İkinci Soyuq müharibə
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
İkinci Soyuq müharibə və ya Yeni Soyuq müharibə — dünyanın iki əks geo-siyasi güc blokları arasında yenilənən hərbi və siyasi qarşıdurmaya verilən ad. Bu qarşıdurmanın tərəflərdən biri Rusiya, Çin və onların müttəfiqləri, digəri isə Amerika Birləşmiş Ştatları, NATO və onların müttəfiqləri hesab edilir. Bu hadisənin original Soyuq müharibəyə oxşarlığı ABŞ-nin başçılıq etdiyi Qərb bloku və Rusiyanın xələfi SSRİ-nin başçılıq etdiyi Şərq bloku arasında baş verən qarşıdurmadan ibarət idi.
Ümumi vəziyyət və etimologiya
[redaktə | mənbəni redaktə et]Bəzi mənbələr bu hadisənin mümkün gələcəkdə, digərləri isə artıq baş verdiyini yazırlar. Belə ki, bəzi mənbələr bu hadisənin birbaşa 2014-cü ildə baş vermiş Krım böhranına görə başladığını bildirmişdilər. Lakin digər mənbələrdə bunun 2011-ci ildə Ərəb Baharı ilə başladığını xüsusi qeyd edirlər. Digər fərziyələrə görə 2-ci Soyuq Müharibə 2008-ci ildə baş vermiş olan Rusiya-Gürcüstan müharibəsi, digərlərinə görə isə 1999-cu ildə Yuqoslaviyada baş vermiş müharibədən yaranmışdır. Oksford Universitetinin proffesoru Filipp Houvard hesab edir ki, Soyuq Müharibə hal-hazırda mətbuat üzərində gedir və Rusiya daha təbliğat vasitələrindən istifadə edərək Qərb mətbuatında qələbə qazanmağa çalışır. 2016-cı ilin yanvar ayında əsas Birləşmiş Krallıq hökumət üzvləri bunu belə şərh edirlər: “Dünya yeni Soyuq müharibəyə qədəm basıb. Görünən odur ki, Rusiya Avropa dəyərlərini və birliyini dağıtmaq istəyir”. Digər tərəfdən avtoritar hakimiyyətlər də kibermüharibə üsulundan istifadə edərək, öz mövqelərini qorumağa çalışırlar.
2016-cı ilin fevral ayında NATO-nun Münhen Təhlükəsizlik Konfransında NATO baş katibi Yens Stoltenberq mövcud vəziyyəti şərh edərkən belə demişdir: “NATO və Rusiya münasibətləri Soyuq Müharibə vəziyyətində deyil, amma Soyuq Müharibədən sonra qurduğumuz partnyorluq vəziyyətində də deyil”. Rusiyanın baş naziri Dmitri Medvedyev isə NATO-nun Rusiyaya qarşı siyasətini “qeyri-dostcasına və qeyri-şəffaf” adlandırmışdı.
2016-cı ilin fevralında Rusiya Xarici İşlər Naziri Sergey Lavrova yeni Soyuq Müharibə haqqında sual veriləndə, o bildirdi ki, münasibətlər hələ o qədər kəskinləşməyib və qeyd etdi ki, Rusiya və ABŞ arasında Soyuq Müharibədə olduğu kimi ideoloji kəsim yoxdur.
2016-cı ilin son rüblərinə doğru vəziyyət daha da gərginləşməyə başladı. ABŞ Rusiyanı Hillari Klintonun prezident kampaniyasına kiber hücum etməkdə günahlandırdı. Rusiya hökuməti bunu “isterika” adlandırdı. 2016-cı ilin oktyabrında Rusiya 2000-ci ildə imzalanmış “ABŞ-Rusiya Plutonim sərəncamı”ndan çıxdığını bəyan etdi. Ardınca İsgəndər 9K720 raketlərini NATO ilə sərhəd enklavı olan Kalininqrad vilayətinə yerləşdirdi.
Mixail Qorbaçov kimi bəzi tanınmış fiqurlar 2014-cü ildə TIME jurnalına verdiyi müsahibədə xəbərdarlıq etmişdilər ki, Ukrayna üzərində Qərb-Rusiya toqquşması yeni Soyuq Müharibəyə səbəb ola bilər və ya artıq səbəb olub, amma digər araşdırmaçılar hesab edirlər ki, hazırkı Rusiya-Qərb münasibətlərinin təbiəti fərqlidir. Rusiya və Qərb arasındakı yeni qarşıdurma Soyuq Müharibə dönəminə çox oxşasa da, əsas fərqli cəhəti Rusiyanın SSRİ-yə nisbətən daha açıq iqtisadi sistemə malik olması və dünya ölkələri ilə münasibətlərin saxlanmasıdır. Buna görə də “İkinci Soyuq Müharibə” anlayışı nisbətən özünü doğrultmur.
