Qorxmaz Eyvazov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qorxmaz Eyvazov
Qorxmaz Abış oğlu Eyvazov
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1967(1967-04-01)
Doğum yeri
Vəfat tarixi 10 fevral 1994(1994-02-10) (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Rütbəsi starşina[d]
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı "SSRİ Daxili İşlər Nazirliyində əla xidmətə görə" döş nişanı

Qorxmaz Eyvazov (1 aprel 1967, Güləbird, Laçın rayonu10 fevral 1994, Cocuq Mərcanlı, Cəbrayıl rayonu) — polis starşinası, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1974-cü ildə Laçın rayon Güləbird kənd orta məktəbinə birinci sinfə getmiş, 1984-cü ildə onuncu sinfi bitirərək Laçın rayon 127 saylı texniki peşə məktəbinə daxil olmuşdur. Hazırda 127 saylı texniki peşə məktəb Qorxmaz Eyvazovun adını daşıyır.

1985-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Ukraynada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçmişdir. Hərbi xidmət zamanı 6 aylıq serjant kursunu bitirmişdir. O, xidmət müddətində dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə yanaşı birinci dərəcəli idmançı vəsiqəsi almış və döş nişanı ilə təltif edilmişdir. Qorxmaz 1987-ci ildə Hərbi xidmətini başa vurub doğma yurda dönür.

Ailəli idi. İki övladı yadigar qalıb.

Oğlu Asəm Eyvazov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşıdır. (Polis mayorudur)

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

O, 1988-ci ildə Laçında yaradılmış özünümüdafiə dəstəsinə qoşulur. 1991-ci ildə O, Laçın rayon polis şöbəsinə qəbul edilir. Qorxmaz Eyvazovun döyüş yolu öz doğma yurdundan Güləbird, Qazıdərəsi, Suarası, Mazutlu kəndlərindən başlayır. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilir.

4 avqust 1992-ci ildə erməni quldurları yenidən Qızartı dağını ələ keçirmək üçün hücuma keçirlər və Qorxmaz qolundan güllə yarası alır. O, qolunun fəaliyyətinin itirilməsinə baxmayaraq bir neçə ay çəkən müalicədən sonra yenidən döyüşlərə qatılır. Füzuli rayonu ərazisində gedən döyüşlərdə Qorxmaz böyük şücaət göstərir. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin edirlər və Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılır.

Horadizin işğaldan azad edilməsi zamanı Ulu öndər Heydər Əliyevin cəbhə səfəri zamanı Qorxmaz 1 erməni tankını 2 erməni ilə birlikdə əsir götürərək qənimət kimi gətirmişdir və Qorxmaz Eyvazov Ulu öndər Heydər Əliyev tərəfindən qol saatı ilə mükafatlandırılmışdır.[1]

10 fevral 1994-cü ildə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə O, düşmənin xeyli canlı qüvvəsini məhv edir; lakin bu döyüşdə özü də şəhid olur.

Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin Ulu Öndər Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə polis starşinası Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[2]

  • (15 yanvar 1995) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
  • "Gənc Qvardiyaçı medalı" (Молодой Гвардеец Пятилетки)-1985-ci il
  • "Döyüşçü idmançı medalı" (Воин-спортсмен)-1987-ci il
  • "Əla xidmətlərə görə medalı "-1992-ci il

Rejissor Yalçın Verdiyev Milli Qəhrəman Qorxmaz Eyvazova həsr edilmiş "Adına yaraşan oğul" adlı sənədli film çəkmişdir.[3]

Rejissor Hafiz Ataxanlı Milli Qəhrəman Qorxmaz Eyvazova həsr edilmiş "Qorxmazların yolu" adlı sənədli film çəkmişdir. Hafiz Ataxanlının Milli Qəhrəman Qorxmaz Eyvazova həsr edilmiş "Missiya" adlı dram əsəri səhnələşdirilib təqdim edilmişdir. .

"Qorxmaz ömrü", "Güləbirdli şəhidlər", "Ömrün köhləni yorulanda", "Adına yaraşan oğul", "Çoxlarının qalxa bilmədiyi ucalıq", "Silahdaşımız şəhid oldu?", "Heyif ki səni qaytra bilmədim doğma Laçınım" və s. məqalələr qəzetlərdə, jurnallarda, kitablarda çap edilmişdir.

Hazırda Laçın rayonunun Güləbird kənd xəstəxanası və Laçın rayon 127 saylı texniki peşə məktəbi, Sumqayıt şəhərində bir küçə, Abşeron rayonunda iki küçə şəhid Milli Qəhrəman Qorxmaz Eyvazovun adını daşıyır.

2017-ci ildə Cəbrayıl Qəhrəmanovun redaktorluğu ilə Milli Qəhrəman Qorxmaz Eyvazova həsr edilmiş "Qorxmaz olaq" adlı kitab çap olunmuş, oxuculara təqdim edilmişdir.

Milli Qəhrəmanların Tanıtma İctimai Birliyi tərəfindən Qorxmaz Eyvazovun 55 illik yubileyi doğulduğu Laçın rayonun Güləbird kəndində 1 aprel 2022-ci il tarixdə geniş qeyd edilmişdir

2022-ci ildə İctimai TV tərəfindən "Şəhadətə qovuşan Qorxmaz" adlı sənədli film çəkilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Xəzər TV. "Milli Qəhramanın güllələnmiş dəftərçəsi üzə çıxdı" (az.). Youtube.com. 02.12.2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  2. "Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) (az.)). 15.01.1995. 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.01.1995.
  3. "Adına yaraşan oğul": [rejissoru Yalçın Verdiyevə məxsus olan Milli Qəhrəman Qorxmaz Eyvazova həsr edilmiş eyniadlı sənədli filminin təqdimatı keçirilib] //Mədəniyyət.- 2014.- 2 iyul.- S.7.