Tərtər rayonu
Bu məqalə Tərtər rayonu haqqındadır. Tərtər şəhəri üçün Tərtər səhifəsinə baxın. |
Rayon | |
Tərtər | |
---|---|
| |
40°20′17″ şm. e. 46°54′49″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Qarabağ |
İnzibati mərkəz | Tərtər |
İcra başçısı | Müstəqim Məmmədov (2015) |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 109 km² |
Hündürlük | 237 m |
Əhalisi | |
Əhalisi | 117.200 [1] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-TAR |
Telefon kodu | 994 22 |
Poçt indeksi | AZ 5900 |
Avtomobil nömrəsi | 59 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tərtər rayonu (əvvəlki adı: Mirbəşir rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Sovet dövründə adı Mirbəşir olmuşdur. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonu Tərtər rayonu adlandırılmışdır.[2]
Sahəsi 109 km² (01.12.2023), əhalisi 102,500 min nəfərdir (01.01.2016). Mərkəzi Tərtər şəhəridir.
Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır.
İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir.
Rayonun ərazisində Tərtər, İncəçay, cənub sərhəddindən isə Xaçınçay axır. Rayonun səthi şimal-şərqində düzənlik, cənub-qərbində dağlıqdır. Dağlıq sahədə təbaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları neft, daş kömür, tikinti materialları, səpinti qızıl və s. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əkinçilik və maldarlıq inkişaf etmişdir. Tərtər rayonu Qarabağ iqtisadi rayonuna daxildir.
Tərtər rayonunun əvvəllər ərazisi 412 km² olmuşdur. Rayonun əvvəllər 1 şəhəri Tərtər şəhəri 52 kəndi bunlardır Ağkənd, Alışarlı, Aşağı Qapanlı, Azad Qaraqoyunlu, Bala Kəngərli, Bayandur, Bayandurlu, Bəyimsarov, Bildirçinli, Borsunlu, Buruc, Cəmilli, Dəmirçilər, Düyərli, Evoğlu, Ələsgərli, Əskipara, Güləbatlı, Hacallı, Hacıqərvənd, Hüsənli, Xoruzlu, İlxıçılar, İrəvanlı, İsmayılbəyli, Kəbirli, Kəngərli, Köçərli, Kövdadıq, Qapanlı, Qaraağacı, Qaradağlı, Qaynaq, Qazyan, Mamırlı, Poladlı, Rəcəbli, Sarıcalı, Sarov, Seydimli, Səhləbad, Soyulan, Təzəkənd, Umudlu, Urus talası, Yenikənd, Yuxarı Qapanlı, Yuxarı Qaradağlı, Yuxarı Sarıcalı, Zolgəran kəndləri olub. 2016-cı ildə Dördgünlük müharibə nəticəsində Tərtərin Qırmızı Saqqallar, Qazaxlar, Talış kəndləri ətrafındakı strateji yüksəkliklər işğaldan azad edildi. Sonralar isə Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 26 kəndi, 1 şəhəri Ağdərə şəhəri və 1 qəsəbəsi Şıxarx, yəni 548 km² ərazisi Tərtər rayonunun inzibati ərazi vahidinə daxil edilmişdir.
Ağdərə rayonundan Tərtər rayonuna verilmiş 28 yaşayış məntəqəsindən Şıxarx qəsəbəsi, Həsənqaya, Qızıloba kəndləri Azərbaycanın nəzarətində idi. 2020-ci ilin oktyabrın 3-də Suqovuşan, Talış, oktyabrın 9-da Çaylı kəndi işğaldan azad edilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq 1 şəhəri 21 kəndi isə Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. Ağdərə şəhəri, Ağabəyyalı, Aşağı Oratağ, Canyataq, Çardaqlı, Çıraqlı, Çiləbürt, Dəmirli, Dəstəgül, Göyarx, Gülyataq, Kiçik Qarabəy, Qasapet, Lüləsaz, Meqrelalay, Ortakənd, Seysulan, Təpəkənd, Ulu Qarabəy, Umudlu, Yarımca, Zəylik kəndləri 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tərtər Azərbaycan Respublikasında inzibati rayondur. 1920-ci ilin aprel ayında Cavanşir qəzası yaradılmışdır. Həmin ildə Tərtər sahəsi yaradılmış və 1920–1922-ci illərdə Cavanşir qəzasının tabeliyində olmuş, 1922-ci ildə adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılıb. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyində, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyində olmuşdur. 8 avqust 1930-cu ildə Tərtər rayonu yaradılıb. 24 fevral 1931-ci ildə Tərtər rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə verilmişdir. 27 yanvar 1934-cü ildə yenidən Tərtər rayonu yaradılmışdır. 5 avqust 1949-cu ildə rayonun adı dəyişdirilərək Mirbəşir rayonu adlandırılmışdır. 4 yanvar 1963-cü ildə Mirbəşir rayonu ləğv edilərək Bərdə rayonunun inzibati tabeliyinə keçirilmiş, 6 yanvar 1965-ci ildə yenidən Mirbəşir rayonu yaradılmışdır. 7 fevral 1991-ci ildə Mirbəşir rayonunun adı dəyişdirilərək yenidən Tərtər rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə şəhəri, Şıxarx qəsəbəsi və 26 kəndi Tərtər rayonunu inzibati tərkibinə verilmişdir. Ağdərə rayonu ərazisindən verilən yaşayış məntəqələri də daxil olmaqla hazırda rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd vardır.[3]