Müharibə "cəbhələri"
[redaktə | mənbəni redaktə et]Ukrayna
[redaktə | mənbəni redaktə et]Analitklərin və politoploqların əksəriyyəti Qərb-Rusiya münasibətlərinin pisləşmə nöqtəsi kimi Ukraynada 2014-cü ildə baş vermiş hadisələri göstərirlər. Belə ki, Avromeydan hadisələri, ardınca Krımın Rusiyaya ilhaq edilməsi və Ukrayna ərazisində Donbass müharibəsinin başlanması bütün bu hadisələrin mənbəyi hesab edilir. Bundan əlavə Malaziya Hava Yollarına məxsus "MH17/MAS17" təyyarəsinin müharibə bölgəsi üzərində vurulması vəziyyəti daha da kəskinləşdirdi. 2016-cı ildə təyyarə qəzasını araşdıran qurum hadisənin separatçılar tərəfindən törədildiyini bildirdi. Bundan sonra münasibətlərdə kəskinləşmə yarandı. Bütün bu hadisələrdən sonra hər iki tərəf bir-birini günahlandırdı və digərlərinə qarşı iqtisadi sanksiyalar irəli sürməyə başladılar. Demək olar ki, bütün Qərb ölkələri Rusiyaya qarşı sanksiya paketinə qoşuldular.
Suriya və Yaxın Şərq
[redaktə | mənbəni redaktə et]Ərəb baharının ardında Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Rusiya öz “müttəfiqləri”ni qorumaq üçün müəyyən addımlar atmağa başladı. Ərəb baharı hadisəsi Suriya və Yəməndə vətəndaş müharibəsi ilə nəticələndi. Suriyada ABŞ-nin dəstəklədiyi müxalifət və Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejimi arasındakı müharibə geo-siyasi blokların qarşıdurmasını daha da qızışdırdı. 2015-ci ilin oktyabr ayında Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra bir çox ekspert bunun ABŞ və Rusiya arasında yeni “proksi müharibə” və ya “Proto-Dünya Müharibəsi”nə səbəb olduğunu bildirdilər. Beləki, Brukinq İnstitutunun üzvü Ceremi Şiparo bildirib ki, Suriyadakı bu vəziyyət “Soyuq Müharibə” dövrü ilə eynidir. 24 noyabr 2015-ci ildə Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 1 ədəd Su-24 təyyarəsi Türkiyənin hava məkanını pozduğuna görə Türkiyə Silahlı Qüvvələri tərəfindən vuruldu. Hadisənin ardınca Rusiya Türkiyə ilə olan bütün əlaqələrini dondurdu və Türkiyəyə sanksiyalar tətbiq etməyə başladı. 24 avqust 2016-cı ildə Türkiyə “Fərat Qalxanı” adı altında Suriyanın şimalına İŞİD-lə mübarizə üçün qoşun yeritdi. Bu hadisədən sonra Suriya iqtidarı Türkiyəni işğalçılıqda günahlandırdı. 2016-cı ilin sentyabr ayında ABŞ hərbi hava qüvvələri İŞİD tərəfindən mühasirətə alınmış və hökumət qüvvələrinin nəzarətində olan Deyr əz-Zor şəhərinə hava zərbələri endirdi. Rusiya bu hadisədən sonra ABŞ-nin Suriyada sülh istəmədiyini və qarşıdurmanı artırdığını bildirdi. 2016-cı ilin oktyabr ayında Hələb şəhərinin Suriya hökumət qüvvələri tərəfindən mühasirəsinin başladılması və şəhərin Rusiya aviasiyası tərəfindən bombardman edilməsinə görə ABŞ və Qərb Rusiyanı qınadı və təcili olaraq bu hərəkətləri dayandırmasını tələb etdi.
Yəməndə 2015-ci ildən başlamış vətəndaş müharibəsində isə ABŞ-nin dəstəklədiyi Səudiyyə Ərəbistan və müttəfiqləri İran və Rusiyanın dəstək verdiyi şiə Husi üsyançılarına qarşı gedir. Səudiyyə Ərəbistanın Yəməndə əsasən mülki hədəfləri vurmasının ardında Rusiya və İran yenidən ABŞ-ni günahkar bilib. Səudiyyə Ərəbistan isə özünü İrandan gələ biləcək bütün təhdidlərdən qorumaq üçün bunu etdiyini bildirdi.
2014-cü ilin ortalarında İŞİD terror təşkilatının İraqın Mosul şəhərini zəbt etməsinin ardınca ölkə yeni vətəndaş müharibəsinə qədəm qoyub. ABŞ və müttəfiqlərinin köməyi ilə İraq ordusu və Peşmərgə bir neçə ay ərzində işğal edilmiş ərazilərin böyük bir qismini azad edə bildi. 2016-cı ilin oktyabr ayında İraq hökuməti Peşmərgəyə təlim keçən Türkiyə Silahlı Qüvvələrinin təcili olaraq ölkədən çıxmasını tələb etdi. Əks təqdirdə onlara qarşı cavab tədbrilərinin görüləcəyini bildirdi. 15 İyul Türkiyədə qiyam cəhdindən sonra Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşaması fonunda ABŞ yönümlü İraqın belə bəyanat verməsi Türkiyəni qıcıqlandırdı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qoşunlarını İraqdan çıxartmayacağını bəyan etdi.
Qafqaz
[redaktə | mənbəni redaktə et]Cənubi Qafqaz regionunda dondurumuş münaqişələrin olması və separatçı dövlətlərə birbaşa Rusiyanın dəstəyinin verilməsi regionda vəziyyətin arabir qızışmasına səbəb olmuşdur. 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiyada başlatdığı əməliyyatlar sonra Rusiya-Gürcüstan müharibəsi ilə bitdi. 2016-cı ilin aprel ayında Rusiyanın dəstəklədiyi Ermənistanın Dağlıq Qarabağda təxribat törətməsi və Dördgünlük müharibənin başlanması da buna misaldır. Bunun ardından 2016-cı ilin sentyabr ayında Rusiyanın Ermənistana 9K720 İskəndər-M raketlərini satması və Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasına yeni silahların əlavə edilməsinin ardından regiondakı geo-siyasi vəziyyət daha da gərginləşdi.
Şərqi Avropa
[redaktə | mənbəni redaktə et]Ukraynadan fərqli olaraq digər Şərqi Avropa ölkələrində gərgin vəziyyət müharibə fazasına keçməyib. Rusiyanın dəstəyi ilə qurulan Dnestryanı Rusiya separatçı respublikası Moldovada Qərb-Rusiya qarşıdurmasını təzahür edir.
Ukrayna hadisələrindən sonra Latviya, Litva və Estoniyadakı etnik ruslar arasında etirazların olması həmin dövlətlər üçün təhlükəsizlik tədbirlərinin görülməsinə məcburiyyət yaradıb. 2016-cı ilin oktyabrında NATO Pribaltika ölkələrində və Rusiya ilə sərhəddə hərbi təlimlər keçirməyə başladı. Buna cavab olaraq Rusiya nüvə başlıqlı və ballistik raketlərini Kalninqrad vilayətinə yerləşdirdi.
Rusiyanın Şərqi Avropada əsas müttəfiqi olan Serbiyanın ərazisində ABŞ və müttəfiqləri tərəfindən Kosovo dövlətinin yaradılması Rusiya-Qərb münasibətlərinə təsirini göstərir.
Cənubi Asiya
[redaktə | mənbəni redaktə et]Cənubi Asiyanın iki nüvə dövləti olan Hindistan və Pakistan 20-ci əsrdə mübahisəli Kəşmir ərazisinə görə bir neçə dəfə müharibə ediblər. Soyuq Müharibə dövründə Pakistan ABŞ ilə, Hindistan isə SSRİ ilə sıx əməkdaşlıq edirdi və hazırda da bu dünyanın geo-siyasətində öz əksini tapır. 2016-cı ilin sentyabr ayında Hindistan Silahlı Qüvvələrinin Kəşmirdə Pakistan Silahlı Qüvvələrinin nəzarətində olan postlara hücum etməsi və hər iki tərəfdən itkilərin olması regionda vəziyyətin gərginləşməsinə səbəb oldu.
Şərqi Asiya
[redaktə | mənbəni redaktə et]Rusiyanın ən böyük müttəfiqi olan Çin və Koreya Xalq Demokratik Respublikası Şərqi Asiyada ABŞ-nin müttəfiqləri olan Yaponiya, Koreya Respublikası, Filippin və Tayvan ilə qarşıdurmaya səbəb olurlar. Beləki, Çinin Cənubi Çin Dənizində hərbi aktivliyi və qonşu dövlətlərlə dəniz üzərində mübahisəli ərazilərin olması vəziyyəti gərgin saxlayır. Şimali Koreyanın nüvə silahı əldə etməsi, onu sınaqdan keçirməsi və qonşusu Cənubi Koreyanı işğal ilə hədələməsi də vəziyyəti gərginləşdirən səbəblərdən biridir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1]
- [2]
- [3]
- [4][ölü keçid]
- [5] Arxivləşdirilib 2017-10-19 at the Wayback Machine