Qaçaq Gülsüm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qaçaq Gülsüm
Doğum tarixi
Doğum yeri Sarxan, Şəmkir rayonu
Vəfat tarixi
Dəfn yeri Sarxan, Şəmkir rayonu, Azərbaycan
Həyat yoldaşı İsmayıl
Milliyyəti Azərbaycanlı
Tanınır Qaçaq Süleyman

Qaçaq Gülsüm — Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz canişinliyində böyük marağa səbəb olmuşdur[1].

Gülsüm kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. 18 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Qapıya bir neçə dəfə elçi gəlsə də, cehiz toplamaq imkanları olmadığı üçün imtina etmişdi. Bu həyat belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o müdhüş gün olmasaydı. İki ildən çox vergi vermədiklərinə görə pristavınkəndxudanın onun evinə gələrək ailəsinin qarşısında atasını təhqir etməsi bir yana, qaynar samovarı Əmirqulu kişinin kürəyinə sarıyıb zülm etmələrinə dözə bilməyən Gülsüm evin içində pəncərədən güllə ilə pristavı vurur. Həmçinin bunu görüb qaçmaq istəyən kəndxudanı da güllələyir. Hər ikisi ölür, bu hadisə onun həyatını dəyişir. Səhəri gün hökumət adamları kəndi mühasirəyə alıb qatili tələb edirlər, qardaşlarının qabağa düşüb asılmasına razı olmayan Gülsüm onlardan birinin paltarını geyinib evdən qaçır və meşədə gizlənir. Xəbər göndərir ki, pristiav və kəndxudanı o vurub, heç kimdə günah axtarmasınlar.

Qaçaqlıq həyatı

[redaktə | mənbəni redaktə et]

O zamanlar qaçaqlıq edən Kərbəlayı Əsgər, Məşədi Yolçu və Bayramqulu bu hadisəni eşidib qızın ardınca meşəyə gəlirlər. Meşədə kişi paltarında birini görüb adını soruşurlar. "Adım Süleymandı" deyib onları inandıran Gülsüm yalandan and içir ki, onların axtardığı Gülsüm onun bacısıdır.

Sonra Gülsüm Şəmkir ərazisində başçısı Çaqqal Səlim olan dəstəyə qoşulur. Lakin Səlimin fikri çoxlu var-dövlət toplayıb İrana qaçmaq idi. Buna görə kasıbların da qarşısını kəsir, əllərində olan-qalanı alırdı. Bu isə Gülsümün xoşuna gəlmirdi. Çaqqal Səlimin öz dostunu öldürüb qızıl-gümüşünü ələ keçirməsi və bir çobanın sürüsünü aparıb Göyçədə satmasını görən Gülsüm daha buna dözmür, Çaqqal Səlimin yeməyinə bihuşdarı qatır və sonra da başını kəsir. Daha sonra Kərəmin dəstəsinə qoşulur. Kərəm onu dostu Ağ Seyidə tapşırır. Qorxulu bir döyüşdə Süleyman igid şahin kimi böyük hünər göstərib dostlarını qara-qorxudan çıxarır.

Qaçaq Süleyman, Muxtar bəy kimi ad-san qazanan Gülsümün qəhrəmanlıqlarını görən qaçaqlar onu özlərinə başçı seçirlər. Süleyman artıq hökumətin gözündə təhlükəli qaçaq idi. Dəfələrlə jandarm və kazaklarla döyüşdə qələbə qazanan Gülsüm qiyabi ona dəstək olan Qaçaq Kərəmlə görüşmək üçün gecəliklə Araz çayını keçib Cənubi Azərbaycana gedir. Lakin yemək yedikləri yerdə çoxsaylı qarasoran (İranda asayiş qüvvələri –red.) gəldiyini görüb, atışmaya başlayırlar. Bu zaman o, əsir düşür. Onu zindana salırlar. Həmin vaxt Qaçaq Kərəm də İranda yaşayırdı. Məsələni ona danışırlar. Kərəm onun yanına gedir və onunla tanış olur. Bu çətin vəziyyətdən onu qurtarır. Hətta Kərəm də onun qadın olduğunu bilmir, bir azərbaycanlı, həmyerlisi kimi ona kömək edir. Kərəm Süleymanı azadlığa çıxartdıqdan sonra bütün dəstəni öz evinə dəvət edir. Burda Gülsüm qaçaq Süleyman adından istifadə edən qadın olduğunu Kərəmə etiraf edir. 1890-cı ilə qədər Qaçaq Süleyman Təbrizdə yaşayır. 1890-cı ildə Kərəm onu İrandan öz yerinə göndərir. Süleyman Kərəm adından bir çox işlər görür.