Qarabağ müharibəsi
[redaktə | mənbəni redaktə et]Qarabağa çox yaxın olan Tərtər erməni təcavüzündən kifayət qədər əziyyət çəkib. Hal-hazırda Ağdərə rayonundan rayonun tabeliyinə verilmiş yaşayış məntəqələri işğal altındadır. Rayonun bir neçə kəndi cəbhədə yerləşdiyindən Tərtər ətrafında tez-tez döyüşlər gedir. Müharibə dövründə Tərtər rayonundan 307 nəfər şəhid olub. Son 5 il ərzində 15 nəfər tərtərli ermənilərin basdırdığı minalara düşüb.[4]
Ermənilər I Qarabağ müharibəsi dövründə cəbhənin Goranboy və Tərtər istiqamətinə perspektivli ərazi kimi yanaşıblar. Onlar istər 1992-ci ildə, istərsə də 1994-cü ildə əsas diqqəti cəbhənin bu istiqamətinə yönəldiblər. O dövrdə Tərtər istiqamətində döyüşlərdə iştirak etmiş zabitlərin sözlərinə görə, 1994-cü ilin yanvar ayında ermənilərin hərbi qüvvə və texnikasının demək olar 45–50 faizi və 10 min nəfərə yaxın şəxsi heyəti məhz cəbhənin bu istiqamətində cəmləşdirilmişdi.[5] Birinci Qarabağ müharibəsi zamanı Tərtər ərazi özünümüdafiə batalyonu qəhrəmanlıq göstərsə də, Tərtər rayonunun bir sıra məntəqələri erməni qüvvələri tərəfindən işğal olunmuş və uzun zaman bölgədə təmas xətti yaranmışdır. Atəşkəs tez tez pozulmuş və atıcı silahlardan intensiv atəşə tutulmuşdur. 2010-cu ilin iyunun 19-da Tərtərin Çaylı kəndində baş verən döyüşlərdə Azərbaycan ordusunun əsgəri Mübariz İbrahimov çoxlu sayda erməni əsgərini öldürərək şəhid olub. Mübariz İbrahimov bu igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İndiki dövrdə belə Ermənistanda Mübariz İbrahimov haqqında danışmağa qadağa qoyulub.[6] Bundan sonra erməni ordusunun əsgərləri bir neçə dəfə Tərtər istiqamətindən cəbhə xəttini yararaq Azərbaycan ərazisinə daxil olmağa çalışsalar da, onların bu cəhdlərinin qarşısı qətiyyətlə alınıb və düşmən ordusu itki verərək geri çəkilib.[7]
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Rayonun səthi şimal-şərqdə düzənlik, cənub-qərbdə dağlıqdır. Murovdağ zirvəsinə daxil olan Eldəydaş 2150 m, Qlobus yüksəkliyi 951 m, Şahbulaq dağı 482 m-dir. Dağlıq sahədə Yura-Təbaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: neft, daş kömür, tikinti materialları, səpinti qızıl. İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru-çöl tipli, qışı mülayim soyuqdur. Orta temperatur yanvarda 2 °C-7 °C dərəcə, iyulda 22–27 °C-dir. İllik yağıntı 300–500 mm-dir. Rayon ərazisindən Tərtər və İncəçay, cənub sərhədindən isə Xaçınçay axır. Ərazisi şabalıdı, boz və çəmən-boz torpaqlardan ibarətdir. Yovşanlı-şoranotulu yarımsəhralar, seyrək kollu çəmənliklər, meşələr və subalp çəmənləri yayılmışdır. Tərtər rayonu Tərtər çayının aşağı hissəsində yerləşir və şimaldan İncə çayı ilə həmhüduddur. Rayonda iqlim şəraiti mülayim iqlimdən başlamış isti yarımsəhra və səhra iqliminə qədər dəyişir. Tərtər və Xaçınçay çayları bu rayonun ərazisi ilə axır. Rayon Kür-Araz ovalığının qərb hissəsində, Qarabağ düzündə yerləşir. Burada neft yataqları, tikinti materialları mövcuddur. Rayonun ərazisində 58 yaşayış məntəqəsi vardır. Rayonun inzibati mərkəzi Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərindən qədim karvan yolu üzərində yerləşir. Buranın tarixi adı Çaparxana olmuşdur. Alban dövlətinin qədim paytaxtı Bərdədən 17 km aralıda yerləşən bu ərazidə vaxtilə karvansara və qala olmuşdur.
