HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəsmi internet saytı Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytının hər bir istifadəçisinin məktub göndərmək, onu maraqlandıran məsələlər barədə fikirlərini və arzularını bildirmək, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

XAHİŞ EDİRİK, AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL QAYDALARLA TANIŞ OLASINIZ:

  1. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet sayt vasitəsilə elektron formada göndərilmiş müraciətlər Prezident  Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun  tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
  2. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir.
  3. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, yalnız böyük və ya yalnız kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  4. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
  5. Müraciətin mətnində təhqir və böhtana yol verildikdə, yaxud müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  6. Hörmətli sayt istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik, bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
    • Bir mənbədən elektron məlumatın göndərilməsi üçün vaxt, serverin yüklənməsindən asılı olaraq, 1-5 dəqiqə ilə məhdudlaşır.
    • Elektron müraciətin mətni 500 işarədən çox olmamalıdır.
    • Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Prezident Administrasiyasının [email protected] elektron ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir: Azərbaycan Respublikası, Bakı, AZ 1066, İstiqlaliyyət küçəsi 19, “Prezident Sarayı”.