Stalinin xilas edilməsi

[redaktə | mənbəni redaktə et]

Stalinin həqiqi adı İosif Vissarionoviç Cuqaşvili, qısaldılmış formada isə Sosodur. Onun ilk siyasi həbsi 1902-ci ildə Batumidə kütləvi iğtişaşlar zamanı baş verir. 5 aprel 1902-ci ildə onu həbsxanaya salırlar. Burda da onun dinc durmadığını görən rəsmilər onun başqa həbsxanaya köçürülməsinə qərar verilər. Soso Cuqaşvili Gəncəyə "yatab" gedəcəyini bilirdi. O, sevdiyi parolla, "Pəncərədən daş gəlir" mahnısını ifa edərək daş bükülmüş kağız vasitəsilə dustaqlara ötürüb, bu barədə yerli qaçaqlara məlumat verilməsini istəyir. Qeyd edim ki, mahnını eşidincə daşa bükülü məktubun gələcəyini bilirdilər. Həm də bu, daşın çıxardığı səsin qarşısını alırdı.

Bu məktub qaçaqlara və onlar içində daha nüfuzlu və güclü olan Qaçaq Kərəmə çatır. Kərəm Tiflisdən Gəncəyə bir vaqon dustaq, bir vaqon da pul göndərildiyi haqda Qaçaq Süleymana məlumat göndərir. Qaçaq Süleyman bu məlumatı alan kimi Gürcüstanla əlaqəyə girir. Ona məlumat verirlər ki, "yatab" gətirən qatarda külli miqdarda pul və siyasi baxışlarına görə həbs edilən dustaqlar var. Qatar Gəncə yolunda olanda Qaçaq Süleyman Kərəmin ona başa saldığı plan üzrə hərəkətə keçir. İlk olaraq qatara öz adamlarını yerləşdirə bilən qaçaqlar boş ərazidə maşinisti öldürüb, qatarı dayandırırlar. Əməliyyat uğurla başa çatır. Dustaqlar azad edilir, pullar götürülür. Soso Cuqaşvili də biləndə ki, qaçaqlar kəndlilərin haqqı uğrunda mübarizə aparır, o da Süleymanın dəstəsinə qoşulur. 7 ay bu dəstədə olub Soso. Bir xeyli əməliyyatlarda da iştirak edib. Qaçaq Kərəmlə Soso arasında dostluq yaranır. Onun qorxmaz igid olduğunu eşidən Kərəm ona xəncər və tapança hədiyyə göndərir. Soso yerli qaçaqların məşhur Metex qalasından qaçması üçün özünün istifadə etdiyi metodları tətbiq edir. Qaçaq Kərəmin neçə dostunu bu yolla qaçırır. Onun planına görə, qaladan qaçmaq üçün uzun kəndirlə aşağı enməli və sıldırım qayaya ayağını zərblə vurub Kür çayına tullanmalısan. Bu tryuku düzgün yerinə yetirə bilməyən çox dustaqlar qayaya dəyərək parçalanıb ölüblər. Lakin Sosonun köməyi ilə qaçaqların çoxu sağ-salamat qaça bilir.

Soso üçün qaçaqçılıq hərəkatı darlıq edirdi. O, Qaçaq Kərəmə yazıb getmək istədiyini bildirir. Kərəm ona gürcü dilində məktub yazaraq, işlərində uğur arzu edir. Qaçaq Süleymana isə onun getməsi üçün hazırlıq görməsini tapşırır. Lakin Soso yenə yolda həbs edilir və İrkutska aparılır. 1903-cü ildə Rusiya sosial-demokratları fikir ayrılığına görə bolşeviklərəmenşeviklərə bölünəndən sonra həbsdən çıxan Cuqaşvili bolşeviklərə qoşulur…[2]

Sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]

Bundan sonra Qaçaq Kərəm Gülsümün Türkiyəyə getməsini tapşırır. Bir müddət Bitlisdə yaşadıqdan sonra eşidirlər ki, Rusiyada çevriliş olub, Azərbaycanda da dəyişiklik var, evlərinə qayıdırlar. Qaçaq dostları ancaq bundan sonra Süleymanın Gülsüm olduğunu bilir, onun cəsarətinə, mərdliyinə heyran olurlar. 1901-ci ildə Kərəm Gülsümə qaçaqlıq etməyi qadağan edir. Ailə-uşaq sahibi olmasını istəyir. Öz kəndinə qayıdan Gülsüm burada İsmayıl adlı bir kişiyə ərə gedir. Hansı ki, İsmayıl dul idi və dörd uşağı vardı. Bundan sonra da onların altı oğlu, iki qızları olur.

Ermənilərlə mübarizəsi

[redaktə | mənbəni redaktə et]

Bolşeviklər ilk zamanlar Gülsümə toxunmurlar. Lakin ermənilər Gülsümə göz verib işıq verimilər. Nəhayət, 4 erməni milisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə, əlinə silah alan Gülsüm milislərin dördünü də yerindəcə güllələyir. Onu həbs edirlər. O, məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir. Bu xəbər Bağırova çatanda Stalinə məlumat göndərir ki, bir qadın qətl törədib, lakin mütləq rəhbərə xəbər göndərir ki, onu şəxsən tanıyır. Bunu eşidən Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər. Oğlunu da kolxoz sədri qoysunlar. Çünki o qadın onun ən yaxın dostudur. Bu zaman Mikoyan Stalinə deyir ki, axı qadın qatildir, 300-dən çox erməni öldürüb. Stalin bunu eşidib hirslə deyir ki, çətin günlərdə 7 ay bu qadının çörəyini yeyib, himayəsində olub. Belə dost bütün hər şeydən dəyərlidir.

Deyilənə görə, Gülsüm 101 il ömür sürüb, 1962-ci ildə dünyasını dəyişib. Onun qəbri Şəmkirin Sarxan kənd qəbiristanlığındadır.[3]

Bədii ədəbiyyatda

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dillər Universiteti (ADU) kitabxanasının əməkdaşı, tanınmış yazar Güllüzar Əfəndiqızının (Məmmədova) "Qəhrəman türk qızı" əsəri çap olunub. Əsərdə qələmə alınan hadisələr qəhrəman azərbaycanlı qızı olan "Süleyman" ləqəbli Qaçaq Gülüsümün (1863 – 17 sentyabr 1961) həyatından bəhs edir. Müəllif əsərində Gülüsümün — bu igid türk qızının qaçaqlığa başlamasını, qaçaqlara başçı təyin olunmasını, Qaçaq Kərəm və Stalin (Koba) ilə görüşünü, çar Rusiyası zamanı və sovet dönəminin ilk illərində Gəncəbasar mahalında göstərdiyi qəhrəmanlıqları, dövrün tarixi mənzərəsini, xalqın başına gətirilən faciələrini canlı, gözəl ştrixlərlə, maraqlı forma və epizodlarla, oxunaqlı dillə verə bilib.[4]

  1. "Stalinin xilaskarı, ermənilərin kabusu: kişi paltarlı qaçaq Gülsüm". 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-10.
  2. "MİLLƏTİMİN BÖYÜK KİŞİLƏRİ- Qaçaq Kərəm Stalini ölümdən necə qurtardı?". 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-10.
  3. "20 il kişi paltarında döyüşən qadın". 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-10.
  4. "Azərbaycan Dillər Universitetinin əməkdaşının romanı çap olunub". 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-10.