Tərtər rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində və Qarabağ düzündə yerləşdiyindən burada iqlim yayda quraq isti keçən yarımsəhradır bəzi illərdə yayda hətta 41 °C-temperatur qeydə alınır. Rayonda illik temperatur 11,5 °C-dir Tərtərdə indiyədək qeydə alınmış ən yüksək temperatur müsbət 43 °C dərəcə olub.
Əhalisi
[redaktə | mənbəni redaktə et]İqtisadi xarakteristikası
[redaktə | mənbəni redaktə et]Rayonun əsas təsərrüfat sahələri pambıqçılıq, heyvandarlıq, taxılçılıqdır. Subtropik meyvə olan narçılıq burda daha çox inkişaf etmişdir. Rayonda pambıqtəmizləmə zavodu, toxuculuq fabriki, elektromexanika, konserv, süd emalı zavodları və s. sənaye müəssisələri mövcuddur. Xalq sənəti növlərindən xalçaçılıq, tikmə və toxuma sənətləri bu rayonda yaxşı inkişaf etmişdir. 2006-cı ildən Tərtərdə Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki "Elektromexanika" zavodu fəaliyyət göstərir. 2010-cu ildə Tərtərdə Gilan Holdinq şirkətinə məxsus süd emalı zavodu fəaliyyətə başlamışdır.[8]
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Rayon ərazisində Tərtər-İstisu, Tərtər-Hindarx, Tərtər-Goranboy, Yevlax-Ağdam-Laçın, Tərtər dövrələmə, Tərtər kənar avtomobil yolları keçir. Bu avtomobil yollarının uzunluğu 89 km-dir və yollar 3-cü kateqoriyaya aiddir. Rayon ərazisindən 4-cü kateqoriyaya aid edilən 15 km uzunluğunda Yevlax-Bərdə-Ağdam dəmir yolu keçir.
Tarixi və memarlıq abidələri
[redaktə | mənbəni redaktə et]Rayonda 24 tarix və mədəniyyət abidələri var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi yerli əhəmiyyətli memarlıq, 1 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Həmin abidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bəyim Sarov,Xoruzlu, Dəmirçilər kəndlərində yerləşir. Göstərilən ərazilərdə 3 məscid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə mövcuddur. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
- Çiləbürt qalası — Çiləbürt kəndi
- Üç körpə monastırı — Çiləbürt kəndi
- Çiləbürt monastırı — Çiləbürt kəndi
- Müqəddəs Yelisey monastırı — Təpəkənd kəndi
- Kalankat yaşayış yerinin qalıqları — Suqovuşan və Çardaqlı kəndlərinin arası
- Ürəkvəng monastırı — Talış kəndi
- Gülüstan məlik sarayı — Talış kəndi
Qəzet
[redaktə | mənbəni redaktə et]Sovet dövründə Tərtərdə nəşr olunurdu.[9] 1934-cü ildə "Kolxozçuların varlanması yolunda" adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən "Qızıl Bayraq" adı ilə nəşr olunmuşdur. 1963–1965-ci illərdə Tərtər rayonu Bərdə rayonu ilə birləşdiyinə görə, "Qızıl Bayraq" qəzeti Bərdə rayonunun "Kommunizm yolu" qəzeti ilə birləşdirilmiş, 1966-cı ildən yenidən "Qızıl Bayraq" adı ilə nəşr edilmişdir.
1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən "Yeni Tərtər" adı ilə nəşr edilməyə başlamışdır. "Yeni Tərtər" qəzeti hazırda ayda 3 dəfə oxucuların görüşünə gəlir.[10]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 873. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri Arxivləşdirilib 2012-05-02 at the Wayback Machine
- ↑ TƏRTƏRDƏ MÜHARİBƏDƏN ƏZİYYƏT ÇƏKƏN İNSANLAR ÜÇÜN MƏRKƏZ AÇILIB [ölü keçid]
- ↑ Tərtər – strateji bölgə [ölü keçid]
- ↑ "Ermənistanda Mübariz İbrahimov haqda danışmağa yasaq qoyulub". 2011-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-30.
- ↑ "Ermənilər Tərtər istiqamətində hücuma keçiblər". 2012-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-09.
- ↑ "Tərtərdə süd emalı zavodu inşa edilib". 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-20.
- ↑ Şahverdiyev A. B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006
- ↑ http://azertag.az/xeber/Yeni_Terter_qezetinin_80_illik_yubileyi_qeyd_olunmusdur-63450
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Həsənqaya əməliyyatı
- Tərtər bələdiyyələri
- Tərtər əməliyyatı
- Tərtərin bombalanması
- Marquşavan əməliyyatı
Tərtər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |