top, silah və digər döyüş təchizatı qənimət kimi Nadirin əlinə keçdi.[7]

Teymur paşa ilə növbəti döyüş

[redaktə | mənbəni redaktə et]

Teymur paşa Marağanın on fərsəngliyində olan Dehxarqanda yenidən öz qüvvələrini cəmləşdirməyə başladı. Nadirlə yeni döyüşə hazırlaşmağın zəruriliyini onların diqqətinə çatdırdı. Teymur paşa Təbriz valisinə də məktub göndərdi və ondan da hərbi yardım göndərilməsini xahiş etdi. Eyni zamanda ona da hazır olmağı tövsiyə etdi. Təbriz hakimi Teymur paşanın yardımına beş minlik bir dəstə göndərdi. Bu dəstənin gəlməsi Teymur paşanın qüvvələrini kifayət qədər gücləndirdi və bununla da o özünü Nadirlə yeni döyüşə hazır hesab etdi. Nadir bir neçə gün Marağada qaldı və Təhmasib xan Cəlayirə də əmr göndərdi ki, qoşunların düşərgəsini ora köçürsün. Elə burada istirahətdə olarkən Urmiyada yaşayan əfşarlara məktub göndərdi. Nadir bu məktubunda özünün də əfşarlara mənsubluğunu xatırlamaqla bölgəyə gəlməsi barədə onlara məlumat verdi. Lakin Bisütun xan onun Nadirlə əlaqədə olmasının Osmanlı tərəfindən bilinməsinin əhalisi üçün ağır nəticələnəciyini güman edərək bu məlumatı əhalidən gizli saxladı. Əyanlarla məsləhətləşmədən belə qərar verildi ki, bir qədər səbir edilsin və əgər döyüşdə Nadir qələbə qazanarsa əfşarlar onun ordusuna qatılsın.[8]

"Aləm Ara-ye Naderi"yə görə, Teymur paşanın qüvvələri Nadirlə növbəti döyüşə girmək üçün Qavdul məntəqəsində, Cığatay çayının (Zərinrud) kənarında düşərgə saldı və iki tərəf arasında ilk döyüşlər qarovul dəstələrinin üzləşməsi ilə baş verdi. Əldə edilən məlumatlardan sonra hər iki tərəf döyüş mövqelərini, döyüş tapşırıqlarını, həm də qüvvələrin qruplaşdırılmasını bir daha dəqiqləşdirdilər. Teymur paşa mövqelərini elə seçdi ki, onun bir cinahını yaxınlıqda axan çay mühafizə etsin. Nadir də qüvvələrinə hərəkət əmri verib döyüşqabağı mövqelərə doğru üz tutdu. Nadir qoşunlarının sağ cinahına Rzaqulu xanla Əliqulu bəy Sərvərli rəhbərlik edirdilər. Sol cinahdakı qüvvələrə rəhbərlik isə Təhmasib xan Cəlayirə, Şahqulu bəy Mərviyə və Hacı Seyfəddin xan Bayata tapşırıldı. Tanınmış və təcrübəli əmirlərdən təşkil olunmuş bir alay sol cinahda dayanmalı idi. Həmin dəstələrin ətrafında isə Mir Abutalıb xanın və İsmayıl xan Xəzimənin cəzayirçiləri və tüfəngdarları mövqe tutmalı idilər.[9]

Osmanlılar əsas döyüşə top hazırlığı ilə başladılar. Teymur paşanın əmri ilə bütün böyük və kiçik toplar işə salındı və onların vasitəsilə Nadir qoşunlarına ilk zərbənin vurulmasına cəhd göstərdi. Bunun ardınca isə nizələrlə silahlanmış böyük bir süvari dəstəsi döyüşə buraxıldı ki, top hazırlığının ardınca qarşı tərəfə vurulan zərbə daha da gücləndirilsin. Osmanlı qüvvələrinin böyük əzmkarlıqla döyüşdüyünü Nadir də müşahidə edirdi. Nadir onu da hiss edirdi ki, özü döyüşün gedişinə müdaxilə etməsə qələbəni əldən verə bilər. Ona görə əvvəlcə cinahlarda döyüşən dəstələrin rəhbərlərinə xəbər göndərdi ki, tutduqları mövqelərdən geri çəkilməsinlər. Bundan sonra isə özü şəxsən döyüşə girdi və döyüşçülərini ruhlandırdı.[10]

Mustafa paşa Çələbinin ölümü Osmanlı qüvvələri arasında bir çaşqınlıq yaratdı. Onlar istədilər ki, bir qədər geri çəkilib artilleriyanın mövqelərində özlərinə yer etsinlər. Teymur paşa da ehtiyat qüvvələri ilə həmin mövqedə idi.Bu geriləmə osmanlılara yenidən topların atəşindən istifadə etməyə, ehtiyat qüvvələr tərəfindən möhkəmlənməyə imkan verdi. Nadir osmanlıların bu niyyətini anladı və Təhmasib xan Cəlayirə xəbər göndərdi ki, rəhbərliyi altında olan əfşar, cəlayir və Mərv qüvvələri ilə Osmanlı qüvvələrinin Teymur paşa ilə birləşməsinə imkan verməsin. Belə olanda, döyüşün gərginliyi daha da artdı. Teymur paşa vəziyyətin onnu əleyhinə dəyişdiyini hiss edərək Nadirlə şəxsən döyüşə girdi. İki sərkərdənin şəxsi döyüşlərinin nəticəsi çox gümanki orduların döyüşünün nəticəsini də müəyyən edəcəkdi. Nadir Teymur paşanı yaralasa da, özünü yetirən Osmanlı döyüşçüləri onun canını xilas edə bildilər. Bundan sonra döyüşün davam etdirilməsini mənasız bilən osmanlılar geri çəkildilər və məntəqədə dayanmağın təhlükəli olduğundan Təbrizə doğru üz tutdular. Osmanlı paşaları növbəti dəfə Nadirlə döyüşdə uğursuzluğa düçar oldular.[11]

Təbrizin azad edilməsi

[redaktə | mənbəni redaktə et]

Bu qələbədən sonra Urmiya əfşarları da Bisütun xanın rəhbərliyi altında Nadirin ordusu ilə birləşdilər. Nadir Təbrizə doğru yürüşü elan etdi. Təbrizdəki Mustafa paşa komandanlığındakı Osmanlı ordusuna MisirHələbdən 16 minlik yardım göndərildi. Bu dəstələr xüsusi seçmə dəstələr hesab olunurdu.

Məmiş paşa rəhbərlik edirdi. Məmiş paşa öz dəstəsi ilə Dehxarqan məntəqəsinə gəldi və burada döyüşqabağı mövqe tutdu. Nadirin qoşunları da yetişib burada döyüşqabağı mövqelərə paylandılar. Nadir öz qüvvələrini dörd dəstədə qruplaşdırdı və onlara dörd istiqamətdən Osmanlı qoşunları üzərinə hücum etməyi tapşırdı. Osmanlı qüvvələri böyük əzmkarlıqla dörd tərəfdən hücuma keçən Nadir qüvvələrinə müqavimət göstərməyə çalışdılar. Nadir özü də döyüşə qoşuldu və özünü Məmiş paşanın dayandığı mövqeyə yetirdi. Osmanlı qüvvələri daxilinə bir çaxnaşma salmaq üçün Nadir Məmiş paşanı aradan götürməyi planlaşdırırdı. Bunu üçün o, münasib məqam seçib əlindəki əmudla Məmiş paşaya güclü zərbə endirdi. Məmiş paşa bu zərbədən yerindəcə keçindi. Onun ölməsi isə doğrudan da Osmanlı qüvvələri daxilində çaxnaşma saldı.Osmanlı döyüşçüləri geriyə qaçıb Mustafa paşanın mövqelərinə üz tutdular. Mustafa paşa da vəziyyətin yaxşı olmadığını görüb Təbrizə tərəf geri çəkildi. Təbriz hakimi Mustafa paşa və Teymur paşa Osmanlı qüvvələrinin Nadirə qarşı döyüşdə növbəti uğursuzluğa düçar olmasından xeyli pərişan oldular və Təbrizi tərk etməyi qərarlaşdırdılar. Onlar əmlaklarını və var-yoxlarını bir yerə yığışdırıb Nadirin qüvvələri yerişməzdən əvvəl Sərxabdağ yolu ilə Naxçıvanİrəvana doğru istiqamət götürdülər. Onların Təbrizi tərk etməsindən az sonra Nadir qoşunları ilə Təbrizə daxil oldu. Burada da Nadir yerli əhali tərəfindən böyük təntənə ilə qarşılandı.[12]

Təbriz azad edildikdən sonra Təbrizdəki Osmanlı qarnizonuna yardım üçün göndərilmiş və lakin artıq gecikmiş bir Osmanlı ordusu da məğlub edildi. Beləliklə, Nadirin Osmanlı qüvvələrinə qarşı başladığı döyüşlərin birinci mərhələsi Azərbaycanda yerləşən Osmanlı qüvvələrinin geri çəkilməsi ilə başa çatdı. Nadir 1730-cu il avqustun 12-də Təbrizə daxil oldu. Təbriz tutulandan sonra Nadir, Bisütün xan Əfşarı Təbrizin hakimi təyin etdi və Osmanlı qoşunlarından qalmış olan böyük miqdarda qəniməti də ona verdi.[13]

Beləliklə, bu yürüş nəticəsində Səfəvi imperiyasının keçmiş qərb sərhədləri demək olar ki, bərpa edildi. Yalnız Şimali Azərbaycan və Cənubi Qafqazın bir sıra bölgələri Osmanlı hakimiyyəti altında qalmaqda idi. Nadir bu döyüşlərdə ələ keçirilmiş Osmanlı əsirləri ilə mərhəmətlə davrandı, bir çox paşanı azad edərək İstanbula sülh təklifi ilə göndərdi.

Lakin II Təhmasibin 1731-ci ildə öz nüfuzuni yüksəltmək üçün Şimali Azərbaycandakı Səfəvi mülklərini geri almaq üçün həyata keçirdiyi yürüş fəlakətlə nəticələndi.[14] 1730-cu ildə Nadir tərəfindən ələdə edilən uğurların hamısının itirilməsindən qorxuya düşən II Təhmasib Osmanlı ilə sülh imzaladı. Kirmanşah sülh müqaviləsinə görə Arazdan cənubdakı torpaqlar Səfəvi imperiyasına verilirdi.[15] Bunun qarşılığında II Təhmasib Qafqazda itirdikləri torpaqları Osmanlı mülkü kimi tanımağı qəbul edirdi. Lakin bu müqaviləyə etiraz edən və buna görə də, şərqdəki yürüşdən qəzəblə dönən Nadir xan 1732-ci ildə II Təhmasibi taxtdan imtina etməyə məcbur etdi və yerinə oğlu Abbas Mirzəni taxta çıxardı. Kirmanşah sülhü isə Nadir tərəfindən tanınmadı və o, Osmanlı ilə müharibəni davam etdirdi.

  1. Maykl Eksvorti. Iran: Empire of the Mind Penguin. Penguin Books. 2007. səh. 156.
  2. 1 2 Axworthy, 2009. səh. 180
  3. Moghtader, 2001. səh. 56
  4. Malleson, George Bruce. History of Afghanistan, from the Earliest Period to the Outbreak of the War of 1878. London: Elibron.com. 1878. səh. 246. ISBN 1-4021-7278-8. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-27.
  5. "The Fall of Isfahan | History Today". www.historytoday.com. 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  6. Manouchehr Moshtagh Khorasani. "a stratégie militaire, les campagnes et les batailles de Nâder Shâh". 25 iyul 2019 tarixində arxivləşdirilib.
  7. Süleymanov, 2001. səh. 181
  8. Süleymanov, 2001. səh. 182
  9. Süleymanov, 2001. səh. 183
  10. Süleymanov, 2001. səh. 184
  11. Süleymanov, 2001. səh. 185
  12. Süleymanov, 2001. səh. 186-188
  13. Süleymanov, 2001. səh. 189
  14. Michael Axworthy. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. səh. 159.
  15. Erewantsʻi, Abraham; Bournoutian, George. History of the wars: (1721-1736). Mazda Publishers. 1999. səh. 2. ISBN 978-1568590851. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09.
  • Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
  • Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. səh. 180.